Hüquqi islahatlarda novatorçuluq xətti
Müstəqil Azərbaycanın
milli dövlətçiliyinin əsasını qoyan,
böyük tərəqqiyə hesablanmış inkişaf
strategiyasını müəyyənləşdirən, yeni
tariximizə dövlət və xalqın xilaskarı kimi daxil
olan ümummilli lider Heydər Əliyevin siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyevin yorulmaz və
gərgin fəaliyyəti nəticəsində ölkəmizin
malik olduğu müasirlik, demokratiklik, hüquqilik, dünyəvilik
kimi parametrlər daha da güclənmiş, yeni dövrün tələblərinə
cavab verən sürətli inkişafı təmin
edilmişdir. Ulu öndərin idarəçilik ənənələrini
özünəməxsus qiymətli əlavələrlə zənginləşdirən
cənab İlham Əliyev əsrimizin praqmatik, rasional, mükəmməl
dünyagörüşlü, çevik və təmkinli idarəetmə
prinsiplərinə, dərin analitik təfəkkürə və
məqsədyönlü, düşünülmüş
siyasi iradəyə malik lideri olaraq milli birliyin, sabitliyin
möhkəmlənməsinə, Azərbaycanın regional və
beynəlxalq miqyasda nüfuzunun daha da artmasına nail
olmuşdur.
Bu gün Prezident
İlham Əliyevin rəhbərliyi altında həyata
keçirilən siyasət nəticəsində ölkənin
kompleks inkişafı təmin olumuş, sosial-iqtisadi, siyasi,
hüquqi sahədə modern sistem qurulmuş, cəmiyyətdə
demokratik dəyərlər daha geniş miqyasda bərqərar
edilmiş və onların daim təkmilləşdirilməsi
prioritet məqsədlərdən biri kimi qarşıya
qoyulmuş, eyni zamanda əhalinin maddi rifah halının
yüksəldilməsi, sosial müdafiəsinin möhkəmləndirilməsi
üçün real resursların dayanıqlı mənbəyi
yaradılmışdır. Siyasi fəaliyyətinin əsas
istiqamətlərini milli-mənəvi dəyərlərin
qorunması, azərbaycançılıq, xalq amilinin hakim
mövqeyə malik olması, qüdrətli və müasir Azərbaycanın
yaradılması, onun dünya birliyində tutduğu layiqli
mövqenin daha da güclənməsi, verilən vədlərə
sadiqlik, qarşıya qoyulan məqsədlərə nail
olunması, tolerantlıq və bu qəbildən olan digər
amillər təşkil edən Prezident İlham Əliyev yeni
yüzillikdə ölkəmizin intibahının möhkəm
əsaslarını yaratmışdır.
Hüquqi dövlət və
vətəndaş cəmiyyətinin quruculuğu istiqamətində
də mühüm nailiyyətlərin əldə olunduğu
Azərbaycanda siyasi-hüquqi sistemin əsaslı şəkildə
demokratikləşməsi həyata keçirilmiş, bu proses
mahiyyət etibarilə dövlət və cəmiyyət həyatının
bütün sahələrini əhatə etmiş, bununla
bağlı Avropa tələblərinə uyğun mükəmməl
baza yaradılmışdır. Əlbəttə ki, cəmiyyətin
demokratikləşməsinə xidmət edən bu prosesin əsasında
ulu öndər Heydər Əliyevin sədrliyi ilə
hazırlanaraq 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi
yolu ilə qəbul edilmiş Azərbaycan Respublikasının
Konstitusiyası durur. Konstitusiyanın qəbulundan sonra
mülki və hüquqi sferada görülən işlər,
yaradılan mükəmməl qanunvericilik bazası, Azərbaycanın
qoşulduğu beynəlxalq konvensiyalar və digər sənədlər
ölkəmizdə hüquqi dövlət və vətəndaş
cəmiyyətinin quruculuğu prosesini daha da dərinləşdirmişdir.
Ulu öndər tərəfindən
başlanan bu prosesin cənab İlham Əliyevin rəhbərliyi
ilə uğurla davam etdirilməsi, cəmiyyət və
dövlət həyatının bütün sahələrini əhatə
edən siyasi-hüquqi, sosial-iqtisadi, humanitar-mədəni
islahatlar prosesinin reallaşdırılması və artıq əldə
olunmuş əhəmiyyətli göstəricilər ölkəmizdə
bu sahədə daha böyük nailiyyətlərin
qazanılmasına, Azərbaycanın beynəlxalq nüfuzunun
artmasına gətirib çıxarmışdır.
Humanizm prinsiplərini
daim rəhbər tutan cənab İlham Əliyev demokratik və
sivil cəmiyyətin qurulmasının fundamental əsaslarından
olan qanunun aliliyinin təmin edilməsinə xüsusi diqqət
yetirməklə yanaşı, hakimiyyət
bölgüsünü xarakterizə edən və onun
üç əsas qolundan birini təşkil edən məhkəmələrin
müstəqilliyinin təmin edilməsi məqsədilə
zamanla səsləşən hüquq islahatlarının həyata
keçirilməsi istiqamətində atdığı konkret
addımlar, verdiyi fərmanlar, sərəncamlar və
imzaladığı digər hüquqi sənədlər insan
haqlarının yüksək səviyyədə qorunduğu
mülki cəmiyyətin formalaşmasında mühüm
nailiyyətlər əldə olunmasını təmin etmişdir.
Ölkənin demokratikləşməsi sahəsində
qazanılmış uğurların miqyasının genişləndirilməsi,
müasir və möhkəm dövlətçilik modelinin
yaradılması, təkmil hüquqi mexanizmlərin
formalaşdırılması üçün aparılan məhkəmə-hüquq
islahatları iqtisadi sferada inkişaf tempi ilə
uzlaşmış, bu sahələrdə görülən
işlərin dinamikası paralel xətt üzrə irəliyə
getmişdir. İnsan hüquq və azadlıqlarının təmini
baxımından məhkəmələrin ədalətə və
hüquqa əsaslanan qərarlar çıxarmasının
vacibliyini xüsusi önə çəkən Prezident
İlham Əliyev qeyd etmişdir: "Azərbaycanda
ictimai-siyasi vəziyyətin sabit olması, asayişin
qorunması, hüquq-mühafizə orqanlarının fəaliyyətini
tənzimləyən qanunların qəbul edilməsi bir məqsədi
güdür: ölkəmiz daha da möhkəmlənsin,
müasirləşsin, dünyada mövcud olan ən gözəl
təcrübəni biz Azərbaycanda tətbiq edək, öz
imkanlarımızı genişləndirək və ölkəmizin
uzunmüddətli, dayanıqlı inkişafı
üçün möhkəm əsasları yaradaq".
Bu xüsusda 2004-cü
ildə "Məhkəmələr və hakimlər
haqqında" qanuna əlavələr və dəyişikliklər
edilməsi barədə" və "Məhkəmə-Hüquq
Şurası haqqında" qanunların qəbul edilməsi
ayrıca qeyd edilməlidir, çünki həmin sənədlər
məhkəmələrin fəaliyyətində nöqsan və
qüsurların aradan qaldırılması, şəffaflığın
təmin edilməsi baxımından zəruri tədbirlərin
görülməsi üçün mükəmməl fəaliyyət
proqramına çevrilmişdir. Məhkəmə
islahatlarının daha keyfiyyətlə aparılması,
problemlərin Avropa standartlarına uyğun həllinə nail
olunması məqsədilə cənab İlham Əliyevin
"Azərbaycan Respublikasında məhkəmə sisteminin
müasirləşdirilməsi və "Azərbaycan
Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər
və əlavələr edilməsi haqqında" Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə"
2006-cı il 19 yanvar tarixli fərmanı isə məhkəmə-hüquq
islahatları sahəsində yeni bir mərhələnin
başlanğıcını qoymuşdur. Məhz bu fərmanla
məhkəmə sisteminin müasirləşdirilməsinin
növbəti mərhələsində regionların
sosial-iqtisadi inkişafı şəraitində əhalinin
hüquq islahatlarına və hüquqi yardıma olan tələbatının
ödənilməsi üçün yeni məhkəmələrin
yaradılması, vətəndaşların
narazılığına səbəb olan sui-istifadə,
süründürməçilik və digər
nöqsanların aradan qaldırılması, ədalət
mühakiməsinin səmərəliliyinin və vətəndaşların
məhkəmələrə inamının
artırılması, məhkəmələrə müraciət
imkanlarının asanlaşdırılması, məhkəmələrin
fəaliyyətində yeni informasiya texnologiyalarının tətbiq
edilməsi, onların strukturunun və işinin daha optimal
şəkildə qurulması, habelə digər mühüm məsələlər
öz həllini tapmış oldu.
Sözügedən fərmanın
ən ümdə cəhətlərindən biri isə Bakı,
Gəncə, Sumqayıt, Şirvan və Şəki şəhərlərində
yeni apellyasiya məhkəmələri, Naxçıvan şəhərində
Ağır Cinayətlərə Dair İşlər üzrə
Naxçıvan Muxtar Respublikasının Məhkəməsi,
eyni zamanda 2 saylı Bakı Yerli İqtisad Məhkəməsi,
Sumqayıt Yerli İqtisad Məhkəməsi və Şəki
Yerli İqtisad Məhkəməsi yaradılması idi. Fərmanın
3-cü bəndində Məhkəmə-Hüquq
Şurasına tövsiyə edilirdi ki, apellyasiya məhkəmələri,
yerli iqtisad məhkəmələri və müvafiq hərbi məhkəmələrin
yurisdiksiyasının müəyyən edilməsi haqqında
təkliflərini hazırlayıb Azərbaycan Prezidentinə təqdim
etsinlər. Bütün bunlar isə ondan xəbər verirdi
ki, məhkəmə-hüquq islahatları sahəsində
qazanılmış uğurlar paytaxt və regionlar arasında
tarazlı xarakter daşıyaraq bütün respublika
miqyasında özünü göstərirdi. Bunun ardınca
dövlət başçısının 17 avqust 2006-cı
il tarixli "Azərbaycan Respublikası məhkəmələri
hakimlərinin sayının artırılması və məhkəmələrin
ərazi yurisdiksiyasının müəyyən edilməsi
haqqında" fərmanı da mühüm önəm
daşımış, hakimlərin sayı 153 ştat vahidi
artırılmış, məhkəmələrin ərazi
yurisdiksiyaları müəyyən olunmuşdur. Beləliklə
də məhkəmələrə daxil olan işlərin
qanunda nəzərdə tutulmuş vaxtda və keyfiyyətlə
baxılması prosesi istiqamətində önəmli nailiyyətlər
əldə edilmişdir. Həyata keçirilən bu tədbirlər,
yaradılan mükəmməl qanunvericilik bazası ilə bərabər,
bu gün hakimlərin yeni tələblərlə, demokratik
prinsiplərə yüksək səviyyədə əməl
edilməklə seçilməsi də məhkəmələrin
Avropa tələblərinə uyğun fəaliyyət göstərməsini
təmin edən mühüm faktor kimi çıxış
edir. Həmçinin, məhkəmələrin fəaliyyətinin
daha da yaxışılaşdırılması məqsədilə
onların maddi-texniki bazasının müasir standartlara
uyğun yaradılması, yeni inzibati binalarla, zəruri
informasiya texnologiyaları ilə təmin olunması, digər
bu qəbildən olan məsələlər də xüsusi
diqqət mərkəzindədir.
Bir vacib məqamı da xüsusi vurğulamaq lazım gəlir ki, məhkəmə-hüquq sisteminin təkmilləşməsi hər bir ölkənin inkişafında həmişə böyük əhəmiyyət kəsb etdiyindən bu sahədə zamanın tələbinə uyğun davamlı islahtların aparılması mühüm məsələlərdəndir. Prezident İlham Əliyev bununla bağlı demişdir: "Ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu prosesi, təbii ki, məhkəmə-hüquq sisteminin islahatları ilə bərabər aparılmalıdır. Çünki bu amillər bir-birindən çox asılıdır".
Danılmaz reallıqdır ki, hüquqi islahatların uğurla həyata keçirilməsində, məhkəmə-hüquqi islahatların aparılmasında, müstəqil məhkəmə hakimiyyətinin formalaşmasında Azərbaycan ədliyyəsi böyük rol oynayır. Bu amili nəzərə alan cənab İlham Əliyev 18 aprel 2006-cı il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında" Əsasnaməni təsdiq etmişdir. Yeni Əsasnaməyə müvafiq olaraq nazirlik müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirir, məhkəmə qərarlarının icrasını təmin edir, penitensiar müəssisələrin fəaliyyətini təşkil edir, onlara nəzarəti həyata keçirir və onlara metodoloji yardım göstərir, qanunvericiliklə müəyyən edilmiş hallarda cinayət işləri üzrə ibtidai istintaqı aparır, hüquq sahələrinə dair elmi-tədqiqat işləri aparır və məhkəmə ekspertizalarının keçirilməsini təşkil edir. Yeni Əsasnamə ilə sözügedən nazirlik ədliyyə sahəsində vahid dövlət siyasətini və tənzimlənməsini həyata keçirən hüquq-mühafizə orqanı statusunu almış, onun fəaliyyət istiqamətləri genişlənmiş, konkret hüquq və vəzifələri müəyyən edilmişdir.
Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 26 may 2006-cı ildə "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" qanun qəbul edilmiş, daha sonra dövlət başçısı 17 avqust 2006-cı il tarixdə "Ədliyyə orqanlarının inkişafı haqqında" fərman imzalamışdır. Bu fərmanla Ədliyyə Nazirliyində edilən struktur dəyişiklikləri, ədliyyə orqanlarının fəaliyyətinin səmərəli olması üçün yaradılan yeni qurumlar islahatların keyfiyyətlə aparılmasına xidmət etmişdir. Fərmanda əsas məqsəd kimi vətəndaşların ədliyyə orqanlarına müraciət etmə imkanlarının asanlaşdırılması, hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatının, notariat və müvafiq sahələrdə göstərilən hüquqi xidmətlərin müasir tələblər səviyyəsində qurulması, penitensiar müəssisələrin və məhkəmə icraçılarının işinin, qanunyaradıcı fəaliyyətin təkmilləşdirilməsi, məhkəmə ekspertizalarının keyfiyyətinin artırılması, hüquqi maarifləndirmənin və yeni texnologiyalar tətbiq edilməklə informasiya təminatının yaxşılaşdırılması, yüksək peşəkar mütəxəssislərin hazırlanması və digər istiqamətlər üzrə ədliyyə orqanlarının inkişafını təmin etmək qarşıya qoyulmuşdur.
Dövlət idarəçilik mexanizmlərinin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının daha da dərinləşdirilməsi, hüquqi təsisatların möhkəmləndirilməsi, beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi ədliyyə və məhkəmə orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsini, onun maddi-texniki bazasının modernləşdirilməsini şərtləndirməsi fonunda Prezident İlham Əliyevin 2009-cu il 6 fevral tarixli sərəncamı ilə təsdiq edilən "Azərbaycan ədliyyəsinin inkişafına dair 2009-2013-cü illər üçün Dövlət Proqramı" ədliyyə sahəsində daha sürətli inkişafı təmin etmək üçün əsas vəzifələri, istiqamətləri müəyyən etmişdir. Dövlət Proqramının məqsədi Azərbaycan Respublikasında ədliyyə sahəsində dövlət siyasətinin daha uğurla həyata keçirilməsini, ölkədə aparılan məhkəmə-hüquq islahatlarının davam etdirilməsini, ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafını təmin etməkdən ibarətdir.
Proqramın giriş hissəsində o da qeyd edilmişdir ki, ölkədə hüquq sisteminin müasirləşdirilməsi, məhkəmə-hüquq islahatlarının davam etdirilməsi ədliyyə orqanlarının və məhkəmələrin fəaliyyətinin son dövrün tələbləri səviyyəsində qurulmasını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasını, vətəndaşların məhkəmələrə və ədliyyə orqanlarına müraciət imkanlarının asanlaşdırılmasını, regionlarda hüquq infrastrukturunun genişləndirilməsini, yeni nəsil hüquqşünaslarının formalaşdırılmasını, cəza-icra siyasətinin humanistləşdirilməsini zəruri edir ki, Dövlət Proqramının imzalanması da ədliyyə orqanlarının və məhkəmələrin dinamik inkişafının təmin edilməsi, yeni informasiya və kommunikasiya texnologiyalarının tətbiqi, normativ-hüquqi və maddi-texniki təminatın yaxşılaşdırılması, kadr potensialının, ədliyyə orqanlarının sosial müdafiəsinin gücləndirilməsi məqsədini daşıyır.
Hüquqi islahatlar çərçivəsində Prezident İlham Əliyev Respublika Prokurorluğunun da fəaliyyətinin daha səmərəli şəkildə təşkil olunması, müasir standartlara və müvafiq beynəlxalq konvensiyaların tələblərinə cavab verməsi məqsədilə də mühüm addımlar atmış, əhəmiyyətli qərarlar qəbul etmişdir. Bununla bağlı cənab İlham Əliyevin tarixi fərmanlarından biri 2004-cü ilin 28 oktyabrında Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin Əsasnaməsini təsdiq etməsi olmuşdur. Sözügedən idarənin yaradılması Milli Məclisdə 13 yanvar 2004-cü ildə qəbul edilmiş "Korrupsiyaya qarşı mübarizə haqqında" qanunun tələblərindən irəli gələn vəzifələrin, eləcə də dövlət başçısının təsdiqlədiyi "Korrupsiyaya qarşı mübarizə üzrə (2004-2006-cı illər) Dövlət Proqramı"nın icrasında mühüm rol oynamışdır. Məhz bu idarənin fəaliyyəti nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində ciddi nəticələr əldə edilmiş, ölkəmizdə bu problemin həlli istiqamətində mühüm nailiyyətlərə imza atılmışdır.
Aydındır ki, zamanın axarına uyğun olaraq dövlət quruculuğu sahəsində davam etdirilən islahatlar və ölkəmizin hüquq sisteminin inkişafı demokratik cəmiyyətdə prokurorluğun rolunun artırılmasını və müasir dövrün tələblərinə uyğun işinin keyfiyyətcə yeni səviyyədə qurulmasını zəruri edir. Prokurorluq orqanlarının fəaliyyətinin və strukturunun təkmilləşdirilməsi, kadr potensialının gücləndirilməsi, yeni nəsil prokurorlarının formalaşdırılması və peşəkarlığının artırılması, habelə prokurorluğun maddi-texniki bazasının möhkəmləndirilməsi və işçilərinin sosial müdafiəsinin yüksəldilməsi məqsədilə Prezident İlham Əliyev 27 sentyabr 2008-ci il tarixdə Azərbaycan Respublikası Prokurorluğunun fəaliyyətinin müasirləşdirilməsinə dair 2009-2011-ci illər üçün Dövlət Proqramını təsdiq etmişdir.
Prezident İlham Əliyevin başladığı hüquqi islahatlardan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi də kənarda qalmamış, bu dövlət təsisatının fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün zəruri tədbirlər görülmüşdür. Cənab İlham Əliyevin 30 iyun 2004-cü il tarixli "Azərbaycan Respublikasında polis orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə dair Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında", eləcə də "Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin strukturunda dəyişikliklər edilməsi haqqında" fərmanları buna əyani misaldır. Sözügedən Dövlət Proqramında daxili işlər orqanları əməkdaşlarının sosial təminatının gücləndirilməsi, onların yaşayış və iş şəraitinin yaxşılaşdırılması, polisin fəaliyyəti və rolu haqqında bilgilərin ictimaiyyətə təlqin olunması, daxili işlər orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və daim müasirləşdirilməsi kimi vacib məsələlər əksini tapmış, onların icrası uğurla həyata keçirilmişdir.
Həyata keçirilən tədbirlər əsasında Daxili İşlər Nazirliyinin strukturunda yeni idarələr də yaradılmışdır. Onlara misal olaraq Daxili Təhlükəsizlik, İnsan alverinə qarşı mübarizə, Korrupsiya cinayətləri üzrə əməliyyat-axtarış tədbirləri idarələrini göstərmək mümkündür. Eləcə də nazirliyin maddi-texniki bazasının yeniləşməsi, xüsusi texniki avadanlıqlarla təchiz olunması, avtomobil parkının genişləndirilməsi və müasirləşdirilməsi, daxili qoşunlar üçün xüsusi texniki vasitələrin alınması istiqamətində mühüm işlər görülmüşdür.
Aparılan hüquqi islahatlar, eləcə də insan hüquq və azadlıqlarının təmini istiqamətində Prezident İlham Əliyevin 28 dekabr 2006-cı il tarixli "Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında" sərəncamı müstəsna əhəmiyyət kəsb etmişdir. Sərəncamda bir daha vurğulanmışdır ki, Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edilmişdir.
Ötən illər ərzində Azərbaycan Respublikası insan hüquqları sahəsində fəaliyyət göstərən nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlığı inkişaf etdirmiş, insan hüquqlarının müdafiəsi sahəsində 50-dən çox beynəlxalq sənədə tərəfdar çıxmış və bu sahədə beynəlxalq öhdəliklərin həyata keçirilməsində mühüm nailiyyətlər əldə etmişdir. O da xatırlanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 iyun tarixli sərəncamı ilə təsdiq olunmuş insan hüquqlarının müdafiəsi sahəsində Dövlət Proqramı çərçivəsində qanunvericilik və institusional islahatlar həyata keçirilmişdir. Demokratik ədalət mühakiməsi prinsiplərinə əsaslanan yeni məhkəmə sistemi, konstitusiya nəzarəti, insan hüquqları üzrə müvəkkil kimi yeni təsisatlar yaradılmış, hüquq-mühafizə fəaliyyəti təkmilləşdirilmiş, qeyri-hökumət təşkilatlarının, kütləvi informasiya vasitələrinin fəaliyyəti genişlənmiş, insan hüquqlarının təmini sahəsində effektiv müdafiə mexanizmləri formalaşdırılmışdır.
Azərbaycanın yaşadığı yeni inkişaf mərhələsində insan hüquqlarının müdafiəsi sahəsində aparılan ardıcıl islahatların davam etdirilməsi vacibliyinə diqqət çəkilən sərəncamda bildirilmişdir ki, qarşıdan gələn illər üçün Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, beynəlxalq təşkilatlarla yeni əməkdaşlıq strategiyasının hazırlanması və həyata keçirilməsi, dövlət orqanlarının fəaliyyətinin insan hüquqlarının təminatı baxımından təkmilləşdirilməsi, elmi-analitik işlərin stimullaşdırılması, hüquqi maarifləndirmə işinin genişləndirilməsi, dövlətlə vətəndaş cəmiyyəti arasında qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi kimi vəzifələr müəyyən edilir.
Sözügedən sərəncam Azərbaycan Respublikasında insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinin ümumdövlət vəzifəsi hesab edilməsi, BMT-nin Minilliyin inkişaf məqsədlərinin və Avropa Şurasının 3-cü Zirvə Görüşünün insan hüquqlarının müdafiəsi və demokratiyanın, qanunun aliliyinin təmini sahəsində müəyyən etdiyi prioritetlərin nəzərə alınması, insan hüquqlarının müdafiəsi sahəsində görülən tədbirlərin genişləndirilməsi kimi məqsədlərdən irəli gəlmişdir.
Sərəncamda icra hakimiyyəti orqanlarına, məhkəmələrə və Baş Prokurorluğa normativ hüquqi aktların tətbiqi zamanı Azərbaycan Respublikasının insan hüquqlarının müdafiəsi sahəsində qanunvericiliyinin tələblərinə riayət olunmasına nəzarətin gücləndirilməsi, Azərbaycan Respublikasının Milli Məclisinə qanun layihələrinin hazırlanması və qanunların qəbul edilməsi zamanı Azərbaycan Respublikasının Konstitusiyasında, habelə respublikamızın tərəfdar çıxdığı beynəlxalq sənədlərdə əks etdirilmiş insan hüquq və azadlıqlarının əsas meyar kimi rəhbər tutulması, Azərbaycan Respublikasının normativ hüquqi aktlarının beynəlxalq hüquqi sənədlərə uyğunluğunun təmin edilməsi tövsiyə olunmuşdur.
Hüquqi dövlət və vətəndaş cəmiyyətinin quruculuğu istiqamətində atılan mühüm addımlar sırasında cənab İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması haqqında", "Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında" sərəncamlar da xüsusi qeyd olunmalıdır. Məhz bu sərəncamlar vətəndaş cəmiyyətinin əsas atributlarından olan QHT-lərin, eləcə də medianın inkişafında yeni bir mərhələ açmışdır.
Hüquqi islahatlar çərçivəsində ölkəmiz xeyli sayda beynəlxalq konvensiya və sazişə qoşulmuşdur ki, onlar sırasında "İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında", "İşgəncələrin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzaların qarşısının alınması haqqında", "Genosid cinayətlərinin qarşısının alınması və onun cəzalandırılması haqqında", "Terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə haqqında" və digərlərini qeyd etmək olar. Ölkə daxilində də ayrı-ayrı sahələr üzrə qanunvericilik bazası daim təkmilləşdirilməkdə, beynəlxalq tələblərə uyğunlaşdırılmaqdadır.
Cari ilin mart ayında keçirilən referendumla ölkə Konstitusiyasına edilən dəyişiklik və əlavələr qanunvericilik bazasının konstitusion təminatında mühüm rol oynamış, Azərbaycanın zamanla səsləşən hüquqi islahatlar siyasətinə sadiq qaldığını nümayiş etdirmişdir.
Beləliklə, qısa müddət ərzində iqtisadi cəhətdən sürətlə inkişaf edən və ümumi daxili məhsulun artım tempinə görə son bir neçə ildə nəinki postsovet məkanında, eləcə də dünyada lider mövqeyə malik olan Azərbaycan hüquqi sferada da mükəmməl nailiyyətlərə imza atmış, təkmil qanunvericilik bazasının formalaşmasına nail olmuşdur. Bu zaman insan hüquq və azadlıqlarının qorunması əsas götürülmüş, bununla əlaqədar mövcud beynəlxalq konvensiya və qanunvericiliyə tərəfdar çıxılmışdır. Çünki müasir inkişafın məfkurə əsasında dayanan vacib ideyalarından biri də fundamental insan hüquqlarının qorunması və qanunvericiliklə möhkəmləndirilməsidir. Cənab İlham Əliyevin dövlət idarəçiliyi strategiyasının təməlində duran ilk əsas amillərdən biri də bununla bağlıdır və təsadüfi deyil ki, Azərbaycanda demokratik cəmiyyətin bərqərar olması, onun milli ənənələrin, mental dəyərlərin qorunub saxlanılması, möhkəmləndirilməsi şərtilə modernləşdirilməsi, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu həyata keçirilən siyasətin ana xəttini təşkil edir.
Bu səbəbdən cəsarətlə söyləmək mümkündür ki, Azərbaycanın ən yeni tarixi bir tərəfdən onun heyrətamiz iqtisadi göstəriciləri ilə xarakterizə edilirsə, digər tərəfdən müasir demokratik cəmiyyət parametrləri ilə diqqət obyektinə çevrilir. Bununla da Azərbaycanın müasir inkişaf strategiyasının ideya əsasını təşkil edən amillərdən biri də demokratik, hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin yaradılması, hər bir insanın hüquq və azadlıqlarının qorunması, sərbəst iqtisadi münasibətlər sistemində azad insan faktorunun mövcudluğudur.
Zahid CƏFƏROV,
BDU-nun dosenti,
hüquq elmləri namizədi
Azərbaycan.- 2009.- 25
dekabr.- S. 8.