Özəl sektora dövlət
qayğısı davam edir
Hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən mühüm amillərdən biri sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq ictimai həyatın bütün sahələrində davamlı yüksəlişə nail olması, qlobal böhran şəraitində qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi də ilk növbədə, bu sahəyə göstərilən qayğının nəticəsidir. Son illərdə özəl sektorun inkişafı üçün dövlət səviyyəsində bir sıra təşkilati, hüquqi və maliyyə-iqtisadi tədbirlərin görülməsi, biznes fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması Azərbaycanda sağlam əsaslarla təməli qoyulan sosial-iqtisadi inkişaf kursunun mahiyyətindən irəli gəlir.
Azərbaycan Prezidenti İlham Əliyev qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın neftdən asılılıq dərəcəsinin azaldılması məqsədilə sahibkarlığın inkişafına xüsusi qayğı ilə yanaşır. Xatırlatmaq lazımdır ki, hələ 2004-cü il fevralın 1-də Bakı Biznes Mərkəzində yerli sahibkarlarla görüşən dövlət başçısı onları narahat edən məsələləri diqqətlə dinləmiş, sahibkarları dəstəklədiyini, iş adamlarına gələcəkdə də lazımi kömək göstərəcəyini bəyan etmişdir. Dövlət rəhbəri həmin görüşdə inhisarçılıq, sahibkarlara süni maneələrin yaradılması, hüquq-mühafizə orqanlarının iş adamlarının fəaliyyətinə müdaxiləsi hallarını pisləmiş, konkret qərarlar qəbul etmişdir. Bununla bağlı antiinhisar fəaliyyətinin gücləndirilməsi, inflyasiyanın qarşısının alınması üçün əsaslı tədbirlərin görülməsi, biznes qurumlarının qeydiyyat sisteminin sadələşdirilməsi, yerlərdə regional iqtisad məhkəmələrinin yaradılması və s. kimi tədbirlər bunun əyani təcəssümüdür. Dövlət başçısı iqtisadiyyatın liberallaşdırılması, bazarın inhisardan, haqsız rəqabətdən azad olunması, özəl sektorun dəstəklənməsi, sahibkarlara güzəştli kreditlərin verilməsi sahəsində ciddi addımlar atmış, bütün vədlərinə sadiqlik nümayiş etdirmişdir.
Bu tarixi görüşdən bir neçə gün sonra - 11 fevral 2004-cü ildə imzalanmış Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2004-2008-ci illər) Dövlət Proqramı Azərbaycan regionlarının tarazlı və davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün kompleks tədbirlər müəyyənləşdirməklə yanaşı, iş adamlarının fəaliyyəti üçün də yaxşı imkanlar açmışdır. Dövlət proqramının yekunları ilə bağlı 2009-cu ilin fevralında keçirilən konfransın gedişi təsdiqlədi ki, Prezident İlham Əliyev ölkənin sosial-iqtisadi tərəqqisində sahibkarların rolunu düzgün dəyərləndirir, onlara hərtərəfli dəstəyini əsirgəmir.
Dövlət başçısı İlham Əliyevin ötən müddətdə imzaladığı "Sahibkarlığa dövlət maliyyə dəstəyinin göstərilməsi sahəsində əlavə tədbirlər haqqında", "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi qaydalarının təkmilləşdirilməsi haqqında", "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında", "Azərbaycan Respublikasında azad iqtisadi zonaların yaradılması haqqında", "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında", "Korrupsiyaya qarşı mübarizə haqqında" və digər fərman və sərəncamlar, qanunlar, dövlət proqramları sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır.
Həqiqətən, son illərdə Azərbaycan iqtisadiyyatının neft sektorundan asılılığının azalması, yeni zavod və fabriklərin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sosialyönümlü müxtəlif problemlərin yoluna qoyulması sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur. Hazırkı mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi sahibkarlığın inkişafının daha da sürətləndirilməsini, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsini, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını, bu istiqamətdə dövlət köməyi tədbirlərinin çərçivəsinin genişləndirilməsi və onların ünvanlılığının daha da artırılmasını tələb edir. Regionların sosial-iqtisadi inkişafına dair İkinci Dövlət Proqramında da qarşıya qoyulan əsas məsələlər rayonlarda mövcud potensialdan səmərəli istifadə etməklə iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafı, istehsal müəssisələrinin fəaliyyətinin və istehsalın stimullaşdırılmasıdır.
Respublikamızda sahibkarlığın inkişafına mane olan süni maneələrin aradan qaldırılması istiqamətindəki addımların ardıcıl və davamlı səciyyə daşıdığını Prezident İlham Əliyevin 30 aprel 2007-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında" fərman bir daha təsdiqləmişdir. Bu fərmanla indiyə qədər çoxpilləli biznesə başlamaq sahəsində mövcud problemlərin həlli, o cümlədən süründürməçilik hallarının, bürokratik əngəllərin aradan qaldırılması nəzərdə tutulmuşdur. Bu məqsədlə sənəddə vahid kodlaşdırmanın aparılması, biznes strukturlarının "bir pəncərə" - vahid qeydiyyat orqanı tərəfindən qeydə alınması məsələləri əksini tapmışdır. Fərmanla təsdiq olunmuş qaydalara əsasən, 2008-ci il yanvarın 1-dən etibarən vahid qeydiyyat orqanı funksiyasını Vergilər Nazirliyi həyata keçirir. Sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının "vahid pəncərə" prinsipi üzrə təşkili nəticəsində qeydiyyatdan keçmiş hüquqi şəxslərin sayı qısa müddətdə 30 faiz artmış, 2009-ci il yanvarın 1-dən gömrükdə də bu sistemin tətbiqinə başlanmışdır.
Bu tədbirlərin mahiyyəti və konseptual məzmunu iqtisadiyyatın liberallaşdırılmasından və sərbəst bazar prinsiplərinin dərinləşdirilməsindən ibarət olmuş, nəticədə milli sahibkarların ümumi daxili məhsuldakı xüsusi çəkisi 85 faizə çatmışdır. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdikləri sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait reytinqində ("Doing Business-2010") Azərbaycanın 183 ölkə arasında 38-ci yeri tutması da respublikamızda sahibkarlığın dinamik inkişafını təsdiqləyən göstəricilərdən biridir.
Bizim "Saloğlu" mebel müəssisəsinin fəaliyyətə başlaması da məhz dövlət başçısı İlham Əliyevin ölkədə sahibkarlıq fəaliyyəti üçün yaratdığı əlverişli mühitin, diqqət və qayğının nəticəsidir. Xüsusən də regionların sosial-iqtisadi inkişafını nəzərdə tutan I Dövlət Proqramının qəbulundan sonra Rusiyadakı biznes fəaliyyətimizi Azərbaycana köçürmək, istehsal yönümlü fəaliyyətlə məşğul olmaq qərarımızı qətiləşdirdik. Böyük inamla, ruh yüksəkliyi ilə doğma Vətənimizdə biznes fəaliyyətə başlayaraq ən müasir mebel avadanlıqları istehsal edən müəssisənin yaradılmasına başladıq. Müasir infrastruktura və avadanlıqlara, peşəkar kadrlara malik belə bir müəssisənin fəaliyyətə başlaması regionların inkişafına dəstək idi. Dövlət başçısı İlham Əliyevin Ağstafa rayonuna səfəri zamanı müəssisəmizin təntənəli açılış mərasimində iştirakını isə bu gün də fəxrlə xatırlayırıq.
Qısa müddətdə ölkədə mebel sənayesinin inkişafına müstəsna töhfələr vermiş "Saloğlu" mebel müəssisəsinin əsas məqsədi keyfiyyətli mebel istehsal etməkdir. Eyni zamanda daxili bazarda layiqli yer tutaraq rəqabətqabiliyyətli məhsul istehsal etmək, bu məhsulları digər ölkələrə ixrac etmək başlıca məqsədimizdir. Bunun üçün ilk gündən müasir biznesin incəliklərini dərindən bilən, eyni zamanda dünyanın mebel istehsalı sahəsindəki ən son yeniliklərindən xəbərdar olan peşəkar mütəxəssislərə üz tutmuşuq. İtaliyanın və Almaniyanın 300-400 illik təcrübəsi olan mebel müəssisələrindən mütəxəssislərin cəlb olunması, onların irəli sürdüyü təkliflərin həyata keçirilməsi bizə "Saloğlu" müəssisəsində istehsal prosesini ən müasir tələblər səviyyəsində qurmağa imkan verdi. Nəticədə müəssisənin təkcə istehsal potensialı deyil, həm də rəqabətə davamlılığı artdı. Hazırda istehsal etdiyimiz mebellər dünya standartlarına uyğun "İSO-9001" keyfiyyət nişanına malikdir. İstehsal prosesində ən müasir standartlara cavab verən dəzgahlardan istifadəyə üstünlük veririk. Müəssisə üçün zəruri bəzi xammal və digər məmulatlar Türkiyədən gətirilir. Göyüş, fıstıq və qoz ağaclarından istehsal olunan yüksək keyfiyyətli məhsullar nəinki daxili, hətta xarici bazarda da yüksək qiymətləndirilir.
Türkiyənin və Almaniyanın tanınmış mebel müəssisələri ilə sıx əməkdaşlıq edən "Saloğlu" mebel müəssisəsi onların mütərəqqi təcrübəsindən yararlanmaqla yanaşı, həm də bir sıra müştərək layihələr həyata keçirir. İstehsal etdiyimiz məhsulları xarici bazarlara çıxarmaqla yanaşı, sərgilərdə də yaxından iştirak etməyə çalışırıq. Qürur hissi ilə bildirirəm ki, istehsal etdiyimiz yumşaq mebellər sərgilərdə yüksək dəyərləndirilir, onlarca Avropa dövlətindən sifarişlər qəbul edirik. Hazırda qonşu Gürcüstan, Qazaxıstan və Rusiya bazarlarına yüksək keyfiyyətli mebellər çıxarırıq. Məhsulumuzun müəyyən çeşidini İngiltərəyə satmaq fikrindəyik.
Nədənsə bəziləri bizim qısa müddətdə bu cür böyük uğurlar qazandığımıza inana bilmir. Biz isə deyirik - vicdanla işləyəndə çox böyük məqsədlərə çatmaq olar. Ucuz mebel istehsal edərək çoxlu mənfəət əldə etməyə çalışan bəzi sahibkarlardan fərqli olaraq bizim şirkət tamamilə başqa yolu seçib. Müəssisəmiz istehsal etdiyi mebellərin keyfiyyəti ilə bağlı məsuliyyət daşıyır. Ona görə əsas məqsədimiz keyfiyyətli iş görməkdir.
130-dan artıq işçisi olan "Saloğlu" mebel fabriki əldə etdiyi uğurlarla kifayətlənmir, istehsalın həcmini artırmağa, yeni iş yerləri açmağa çalışır. Ancaq bəzi xırda məmurların iş adamlarının fəaliyyətinə qanunsuz müdaxilə cəhdlərinə hələ də rast gəlirik. İş adamları istehsal və satış məqsədləri üçün müvafiq ərazinin ayrılmasında bürokratik əngəllərlə qarşılaşırlar.
"Saloğlu" mebel müəssisəsi məhz bu səbəbdən də paytaxtda öz mağaza və satış anbarını yarada bilməyib. İstehsal etdiyimiz məhsulları icarəyə götürdüyümüz obyektlərdə satmalı oluruq. Bu, müəyyən çətinliklər yaradır. Yəni, icarəyə yönəldilən vəsaitlər şirkətin sürətli inkişafında əlavə çətinliklər doğurur.
Bəzi məmurların istehsalçıya kömək əvəzinə mane olmaq yolunu tutması da ölkə başçısının yeritdiyi siyasətlə qətiyyən uzlaşmır. Bizim məhsullar Ağstafa rayonunda istehsal olunduğu üçün onların Bakıdakı satış mərkəzinə gətirilməsi müəyyən maliyyə vəsaiti tələb edir. Daha konkret desək bu, həm işimizi bir qədər artırır, həm də çətinləşdirir. Əlavə nəqliyyat xərci məhsulun maya dəyərinə birbaşa təsirini göstərsə də, mebellərin qiymətləri orta statistik Azərbaycan vətəndaşının maddi tələbatına cavab verir. Bəzən bizi qınayırlar ki, niyə istehsalı Bakıya köçürmürük? Biz bunu edə bilərdik, amma onda regionların inkişafına hansı töhfəni verə bilərik? İstərdik ki, aidiyyəti qurumlar bizim fəaliyyətimizdə olan bu məqamı, yəni məhsulun Bakıda deyil, rayonda istehsal olunduğunu lazımınca qiymətləndirsinlər. İstehsalçı sahibkarla təmasda olan hər bir məmur qürur duymalıdır ki, onun ölkəsində xaricdən idxal olunan mallardan keyfiyyətcə nəinki geri qalmayan, hətta üstün olan məhsul istehsal edilir.
Şübhəsiz, öz hüquqlarını bilən, qanunvericiliyin tələblərinə riayət edən sahibkarlar dövlət başçısı İlham Əliyevin dəstəyini və himayəsini hiss etdikləri üçün belə hallara qarşı effektiv müqavimət göstərirlər.
Vətənin, xalqın maraqları naminə çalışan sahibkarlar təbəqəsinin formalaşması Azərbaycanın inkişafına çox böyük töhfədir. Bu da sirr deyil ki, azad sahibkarlıq yalnız o ölkələrdə uğurla inkişaf edir ki, onlarda sahibkarlara dövlət tərəfindən qayğı və diqqət var. Bu gün biz sahibkarların fəaliyyətini stimullaşdıran əsas amil Prezident İlham Əliyevin dəstəyidir. İnanırıq ki, gələcəkdə də Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət göstəriləcək, zaman keçdikcə çox güclü sahibkarlar təbəqəsi formalaşacaq.
Təbii ki, dövlətin diqqət və qayğısı müqabilində hər bir iş adamı da sosial öhdəliklərini unutmamalı, vergi, gömrük rüsumlarını vaxtında ödəməli, ölkə iqtisadiyyatının qüdrətlənməsinə layiqli töhfələrini verməlidirlər. Bu mənada, "Saloğlu" müəssisəsi də üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirir, ölkənin iqtisadi inkişafına öz töhfəsini verməyə çalışır.
Tacəddin MUSTAFAYEV,
"Saloğlu" müəssisəsinin
rəhbəri
Azərbaycan.- 2009.- 25 dekabr.- S. 10.