Əhalinin sağlamlığının qorunması məqsədi ilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

 I. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, ¹ 6, maddə 497; 1999-cu il, ¹ 5, maddə 285; 2001-ci il, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr 672, 687, 693; 2002-ci il, ¹ 5, maddələr 240, 244, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 6, maddə 256; 2004-cü il, ¹ 4, maddə 199, ¹ 6, maddə 396, ¹ 7, maddə 507; 2006-cı il, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028; 2007-ci il, ¹ 6, maddə 560, ¹ 11, maddə 1052, ¹ 12, maddə 1197; 2008-ci il, ¹ 7, maddə 602; 2009-cu il, ¹ 2, maddə 46) aşağıdakı əlavələr və dəyişikliklər edilsin: 

 

1. 46-cı maddə üzrə:

1.1. birinci hissədə “mütəxəssislər” sözündən sonra “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri əlavə edilsin;

1.2. üçüncü hissədə “sonra, yaxud yoxlama imtahanlarının nəticələri əsasında” sözləri “və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra” sözləri ilə əvəz edilsin;

1.3. dördüncü hissədə “ixtisaslarının təsdiq olunmasından sonra” sözləri “hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra” sözləri ilə əvəz edilsin;

1.4. maddəyə aşağıdakı məzmunda altıncı hissə əlavə edilsin:

 

“Müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri aparılır. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

2. 47-ci maddənin adında “peşə” sözü “ixtisas” sözü ilə, mətnində “seçdikləri peşə üzrə ixtisasartırma və kadrların yenidən hazırlığı müəssisələrinə qəbul edilərək müvafiq” sözləri “müvafiq tədris və ya elm müəssisələrində” sözləri ilə əvəz edilsin.

3. 48-ci maddə üzrə:

3.1. ikinci hissədə “peşələrinin” sözü “ixtisaslarının” sözü ilə əvəz edilsin;

3.2. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:

“Ali və orta ixtisas tibb təhsilinə malik səhiyyə mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər.”;

3.3. maddəyə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

“Səhiyyə mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq tədris müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra yol verilir.”.

4. Qanuna aşağıdakı məzmunda 49-1-ci maddə əlavə edilsin:

 

“Maddə 49-1. Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası

 

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir.

Əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər.

Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.

Sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir.

Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq tədris müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir.

Praktik tibb və ya əczaçılıq fəaliyyətini xüsusi razılıq (lisenziya) əsasında həyata keçirən şəxslərin sertifikasiyadan keçməməsi qanunvericiliyə uyğun olaraq lisenziyanın fəaliyyətinin dayandırılması üçün əsasdır.

Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

II. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹ 4, maddə 213; 2001-ci il, ¹ 3, maddə 143, ¹ 6, maddə 362, ¹ 11, maddələr 672, 679, ¹ 12, maddə 731; 2002-ci il, ¹ 1, maddə 2, ¹ 5, maddə 241, ¹ 6, maddə 328; 2003-cü il, ¹ 1, maddələr 9, 23; 2004-cü il, ¹ 1, maddə 10, ¹ 2, maddə 57, ¹ 3, maddə 133, ¹ 6, maddə 413, ¹ 7, maddə 505, ¹ 9, maddə 672, ¹ 12, maddə 981; 2005-ci il, ¹ 3, maddə 151, ¹ 4, maddə 278, ¹ 7, maddə 560, ¹ 10, maddə 874, ¹ 11, maddə 1001, ¹ 12, maddə 1094; 2006-cı il, ¹ 3, maddələr 220, 222, ¹ 5, maddə 385, ¹ 11, maddə 923, ¹ 12, maddələr 1004, 1025, 1030; 2007-ci il, ¹ 5, maddələr 401, 437, ¹ 6, maddə 560, ¹ 8, maddə 756, ¹ 11, maddələr 1049, 1053; 2008-ci il, ¹ 3, maddə 156, ¹ 7, maddələr 600, 602, ¹ 10, maddə 887, ¹ 11, maddə 960; 2009-cu il, ¹ 2, maddə 48, ¹ 5, maddə 294, ¹ 6, maddə 399)aşağıdakı dəyişiklik və əlavələr edilsin: 

 

1. 66-cı maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

“Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər.”.

2. Məcəlləyə aşağıdakı məzmunda 67-1-ci maddə əlavə edilsin:

 

“Maddə 67-1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyası

 

1. Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. 

2. Hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir.

3. Ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş səhiyyə mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər.

4. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.

5. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.”.

6. 70-ci maddənin “Qeyd” hissəsinin birinci cümləsində “komissiyası” sözündən sonra “, praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı” sözləri əlavə edilsin.

 

III. “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, ¹ 3, I kitab, maddə 129; 2001-ci il, ¹ 3, maddə 144; 2002-ci il, ¹ 5, maddə 240; 2004-cü il, ¹ 6, maddə 396; 2007-ci il, ¹ 6, maddə 560, ¹ 10, maddə 938) aşağıdakı əlavələr və dəyişikliklər edilsin:

 

1. 4-cü maddənin beşinci və altıncı hissələri müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:

“Özəl tibb müəssisələrinin tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.”.

2. 5-ci maddə üzrə:

2.1. birinci hissədə “tibb təhsili olan,” sözlərindən sonra “qanunla müəyyən edilmiş hallarda sertifikasiyadan keçmiş,” sözləri əlavə edilsin, həmin hissədən “və qanunla müəyyən edilmiş hallarda peşə üzrə müvafiq hazırlıq keçən” sözləri çıxarılsın;

2.2. maddənin üçüncü və dördüncü hissələri müvafiq olaraq dördüncü və beşinci hissələr hesab edilsin və maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:

“Özəl tibbi praktika ilə məşğul olan şəxslər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir.”.

3. 16-cı maddənin onuncu abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və maddəyə aşağıdakı məzmunda on birinci abzas əlavə edilsin:

qanunvericiliyə uyğun olaraq tədrisə cəlb olunmaq və sertifikasiyadan keçmək.”.

IV. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 70, ¹ 11, maddə 1046; 2009-cu il, ¹ 6, maddə 397) aşağıdakı əlavələr edilsin:

1. 4.1.1-ci maddədə “lisenziyalaşdırılması” sözündən sonra “, əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin qanunvericiliyə uyğun olaraq tədrisə cəlb edilməsi və sertifikasiyadan keçirilməsi” sözləri əlavə edilsin.

2. 5.1-ci maddədə “bu Qanunun” sözlərindən sonra “, “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun” sözləri əlavə edilsin.

3. 5.2-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

 

“Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir.”.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 20 oktyabr 2009-cu il.

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 3.