"Miqrasiya
orqanlarında qulluq keçmə
haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanununun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
1.1. qüvvədə olan qanunvericilik aktlarının "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. öz səlahiyyətləri daxilində "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin 13-cü maddəsinin üçüncü cümləsində, 55-ci maddəsinin birinci cümləsində, 62-ci maddəsinin ikinci cümləsində, 87-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Əsasnamənin 77-ci maddəsində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Əsasnamənin 1-ci, 5-ci, 10-cu, 11-ci, 14-cü, 23-cü maddələrində, 24-cü maddəsinin ikinci cümləsində, 26-cı maddəsinin birinci və üçüncü cümlələrində, 30.2-ci maddəsində, 40-cı maddəsinin ikinci cümləsində, 43-cü maddəsinin üçüncü cümləsində, 55-ci maddəsinin ikinci cümləsində, 63-cü maddəsinin birinci və ikinci cümlələrində, 64-cü, 85-ci, 89-cu, 92-ci, 93-cü, 95.7-ci, 101-ci maddələrində, 103-cü maddəsinin üçüncü cümləsində, 113-cü, 114-cü, 115-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirir;
2.4. həmin Əsasnamənin 58-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi nəzərdə tutulur;
2.5. həmin Əsasnamənin 11-ci maddəsində nəzərdə tutulmuş miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin yoxlanılması Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 568 nömrəli fərmanı ilə təsdiq edilmiş "Dövlət orqanında dövlət qulluğuna qəbul edilmək üçün müraciət etmiş şəxsin dövlət qulluğuna qəbul edilməsinin mümkün olub-olmamasının qabaqcadan yoxlanılması Qaydaları"na uyğun olaraq həyata keçirilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 dekabr 2009-cu il
Azərbaycan.- 2009.- 29 dekabr.- S. 4.