Xalq artisti Əminə xanım Dilbaziyə

 

Hörmətli Əminə xanım!

Sizi - Azərbaycan milli rəqs sənətinin böyük ustadını yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı və uğurlar arzulayıram.

Siz xalqımızın qədim rəqs mədəniyyətinin inkişafı naminə istedad və bacarığınızı illər boyu fədakarcasına sərf etmiş sənətkarlardansınız. Klassik milli rəqslərimizi yeni ifa tərzi ilə zənginləşdirərək Siz əsl sənət inciləri yaratmısınız. Fəaliyyətiniz boyu Sizin repertuar hər zaman öz rəngarəngliyi ilə səciyyələnmişdir.

Tarixi kökləri qədimlərə bağlanan rəqslərimizin parlaq nümunələrinin yaşadılmasına layiqli töhfələr verməklə yanaşı, Siz dünya xalqları rəqslərinin mahir ifaçısı kimi də tamaşaçıların qəlbinə yol tapmısınız. Azərbaycan mədəniyyətinin xarici ölkələrdə tanınmasında və geniş şöhrət qazanmasında özünəməxsus yeriniz vardır.

Zəngin pedaqoji təcrübənizi ölkəmizdə milli xoreoqrafiyanın inkişafına yönəldərək Siz xalq rəqslərinin sirlərinə bələd olan yeni ifaçılar nəslinin hazırlanması yolunda yorulmadan çalışmısınız. Adınız ölkəmizdə professional və özfəaliyyət rəqs ansambllarının yaradılması ilə də sıx bağlıdır.

Yarım əsrdən bəri "Xalq artisti" fəxri adını ləyaqətlə daşıyaraq Siz gənclər üçün sənətə sadiqlik rəmzinə çevrilmisiniz. Uzunmüddətli fəaliyyətiniz dövründə layiq görüldüyünüz çoxsaylı təltiflər, həmçinin müstəqil Azərbaycan Respublikasının ali mükafatı - "İstiqlal" ordeni Sizin nadir sənətinizə və şəxsiyyətinizə dövlət tərəfindən verilmiş yüksək qiymətdir.

Dərin hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 25 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 26 dekabr.- S. 1.