Yaxşı Prezident
İstənilən liderin idarəçilik dövrünün xarakteristikasını verərkən onun əvvəlki zamanla, hakimiyyətdə olan qüvvə ilə müqayisəsinin aparılması, parametrlərin tutuşdurulması mühüm şərtlərdən biridir, çünki analogiyasız qərarlar vermək, nəticələrə gəlmək çox çətindir. Bu kontekstdə ümummilli lider Heydər Əliyevdən sonra Azərbaycanın dövlət başçısı statusunu daşıyacaq şəxsin üzərinə daha böyük məsuliyyət düşmüş olur və böyük məharət, səriştə, bacarıq tələb edirdi.
Yəni, Heydər Əliyevdən sonra hansı ad prezidentlik üzərinə gəlmiş olsa idi, dərhal ulu öndərin şəxsiyyət tutumu, onun miqyası, idarərçilik dövrünün xarakteristikası, prinsipləri ilə ondan sonrakı zaman arasında müxtəlif müqayisələr aparılacaqdı və hər bir halda bəri başdan birincinin xeyrinə çox böyük üstünlüklər olacağı da şübhə doğurmurdu. Çünki Heydər Əliyev sovet dönəmində də Azərbaycanın həyatına bağlı bir lider olmuşdu və istər o illərdə, istərsə də müstəqillik dövründə böyük tutumlu işlər görmüşdü ki, özündən sonra gələn siyasi varislər üçün bu göstəricilər olmadığından onlar bəri başdan uduzmuş kimi görünə bilərdi.
Lakin burada bir məsələ
oxşarlıq təşkil edirdi. 1993-cü ildən
sonra Heydər Əliyevin xilaskarlıq missiyası nə qədər
önəmli idisə, 2003-cü ildən sonrakı dövrdə
də belə bir gərəklilik ortada idi. Lakin hadisələrin sonrakı inkişafı
göstərdi ki, Heydər Əliyevdən sonrakı dövr
üzərində ən müxtəlif qeyri-müəyyənliklər
ətrafında fikir yürüdənlər, proqnoz verənlər
və buna yönəlik strategiyalar hazırlayanların
ssenarisi tamamilə iflasa uğradı. Cənab
İlham Əliyev xalqın istəyi ilə prezident
seçildikdən sonra ümummilli liderin əsasını
qoyduğu inkişaf strategiyasını layiqincə davam etdirmək,
onu zamanın tələblərinə uyğun olaraq daha da zənginləşdirmək,
Azərbaycanın sürətli tərəqqi yolunda irəliləməsini
təmin etmək iqtidarında olduğunu sübuta yetirdi.
Bu mənada cənab İlham Əliyevin
missiyası ulu öndərin həyata keçirdiyi işlərin
miqyası qədər vacib xarakter daşımış və
onun lider keyfiyyətlərini təsdiqləmişdir.
2003-cü ildən sonrakı dövrdə də ölkənin
toparlanması, vahid bir siyasi xətt üzrə irəliyə
aparılması, milli həmrəyliyin qorunub saxlanması,
çevik manevrlər, regionda həyata keçirilən xarici
siyasətə yönəlik adekvat reaksiyalar və bu qəbildən
olan digər amillər bir daha sübuta yetirdi ki, cənab
İlham Əliyevin malik olduğu keyfiyyətlər onun
böyük lider olmaq imkanlarını özündə
daşıyır.
Məlumdur ki,
siyasi liderin portretində mühüm keyfiyyətlərdən
biri onun iradəliliyidir. Xüsusən də geostrateji cəhətdən
əlverişli mövqedə yerləşən, zəngin
enerji ehtiyatlarına malik Azərbaycan kimi ölkələrdə
liderin bu keyfiyyəti dövlətin müstəqil mövcudiyyətinin
davamı baxımından çox zəruridir. Coğrafiya və əhali sayı baxımından
kiçik miqyaslı hesab olunan dövlətlərin taleyinin
müəyyən ağırlıqları var və regionda istənilən
küləklər onlara güclü təsir edir. Belə ölkədə lider ilk növbədə
özünün böyük siyasi iradəsini, immunitetini
göstərməlidir ki, ölkə xarici təsirlər
qarşısında tab gətirə bilsin. Azərbaycanın dünyada və regionda etibarlı
tərəfdaş statusu məhz bunun hesabına
qazanılıb.
Azərbaycanın dövlət
başçısının liderlik keyfiyyətləri
sırasında yer alan vacib məqamlardan
biri də qarşıya konkret hədəflər qoyması və
xalqı bu hədəflərə çatdımaq
bacarığıdır. Bu mənada cənab
Prezidentin siyasi idarəçiliyi həm də proqramlı
xarakter daşımışdır.
Regional və
beynəlxalq miqyasda gedən proseslərin düzgün qiymətləndirilməsi
Azərbaycanın uğurunu təmin etdi. Reallıqdır
ki, regional və beynəlxalq layihələr uğrunda
savaş hələ də sona çatmayıb, neft və qaz,
yanacaq marşrutları uğrunda qızğın rəqabət
günümüzdə də amansız və antoqonist xarakterdə
getməkdədir.
Cənab
İlham Əliyev dövlət başçısı kimi
götürdüyü estafeti sadəcə yerində
saxlamayaraq, onu daha da irəliyə aparmış, siyasi
dünyanın çağırışlarına hazır
olmuşdur. Yeni dövrün vacib reallıqlarından biri klassik
müharibə modellərinin dəyişməsi və öz
yerini daha çox iqtisadi, siyasi, diplomatik, mədəni
müharibələrə verməsidir. İlham
Əliyev ölkənin maraq və mənafelərinin
etibarlı müdafiəsini təmin etmək üçün
beynəlxalq əlaqələrin miqyasını genişləndirmiş,
Azərbaycanın tərəfdaşlarının
sayını artıraraq onun daha çox müttəfiq
qazanmasına nail olmuşdur. Bütün
bu proseslərə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi kontekstində
yanaşıldıqda, ölkəmizin diplomatik sferada
işğalçı dövlət üzərində nə
qədər böyük üstünlüklərə malik
olduğunu görməyə imkan verir.
Qurduğu beynəlxalq
əməkdaşlıq, həyata keçirdiyi balanslı və
qarşılıqlı maraqlara əsaslanan siyasət Azərbaycanın
nüfuzunun daha da yüksəlməsinə səbəb olmaqla
yanaşı, onu nümunəvi müsəlman dövlətinə
çevirmişdir.
Müxtəlif
beynəlxalq sülhməramlı əməliyyatlarda
iştirak etməklə Azərbaycan sadəcə bir qapalı
Şərq ölkəsi olmadığını və
dünyaya açıq dövlət kimi çıxış
etdiyini göstərmişdir. Ölkəmizdə
daxili sabitliyin və başqa uğurların əldə edilməsinin
əsas səbəblərindən biri də məhz xarici siyasətin
düzgün qurulmasından irəli gəlir. Çünki ölkəmiz xarici təsirlərə
çox həssasdır. Azərbaycan ABŞ-ın,
Avropanın, eləcə də regiona yaxın digər ölkələrin
sabitliyin bərqərar olmasını istədikləri bir məkana
çevrilmişdir. Azərbaycanın
bütün daxili həyat parametrləri üzrə vəziyyətini
təhlil etdikdə onun bir Avropa ölkəsi olduğunu
görmək mümkündür və geosiyasətdə də
öz rolu var.
Azərbaycanın
malik olduğu bu üstünlükləri təmin edən
faktorlardan biri də onun iqtisadi uğurlara imza atmasıdır. Dünya təcrübəsi
göstərir ki, iqtisadi cəhətdən yüksəlmədən
demokratik nailiyyətlər əldə etmək mümkün
deyil. Adambaşına düşən gəlir
3500 manat və ya təxminən 5000 dollardan aşağı
olan ölkələrdə böyük demokratik uğurlar əldə
etmək asan deyil. İqtisadi sahədə
qazanılan uğurlarda və ölkənin malik olduğu zəngin
təbii ehtiyatların ümumi inkişafın təmin edilməsi
istiqamətində fokuslanması məsələsində isə
önəmli rol oynayan amillərdən biri yenə də lider
faktorudur. Bu gün dünyada zəngin təbii
sərvətlərə, böyük neft ehtiyatlarına malik
elə dövlətlər var ki, onların əhalisi olduqca
yoxsul səviyyədə yaşayır. Bu mənada hər
bir ölkənin liderinin, hakimiyyətinin uğuru ondan ibarətdir
ki, ölkənin malik olduğu təbii sərvətləri
real mənasında iqtisadi güc faktoruna çevirsin, sonra onu
təhlükəsizlik amili kimi ortaya qoysun, ən nəhayət,
beynəlxalq proseslərdə ondan ölkəsinin maraqları
üçün istifadə edə bilsin. Cənab
İlham Əliyev bunu bacarıb.
Azərbaycan
dövlətinin müstəqillik meydanının geniş
olması, heç şübhəsiz, təkcə daxili milli dəyər
kimi çıxış etmir, eyni zamanda xarici aləmdə
mühüm bir faktor kimi dəyərləndirilir. Söhbət
azadlığını qazanmış ölkələrin
müxtəlif iqtisadi-siyasi mərkəzlərdən idarə
olunmasından gedir. Politoloji ədəbiyyatlarda
satellit, vassal, forpost və sair kimi məfhumlarla ifadə olunan
bu hal postsovet məkanı ölkələrinin bir çoxunun
real həyatına çevrilmiş, müstəqilliyə
formal bir mahiyyət vermişdir. Ötən
dövr ərzində regionda yaşanan ən ağir proseslər
fonunda Azərbaycan hər hansı bloklara qoşularaq
özgürlüyünü onlara tapşırmadı, taleyini
keçmiş Kremlə bənzər paytaxtlara etibar etmədi.
Hətta müəyyən daxili problemlər məhz bu fonda özünün kəsərliliyini itirir. Çünki min illik arzuların təcəssümü
olan müstəqil dövlətin qorunub saxlanması faktı
ortadadır. Əlbəttə ki, idarə
olunan rəhbər tipi öz ölkəsini beynəlxalq aləmə
müstəqil siyasi vahid kimi çıxara bilməzdi. Yalnız idarə edən şəxsiyyətlər
fenomeni - Heydər Əliyev-İlham Əliyev rəhbərliyi
təmsil etdiyi xalqın gücünü nümayiş etdirməklə
geosiyasi proseslərdə hesablaşılan tərəf kimi
respublikamızı etiraf etdirdilər. Nəzərə
alsaq ki, bütün bunlar Şərq kimi dövlət qurmaq təcrübəsinin
minimallığı şəraitində baş verir, deməli,
çəkilən zəhmətin, sərf olunan enerjinin miqyasının
böyüklüyünü təsəvvür etmək problem
olmur. Cənab İlham Əliyev öz ölkəsini
yeniləşdirməyə nail oldu. Şübhəsiz
ki, ötən əsrin sonlarına doğru qurulmuş iqtisadi
infrastrukturu müasir texnoloji sistemləriylə əvəzləmək
başlıca vəzifə idi. Əks halda ölkənin
dünya rəqabətinə tab gətirməsi sadəcə
mümkünsüz idi. Lakin bu həm də təfəkkür
və ideologiyalarda da böyük inqilabi transformasiyalara yol
açdı. Dəyərlərin - yeni
siyasi baxışların nəticəsidir ki, vətəndaş-milli
yaşantılar tamam dəyişmişdir və yeni həyat
standartlarını meydana çıxarmışdır.
Cənab İlham Əliyevin siyasi xarakterinin ən mühüm tərəflərindən biri onun səmimiliyi və sadəliyidir. Heç bir seçki-siyasi texnologiya ilə bunu qazanmaq olmazdı. Uzun onilliklər boyu formalaşmış bu keyfiyyət ona imkan verib ki xalqla daha yaxından ünsiyyət qura bilsin, vətəndaş konsensusu əldə etsin və yürütdüyü siyasi kursa böyük ictimai dəstək qazandırsın. Millətilə arasında hər hansı bir məsafənin olmaması cənab İlham Əliyevi təkcə məmurlar ordusunun, yaxud partiyasının deyil, bütövlükdə xalqın liderinə çevirmişdir. Yüksək insani xüsusiyyətlərin daşıyıcısı olmaq Ona bəyan etdiyi "Yaxşı prezident olacağam" tarixi kəlamını gerçəkləşdirməyə imkan verdi. Bu, istənilən böhran situasiyalarından çıxış və ya inkişaf modellərinə təsir göstərən başlıca şərtdir. YAXŞI PREZİDENT OLMAQ QAZANILIR və İlham Əliyev millətinin qəlbində bu adı əldə edə bilmişdir. O, qazanılmış iqtisadi uğurları demokratiya quruculuğunun başlıca qarantiyası sayır. O, öz ölkəsini geosiyasətin obyekti olmaqdan çıxarıb onu bərabər hüquqlu subyektə çevirib. "Bölgədə status-kvo bizsiz dəyişə bilməz" deyilərkən məhz bu nəzərdə tutulur. Deməli, milli mənafelər anlayışı məhz bu halda formalaşa bilir. Cəmi bir müqayisə yetər ki, Azərbaycanın beynəlxalq əhəmiyyəti daha qabarıq görünsün. Sovet rejimi dağılarkən hər kəs maraqlı idi ki, Azərbaycan böyük hərbi əməliyyatlar içərisində olsun. İndi tam əksinə, bu regionun sabitllik məkanı olması istənilir. Deməli, Cənubi Qafqazın taleyi Azərbaycanda həll olunur. Regionda qüvvələr nisbəti Qafqazın gələcək iqtisadi-siyasi xəritəsi, o cümlədən Qarabağın istənilən statusu halında təhlükəsizliyi də bilavasitə Azərbaycanla bağlıdır. Bu zəruriyyətlər dövlətimizin siyasəti ilə formalaşmışdır.
Dövlətin siyasi kursunun reallaşmasında Birinci xanım fenomeninin də rolunu xüsusi vurğulamaq vacibdir. Siyasətin humanistləşməsində, təhsil və səhiyyə sferasında böyük humanitar aksiyaların keçirilməsində, iki fərqli mühüm beynəlxalq mərkəzlərin səfiri statusunun qazanılması və bütövlükdə götürdükdə Azərbaycanın dünya üçün mühüm bir dialoq məkanına çevrilməsində Mehriban xanım Əliyevanın misilsiz xidmətləri vardır. Bəlli səbəblərdən Azərbaycanın keçmiş dönəmində simvollaşmamış birinci ledi statusu indi dövlət idarəçiliyinin ayrılmaz hissəsinə çevrilmişdir. O, bu obrazı ilə Şərq qadınını yeni səviyyəyə qaldırmış oldu və daxili-xarici məkanda böyük etibara sahib etdi.
Azərbaycan Prezidenti bütün gücü ilə millət üçün çalışmaqdadır. O, Qarabağla bütövlüyü təmin olunmuş Azərbaycanın Prezidenti olmağa layiqdir və ümidvarıq ki, belə də olacaqdır.
Zahid ORUC,
Milli Məclisin deputatı
Azərbaycan.- 2009.- 25
dekabr.- S. 10.