Heydər Əliyev Fondunun təşəbbüsü
ilə Yeni il ərəfəsində
Şamaxıda uşaq
incəsənət məktəbinin
təməli qoyulmuşdur
Özünün gündəlik fəaliyyətində sosial məsələləri daim diqqət mərkəzində saxlayan Heydər Əliyev Fondu Yeni il ərəfəsində Şamaxı sakinlərini daha bir neçə hədiyyə ilə sevindirmişdir.
Rayonun dağ kəndlərinə işləyən nəqliyyat vasitələrinin fəaliyyətini yaxşılaşdırmaqla bağlı əhalinin müraciətlərinə əsasən, fondun təşəbbüsü ilə dekabrın 28-də şamaxılılara 4 sərnişin avtobusu bağışlanmışdır.
Yeni avtobusların təqdimat mərasimində çıxış edən rayon ictimaiyyətinin nümayəndələri Prezident İlham Əliyevin bölgələrin inkişafına göstərdiyi diqqət və qayğıdan, insanların istək və arzularına həssas münasibətindən danışmışlar.
Diqqətə çatdırılmışdır ki, ölkəmizin hər yerində olduğu kimi, Şamaxıda da sürətli quruculuq işləri həyata keçirilir və insanların həyat səviyyəsinin yüksəldilməsi məqsədilə yeni müəssisələr istifadəyə verilir.
Sakinlər demişlər ki, son illərdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə rayonda bir sıra məktəblərin binaları əsaslı təmir edilmiş və müasir avadanlıqla təchiz olunmuşdur.
Sonra "İsuzu" və "Hyunday" markalı avtobusların açarları təntənəli surətdə sürücülərə təqdim edilmişdir.
Mərasimdə diqqətə çatdırılmışdır ki, yeni avtobusların işləyəcəyi Şamaxının Quşçu, Pirqulu kəndləri, Sabir qəsəbəsi və şəhərarası marşrutlarda əhalinin rahat gediş-gəlişi təmin ediləcəkdir.
Yeni təqvim ili ərəfəsində Heydər Əliyev Fondunun təşəbbüsü ilə Şamaxı şəhərində inşasına başlanılan Nəsimi adına uşaq incəsənət məktəbi binasının təməlqoyma mərasimi də rayon sakinləri üçün əsl bayrama çevrilmişdir.
Təməlqoyma mərasimində vurğulanmışdır ki, bu musiqi məktəbinin fəaliyyəti yarım əsrlik dövrü əhatə etməsinə baxmayaraq, burada uzun illər əsaslı təmir aparılmadığından bina tam yararsız vəziyyətə düşmüşdür.
Musiqi məktəbinin yeni binasını layihələndirən memar Sevinc Mahmudəliqızı demişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən bu binanın sahəsi 3264 kvadratmetrdir. Binada rəsm, rəqs, məşq və müəllimlər üçün otaqlar, akt zalı, sərgi salonu, bufet nəzərdə tutulmuşdur. Ümumilikdə, burada müasir avadanlıqla təchiz ediləcək 54 otaq fəaliyyət göstərəcəkdir. Məktəbin həyətində yaşıllaşdırma və abadlıq işləri aparılacaqdır. Üçmərtəbəli müasir incəsənət məktəbi binasının tikintisinin 2010-cu ildə başa çatdırılması nəzərdə tutulmuşdur.
* * *
Həmin gün Heydər Əliyev Fondunun təşəbbüsü ilə Abşeron rayonunun Saray qəsəbəsindəki 7 nömrəli internat evində Yeni il süfrəsi açılmış və uşaqlara bayram hədiyyələri təqdim edilmişdir.
Bayramqabağı görüşdə Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
internat evinə 2 idman trenajoru, 2 televizor və 1 ədəd kondisioner bağışlanmışdır.
Budəfəki görüş internat kollektivinin nəqliyyat probleminə də son qoymuşdur. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə
"Uşaq evləri
və internat məktəbinin inkişafı
Proqramı" çərçivəsində
internat evinə
"İSUZU Boqdan" markalı
25 yerlik avtobus bağışlanmışdır. Əlil arabalarına uyğunlaşdırılmış
avtobus bayramlar ərəfəsində 140 uşağın
təlim-tərbiyə aldığı
internat evinin kollektivi üçün ən qiymətli hədiyyə olmuşdur.
Məktəbli avtobusunun texniki xüsusiyyətləri nümayiş
olunmuşdur. Bildirilmişdir ki, şagirdlərin
təhlükəsiz daşınmasında
bu nəqliyyat vasitəsinin xüsusi əhəmiyyəti vardır.
Məktəbin
kollektivi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
xeyirxah işlərini yüksək qiymətləndirmiş,
diqqət və qayğıya görə Azərbaycanın
birinci xanımına minnətdarlıqlarını
bildirmişlər.
AzərTAc
Azərbaycan.- 2009.- 29 dekabr.- S. 4.