Azərbaycan Respublikası Milli Məclisinin Avropa
Parlamentinə müraciəti
Hörmətli həmkarlar!
Avropa Parlamentinin bu il
dekabrın 17-də Azərbaycana dair qəbul etdiyi qətnamə
bizim ölkəmizdə təəssüf və narahatlıq
hissləri doğurmuşdur.
Azərbaycan Respublikası
ölkəmizdə ümumbəşəri dəyərlərin
bərqərar edilməsi işində nüfuzlu beynəlxalq
təşkilatlar ilə əməkdaşlığa
böyük əhəmiyyət verir. Avropa İttifaqı, o
cümlədən Avropa Parlamenti ilə əlaqələrin
inkişaf etdirilməsi dövlətimizin xarici siyasətinin
üstün istiqamətlərindən biridir. Azərbaycanla
Avropa İttifaqı arasında 1996-cı ildə
imzalanmış və 1999-cu ildə qüvvəyə
minmiş Tərəfdaşlıq və Əməkdaşlıq
Sazişi ölkəmizin bu nüfuzlu qurumla münasibətlərinin
hüquqi bazasını təşkil etmişdir. 2004-cü ildə
Azərbaycanın Avropa İttifaqı tərəfindən
"Avropa qonşuluq siyasəti"nə daxil edilməsi
qarşılıqlı iqtisadi inteqrasiyanın və siyasi əməkdaşlığın
daha da genişlənməsinə təkan vermişdir.
Qonşuluq siyasəti çərçivəsində ikitərəfli
fəaliyyət planı imzalanmış və Azərbaycanla
Avropa İttifaqı arasında əməkdaşlığın
əsas istiqamətləri müəyyənləşdirilmişdir.
2009-cu ilin may ayından Azərbaycan Avropa İttifaqı ilə
"Şərq tərəfdaşlığı"
proqramı çərçivəsində də əməkdaşlıq
etməyə başlamışdır.
Biz Avropa İttifaqı ilə
əməkdaşlığın parlament
ölçüsünə də xüsusi əhəmiyyət
veririk. Hesab edirik ki, Avropa İttifaqı - Azərbaycan Parlament
Əməkdaşlığı Komitəsi Avropa Parlamenti ilə
əlaqələrin intensivləşdirilməsi
üçün yaxşı imkanlar yaradır.
Hazırda Milli Məclis
Avropa İttifaqının Twining layihəsini həyata
keçirməkdədir. Layihənin ümumi məqsədləri
Azərbaycan Respublikasında demokratiyanın və qanunun
aliliyinin möhkəmlənməsinə töhfə vermək,
xüsusən qanunvericiliyin Avropa İttifaqı qanunvericiliyinə
yaxınlaşdırılmasına kömək göstərməkdir.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün səylərini artırır, bu məqsədlə mövcud layihələrdə fəal iştirak edir, gələcəkdə yarana biləcək layihələrdə isə iştirakını təmin etməyə çalışır. Qeyd etmək yerinə düşər ki, 2006-cı ildə Avropa İttifaqı ilə Azərbaycan arasında Energetika sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır.
Ötən əsrin sonlarına yaxın dövlət müstəqilliyini əldə etdikdən sonra Azərbaycan Respublikası demokratiyaya doğru uzun və çətin bir yol keçməkdədir. Təqribən 16 il bundan əvvəl vətəndaş müharibəsi təhlükəsinin, daxili çəkişmələrin ölkəni məhv olmaq həddinə gətirdiyi Azərbaycan bu gün iqtisadi tərəqqi, demokratik inkişaf sahəsində qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən bir dövlətdir. Qeyd etmək maraqlıdır ki, 1993-cü ildən bəri ölkədə ümumi daxili məhsul 4,7 dəfə artmışdır. Son 6 ildə Azərbaycan dünyanın ən dinamik inkişaf edən ölkələri sırasındadır. 2008-ci ilin yekunlarına görə Azərbaycan Dünya Bankının "Doing business" proqramında 1 nömrəli islahatçı ölkə kimi tanınmış, Dünya İqtisadi Forumunun reytinqində rəqabət qabiliyyətinə görə dünyanın 133 ölkəsi arasında 51-ci, MDB məkanında isə 1-ci olmuşdur.
Demokratik, hüquqi dövlət quruculuğu, qanunun aliliyinin təmin edilməsi, insan hüquqlarının və azadlıqlarının, o cümlədən ifadə və informasiya azadlığının möhkəmləndirilməsi üçün genişmiqyaslı işlər müntəzəm həyata keçirilir. Bu sahədə vəziyyəti təsəvvür etmək üçün bircə faktı qeyd etmək kifayətdir ki, bu gün 9 milyona qədər əhalisi olan bir ölkədə 4113 mətbu nəşr, 35 televiziya kanalı, 11 radio, 56 informasiya agentliyi fəaliyyət göstərir.
İnsan hüquqlarının bütün kompleksinin təmin edilməsi, xüsusən Ermənistanın işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində yerindən-yurdundan olmuş 1 milyona qədər qaçqın və məcburi köçkün vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması üçün lazımi tədbirlər görülür, əhalinin aztəminatlı hissəsinin qayğısına qalınır. Son 8 ildə yoxsulluq səviyyəsi 3, 7 dəfə azalaraq 2001-ci ildəki 49 faizdən 13,2 faizə düşmüşdür. Gender bərabərliyinin təmin edilməsi, qadınların cəmiyyətdə özünəməxsus yeri tutması, milli azlıqların hüquqlarının qorunması, uşaqların hüquqlarının müdafiəsi, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi üçün zəruri işlər həyata keçirilir.
Lakin biz yaxşı başa düşürük ki, əldə etdiyimiz nailiyyətlər ilə yanaşı, görüləsi işlər hələ çoxdur. Axı demokratiyanın imkanları tükənməzdir, demokratik dəyərlər sistemi hər gün daha da zənginləşir, zaman yeni-yeni problemləri qarşıya çıxarır. Bunların öhdəsindən gəlmək üçün yeni demokratik formaların işlənib hazırlanması tələb olunur. Bu sahədə beynəlxalq təşkilatların göstərə biləcəyi köməyin əhəmiyyəti çox böyükdür. Amma bu məsələdə ən az lazım olan bir şey varsa, o da qeyri-obyektivlik və qərəzdir. Baş verən ayrı-ayrı halları ümumiləşdirərək Azərbaycanda həyata keçirilən demokratik prosesləri gözdən salmağa, xüsusi məsələləri ümumi inkişaf meyili kimi təqdim etməyə cəhd göstərilməsi Avropa Parlamenti qətnaməsinin layihəsini hazırlayan şəxslərin məsələlərə birtərəfli yanaşdıqlarını və qərəz güddüklərini nümayiş etdirir.
Azərbaycan Respublikası demokratiyanın şəksiz üstünlüklərini gerçəkləşdirərək insan hüquqlarına və azadlıqlarına hörmətə əsaslanan demokratik, hüquqi dövlət quruculuğu yolunu şüurlu surətdə və qəti olaraq seçmişdir. Bu yolda qarşıya çıxan çətinliklər bizi qorxutmur. Biz bilirik ki, Avropa demokratiyaları da müxtəlif problemləri dəf edə-edə bu səviyyəyə gəlib çıxmışlar. Müasir dünyanın bir hissəsi olmaq istəyən hər bir dövlət bu yolu keçməlidir.
Məhz buna görə də biz Avropa Parlamentinin qətnaməsini demokratik dövlət kimi Azərbaycanın nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndiririk. Qətnamədə qaldırılan məsələlərə ötəri nəzər salınması belə onun nə qədər qərəzlə hazırlandığını sübut edir. Bircə faktı qeyd edək. Azərbaycanda üçpilləli məhkəmə sistemi fəaliyyət göstərir. Qətnamədə göstərilən məhkəmə hökmü hələ birinci instansiyada qəbul edildiyi halda son qərar kimi təqdim edilərək əsassız nəticələr çıxarılmışdır.
Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra heç bir bloka daxil olmadan, öz milli mənafelərinə uyğun siyasət yeridir. Həm də elə bir vəziyyətdə ki, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi ağrılı problemlə qarşılaşmışıq, ölkə əhalisinin hər 9 nəfərindən biri qaçqın və məcburi köçkündür. Təəssüf doğuran hal budur ki, işğalın qurbanının Azərbaycan Respublikası, işğalçının isə qarşı tərəf olduğunu hamı bilsə də, Avropa İttifaqı indiyədək birmənalı seçimini etməmişdir.
Nə qədər ki sülh imkanları tükənməyib, biz bu problemi dinc vasitələrin köməyi ilə nizama salmağa çalışırıq. Amma Avropa Parlamentinin adı çəkilən qətnaməsinin qəbul edilməsi bizdə belə təəssürat yaradır ki, hər bir demokratik dövlətin praktikasında ola biləcək xırda problemləri bu cür nüfuzlu beynəlxalq təşkilatın qətnaməsinə çıxarmaqla bəzi qüvvələr Azərbaycanı ədalətli mövqeyindən çəkindirmək istəyirlər.
Azərbaycan Respublikasının Konstitusiyasına görə, insan hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Bizi bu yoldan heç kəs çəkindirə bilməz. Gələcəyimiz demokratik inkişafla bağlıdır. Ümid etmək istəyirik ki, gələcəkdə Avropa Parlamenti Azərbaycanla bağlı məsələlərə baxarkən ölkəmizdə hökm sürən əsas meyilləri kənarda qoyaraq, ayrı-ayrı istisna halları ümumiləşdirmək yoluna düşməyəcəkdir.
(Müraciət
Azərbaycan Respublikası Milli Məclisinin 2009-cu il 25 dekabr
tarixli iclasında qəbul edilmişdir).
Azərbaycan.- 2009.- 26 dekabr.- S. 3.