Xoşbəxt Yusifzadənin 80 illik yubileyinin keçirilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
2010-cu ilin yanvar ayında görkəmli neftçi-alim, Azərbaycan SSR dövlət mükafatları laureatı, Azərbaycan Respublikasının əməkdar mühəndisi, SSRİ-nin fəxri neftçisi, geologiya-mineralogiya elmləri doktoru, akademik Xoşbəxt Bağı oğlu Yusifzadənin anadan olmasının 80 ili tamam olur.
Ölkəmizdə zəngin neft-qaz yataqlarının kəşf edilməsi və işlənməsində, neft sənayesi və elminin inkişafında, Xəzər dənizindəki genişmiqyaslı axtarış-kəşfiyyat işlərinin uğurla həyata keçirilməsində Xoşbəxt Yusifzadənin böyük xidmətləri vardır. Xəzər dənizinin Azərbaycan sektorunda onun rəhbərliyi və bilavasitə iştirakı ilə 20 neft və qaz-kondensat yatağı - "Bahar", "Günəşli", "Azəri", "Çıraq", "Kəpəz" və digər yataqlar kəşf edilmişdir.
170-dək əsərin, o cümlədən 17 monoqrafiyanın və bir sıra ixtiraların müəllifi kimi tanınan Xoşbəxt Yusifzadənin elmi yaradıcılığı neft və qaz sənayesinin aktual problemlərinin həllinə, neft-qaz geologiyasının inkişafına, yataqların işlənilməsinə və geofiziki axtarış üsullarının təkmilləşdirilməsinə dəyərli töhfə olmuşdur.
Müstəqil Azərbaycanın dünyanın məşhur neft şirkətləri ilə imzaladığı müqavilələrin müvəffəqiyyətlə gerçəkləşdirilməsində xüsusi fərqlənən Xoşbəxt Yusifzadə bu gün də yorulmadan çalışır, elm və istehsalat sahəsində öz səmərəli fəaliyyətini davam etdirir.
Azərbaycanın neft-qaz sənayesi və elminin inkişafında mühüm xidmətlər göstərən Xoşbəxt Yusifzadənin 80 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Xoşbəxt Yusifzadənin 80 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 29 dekabr.- S. 1.