Prezident İlham Əliyev: "Mən
hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid
dövrünü başa vurmuşuq"
Dekabrın 24-də "Hyatt Regency-Naxçıvan" mehmanxanasında Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə "Keçid dövrü başa çatdı: gələcəyə baxış" mövzusunda konfrans keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov dekabrın 23-də ölkədə keçirilmiş bələdiyyə seçkiləri barədə məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan vətəndaşları ölkədə həyata keçirilən siyasətə hörmət və ehtiramlarını ifadə etmişlər.
Bu seçkilər bir tərəfdən Azərbaycanda bütövlükdə demokratiyanın, o cümlədən seçki demokratiyasının inkişafını əks etdirmiş, digər tərəfdən isə demokratiya və seçki təcrübəsinin inkişafı istiqamətində atılan növbəti addım olmuşdur. Seçkilərdə iştirak edən Yeni Azərbaycan Partiyasının namizədlərinə göstərilən etimad Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən daxili və xarici siyasətin uğurlu nəticələrinin xalqımız tərəfindən qətiyyətlə dəstəklənməsinin bariz nümunəsidir.
Əli Əhmədov diqqətə çatdırmışdır ki, konfrans cari il noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyində Prezident İlham Əliyevin "Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq" bəyanatına həsr olunmuşdur. Bu, Azərbaycanın iqtisadi inkişaf tarixində, bütövlükdə dövlətçiliyinin, ictimai həyatının tarixində çox əhəmiyyətli bir mərhələnin başa çatması, yeni keyfiyyət mərhələsinin əsasının qoyulmasını ifadə edən bir bəyanatdır. Bu bəyanatın səsləndirilməsi ilə əlaqədar mən üç tezisi xüsusi vurğulamaq istərdim.
Birincisi, Azərbaycan iqtisadiyyatında keçid dövrünün başa çatması ilə bağlı Prezident İlham Əliyevin bəyanatının səsləndirildiyi zaman. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində Prezident tərəfindən belə bir bəyanatın verilməsi böhranın Azərbaycan iqtisadiyyatına təsirinin çox az olmasının ciddi əsaslarını açıb göstərir.
İkincisi, bəyanat həyatımızın təkcə iqtisadi yox, digər sahələrdəki prosesləri də əhatə edir. İqtisadi sahədə keçid dövrünün başa çatması digər sahələrdəki münasibətlərin də yeni keyfiyyət mərhələsinə çatdığını göstərir.
Üçüncü, başa çatan hər mərhələ yeni bir mərhələ üçün əsas olur. Bu mənada, iqtisadiyyatda keçid dövrünün başa çatması Azərbaycanda həm iqtisadiyyatda, həm də digər sahələrdə yeni mərhələnin əsasının qoyulduğundan xəbər verir. Deməli, biz Prezidentin müəyyənləşdirdiyi kimi, bir mərhələni arxada qoyaraq həm iqtisadiyyatda, həm də digər sahələrdə tamamilə yeni, yüksək keyfiyyət mərhələsini ifadə edən təzə bir pilləyə qədəm qoyuruq.
Əli Əhmədov konfransın çox əlamətdar bir günə - Azərbaycan Prezidenti İlham Əliyevin doğum gününə təsadüf etdiyini məmnunluqla diqqətə çatdırmış, tədbir iştirakçılarının adından dövlətimizin başçısını təbrik etmişdir. Natiq Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında ümummilli lider Heydər Əliyevin siyasətinin həyata keçirilməsi istiqamətində əzəmətli işlərin görüldüyünü vurğulamış və gələcəkdə bunların daha çox olacağına əminliyini bildirmişdir.
İqtisadi inkişaf naziri Şahin Mustafayev SSRİ dağıldıqdan sonra Azərbaycan iqtisadiyyatında yaranmış olduqca bərbad vəziyyətdən danışmış, bütün sahələri bürümüş tənəzzülün qarşısının yalnız xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra alındığını söyləmişdir. Bundan sonra ölkədə siyasi sabitlik bərqərar olmuş, atəşkəs əldə edilmiş, 1994-cü ildə ilk neft sazişi imzalanmış, irimiqyaslı iqtisadi islahatlara başlanılmışdır. Nəticədə iqtisadiyyata cəlb olunan investisiyaların məbləği ildən-ilə artmış, maliyyə vəziyyəti sabitləşmiş, dinamik iqtisadi artım təmin edilmiş, bütün sahələrdə əhəmiyyətli nailiyyətlər qazanılmışdır. Belə ki, 1995-2003-cü illərdə ümumi daxili məhsul (ÜDM) 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, sənaye məhsulunun həcmi 25,2 faiz, kənd təsərrüfatı istehsalının həcmi 53,9 faiz, xarici ticarət dövriyyəsi və o cümlədən ixrac 4 dəfə, iqtisadiyyatda məşğul olanların orta aylıq real əmək haqqı təxminən 5,6 dəfə artmış, inflyasiya səviyyəsi 2-3 faizə qədər endirilmiş, bütün maliyyə mənbələri hesabına iqtisadiyyata yönəlmiş investisiyaların ümumi məbləği 20 milyard ABŞ dollarını keçmişdir. Beləliklə, keçid dövrünün ilk illərində uğurlu strategiya sayəsində ölkənin maliyyə imkanlarının genişlənməsi inkişafın yeni mərhələsinə - sıçrayışlı sosial-iqtisadi inkişafa qədəm qoyulmasını təmin etmişdir.
Nazir daha sonra demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılmış, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuş, milli valyutanın sabitliyi, bank sisteminin etibarlılığı artırılmış, konservativ xarici borclanma strategiyası həyata keçirilmiş, sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, əhalinin sosial rifah göstəriciləri davamlı olaraq yaxşılaşmışdır.
Yaradılmış münbit iqtisadi şərait davamlı və sürətli iqtisadi inkişafı təmin etmişdir. 2004-2008-ci illərdə ümumi daxili məhsulun həcmi 2,6 dəfə artaraq 1990-cı ilin səviyyəsini 2 dəfə üstələmişdir. Bu dövrdə pul gəlirlərinin ümumi artımı inflyasiyanı 1,8 dəfə üstələmiş, yoxsulluq səviyyəsi 13 faizə enmiş, ölkədə 760 mindən çox yeni iş yeri açılmışdır.
Formalaşdırılmış və beynəlxalq standartlara cavab verən qanunvericilik bazası sürətli iqtisadi inkişafı dəstəkləmiş, konkret proqramlar vasitəsilə əsas sosial-iqtisadi inkişaf məqsədlərinə nail olunmuşdur. Ümumilikdə, müxtəlif sahələr üzrə 100-dən çox konsepsiya, dövlət proqramı və digər irimiqyaslı sənədlər qəbul edilmiş və Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla icra olunur. Sahibkarlıq iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilmiş, özəl sektorun ÜDM-də xüsusi çəkisi 85 faizə çatmışdır. Yaradılmış əlverişli biznes mühiti nəticəsində iqtisadiyyata qoyulmuş investisiyaların məbləği 70 milyard dolları ötmüşdür ki, bunun da yarısı xarici investisiyaların payına düşür.
Ş.Mustafayev qeyd etmişdir ki, son dövrlərdə dünyada gedən qlobal proseslər ölkəmizin dayanıqlığını və onun regional güc mərkəzi kimi formalaşdığını bir daha sübut etmişdir. Dünyanın aparıcı ölkələrində gedən kəskin resessiyaya baxmayaraq, Azərbaycanda makroiqtisadi sabitlik, iqtisadi artım, yoxsulluq səviyyəsinin azalması və əhalinin maddi rifah halının yüksəlməsi 2009-cu ildə də davam etmişdir. Yanvar-noyabr aylarında ÜDM-in real artımı 9 faiz, o cümlədən neft-qaz sektorunda 15,1 faiz təşkil etmişdir. Azərbaycanın uğurları nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında da öz əksini tapmışdır.
Təsadüfi deyil ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən hazırlanan "Doing Business 2009" hesabatında Azərbaycan biznes mühitinin yaxşılaşdırılması sahəsində ən islahatçı ölkə elan edilmiş, "Doing Business 2010" hesabatında da ölkəmiz öz mövqelərini qoruyub saxlamışdır. 2009-2010-cu illər üçün hazırlanmış "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bütövlükdə, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı ilə bağlı beynəlxalq təşkilatların proqnozları nikbindir. Təsadüfi deyildir ki, bu günlərdə nüfuzlu Standard and Poors beynəlxalq reytinq Agentliyi ölkə iqtisadiyyatının hazırkı durumunu "stabildən" "pozitivə" yüksəltmişdir. Beləliklə, iqtisadiyyatımızın bugünkü vəziyyəti keçid proqramının əsas məqsədlərinə həm forma, həm də məzmun etibarilə nail olunduğunu və keçid dövrünün başa çatdığını təsdiq edir.
Sonra nazir Ş.Mustafayev keçid dövrünün başa çatması ilə əlaqədar sosial-iqtisadi inkişafın yeni mərhələsinin əsas hədəfləri barədə danışmışdır. Bildirmişdir ki, makroiqtisadi sabitliyin qorunub saxlanılması qarşıya əsas məqsəd kimi qoyulmuşdur. Ölkənin enerji, ərzaq və ekoloji təhlükəsizliyinin daha da gücləndirilməsi üçün sistemli tədbirlər davam etdiriləcəkdir. Eyni zamanda, iqtisadi artımın keyfiyyətinin prioritetliyinin təmin edilməsi də nəzərdə tutulmuşdur. Bu məqsədlə iqtisadiyyatın şaxələndirilməsi genişləndirilməklə neft sektorundan asılılıq minimuma endiriləcək, innovativ iqtisadiyyata keçid təmin ediləcək, aqrar sektorun inkişafında intensiv üsullara üstünlük veriləcək və iqtisadiyyatın klasterlər üzrə inkişafına nail olunacaqdır.
Növbəti illərdə də sosial-iqtisadi siyasətin ana xəttini əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsi təşkil edəcəkdir. Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli, praqmatik, düşünülmüş siyasəti, dönməz iradəsi, idarəçilik məharəti və ölkəmizin iqtisadi potensialı qarşıya qoyulmuş hədəflərə nail olunmasını təmin edəcəkdir.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov demişdir ki, ulu öndər Heydər Əliyevin iqtisadi siyasətinin əsasını Milli Neft Strategiyası təşkil etmişdir. Bu strategiyanın başlıca mərhələlərindən biri də neft və qazın satışından əldə olunan gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin qabaqcıl sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi olmuşdur.
Bu məqsədlə ümummilli lider Heydər Əliyevin 1999-cu il 29 dekabr tarixli fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu yaradılmışdır. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan aktivlərimiz hazırda - on ildən sonra 15 milyard dollara yaxınlaşır. Milli Neft Strategiyasının uğuru Azərbaycanın enerji təhlükəsizliyini təmin etmiş, ölkənin regional liderə çevrilməsini şərtləndirmiş, iqtisadiyyatın qeyri-neft sahələrinə güclü təkan vermiş, inkişaf üçün zəruri olan geniş maliyyə imkanlarını yaratmışdır.
Şahmar Mövsümov bildirmişdir ki, 2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən iqtisadi siyasətin nəticəsi olaraq Azərbaycanın bütün sahələrində sıçrayışlı inkişaf əldə edilmişdir. Bu inkişaf istehsalın və investisiyaların məbləğinə, büdcə imkanlarının genişlənməsinə, əhalinin maddi rifah halının yaxşılaşmasına əhəmiyyətli təsir göstərmişdir. Ölkənin artan maliyyə potensialı sayəsində iqtisadiyyata kredit qoyuluşlarının məbləği əhəmiyyətli dərəcədə genişlənmişdir. Statistik məlumatlara əsasən, 1995-ci ildə kredit qoyuluşlarının ümumi məbləği 289,8 milyon manat təşkil etdiyi halda, 2008-ci ildə bu rəqəm 25 dəfə artaraq 7,16 milyard manata çatmışdır.
Regional inkişaf proqramlarının və infrastruktur layihələrin uğurla həyata keçirilməsi sayəsində ölkənin iqtisadi inkişafı üçün güclü baza formalaşmışdır. Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin nəticəsi - makroiqtisadi sabitlik, ÜDM-in istehsalında əldə olunmuş sabit artım tempi, bank, maliyyə və digər sahələrin inkişafıdır. SSRİ dağılan zaman heç bir bazar institutuna, heç bir sahibkara, heç bir özəl müəssisəyə malik olmayan Azərbaycanda bu gün ÜDM-in 85 faizi özəl sektorda istehsal olunur, tam bazar prinsiplərinə uyğun qanunvericilik, hüquqi-normativ baza və təsisatlar mövcuddur.
Diqqətə çatdırılmışdır ki, keçid dövründən sonra dayanıqlı inkişaf, iqtisadi artım və daimi modernləşmə dövrü başlayır. Bu dövrdə ölkənin gələcək inkişafı çoxşaxəli, dinamik, müasir innovasiyalara arxalanan iqtisadiyyatla, xüsusilə onun qeyri-neft sektoru ilə bağlıdır. Qeyri-neft sektorunu inkişaf etdirərkən bu sektorda ənənəvi sahələr ilə bərabər yeni iqtisadi sahələrin, xüsusilə də idxalı əvəzləyən və ixrac yönümlü sahələrin yaradılması istiqamətində mühüm addımlar atılır.
Əlverişli biznes mühitinin inkişafı, eyni zamanda, müasir təhsil almış və xarici təcrübəni ölkədə tətbiq etməyə qadir olan ixtisaslı kadrların hazırlanmasını tələb edir. Bildirilmişdir ki, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Dövlət Neft Fondunun vəsaiti hesabına xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı hazırda 500 nəfərə yaxınlaşır. Xaricdə təhsil almış Azərbaycan gənclərinin təcrübəsindən təkcə dövlət sektorunda deyil, eləcə də özəl sektorda istifadə edilməsi ölkəmizdə müasir biznes mühitinin formalaşmasına və müasir idarəetmə üsullarının geniş tətbiqinə şərait yaradır və yaradacaqdır.
Çıxışının sonunda Dövlət Neft Fondunun icraçı direktoru demişdir ki, ulu öndər Heydər Əliyevin Milli Neft Strategiyası ilə başlanmış keçid dövrü artıq uğurla başa çatmışdır. Son illərdə Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi doktrina sayəsində ölkədə formalaşmış makroiqtisadi sabitlik, geniş iqtisadi baza, böyük maliyyə resursları, inkişaf edən insan kapitalı bizə imkan verir ki, növbəti illərdə qarşımızda duran bütün hədəflərə doğru sürətlə addımlayaq, Azərbaycanın daim modernləşməsini təmin edək.
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev ölkə iqtisadiyyatının keçid dövrünün başa çatması ilə bağlı nəzəri fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin "biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq" bəyanatı çox mühüm hadisə kimi qiymətləndirilməlidir. Bu, yalnız iqtisadi əhəmiyyət kəsb edən bir məsələ deyil, eyni zamanda, çox ciddi nəzəri-metodoloji məsələdir. Prezidentin istifadə etdiyi "Oturuşmuş dövlət" məfhumunda söhbət iqtisadiyyatın idarəetmə sistemindən, iqtisadiyyatın inkişafından, ən başlıcası isə iqtisadiyyatın kənar təsirlərə tam davamlı olmasından getdiyini nəzərə alsaq, onda bu məsələni ümumiləşdirib ölkənin iqtisadi cəhətdən müstəqilliyindən getdiyini söyləmək olar. Mən deyərdim ki, keçid dövrünün başa çatması bəyanatı bəlkə də siyasi müstəqilliyimiz qədər əhəmiyyət kəsb edən bir məsələdir. Çünki iqtisadi cəhətdən ölkə müstəqil olmasa, heç bir siyasi müstəqillikdən danışmağa dəyməz.
Konfransda dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak etmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 5.