Azərbaycan Prezidenti İlham Əliyevin
Rusiyanın "Vesti" telekanalına müsahibəsi
- Cənab Prezident, 2009-cu il başa çatmaq üzrədir. Bu il Azərbaycan üçün hansı əsas və mühüm hadisələrlə əlamətdar olmuşdur?
- 2009-cu il adi il
olmamışdır. Qlobal maliyyə böhranının nəticələrini
bütün ölkələr bu və ya digər dərəcədə
öz üzərlərində hiss etmişlər. O cümlədən,
Azərbaycan da. Biz bu mürəkkəb vəziyyətdən
minimum itki ilə çıxmağa nail olmuşuq.
Bütövlükdə iqtisadiyyat dinamik inkişaf etmişdir.
2009-cu ildə iqtisadi artım 9 faizdən çox olmuşdur.
Zənnimcə, maliyyə böhranı şəraitində
bu, çox yaxşı göstəricidir. Sənaye
istehsalı təqribən 9 faiz artmışdır.
İnflyasiya 2 faizdən az olmuşdur. Əhalinin gəlirləri
xeyli artmışdır. Bir sözlə, ilin əsas
sosial-iqtisadi göstəriciləri sübut edir ki, Azərbaycan
uğurlu inkişafını davam etdirmişdir.
Bizim bu cür ciddi artım
nümayiş etdirməyimiz birinci il deyildir. 2004-2008-ci illərdə
iqtisadiyyatın həcmi bütövlükdə 2,6 dəfə
artmışdır. Biz əsas infrastruktur layihələrini həyata
keçirməyə nail olmuşuq. Bütün sosial proqramlar
yerinə yetirilmişdir. İqtisadiyyatımızın müəyyən
dərəcədə enerji ehtiyatlarından asılı
olmasına və bu il neftin qiymətinin xeyli aşağı
düşməsinə baxmayaraq, biz bütün sosial
proqramları həyata keçirmişik. Beləliklə, biz
bu ili də yaxşı əhval-ruhiyyə ilə başa
vururuq və gələcəyə nikbin baxırıq,
çünki ölkəni tamamilə modernləşdirmək
üçün hələ çox işlər
görülməlidir.
- Onda bəs bu
uğurların sirri nədədir? Neft həqiqətən,
ucuzlaşırdı.
- Bilirsiniz, mənim fikrimcə,
uğurlarımızın sirri ondadır ki, biz iqtisadiyyatı
kifayət qədər qısa müddətdə şaxələndirməyə
və çox ciddi iqtisadi islahatlar aparmağa nail olmuşuq. Təsadüfi
deyil ki, aparıcı beynəlxalq maliyyə təsisatları
bu baxımdan uğurlarımızı qeyd edirlər. Ölkənin
çox davamlı beynəlxalq reytinqi vardır, bütün
reytinq agentlikləri uğurlarımızı çox yüksək
qiymətləndirirlər. 2008-ci ildə Dünya Bankı
biznes fəaliyyəti proqramında dünyada birinci yeri Azərbaycana
vermişdir. Bu onu göstərir ki, biz
iqtisadiyyatımızı əhəmiyyətli dərəcədə
liberallaşdırmağa, özəl sektor üçün
yaxşı şərait yaratmağa nail olmuşuq.
Kənd təsərrüfatında
böyük uğurlar qazanılmışdır. Rekord miqdarda
kənd təsərrüfatı məhsulları
yığılmışdır. Bizim ixracla əlaqədar
problemlərimiz də yoxdur. Bütün istiqamətlər
bizim üçün açıqdır. Buna görə də
düşünürəm ki, hətta böhran ilində də
uğurla inkişaf etməyimizin əsas səbəbi
bundadır.
- Hazırda neft-qaz sahəsinin
inkişafından əlavə, daha hansı sahələr Sizin
üçün prioritet sayılır və Siz
iqtisadiyyatın şaxələndirilməsi dedikdə,
hansı sahələrin inkişafını nəzərdə
tutursunuz?
- Biz ilk növbədə təbii
ehtiyatlarımıza və xammal ehtiyatlarına, eləcə də
qonşu dövlətlərin bazarlarından istifadə
imkanlarına əsaslanmışıq. Buna görə də
kənd təsərrüfatı prioritet sahələrdən
biridir. Bu il biz özümüzü, əslində, daxili
istehsal hesabına əsas qida məhsulları ilə demək
olar ki, tam təmin edirik. Əvvəllər heç vaxt belə
olmamışdı.
Digər mühüm sahə
informasiya-kommunikasiya texnologiyalarıdır. Biz bu sahədə
çox irəliləmişik və iki ildən sonra ilk
süni peykimizi buraxmağı planlaşdırırıq. Yəni,
kosmik sənaye yaradırıq və bu baxımdan da Azərbaycanın
dünyada reytinqi durmadan artır.
İnfrastrukturla əlaqədar
layihələr bizə çox güclü nəqliyyat
bazası yaratmaq imkanı verir. Əlbəttə, coğrafi
mövqeyimiz çox əlverişlidir, lakin nəqliyyata
sanballı investisiyalar qoyulmasa, bunun əhəmiyyəti
azdır. Buna görə də magistral yolların çəkilişi,
dəmir yollarının təmir edilməsi, Xəzər
donanmasının bazasının möhkəmləndirilməsi,
tanker donanmasının yaradılması, aviadaşımalar -
bütün bunlar tranzit üçün gözəl şərait
yaratmışdır. Bu gün biz Asiyadan Avropaya və əks
istiqamətdə daşınan böyük həcmdə
yük üçün tranzit ölkəyə
çevrilmişik və əlbəttə, gələcəkdə
bu, iqtisadiyyatın daha çox şaxələndirilməsinə
və daha çox qazanc əldə olunmasına kömək
edəcəkdir.
- Qeyd etmək lazımdır
ki, bütün Xəzəryanı dövlətlər
arasında ən güclü tanker donanması Azərbaycandadır.
- Bəli, yeri gəlmişkən
deməliyəm ki, son bir neçə ildə biz hər birinin
yükgötürmə qabiliyyəti 13 min ton olan 8 tanker
almışıq. Bunlar Xəzərdə hərəkət edə
biləcək ən böyük tankerlərdir. Bu da ölkələrimiz
arasında əməkdaşlığın yaxşı cəhətlərindən
biridir, çünki biz həmin tankerləri Rusiya müəssisələrindən
alırıq. Hazırda malik olduğumuz tanker donanması Xəzərdə
ən azı 20 milyon ton neft və neft məhsulları
daşımağa imkan verir, bu isə yüklərin indiki həcmindən
qat-qat artıqdır.
- Perspektivdə bu donanma hətta
boru kəməri sisteminin alternativi ola bilər?
- Əlbəttə,
ümumiyyətlə, elədir. Ola bilər. Bu, təbiidir, hərçənd
biz öz boru kəmərlərimizin hamısını çəkmişik.
Azərbaycanın yeni boru kəmərləri tikməsinə
ehtiyac yoxdur, çünki neftin nəql edilməsi
üçün müxtəlif istiqamətlərdə
üç boru kəməri vardır. Qazın nəql edilməsi
bizi qonşu ölkələrlə birləşdirən
dörd boru kəməri ilə həyata keçirilir. Buna
görə də regionda boru kəmərləri siyasətinin
gələcəyi, yəqin ki, buna daha çox ehtiyacı olan
dövlətlər tərəfindən müəyyən ediləcəkdir.
Biz özü -
özünü təmin edən dövlətik, biz öz
enerji potensialımızı tamamilə
reallaşdırmışıq və mövcud boru kəmərləri
bizim üçün kifayətdir.
- Belə çıxır
ki, Siz gələcəkdə Nabukko kimi qlobal layihələri
tranzit ölkə olaraq dəstəkləməklə kifayətlənməyi
nəzərdə tutursunuz?
- Zərurət yaranarsa.
- Siz bu layihəni indi necə
qiymətləndirirsiniz?
- Demək çətindir, bəyanatlar
çoxdur. Bu və digər layihələr ətrafında
siyasi spekulyasiyalar hədsiz dərəcədə çoxdur.
Lakin fəaliyyət çox cüzidir. Təbii ki, biz təchizatın
bundan sonra da şaxələndirilməsində
maraqlıyıq. Çünki bu gün bizim qaz
ixracımız regionla məhdudlaşır. Lakin bizim
potensialın çox böyük olmasını, - Azərbaycanda
qaz ehtiyatlarının təsdiq edilmiş minimal həcmi 2
trilyon kubmetr, real ehtiyatlar isə təqribən 5 trilyon
kubmetrdir, - nəzərə alsaq, yeni satış
bazarlarına çıxmaq imkanı hər bir ölkə
üçün cəlbedici məqamdır.
- Siz burada Rusiya ilə
münasibətləri inkişaf etdirmək imkanlarını nədə
görürsünüz?
- Energetika sahəsində
bizim münasibətlərin kifayət qədər
böyük tarixi və yaxşı nəticələri
vardır. Biz uzun illərdir ki, Bakı-Novorossiysk neft kəməri
ilə nefti Rusiya ərazisindən keçməklə nəql
edirik. Onu da deməliyəm ki, bu il daşımaların həcmi
xeyli artmışdır. Biz bundan razıyıq və gələcəkdə
də bu istiqamətdə daşımaların həcmini
artırmaq üçün iş aparmaq fikrindəyik.
Elektroenergetika sahəsində fəal əməkdaşlıq
edirik. İndi Azərbaycan Rusiyadan idxal etdiyi elektrik enerjisindən
xeyli çox elektrik enerjisini bu ölkəyə ixrac edir. Qaz
sahəsində biz 2007-ci ilə qədər Rusiya
qazının alıcısı idik. Çünki o vaxt bizim
öz resurslarımız çatışmırdı. Gələn
ilin əvvəlindən isə biz ixracatçıya
çevriləcəyik.
Bunun da müəyyən rəmzi
mənası vardır. Bu da dövlətlərimiz arasında
münasibətlərin xarakterini əks etdirir. Bizə qaz
lazım olanda onu Rusiyadan alırdıq. Qaz ixrac etmək
imkanımız yarandıqda isə Rusiya tərəfi ixrac
üçün daha çox qaz sərbəstləşdirmək
məqsədi ilə özünün cənub
regionlarını təmin etməkdən ötrü bizim
qazdan istifadə etməyi üstün tutmuşdur. Təbii ki,
bu, qarşılıqlı faydalı layihədir və biz onu
çox operativ surətdə həyata keçirdik. Artıq gələn
ilin əvvəlindən malgöndərmələr
başlanacaqdır. Biz layihədə bəyan edilmiş həcmlərlə
kifayətlənmək fikrində deyilik. Çünki hər
halda bu, birinci ildir və həm Rusiya tərəfi, həm də
biz bu məsələdə bir-birimizə
uyğunlaşmalıyıq. Bu səbəbdən layihədə
sifariş edilmiş həcmlər o qədər də
çox deyildir. Lakin əgər qarşılıqlı
razılaşma əldə edilsə, bizim real
potensialımız əvvəl nəzərdə tutulan həcmi
azı iki dəfə artırmağa imkan verəcəkdir. Əgər
Rusiya tərəfi buna hazır olsa, biz həcmi artırmaq
fikrindəyik. Yəqin ki, Rusiya tərəfi üçün
Azərbaycan qazından istifadə etmək imkanı vacib
olduğu kimi, bizim üçün də Rusiya bazarına
çıxmaq vacibdir.
- Neft emalının
inkişaf etdirilməsi üçün hansı imkanlar
vardır? Axı, hasilat, hər halda, həm də xammal
asılılığıdır...
- Düzdür, bizim neft
emalı zavodlarını tamamilə modernləşdirmək
üçün əlbəttə, işləmək
lazımdır. Bizim emal zavodlarının gücü kifayət
qədərdir. Hazırda Azərbaycanda emal zavodlarının
gücü təqribən 20 milyon ton təşkil edir. Amma biz
6 milyon tondan bir qədər çox neft emal edirik. Yəni, biz
nefti xam şəkildə nəql etməyi üstün tuturuq
və bu il neft ixracının həcmi 40 milyon tondan çox
olacaqdır. Gələn il isə yəqin ki, bu, 50 milyon tona
yaxınlaşacaqdır. Yəni, bu sahədə çətinliklərimiz
azdır, çünki biz nefti müxtəlif istiqamətlərə
üç boru kəməri ilə nəql edirik. Neft emalı
məhsullarının satılması isə daha mürəkkəbdir.
- 2010-cu ildən etibarən
Rusiya, Qazaxıstan və
- Bilirsinizmi, müxtəlif
birliklərdə iştirak etmək məsələlərində
biz həmişə məqsədəuyğunluq mövqeyindən
çıxış edirik. Əlbəttə, indi üç
ölkə arasında yaradılan ittifaqın təcrübəsi
öyrənilməlidir. Bu günə qədər biz fövqəlmilli
xarakter daşıyan orqanlarda iştirak etməmişik və
ümumiyyətlə, iştirak etmək niyyətində
deyilik. Hətta bizim MDB-də kifayət qədər səmərəli
və fəal iştirakımız çərçivəsində
də fövqəlmilli qurumlarda iştirak etmirik. Buna görə
də həmin təcrübəni öyrənmək
lazımdır və bundan sonra nəticə çıxarmaq
olar.
Bizim ölkənin
inkişafının bugünkü səviyyəsi ciddi birləşmə
proseslərinə qoşulmadan da uğurla inkişaf etməyimizə
imkan verir.
- Dağlıq Qarabağ
münaqişəsi Azərbaycan üçün əvvəlki
kimi ağrılı olan kəskin siyasi mövzudur. Xoşbəxtlikdən,
bu il fəal müzakirələrlə əlamətdar
olmuşdur. Sizinlə Ermənistan prezidenti arasında bir
neçə görüş olmuşdur. Siz Ermənistanla
mövqeləri yaxınlaşdıra bilmisinizmi?
- Bəzi məsələlərdə
mövqelər yaxınlaşır, digərlərində yox.
Buna görə də mən bu ili münaqişənin tənzimlənməsi
baxımından müsbət səciyyələndirərdim.
Lakin o, daha müsbət ola bilərdi. Ona görə ki, hələ
2008-ci ildə Ermənistan və Azərbaycan prezidentləri
arasında danışıqlar aparılmış və
münaqişənin tənzimlənməsi haqqında birgə
bəyannamə, o cümlədən Rusiya Federasiyası tərəfindən
də imzalanmışdır. Həmin sənəddə dəqiq
müəyyən edilmişdir ki, münaqişə beynəlxalq
hüququn prinsipləri və normaları, beynəlxalq təşkilatların
qərarları və qətnamələri əsasında tənzimlənməlidir.
Bunlar hansı qərar və qətnamələrdir? Təbii
ki, Ermənistanın işğalçı qüvvələrinin
Azərbaycan ərazisindən dərhal
çıxarılmasını tələb edən BMT Təhlükəsizlik
Şurasının dörd qətnaməsidir. Artıq iyirmi ilə
yaxındır ki, bu qətnamələr yerinə yetirilmir. Yəni,
əsas məsələ budur - Azərbaycanın ərazi
bütövlüyünün bərpa edilməsi,
torpaqlarımızın işğaldan azad olunması,
köçkünlərin və qaçqınların öz
torpaqlarına qayıtması üçün imkan
yaradılması. Təəssüf ki, 2009-cu ilə bəslənilən
ümidlər bizim güman etdiyimiz dərəcədə
doğrulmadı.
Rusiya, Azərbaycan və Ermənistan
prezidentlərinin birgə bəyanatı, ümumiyyətlə,
əlamətdar hadisə idi. 1994-cü ildə atəşkəs
haqqında saziş imzalanandan sonra bu, ilk birgə sənəd
idi. Yəni, 2009-cu ildə məsələni həll edəcəyimizə,
heç olmasa, baza prinsiplərini
razılaşdıracağımıza ümid var idi. Lakin bu
ümidlər doğrulmadı. Özü də bizim
günahımız üzündən yox. Buna görə də
2010-cu il üçün müəyyən nikbinlik vardır.
Bu onunla bağlıdır ki, Qarabağ münaqişəsinin
tənzimlənməsi mövzusu beynəlxalq gündəliyin əsas
mövzularından birinə çevrilmişdir. Ola bilsin ki, əvvəllər
bunu tam anlamayanların çoxuna aydın oldu ki, Ermənistan-Azərbaycan
münaqişəsi tənzimlənmədən digər
regional problemlərin heç birini həll etmək
mümkün olmayacaqdır. Yəni, bu, əsas səbəbdir.
Bu səbəb aradan qaldırılmadan regionda əlverişli əməkdaşlıq
şəraiti yaradılması, təhlükəsizlik tədbirlərinin
möhkəmləndirilməsi mümkün deyildir. Bu
münaqişəni tənzimləmək üçün isə
sadəcə olaraq Ermənistan BMT Təhlükəsizlik
Şurasının qətnamələrini yerinə yetirməli,
işğalçı qüvvələrini Dağlıq
Qarabağ ətrafındakı işğal edilmiş ərazilərdən
çıxarmalıdır. Bundan sonra regionda sülh və əməkdaşlıq
bərqərar ola bilər.
Ümidvarıq ki, 2010-cu ildə
əsas mövqeləri razılaşdıra biləcəyik.
Lakin biz danışıqların permanent prosesə
çevrilməsinin qəti əleyhinəyik.
Danışıqlar 1992-ci ildən - ATƏT-in Minsk qrupu
yaradılan vaxtdan aparılır. 1994-cü ildə atəşkəs
haqqında saziş bağlanmışdır. On beş il
keçmişdir, irəliləyiş var, lakin nəticə
yoxdur. Buna görə də biz bu münaqişənin,
sözün tam mənasında, dondurulmuş prosesə
çevrilməsinə yol verə bilmərik. Onilliklər boyu
davam edən başqa münaqişələrin taleyi təkrarlanmamalıdır.
Biz buna heç vaxt razı olmayacağıq. Buna görə də
hesab edirəm ki, əgər Ermənistan tərəfindən
konstruktivizm və ən başlıcası, sağlam
düşüncə nümayiş etdirilsə, gələn
il biz irəliləyə bilərik.
- Söhbətimizi dinc və
nikbin bir mövzu ilə bitirməyi təklif edirəm. Bilirəm
ki, güləşin bütün növləri, şahmat Azərbaycanda
idmanın ən populyar növləridir. Rusiyada olduğu kimi,
sizdə də futbolu sevirlər. Hərçənd onu da demək
lazımdir ki, bu növdə heç də həmişə
parlaq nəticələr göstərmirlər. Ölkədə
sağlam həyat tərzi və idman fəal təbliğ
edilir. Bunu demək kifayətdir ki, sizdə respublikanın 60
rayonuna artıq yeni tikilmiş 30 olimpiya mərkəzi
düşür. Siz Vankuver Qış Olimpiadasına nə ilə
gedəcəksiniz və idmanın təbliğini necə dəstəkləyirsiniz?
- Biz qış oyunlarına
gedirik, lakin bu, daha çox "əsas məsələ -
iştirak etməkdir" prinsipi üzrə olur.
- Yəqin ki, bu, dağ xizək
idmanı olmayacaqdır?
- Elədir, lakin bu
yaxınlarda biz Bakıdan iki yüz kilometr məsafədə
iri beynəlxalq dağ xizək kurortunun tikintisinə
başlamışıq. Şaquli kanat yollarının,
mehmanxanaların tikintisi başlanmışdır. Ona görə
də, mənim fikrimcə, bir ildən, il yarımdan sonra Azərbaycanda
dağ xizək idmanı ilə məşğul olmaq və
idmanın bu növünü inkişaf etdirmək
mümkün olacaqdır. Lakin bizim əsas ümidlərimiz, əlbəttə,
yay oyunları ilə bağlıdır. Son olimpiya
oyunlarında biz yaxşı çıxış etdik, yeddi
medal qazandıq. 2009-cu ildə də bir neçə
idmançımız dünya və Avropa çempionu
olmuşdur. Bizim şahmatçılardan ibarət
komandamız Avropa çempionatında birinci yeri tutmuşdur.
Bu, ciddi nailiyyətdir, xüsusən ona görə ki, bizim
şahmatçıların hamısı gənclərdir. Mən
onlarla görüşəndə demişdim ki, siz
hamınız müstəqillik şəraitində
formalaşmısınız. Onların hərəsinin təxminən
20-22 yaşı vardır. Güləşdə, əlbəttə
çox böyük nailiyyətlər qazanmışıq.
Güləş üzrə dünya çempionatında
komanda hesabında birinci yeri tutmuşuq. Bu, çox ciddi nailiyyətdir.
Rusiyada, region ölkələrində, digər ölkələrdə
də güclü güləşçilər çoxdur.
İdman sağlam həyat tərzinin təbliği vasitəsi kimi, insanın sağlamlığının şərti kimi Azərbaycanda bizim həyatımızın mühüm amilidir. Siz olimpiya komplekslərini qeyd etdiniz. Bu, heç də təsadüfi deyildir. Biz bu prosesə kifayət qədər çoxdan başlamışdıq və bu gün həmin komplekslər regionlarda idmanın inkişafı üçün bazalara çevrilmişdir. Mən özüm də imkan daxilində onu təbliğ etməyə çalışıram.
- Cənab Prezident özü şəxsi nümunə göstərməklə Azərbaycan idmanını dəstəkləməyi planlaşdırmır ki?
- Bacardığım qədər dəstəkləyirəm. Mən 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentiyəm. Mən öz münasibətimlə, eləcə də sağlam həyat tərzi nümayiş etdirməklə çalışıram...
- Yəni, Prezidenti xizək sürəndə, krossda görmək olar?
- Prinsip etibarilə əlbəttə, olar. Lakin mən bunu, kameraların qarşısında etmirəm.
- Müsahibəyə görə Sizə təşəkkür edirəm. Azərbaycana və şəxsən Sizə uğurlar arzulayıram.
- Sağ
olun. Suallarınıza görə də sağ olun. Sizin
suallarınız mənə ölkəmiz haqqında,
görülmüş işlərin əsas istiqamətləri
haqqında, nə etməyi
planlaşdırdığımız barədə danışmağa
imkan verdi. Mən bu fürsətdən istifadə edərək,
Rusiyanın bütün vətəndaşlarına yeni ildə
sülh, firavanlıq və əmin-amanlıq arzulamaq istəyirəm.
Əminəm ki, ölkələrimiz arasında münasibətlər
2010-cu ildə və sonrakı illərdə ölkələrimizin
və xalqlarımızın rifahı naminə uğurla
inkişaf edəcəkdir.
Azərbaycan.- 2009.- 29 dekabr.- S. 2.