Hövsan aerasiya
stansiyasının əsaslı yenidənqurmadan sonra
açılışı olmuşdur
Prezident İlham Əliyev mərasimdə iştirak
etmişdir
Dekabrın 25-də əsaslı
şəkildə yenidən qurulmuş Hövsan aerasiya
stansiyasının açılışı olmuşdur.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev mərasimdə
iştirak etmişdir.
Baş nazirin müavini Abid
Şərifov dövlətimizin başçısına məlumat
verdi ki, Bakının çirkab sularının 60 faizi
Hövsan aerasiya stansiyasında təmizlənərək dənizə
axıdılır. Uzun illər istismarda olan
avadanlığın köhnəlməsi və Xəzərin
ekoloji təmizliyinə diqqətin artırılması
stansiyanın yenidən qurulması zərurətini
yaratmışdır. Dövlətimizin
başçısının tapşırığına əsasən
2007-ci ilin sonlarından stansiyanın tamamilə yenidən
qurulması prosesinə başlanmışdır.
Stansiyanın ərazisində yeni qurğular tikilmiş,
avadanlıq tamamilə təzələnmişdir. Prezident
İlham Əliyevin sərəncam və göstərişlərinə
əsasən yenidən qurulan bu stansiya nəhəng
infrastruktur layihələrindən biridir.
Dövlətimizin
başçısı stansiyanın idarəetmə mərkəzi
ilə tanış oldu.
Prezident İlham Əliyev əvvəlcə
Zığ nasos və Hövsan aerasiya stansiyalarındakı
avadanlığın əvvəlki və indiki vəziyyətini
əks etdirən fotostendə baxdı, Abşeron
yarımadasının kanalizasiya sistemi qurğularının
yerləşməsi sxemi ilə tanış oldu.
"Azərsu" ASC-nin
prezidenti Nizaməddin Rzayev dövlətimizin
başçısına Hövsan aerasiya stansiyasının təmizləmə
prosesinin texnoloji sxemi barədə məlumat verdi. Qeyd olundu ki,
stansiya tam avtomatlaşdırılmışdır.
Prezident İlham Əliyevə
stansiyada yeni tikilmiş və yenidən qurulmuş, eyni zamanda,
tikintisi nəzərdə tutulan təmizləyici qurğular və
nasos stansiyaları barədə də məlumat verildi.
Dövlətimizin
başçısı stansiyanın baş planı ilə də
tanış oldu. Bildirildi ki, stansiya mərkəzləşdirilmiş
idarəetmə sistemi ilə işləyir və çirkab
suyunun mexaniki, bioloji və kimyəvi zərərsizləşdirilməsi
proseslərinə tam nəzarət olunur. Hər hansı bir
nasazlıq monitorda dərhal qeydə alınır.
Prezident İlham Əliyevə
Abşeron yarımadasındakı süni göllərin
ekoloji durumunun yaxşılaşdırılması və
çirkab sularının, həmçinin sahil boyu dənizə
zərərli axıntıların qarşısının
alınması və təmizlənməsi üçün
lokal sutəmizləyici qurğuların tikilməsi, Bakı kəndlərinin
kanalizasiya sisteminin yaradılması haqqında da ətraflı
məlumat verildi.
Prezident İlham Əliyev
idarəetmə mərkəzindən yeni stansiyanı işə
saldı.
Sonra dövlətimizin başçısı stansiyada aparılmış yenidənqurma işləri ilə tanış oldu. Məlumat verildi ki, paxtaxtın kanalizasiya suları stansiyaya giriş kamerasından daxil olur, sonra barmaqlıqlar sexinə ötürülür.
Suyu irihəcmli yad cisimlərdən təmizləyən bu sex ən müasir texnologiya əsasında tamamilə təzələnmiş, köhnə avadanlıq yenisi ilə əvəz olunmuşdur. Sexi elektrik enerjisi ilə qidalandıran ayrıca məntəqə yaradılmışdır. Çirkab suları buradan qumdan təmizləmə sexinə ötürülür. Burada quraşdırılmış yeni texnologiya çirkab sularının ən xırda mikroorqanizmlərə qədər təmizlənməsinə imkan verir.
Dövlətimizin başçısına məlumat verildi ki, stansiyada suyun bioloji təmizlənməsini təmin etmək üçün hər birinin 36 min kubmetr tutumu olan iki çən quraşdırılmışdır. Sonrakı mərhələdə su dearatorlarda qazdan təmizlənir və təkrar dövretmə prosesi həyata keçirilir.
Prezident İlham Əliyev durulducu hovuzlara da baxdı. Dövlətimizin başçısına məlumat verildi ki, suyun durulduculara ötürülməsi üçün xüsusi kanal çəkilmişdir. Durulducu hovuzlarda lilin və suyun üzündəki maddələrin təmizlənməsi üçün xüsusi nasoslar quraşdırılmışdır. Stansiyaya lilqurutma sexi və kompressor binası da daxildir.
Stansiyanın ayrı-ayrı qurğuları ilə tanışlıq zamanı dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işləri zamanı 2 saylı Zığ nasos stansiyasından Hövsan aerasiya stansiyasına uzunluğu 5 min metrdən çox olan şüşə lifli yüksək təzyiqli boru xətti çəkilmişdir.
Tikinti işləri ilə yanaşı, stansiyanın ərazisinin abadlaşdırılmasına da xüsusi diqqət yetirilmiş, geniş sahədə asfalt-beton işləri görülmüş, yeni yaşıllıq zolaqları salınmışdır. Stansiyanın işıqlandırma sistemi tamamilə yeniləşdirilmişdir. Əsaslı yenidənqurma işləri başa çatdıqdan sonra stansiyanın sutkalıq gücü 480 min kubmetrdən 640 min kubmetrə çatmışdır.
Hövsan aerasiya stansiyasının işçiləri və inşaatçılarla görüşən Prezident İlham Əliyev kompleksdə aparılan yenidənqurma işlərindən razılığını bildirərək dedi:
- Yaxşı yaratmısınız. Gərək yaxşı da istismar edəsiniz ki, Bakı şəhərinin bütün ekoloji problemləri həllini tapsın. Dünən ağacəkmə prosesinə başladıq, bu gün Hövsan aerasiya stansiyasının işə salınmasında iştirak edirik. Bütün bunlar onu göstərir ki, ekologiya məsələlərinə çox böyük diqqət göstərilir. Vaxtilə icrasına başlanmış bu böyük layihə artıq başa çatdı. Beləliklə, Bakının bütün kanalizasiya məsələləri yaxın zamanlarda həll olunacaqdır. Çox işlər görülüb, hələ çox işlər görülməlidir. Növbəti 2-3 ildə ətraf qəsəbələr daxil olmaqla bütün şəhərin su-kanalizasiya məsələləri tamamilə həll olunacaqdır.
Təbrik edirəm, sizə yeni uğurlar arzulayıram. Sağ olun.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2009.- 26
dekabr- S. 2,3.