Qaqauz Muxtar Vilayətinin paytaxtında türk dünyasının böyük dühaları - ulu öndər Heydər Əliyevin və Süleyman Dəmirəlin abidələri ucaldılmışdır

 

Qaqauz Muxtar Vilayətinin paytaxtı Kamrat şəhərində türk dünyasının böyük dühaları - ulu öndər Heydər Əliyevin və Süleyman Dəmirəlin abidələri ucaldılmışdır.

Muxtar vilayətin yaradılmasının 15-ci ildönümünə həsr edilən toplantıda çıxış edən vilayətin başqanı Mixail Formuzal qaqauzlara ən ağır günlərində onlarla eyni kökə malik olan Azərbaycan ilə Türkiyənin maddi-mənəvi arxa durduqlarını vurğulamışdır. O, muxtar vilayətin 15-ci ildönümü ərəfəsində Kamrat şəhərinin Şöhrət xiyabanında türk dünyasının dahi şəxsiyyətləri - ulu öndər Heydər Əliyevin və Süleyman Dəmirəlin abidələrinin qoyulmasını onların tarixi xidmətlərinə verilən yüksək qiymətin əyani sübutu olduğunu söyləmişdir.

Toplantıda iştirak edən Türkiyənin doqquzuncu prezidenti Süleyman Dəmirəl 15 il əvvəl mədəni muxtariyyətlərini əldə edən qaqauzlara Moldova xalqı ilə daim mehriban dostluq şəraitində yaşamalarını tövsiyə etmişdir.

Tədbirdə Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov çıxış edərək muxtar vilayətin yaradılmasının 15-ci ildönümü ilə bağlı Prezident İlham Əliyevin qaqauz xalqına ünvanladığı təbrik məktubunu oxumuşdur.

Azərbaycan və qaqauz xalqlarının eyni kökə və oxşar mədəniyyətə malik olduğunu diqqətə çatdıran Milli Məclisin deputatı Asəf Hacıyev muxtar vilayətin rəhbərliyinə ortaq mədəniyyətimizin milli ornamentlərini özündə əks etdirən xalça bağışlamışdır.

Bayram tədbiri maraqlı və yaddaqalan konsert proqramı ilə başa çatmışdır.

 

 

Azərbaycan.- 2009.- 26 dekabr.- S. 7.