Cari ildə Bakı İslam Mədəniyyətinin paytaxtı oldu

 

Azərbaycan əsrlər boyu dinlərarası münasibətlərin inkişafında özünəməxsus möhtəşəm rol oynayıb. İctimai-siyasi quruluşlardan asılı olmayaraq bütün dövrlərdə Azərbaycanda dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədə müşahidə edilib. Bütün bunlar da xalqımızın geniş dünyagörüşünə, zəngin mənəviyyata, humanist mövqeyə, yüksək əxlaqa malik olduğunu sübut edir. Əsrlərcə Azərbaycanda müxtəlif xalqlar bir ailə kimi mehriban yaşayıblar. Hətta sovet dövründə belə Bakı "beynəlmiləl tərbiyənin beşiyi" adlandırılırdı. Bu, sadəcə epitet deyildi. Bakıda həqiqətən müxtəlif dinlərə məxsus insanlar yaşamaqdadır.

 

Onlar yalnız birgə yaşamaqda, işləməkdə, təhsil almaqda, həkimə müraciət etməkdə, məişət məsələlərində deyil, həm də özlərinə məxsus kilsə və kirxalarda ibadətlə məşğul olmaq azadlığına sahibdirlər. Bu səbəbdən də Azərbaycanda müxtəlif xalqların icmaları fəaliyyət göstərir. Dövlət müstəqilliyimizi qazandıqdan sonra ölkəmizdə dinlərarası münasibətlər yeni müstəviyə yüksəldi. Dövlət tərəfindən təşkil olunan bütün tədbirlərdə müxtəlif dinlərin nümayəndələri iştirak edərək birgə fəaliyyət və qarşılıqlı anlaşma göstərirlər. Onlara bu ünsiyyət və imkanları təbii ki, Azərbaycan dövlətinin başçısı yaradır.

Vətəndaş cəmiyyətinin formalaşmasında, eləcə də sabitliyin bərqərar olunmasında millətlərarası münasibətlərin yüksək səviyyədə qurulması ön plana çəkilib. Bu işə dini qurumlarla bərabər, dövlət tərəfindən müntəzəm diqqət və qayğı göstərilir. Bütün bölgələrdə olduğu kimi, milli azlıqların yaşadıqları yerlərdə sosial və iqtisadi problemlərin həllinə səy göstərilir. 2009-cu ildə bütün dünya böhrandan əziyyət çəkməsinə baxmayaraq, Azərbaycanda iqtisadi artım tempi öz gücünü saxladı.

Bütün bu müsbət göstəricilərə görədir ki, 2007-ci ilin payızında Liviyanın Tripoli şəhərində keçirilən İslam Ölkələri Mədəniyət Nazirlərinin V konfransında qəbul olunan qətnamə əsasında Bakı şəhəri 2009-cu il üçün Asiya regionunda İslam mədəniyyətinin paytaxtı elan edildi. Yola saldığımız ilin fevral ayında Heydər Əliyev Sarayında "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" Mədəniyyət ilinin təntənəli açılış mərasimi oldu. Bu təntənəli mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveyçri, İslam Konfransı Təşkilatının baş katibinin müavini Atta əl-Mənnani və digər rəsmi şəxslər iştirak edirdilər. Toplantıda Azərbaycana həsr olunmuş sənədli filmin nümayişi, eləcə də "Qədim Bakı" kitabının təqdimatı qonaqlara paytaxt haqqında ətraflı məlumat almağa imkan verdi. Açılış mərasimində Prezident İlham Əliyev öz çıxışında bir daha Bakının tarixi keçmişini dilə gətirərək dedi: "Azərbaycan qədim tarixə və mədəniyyətə malik olan ölkədir. Bayaq qeyd etdiyim kimi, baxmayaraq ki, biz müstəqil ölkə kimi cəmi 17 ildir yaşayırıq, ancaq Azərbaycan çox böyük mədəni irsə malik olan ölkədir. Əsrlər boyu insanlar Azərbaycanda yaşayıb-yaratmışlar. Bizim tarixi abidələrimiz bunun əyani sübutudur. Bizim ədəbiyyatımız, musiqimiz, incəsənətimiz, tarixi abidələrimiz, doğma Azərbaycan dilimiz - bunlardır Azərbaycan xalqının mənəvi əsasları. Bu möhkəm əsaslar üzərində biz müasir dövlət qururuq. Dövlət quruculuğu fəaliyyətimiz buna yönəlmişdir ki, möhkəm tarixi, mənəvi əsaslar üzərində müasir dövlət quraq, dövlətçiliyi, müstəqilliyi möhkəmləndirək, əbədi, dönməz edək və beləliklə, Azərbaycanın hərtərəfli inkişafına nail olaq. Bu işlərdə bizim böyük uğurlarımız var. Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Azərbaycan tam şəkildə müstəqil ölkədir, öz müstəqilliyini qoruyub saxlaya, daha da möhkəmləndirə bilmişdir".

Beləliklə də, 2009-cu il üçün Bakının İslam mədəniyyətinin paytaxtı elan edilməsi müxtəlif sivilizasiyaların qovşağında yerləşən ölkəmizin zəngin tarixi və mədəniyyətinə verilən yüksək qiymətdir. Bir il ərzində gerçəkləşən tədbirlər İslam Konfransı Təşkilatı çərçivəsində mədəni əlaqələrimizin inkişafına layiqli töhfələr verərək bir daha Azərbaycanın böyük İslam mədəniyyətinin formalaşmasında tutduğu mövqeyi və əldə etdiyi uğurları diqqətə çatdırdı. Həqiqətən də respublikamızda hökm sürən tolerantlıq mühiti böyük nailiyyətimizdir.

İl ərzində Bakıda keçirilən müxtəlif tədbirlər, müsabiqələr, beynəlxalq festivallar rəngarəngliyi, əhatə etdiyi mövzunun aktuallığı ilə seçilərək yaddaşlarda dərin iz saldı. Hər bir tədbirin də öz məramı oldu. Yəni Avropa ilə İslam dünyası arasında münasibətlərin möhkəmləndirilməsində yaranan qarşılıqlı əlaqələr çox zəngin tarixi, qədim mədəniyyəti olan paytaxtımızın dünya birliyində möhtəşəm yerini bir daha təsdiqlədi.

Novruzla bağlı paytaxtdakı şənliklərdə iştirak edən əcnəbilər bu qədim və əsrarəngiz bayrama valeh oldular. Bayramın səs-sorağı ölkələrə yayıldı. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın məqsədyönlü fəalyiyəti nəticəsində Novruz bayramının, eləcə də aşıq sənətinin YUNESKO-nun qeyri-maddi İrs siyahısına düşməsi məhz bu ilin adına yazıldı. Dünya ölkələrinin sevdiyi milli bayramımız indi Avropada təntənə ilə qeyd ediləcək. Bakının İslam mədəniyyətinin paytaxtı kimi fəaliyyət göstərdiyi 2009-cu il ərzində ən yaddaqalan hadisələrdən biri də ilk dəfə olaraq paytaxtda "Muğam aləmi" beynəlxalq musiqi festivalının keçirilməsi oldu. Heydər Əliyev Fondunun, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin, eləcə də digər qurumların birgə təşkilatçılığı və dəstəyi ilə baş tutan bu beynəlxalq festivalın gündəliyi çox zəngin idi. Bu mühüm tədbirlə bağlı əvvəlcə şəhərimizdə beynəlxalq simpozium keçirildi. Üç gün davam edən simpoziumda dünyanın müxtəlif ölkələrindən gəlmiş 30-dək alimin - Şərq musiqisini tədqiq edənlərin müasir dövrdə muğam sənətinə olan diqqət və maraqlarından irəli gələn dəyərli məruzələri dinlənildi. O da bəllidir ki, 2003-cü ildə Azərbaycan muğamı YUNESKO-nun qeyri-maddi İrs siyahısına salınıb.

Qeyri-adi zənginliyə malik olan musiqi xəzinəmiz zaman-zaman nəinki Azərbaycan bəstəkarlarının, eləcə də dünya musiqiçilərinin yaradıcılığına təsir göstərib. Bu səbəbdən də Bakıda keçirilən muğam festivalı həm də mədəniyyətlərarası dialoq quran möhtəşəm bir tədbirə çevrildi. Həmin günlərdə Bakıda qeyd edilən həm Novruz bayramının xoş təntənəsi, həm də beynəlxalq musiqi festivalının işığı təkcə şəhər sakinlərinin deyil, qonaqların da sevincinə səbəb oldu.

Festival günlərində müxtəlif mədəniyyət ocaqlarında konsertlər keçirildi. Ən yaddaqalan məqam isə Muğam Mərkəzində festivalın açılış mərasimi oldu. Azərbaycan Prezidenti İlham Əliyev həmin tədbirdə iştirak edərək dünyanın müxtəlif ölkələrindən respublikamıza gəlmiş nümayəndələri salamlayaraq geniş nitq söylədi: "Azərbaycanı muğamsız və muğamı Azərbaycansız təsəvvür etmək mümkün deyildir. Təsadüfi deyil ki, birinci beynəlxalq muğam festiıvalı məhz Azərbaycanda, bu gözəl Muğam Mərkəzində keçirilir... 17 ölkədən 150-dən çox qonaq bu tədbirlərdə fəal iştirak edəcəkdir. Muğam məhəbbət sənətidir, muğam dostluq sənətidir. Ümid edirəm ki, bu gözəl ənənə daim yaşayacaq və Azərbaycanda muğam festivallarının keçirilməsi davam edəcəkdir".

Sevindirici haldır ki, 2009-cu ildə İslam mədəniyyətinin paytaxtı elan edilmiş Bakı bir həftə ərzində "Muğam aləmi" beynəlxalq musiqi festivalına yüksək səviyyədə ev sahibliyi etdi. Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu tədbirdə dünyanın müxtəlif ölkələrindən Bakıya gəlmiş muğam ifaçıları əsl sənət möcüzəsi göstərdilər. 11 ölkəni təmsil edən 21 istedadlı ifaçının çıxışı unudulmaz oldu. Bir daha təsdiqləndi ki, Azərbaycan muğamları bütün muğamların şahıdır. Ən çox da diqqət çəkən müxtəlif dilli ifaçıların öz repertuarında "Qarabağ şikəstəsi"nin səsləndirilməsi oldu. Bu müsabiqədə "Qran pri" Azərbaycan ifaçısına, birinci yer Özbəkistan, ikinci yer İran, üçüncü yer isə Misirdən gələn iştirakçıya nəsib oldu. O gün Muğam Mərkəzinin səhnəsində müxtəlif xalqların musiqisi və muğamları səslənsə də, bu sənət yarışmasının lideri Azərbaycan muğamları idi. Bütün bunlar isə muğam sənətinin tarixində yeni və xüsusi bir mərhələnin başlanğıcını qoydu. Bir daha qürur duyduq ki, Avropa ilə Asiyanın qovuşuğunda yerləşən ölkəmiz dünyanın diqqət mərkəzindədir. Azərbaycan mədəniyyətinin təntənəsi dostlarımızı sevindirməkdə, düşmənlərimizi isə məğlubiyyətə aparmaqdadır.

YUNESKO-nun təmsilçisi, Paris Elmi Araşdırmalar Mərkəzinin professoru Jan Dürinq Azərbaycan muğamının gözəlliyindən danışarkən onun bütün dünya musiqisinə yol göstərdiyini vurğuladı: "Muğam ümumi bir dil, ümumi bir məqamdır. O, musiqiçilər arasında anlaşma, ünsiyyət vasitəsidir". Bəlkə də elə bu qüdrətinə görədir ki, Azərbaycan muğamları bəşəriyyətin əbədiyaşar inciləridir.

 

 

(ardı var)

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 29 dekabr.- S. 8.