Kənd təsərrüfatı məhsulları istehsalçılarının damazlıq heyvanları ilə təmin edilməsinə əlavə dəstək verilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikasında ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən tədbirlər çərçivəsində ölkədə heyvan mənşəli məhsulların istehsalını artırmaq, habelə damazlıq heyvandarlığı inkişaf etdirmək məqsədilə qərara alıram:

1. 2010-cu ildə xaricdən damazlıq heyvanların idxal olunması və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına 50 faiz güzəştlə lizinq yolu ilə satılmasının həyata keçirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinə 3,0 (üç) milyon manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində göstərilən vəsaitin qanunvericiliklə müəyyən olunmuş qaydada maliyyələşdirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 29 dekabr.- S. 1