Macarıstanın 130 kitabxanasında Azərbaycan guşəsi yaradılmışdır

 

Azərbaycanın Macarıstandakı səfirliyinin fəaliyyətində əsas istiqamətlərdən biri ölkəmiz haqqında həqiqətlərin yayılması və ədəbiyyatımızın təbliğidir. Bu məqsədlə Azərbaycanla bağlı kitabların macar dilinə tərcümə olunaraq nəşri xüsusi önəm kəsb edir.

İndiyədək macar dilində Prezident İlham Əliyevin çıxış və müsahibələrindən ibarət "Avropa enerji təhlükəsizliyi və Azərbaycan", Heydər Əliyev Fondunun dəstəyi ilə "Qarabağ haqqında həqiqətlər" seriyası, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasında", "Azərbaycan Respublikası: tarixi arayış", 2009-cu il mayın 14-də keçirilmiş "Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya: enerji və nəqliyyat dəhlizləri sahəsində əməkdaşlıq" mövzusunda beynəlxalq konfransın materialları, "Koroğlu", "Dədə Qorqud", "Oğuz xan" eposları, "Macarıstan - Azərbaycan: mədəniyyətlərin dialoqu" mövzusunda keçirilmiş I, II, III elmi konfransların tezislər və materiallar topluları və IV elmi konfransın tezislər toplusu nəşr olunmuşdur. Bunlardan əlavə, macar musiqişünas alimi Yanoş Şipoşun "Azərbaycan el havaları", "Azərbaycan musiqi alətləri", "Macar jurnalistləri Azərbaycan haqqında", Çex Jozefin müəllifi olduğu "Azərbaycan mənim taleyimdə" kitabları macar dilində, o cümlədən Çex Jozefin "Azərbaycan mənim taleyimdə" kitabı rus dilində, akademik Yaqub Mahmudovun "Azərbaycan -Avropa diplomatik əlaqələri" kitabı ingilis dilində nəşr etdirilmişdir.

Hazırda səfirlik tərəfindən "Ümummilli lider Heydər Əliyev haqqında", "Azərbaycan-erməni münaqişəsi tarixindən" broşürlər, "Azərbaycan - Ermənistan, Dağlıq Qarabağ münaqişəsi" mövzusu ilə bağlı BMT Baş Məclisindəki rəsmi məruzələr toplusu", "BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə aid sənədləri", "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda IV beynəlxalq elmi konfransın iqtisadiyyat, siyasət, hüquq bölməsinin materiallar toplusu (I cild), "Azərbaycan-Macarıstan: mədəniyyətlərin dialoqu" mövzusunda IV beynəlxalq elmi konfransın tarix, arxeologiya, etnologiya, folklor, ədəbiyyat və linqvistika bölməsinin materiallar toplusu (II cild), "Macar alimləri Azərbaycan haqqında", Y.Mahmudov "Azərbaycanlıların etnogenezinə dair", "Macar mətbuatı Azərbaycan haqqında", Maria Kenessinin tərtib etdiyi "Macar-Azərbaycan danışıq kitabçası", Borbala Obruşanskinin müəllifi olduğu "Azərbaycan haqqında məlumat kitabçası" və s. materiallar nəşrə hazırlanır.

Bundan əlavə, səfirliyin təşəbbüsü ilə macar alimləri Györd Hazai və Mihay Hoppalın biblioqrafiyaları Azərbaycanda Atatürk Mərkəzi tərəfindən Bakıda nəşr etdirilmişdir.

Bu kitabların nəşrində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin, Diaspor ilə İş üzrə Dövlət Komitəsinin, AMEA-nın Tarix, Folklor, Arxeologiya və Etnoqrafiya institutlarının və Milli Azərbaycan Tarix Muzeyinin böyük dəstəyi olmuşdur.

Fəaliyyətə başladığı ilk vaxtlarda səfirlik tərəfindən aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Macarıstan kitabxanalarında Azərbaycanla bağlı müasir dövrdə nəşr olunmuş kitablar yoxdur. Macarların özləri tərəfindən nəşr etdirilmiş bir neçə kitab istisna olmaqla, son dəfə Azərbaycanla bağlı kitablar Macarıstan kitabxanalarına 50-60-cı illərdə göndərilmişdir.

Səfirlik macar kitabxanalarının Azərbaycanla bağlı mövzularda kitablarla zənginləşdirilməsinə xüsusi əhəmiyyət vermişdir. 2009-cu ilin fevral-mart aylarında səfirliyin təşəbbüsü ilə Macarıstanda "Azərbaycan kitabı ayı" keçirilmişdir. "Azərbaycan kitabı ayı" çərçivəsində Macarıstan Milli Elmlər Akademiyası Kitabxanası, bir sıra ali məktəblərin nəzdində yerləşən kitabxanalar da daxil olmaqla, 10 kitabxanaya Azərbaycan mövzusunda kitablar hədiyyə olunmuşdur.

2009-cu ilin dekabrındə isə səfirlik tərəfindən Macarıstan Milli Elmlər Akademiyası Kitabxanası və institutları, bu ölkənin əyalət mərkəzlərinin, Budapeştin kitabxanalarına, ali məktəb və kolleclərin nəzdindəki, ümumiyyətlə, ölkədəki 120-dən çox kitabxanaya macar dilində Azərbaycanla bağlı kitablar təqdim olunmuşdur.

Hazırda Macarıstanın 130-a yaxın kitabxanasının hər birində macar dilində Azərbaycanla bağlı nəşr etdirilmiş 20-yə yaxın kitab mövcuddur.

 

 

Vüqar SEYİDOV,

AzərTAc-ın xüsusi müxbiri

Budapeşt

 

Azərbaycan.- 2009.- 25 dekabr.- S. 7.