Şamaxı şəhərindəki
Cümə məscidi
Dövlət tarix-memarlıq
abidəsinin bərpası
ilə əlaqədar
tədbirlər haqqında
Azərbaycan
xalqının tarixi-mədəniyyət abidələrindən
sayılan Şamaxı şəhərindəki Cümə məscidi
743-cü ildə inşa edilmiş və təkcə Cənubi
Qafqazda deyil, həm də Yaxın Şərqdə ən qədim
müsəlman məbədlərindən biri kimi tanınaraq zəmanəmizə
qədər gəlib çatmışdır. Memarlıq
üslubu baxımından qədimliyi və
orijinallığı ilə seçilən Cümə məscidi
bütün dövrlərdə əhali arasında müqəddəs
ibadət yeri kimi yüksək ehtiram və diqqətlə
qorunub saxlanılmışdır. Şamaxıda 1859-cu və
1902-ci illərdə baş vermiş dəhşətli zəlzələlərdən
ciddi ziyan çəkən məscid XX əsrin əvvəllərində
yenidən bərpa edilmişdir. Lakin 1918-ci ildə Azərbaycanın
əksər şəhərləri və bölgələrində,
o cümlədən Şamaxıda erməni-daşnak quldur dəstələri
tərəfindən törədilən soyqırım
zamanı minlərlə günahsız insan qətlə
yetirilmiş, əhalinin sığınacaq tapdığı
Cümə məscidi isə yandırılmışdır. Uzun
illər dağıdılmış vəziyyətdə qalan
bu tarixi abidə 1980-ci ildə Azərbaycan xalqının
Ümummilli Lideri Heydər Əliyevin
tapşırığı ilə təmir olunmuşdur.
Şamaxı şəhərindəki
Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin
Azərbaycanın çoxəsrlik milli memarlıq irsi ənənələrinə
uyğun şəkildə təmiri və bərpası məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının 2009-cu il dövlət büdcəsində
nəzərdə tutulmuş Azərbaycan Respublikası
Prezidentinin Ehtiyat Fondundan Şamaxı şəhərindəki
Cümə məscidi Dövlət tarix-memarlıq abidəsinin
bərpası üçün Şamaxı Rayon İcra Hakimiyyətinə
4,0 (dörd) milyon manat məbləğində vəsait
ayrılsın.
2. Azərbaycan
Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın
1-ci bəndində nəzərdə tutulmuş vəsaitin
maliyyələşdirilməsini müəyyən olunmuş
qaydada həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 24 dekabr 2009-cu il .
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 4.