Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlər həyata keçirilmiş, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlər baş vermişdir. Nəticədə, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərləri çəkilmiş, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədilə sayğaclaşma işləri əsasən təmin edilmişdir.

Bununla yanaşı qeyd olunmalıdır ki, təbii qaz istehlakçıları üzrə sayğacların quraşdırılmasınadək olan dövrdə istehlakçılar və xüsusilə əhali tərəfindən istifadə edilmiş təbii qazın dəyərinin tam ödənilməməsi illər üzrə borcların yığılmasına səbəb olmuşdur. Təbii qazın istifadəsinə görə iri miqdarda borclar əhalinin təbii qazla müntəzəm təmin edilməsinə, qazpaylayıcı şəbəkələrin zəruri təhlükəsizlik və texnoloji normalara uyğun istismar edilməsinə imkan vermir və təbii qaz təchizatı sisteminin inkişaf imkanlarını məhdudlaşdırır.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə qərara alıram:

1. İstehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinsin.

2. Bu fərmanın 1-ci bəndinə əsasən əhalinin borclarının silinməsi ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə silinmiş borcların məbləği həcmində Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsindən təzminat verilsin.

3. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti təbii qazın dəyərinin tam həcmdə və vaxtında istehlakçılardan yığılması üçün zəruri tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. bu fərmanın 2-ci bəndində nəzərdə tutulmuş təzminatın ödənilməsini təmin etsin;

4.2. bir ay müddətində təbii qazneft məhsullarının topdansatış qaydasında alınması üzrə əsas enerji istehlakçılarının kreditor borclarının tənzimlənməsinə dair Azərbaycan Respublikasının Prezidentinə təkliflər versin;

4.3. bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 29 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 30 dekabr.- S. 1.