"Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsi qəbul edildi

 

Milli Məclisin dünən keçirilən plenar iclası deputatların Avropa Parlamentinin Azərbaycanla əlaqədar dekabrın 17-də qəbul etdiyi qətnaməyə etirazları ilə başladı. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov belə bir qətnamənin qəbulunu Avropa Parlamentinin ölkəmizə qarşı ədalətsiz mövqeyi kimi qiymətləndirdi. AP-nin bir dəfə də olsun 1 milyondan artıq qaçqın və məcburi köçkünümüzü yada salmadığını diqqətə çatdıran Valeh Ələsgərov qurumun ölkəmizə dair qəbul etdiyi ədalətsiz qətnaməyə parlamentin münasibət bildirməsini vacib saydı.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev AP-nin qətnaməsində birtərəfli mövqenin ortaya qoyulmasından təəssüfləndiyini bildirdi. Dedi ki, bir kəlmə də olsun Azərbaycanın işğal altında olan torpaqları barədə söz deyilməyib. Təklif etdi ki, AP-nin nümayəndələri Azərbaycana dəvət olunsunlar və ölkəmizin haqlı mövqeyi bir daha onların diqqətinə çatdırılsın.

Deputat Fuad Muradov dedi ki, Azərbaycanın mövqeyi gücləndikcə bir o qədər də təzyiq görürük. Erməni diasporu tərəfindən idarə olunan müəyyən siyasi qruplar Azərbaycanın uğurlarına kölgə salmaq istəyirlər. O da bu məsələ ilə əlaqədar AP-ə müraciət qəbul olunmasına tərəfdar olduğunu bildirdi.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqəlar komitəsinin sədri Səməd Seyidov dedi ki, ölkəmiz bütün beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Amma son vaxtlar Azərbaycanı həm istəyən, həm də istəməyən qruplar aktivləşiblər. Belə bir qətnamənin qəbulu ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin yoluna qoyulması istiqamətində mövqeyinin güclənməsi, dinamik sosial-iqtisadi inkişafı, regionun lider dövlətinə çevrilməsi ilə əlaqədardır. Komitə sədrinin fikrincə, ölkəmiz AP-nin qətnaməsinə iki formada reaksiya verməlidir. Birincisi, münasibət bildirilməli, ikincisi isə AP ilə edilən əməkdaşlıq təhlil olunmalıdır.

Məsələyə Milli Məclisin Sədri Oqtay Əsədov da münasibət bildirdi. Dedi ki, belə bir qətnamənin qəbulu Dağlıq Qarabağ məsələsi ilə bağlı Azərbaycana təzyiq metodlarından biridir. Qətnamədə ölkəmizin uğurlarından, üzləşdiyi problemlərdən söz açılmayıb. Azərbaycan indi 90-cı illərin Azərbaycanı deyil. Bu gün dünyada tanınan, güclü iqtisadiyyatı olan dövlətdir. Ona görə bu məsələdə də öz sözümüzü deməliyik. Daha sonra ötən həftə Milli Məclisin ABŞ Konqresinə məktub göndərdiyini xatırladan spiker AP-nin qətnaməsi ilə bağlı etiraz bəyanatının qəbulunu təklif etdi. İclasda bəyanatın hazırlanması ilə əlaqədar komissiya yaradıldı.

Sonra gündəlikdəki məsələlər müzakirə edildi.

İlk olaraq "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsi (üçüncü oxunuş) müzakirəyə təqdim olundu. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, layihənin birinci və ikinci oxunuşlarda müzakirəsi zamanı deputatlar tərəfindən irəli sürülən təkliflər nəzərə alınıb. Qeyd edək ki, bu qanunun qəbulunda məqsəd ölkəmizdə hüquqi və fiziki şəxslərin maliyyə resurslarına olan ehtiyaclarının daha dolğun ödənilməsi, maliyyə xidmətlərindən istifadəsi üçün əlverişli şəraitin yaradılması məqsədilə bank olmayan kredit təşkilatlarının təsis edilməsi, idarə olunması və fəaliyyətinin tənzimlənməsi qaydalarını müəyyən etməkdir.

Qanun layihəsi üçüncü oxunuşda təsdiq olundu.

"Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanun layihəsi isə ikinci oxunuşda müzakirə edildi. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Siyavuş Novruzov bildirdi ki, hazırda Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı beynəlxalq ikitərəfli sənədlərə əsasən müəyyən edilir. Amma bu qanun layihəsinin qəbulundan sonra respublikamızın beynəlxalq sülhməramlı əməliyyatlarda iştirakının əsasları, formaları və qaydaları milli qanunvericiliyə əsaslanacaq. Layihədə sülhməramlı əməliyyatlarda iştirak dünya birliyi, regional təşkilatlar, dövlət qurumları, ayrı-ayrı dövlətlər, dövlət orqanları və qeyri-hökumət təşkilatları tərəfindən lokal və regional münaqişələrin qarşısının alınması, həll olunması, nizamlanması və nəticələrinin aradan qaldırılması sahəsində həyata keçirilən kompleks fəaliyyətin tərkib hissəsi kimi müəyyən edilir.

Layihədə Milli Məclisə də səlahiyyətlər verilir. Belə ki, layihəyə əsasən hərbi kontingentin və ayrı-ayrı hərbi qulluqçuların sülhməramlı əməliyyatlarda iştirak etmək üçün göndərilməsi, hərbi və mülki heyətin geri çağırılması məsələləri Milli Məclisin səlahiyyətlərinə aiddir. Müvafiq icra hakimiyyəti orqanının Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakı barədə Milli Məclisə illik məruzə təqdim etməsi də layihədə əksini tapıb.

Müzakirələr zamanı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov, deputatlardan Xanhüseyn Kazımlı, İsa Həbibbəyli, Aydın Həsənov, Zahid Oruc, Qüdrət Həsənquliyev və Fazil Mustafa layihə ilə bağlı fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Çıxışlarda vurğulandı ki, belə bir qanunun olması ölkəmizin maraqlarına cavab verir.

Qanun layihəsi ikinci oxunuşda təsdiq olundu.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun təqdimatından sonra "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə" qanun layihəsi də qəbul olundu.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev "İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" qanun layihəsini (birinci oxunuş) müzakirəyə təqdim etdi. Xatırladıldı ki, ilk dəfə Milli Məclis belə bir qanunu 1996-cı ildə qəbul etmişdir. Amma hazırda qüvvədə olan qanun günün tələblərinə cavab vermir. Ona görə yeni qanuna ehtiyac yaranıb. Musa Quliyevin sözlərinə görə, 1996-cı ildə ölkəmizdə cəmi iki nəfərin HİV infeksiyasına yoluxduğu aşkar edilmişdi. Ən son məlumatlara görə isə indiyədək ölkəmizdə bu xəstəliyə yoluxan 2224 nəfər aşkar edilib. Azərbaycanda HİV infeksiyasının aşkar edildiyi insanların 88,3 faizi kişilər, 11,7 faizi qadınlardır.

M.Quliyev onu da qeyd etdi ki, indi bütün dünyada bu xəstəliyə münasibət dəyişib. Bir çox ölkələrdə bununla bağlı qanunvericiliklərdə dəyişikliklər edilib. Daha çox HİV infeksiyasına tutulanların hüquqlarının qorunması, onların cəmiyyətə inteqrasiyası kimi məsələlər önə çəkilib. Bu qanun layihəsində də problemlə bağlı yeni baxışlar ehtiva olunub. Layihənin preambula hissəsində qeyd olunduğu kimi qəbul edildikdən sonra bu qanun Azərbaycanda immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin profilaktikasının, diaqnostikasının, müalicəsinin, HİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edəcək, bu sahədə yaranan münasibətləri tənzimləyəcək.

Fasilədən sonra İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında Azərbaycan Respublikası Qanun layihəsinin müzakirəsi davam etdirildi. Deputatlardan Fazil Mustafa, Gövhər Baxşəliyeva, Nizami Xudiyev, Fuad Muradov, Qənirə Paşayeva qanun layihəsinə müsbət münasibət bildirdilər. Qeyd olundu ki, ölkə ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin profilaktikasının, diaqnostikasının, müalicəsinin, HIV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsaslarını müəyyən edən qanun layihəsinin qəbulu mühüm əhəmiyyət kəsb edir. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edildi.

Sonra parlamentin Aqrar siyasət komitəsi sədrinin müavini Eldar Quliyev "Pambıqçılıq haqqında" qanun layihəsini I oxunuşda deputatların müzakirəsinə təqdim etdi. Komitə üzvü bildirdi ki, qanun layihəsi Azərbaycanda ənənəvi sahə olan pambıqçılığın hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir, xam pambıq və pambıq məhsullarının dövriyyəsi ilə əlaqədar münasibətləri tənzimləyir. Qanun layihəsi 6 fəsil, 28 maddədən ibarətdir.

Müzakirələr zamanı deputatlardan Gülhüseyn Əhmədov, Məjlum Şükürov, Nizami Xudiyev, Astan Şahverdiyev, Əli Məsimli sənədin qəbulunun vacib xarakter daşıdığını qeyd etdilər. Bildirildi ki, qanun layihəsinin qəbulu ölkəmizdə pambıqçılığın inkişafına təkan verəcək, bu sahənin iqtisadi əsaslarını müəyyənləşdirəcək. Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov "Pambıqçılıq haqqında" qanun layihəsi ilə bağlı təkliflərlə çıxış etdi.

Qanun layihəsi I oxunuşda səsə qoyuldu və deputatlar sənədə müsbət münasibət bildirdilər.

İclasın sonunda parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deputatlardan ibarət işçi qrupunun bütün üzvlərinin təklifləri əsasında Azərbaycan Respublikası Milli Məclisinin Avropa Parlamentinə müraciət hazırlandığını bildirdi. Səməd Seyidov dedi ki, bununla bağlı işçi qrupunun müzakirələri faydalı və səmərəli olub. İşçi qrupunun bütün üzvləri Azərbaycan parlamentinin bu layihəsini yekdilliklə dəstəkləyiblər. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri dedi ki, Avropa Parlamentinin dekabrın 17-də Azərbaycana dair qəbul etdiyi qətnamə ölkəmizə qarşı ikili standartların mövcudluğunu nümayiş etdirir, bu isə yolverilməzdir.

Deputat Nizami İsgəndərov Milli Məclisin Avropa Parlamentinə müraciətin mətnini oxudu. Deputatlar bu sənədə də müsbət münasibət bildirdilər. Milli Məclis Avropa Parlamentinə müraciət qəbul etdi.

 

 

Azərbaycan.- 2009.- 26 dekabr.- S. 3, 5.