Dövlətin islahatlar
strategiyasının siyasi-elmi təminatı və modernləşmənin
tələbləri
İnkişafın yeni mərhələsində Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin ölkədə elmin və təhsilin, qeyri-neft sektorunun modernləşməsinə, milli strategiyada yeni hədəflərin müəyyən edilməsinə, cəmiyyətdə mövcud olan resurs və potensialın bütün istiqamətlərdə reallaşdırılmasına yönəlmiş fəaliyyəti, imzalanmış sərəncamlar və həyata keçirilən dövlət proqramlarının miqyası adıçəkilən sahəyə dövlətin həssas münasibətinin bariz nümunəsidir. Bütün bunlara rəğmən, ictimai elm təmsilçilərinin çalışdıqları sahədə proseslərə adekvat münasibətin formalaşmaması, mövqe və səylərinin qeyri-müəyyən qalması məqbul sayıla bilməz.
Bu fikirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Azərbaycan" qəzetində dərc edilən "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" adlı proqram xarakterli məqaləsinin ana xəttini təşkil edir. Məqalə bu sahədə vəziyyətin dəyişməsi və dönüş yaradılması, dövlət başçısının yeni siyasi kursu üçün səciyyəvi olan prioritetlər sırasında ən vacibinin - intellektual-elmi potensialın səfərbər edilməsi yönündə elmi ictimaiyyətə ünvanlanan çağırışdır. Bu eyni zamanda XXI əsrdə dövlətçiliyin inkişafı üçün həmin sahədə mövcud olan problemlərin əsas istiqamətlərinin aşkar göstərildiyi konseptual sənəddir.
Yeni əsrdə dövlətin rəqabətədavamlı
mövqeyini təmin edən siyasi təməl və
uğurların təhlili zərurəti
Akademik Ramiz Mehdiyev "İctimai və humanitar elmlər: zaman kontekstində baxış" məqaləsində yazır: "Biz ictimai və humanitar elmi qurumların strukturlarını müasir tələblərə uyğun təkmilləşdirməliyik. Hər bir qurum öz vəzifəsini və fəaliyyət dairəsini dəqiq müəyyən etməlidir. Dünya elminə inteqrasiya mərhələsində olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sahəsində islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir. Bu elmlər hazırkı fazanın əsas xüsusiyyətlərini araşdırmalı və yeni ideyalar irəli sürməlidir".
XXI yüzilliyin əvvəlindən cəmi on ilə yaxın vaxt keçir. Zaman baxımından çox qısa sayılan bu müddət ərzində istər dünyada, istərsə də Azərbaycan dövlətinin inkişafında baş verən dəyişikliklərin tempi başqa heç bir tarixi dövrlə müqayisə oluna bilməz. Dünya dövlətlərində baş verən proseslərin məzmunu bir-biri ilə paradoksal əks mahiyyətli, həm inkişaf, həm də böhran xarakterli hadisələrlə müşayiət olunmuşdur. Azərbaycana gəldikdə isə bu müddət, ölkəmizin ardıcıl yüksələn xətlə davam edən uğurları ilə tarixdə qalmışdır.
Dövlətçiliyin tarixini XX əsrin əvvəlləri ilə müqayisə etsək, bugünkü müstəqil Azərbaycan o dövrün ziyalı və mütəfəkkirləri üçün gələcək, əlçatmaz bir arzu idi. Ümummilli lider Heydər Əliyevin memarı olduğu suveren dövlətin hazırkı inkişaf səviyyəsi və uğurları nəinki o dövrün, həmçinin istər ökəmizdə, istərsə də kənarda müasirimizin çoxlarının etiraf və sonadək dərk edə bilmədiyi tarixi həqiqətdir. Həyata keçirilən çoxşaxəli modernləşmə strategiyası bütün istiqamətlərdə dünya inkişafına xas olan başlıca obyektiv meyilləri dərindən təhlil etməyə, milli məkanın modern dünya təcrübəsini nəzərə almaqla formalaşmasına, dövlətçilik maraqları və perspektivlərindən çıxış edilməsinə əsaslanır.
Müasir dünya, milli dövlət və onun inkişaf məsələləri: modernləşmə strategiyası, qloballaşma və postmodern cəmiyyət, demokratik tranzit sahəsində dünya miqyaslı tədqiqatların müəllifi kimi tanınmış alim, akademik Ramiz Mehdiyevin məqaləsində, ictimai elmin müasir tələblər səviyyəsinə yüksəlməsi üçün taleyüklü hesab edilən məsələlər mahiyyəti baxımından tam əhatə olunmuş, problemlərin dairəsi və həlli istiqamətləri müəyyən edilmişdir. Məqalədə səslənən fəaliyyətimizin proqramı və üzərimizə düşən vəzifələr barədə fikirlər: yaşanılan tarixi məqamın siyasi-elmi yekunları və səciyyəsi; ölkədə siyasi elmin tədqiqi və tədrisinin modernləşməsi yönündə ən qısa müddətdə həlli vacib sayılan məsələlərin müəyyən edilməsi; onların həllinə dair təkliflər barədə təəssüratımızı bölüşmək istərdik.
Müstəqilliyin ikinci onilliyini qət etməkdə olan dövlətçiliyin son illər üçün səciyyəvi olan keyfiyyət xüsusiyyətləri burada tamamilə yeni aspektdə təqdim edilir, yeni prioritetlərin hədəfə alınması səbəbləri və onların fəth edilməsi zərurəti əsaslandırılır, dövrün əhatəli ictimai-siyasi mənzərəsi göz önündə canlandırılır.
Tarixi nailiyyətlərimizin davamı kimi dərk edilməsi son dərəcə vacib olan, hələlik isə sonadək təsəvvür edilə bilməyən həmin aşkar elmi yekunlar qısa şəkildə belə səslənir:
- Azərbaycanın siyasi rəhbərliyi ölkədə modernləşmənin, beynəlxalq məkana inteqrasiyanın və inkişaf templərinin təmin edilməsinə yönümlü siyasəti və təşəbbüsləri ilə qlobal ideyalar məkanında da liderlər sırasında olduğunu təsdiqləyir. Bu siyasət, sürətlə dəyişən milli və beynəlxalq reallığı, dünyada öz yerini və rolunu təhlil etmək üçün dəyişikliklərdən daim öndə olmağı liderliyin əsas keyfiyyəti olduğunu sübut edən dövlət başçısı tərəfindən həyata keçirilir. Bu prosesdə yalnız konkret ölkə miqyasında deyil, bütövlükdə regionda və dünyada proseslərin axarını yeni məcraya yönəldə biləcək tarixi qərarlar verilir;
- son illərdə Prezident İlham Əliyevin başçılığı ilə həyata keçirilən siyasi kurs öz bəhrəsini vermiş, iqtisadi, sosial-siyasi, mədəni-mənəvi və s. sahələrdə mövcud olan bir çox problemlər uğurla həll edilmiş, yaxud da onların qısa zamanda həlli üçün ən zəruri müqəddəm şərtlər yaradılmaqdadır;
- bunun sayəsindədir ki, bu gün Azərbaycanda ilk dəfə yaxın və orta müddətli, taktiki məzmunlu vəzifələrin həllindən, gələcək inkişafımızın uzunmüddətli strategiyasının formalaşdırılmasına doğru yönəlmiş tədbirlərin gerçəkləşməsinə, qabaqcıl ölkələr sırasında layiqli yer tutmasına imkan yaradılmışdır;
- Prezident İlham Əliyev ölkədə islahatların paralel aparılmasını təmin edən "sinxron modernləşmə" modelini həyata keçirməklə Azərbaycanın təhdidləri önləyən mövqeyini təmin edir. Dövlətin bütün sahələrdə yüksəlişi üçün inkişafın impulsu və təkanı rolunu oynayan fundamental faktora - elmə və intellektə önəm verilməsi növbəti mərhələdə rəqabətə davamlı milli modelin əsasıdır. Qabaqcıl ölkələrin təcrübəsinə uyğun olaraq, son illərdə bu sahədə ciddi islahatların, insan kapitalının prioritet kimi hədəfə alınması, Elmin İnkişafı Fondunun yaradılması məhz buna dəlalət edir və ilk növbədə, hər bir ölkənin lider mövqelərə yüksəlməsini təmin edən elm və təhsildən, intellektual resurslardan, cəmiyyətin humanitar potensialından maksimum bəhrələnməyi gündəmə gətirir;
- Dünya iqtisadi böhranının hər bir ölkənin inkişafında siyasi liderin və millli inkişaf strategiyasının nəyə qadir olduğunu aşkara çıxaran 2009-cu il tarixdə qalacaqdır. Azərbaycan böhran şəraitində inkişaf templərini saxlamaqla, haqqında deyilən əsassız (büdcəsinin tamamilə neft gəlirlərindən asılı olduğu ) proqnozları alt-üst etdi. İqtisadi inkişaf sahəsində liderliyin həmişə qərbə xas olan xüsusiyyət olmadığı Azərbaycan nümunəsində qlobal etirafını tapdı. Azərbaycan fenomeninin sirri - antiböhran tədbirlərindən - yəni nəticələrlə mübarizədən çox, dəyişiklik və böhrandan öndə olmağa yönümlü siyasi liderin kursudur;
- ən mühümü: sona çatan ilin Azərbaycanın müstəqil dövlətçiliyində 2003-cü ildən həyata keçirilən yeni siyasi strategiyanın gerçək və rəqabətə davamlı olmasını sübut edən sınaqların hələ ilkin mərhələsi, xüsusilə də dövlət başçısının iqtisadiyyatda keçid mərhələsinin başa çatdığını bəyan etdiyi ərəfə kimi tarixdə qalacaq;
- yeni əsrdə, ikinci onilliyin astanasında Azərbaycan ictmai elmi, ziyalısı artıq gələcək yüz ilin əvvəlinin milli dövləti, onun qüdrəti və əzəmətinin hüdudlarını hədəfə almaq barədə düşünməli, perspektiv fəaliyyət proqramını müəyyənləşdirməli, konkret nəticələr ortaya qoymalıdır.
Siyasi elm milli və qlobal inkişafın həlledici humanitar
resursu kimi
Dövlət
başçısı İlham Əliyevin modernləşmə
strategiyası və XXI əsrin yeni intellektual Azərbaycanı
layihəsini gerçəkləşdirmək yönündə
2003-cü ildən nümayiş etdirdiyi siyasi iradə və qətiyyəti
konkret faktlarda əksini tapmışdır.
2007-ci il mayın 23-də
dövlətçilik tarixində ilk dəfə Prezident
İlham Əliyevin sərəncamı ilə Azərbaycan
Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası
təsdiqlənmişdir. Konsepsiyanın "3.Azərbaycan
Respublikasının milli maraqlarına təhdidlər" hissəsində
"3.9.Peşəkar insan ehtiyatlarının
çatışmazlığı" dövlətçiliyin
varlığına təhlükə kimi; "4.3.3. Elm, təhsil,
mədəniyyət və mənəviyyatın qorunması və
inkişafı" isə milli təhlükəsiziyin
başlıca istiqamətlərindən biri kimi ifadə
olunmuşdur.
Azərbaycanı dünyada
inkişafın liderləri mövqeyinə çıxaran
dövlət başçısının strateji fəhmini,
intellektə, o cümlədən siyasi elmin missiyasına və
strateji tədqiqatlara nə dərəcədə önəm
verməsini isə, ölkədə bu sahənin elmi-obyektiv əsaslar
üzərində formalaşmasına, dövlətçiliyə
dəstək olmaq ənənəsini bərqərar etməyə
yönəlmiş sərəncamları sübut edir. İlk dəfə
Prezident Administrasiyasında Siyasi təhlil və informasiya təminatı
şöbəsi, 2007-ci ildə Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin (SAM) - yeni intellektual
infrastrukturun təməlinin ("beyin mərkəzi"nin)
yaradılması dövlətçiliyin yeni mərhələsində
mümkün olmuşdur.
İctimai-siyasi elm dövlətçiliyin
varlığını, onun daha mükəmməl təşkilatlanması
yollarını tədqiq etmək kimi universal statusa malikdir. Bu
elmin ən qədimdə təşəkkül tapan sahələrindən
biri də siyasi elmdir. Qədim mütəfəkkir Aristotel bu
sahədə ilk kitabı - "Politika"nı yazanda, elmlər
təsnifatında onu mərkəzdə yerləşdirmiş,
cəmiyyətdə ahəng yaradılması məqsədinə
xidmət etdiyini, qalan bütün elmlərin isə bu məqsədə
çatmağın vasitələri olduğunu bəyan
etmişdir. (Aristotel. Politika).
İntellektual təşəbbüslərin
siyasətə tətbiqinə, elm və siyasətin ən səmərəli,
sıx ittıfaqına zərurət ötən əsrin
ortalarından sonra dərk edilməyə başladı. Onun təşkilatlanma
baxımından ən mükəmməl forması isə
"beyin trestləri", "fikir fabrikləri" və s.
elmi-tədqiqat mərkəzləri oldu. XX əsrin 60-cı illərində
ABŞ-da sayı iki yüzə çatan mərkəzlər,
getdikcə nəinki milli, eləcə də qlobal siyasətin
intellektual təminatında, siyasi nəzəriyyə və
ideyalar məkanının formalaşmasında əsas subyektə
çevrilirdilər.
Müasir cəmiyyətdə
"şüurun siyasiləşməsi" meyilinin
artması, vətəndaş cəmiyyəti və siyasi
iştirak proseslərinin geniş vüsət alması, nəhayət,
"siyasətşünas"lığın ( politoloq)
peşəsinin XX əsrin sonu, XXI əsrin əvvəllərində
ən kütləvi və getdikcə yayılan peşəyə
çevrilməsi müşahidə olunur. Bu proses Azərbaycandan
da kənar keçməmişdir. Ölkədə siyasi elmlə
məşğul olanların kəmiyyət göstəriciləri
dəqiq müəyyən olmasa da, onu adi gözlə sezmək
çətin deyildir. Lakin məlumdur ki, yalnız kəmiyyət
olan yerdə keyfiyyətdən danışmaq
qeyri-mümkündür.
Akademik Ramiz Mehdiyevin ən
birinci prioritet kimi, siyasi qərarların qəbul edilməsində
müstəqillik dövründə formalaşan ictimai elm
nümayəndələrinin hər hansı töhfəsinin
birmənalı şəkildə müşahidə
olunmadığını vurğulaması real fakt kimi ən
ciddi düşüncələrə sövq edir.
Çoxsayı politoloqlar ordusunun arasında bu elmin həm nəzəri,
həm də tətbiqi səviyyələrində tədqiqat
aparan, mühakimə yürüdə bilən, dünyada səslənən
siyasi ideya və nəzəriyyələrə qarşı
cavab verən, dövlət siyasətini milli və qlobal
kontekstdə təhlil edə bilən cüzi mütəxəssisin
mövcudluğu acı reallıqdır. Ölkədə
siyasi təhlilin keyfiyyət xüsusiyyətlərinə,
siyasi elmə mükəmməl yiyələnmiş
kadrların yoxluğuna dəlalət edən misallar isə bu
sahədə həqiqi vəziyyətin hələ tam mənzərəsi
deyil.
Çalışdığımız
Mərkəzin yaradılmasını zəruri edən səbəblər
sırasında dövlət başçısının fərmanında,
həmçinin nizamnaməmizdə "ölkədə
aparılan strateji araşdırmaların koordinasiyası və
siyasi analitikanın bir elm kimi formalaşması yönündə
fəaliyyətin həyata keçirilməsi"
vurğulanmışdır. Bu, dövlətçiliyimizin
rifahı naminə cəmiyyətin böyük dəyərə
malik olan strateji təfəkkür və ideya
potensialını bir yerə cəmləməyə, istənilən
(fərdi və ya kollektiv təşəbbüs) formada onun
inkişafını dəstəkləməyə və
stimullaşdırmağa, dialoqa yönümlü fəaliyyətdir.
Az müddət keçməsinə baxmayaraq, bu istiqamətdə
apardığımız fəaliyyət gerçəkdə əsil
xaosun mövcudluğu qənaətinə gəlməyi şərtləndirmişdir.
Özlərini hələ politoloq demirik, siyasi-analitik, strateji
araşdırma yönümlü qurumlar kimi bəyan edən,
qrantlar naminə Azərbaycan dövlətinin imicinə xələl
gətirmək üçün "sağa və sola"
"hesabatlar" göndərən, hətta dünya beyin mərkəzləri
reytinqinə qondarma adlarını "həkk edən" nə
qədər faktlar aşkara çıxmışdır. Ədliyyə
Nazirliyinə bu qəbildən olan və dövlət qeydiyyatından
keçən belə birliklərin siyahısı ilə
bağlı göndərdiyimiz sorğuya
aldığımız cavab isə gözlənilən oldu:
reallıqda həmin qondarma analitik və ya beyin mərkəzinin
heç biri mövcud deyil. Əgər olsa idi, bununla yalnız
fəxr etmək olardı. Eyni zamanda, ədalət naminə bu
sahədə əməkdaşlığın və
inkişafın gələcək məsələlərini
müzakirə etmək üçün konstruktiv təşəbbüslərə,
birgə müzakirələrə dəvəti qəbul edən
ayrı-ayrı tədqiqatçıların (cüzi də
olsa) olduğunu da qeyd etmək lazımdır.
Mərkəzin
yarandığı qısa müddət ərzində siyasi
elmin qərar qəbulu proseslərinə töhfəsi,
dünya analitikasında əsas sayılan meyarları, ekspert cəmiyyətinin
problemlərini həm daxildən, həm də ölkədən
kənarda müşahidə etmək, müxtəlif ölkələrin
beyin və ideya potensialını müqayisə etmək imkanlarımız
olmuşdur. Dövlətçilik maraqlarına müvafiq
olaraq dünya beyin mərkəzləri məkanına
inteqrasiya, qarşılıqlı əməkdaşlıq və
fəaliyyət gedişində formalaşan ümumi təsəvvürlər
akademik Ramiz Mehdiyevin məqaləsində vurğulanan məsələləri
birmənalı olaraq bu cür təsdiq edir: "İctimai və
humanitar elmlərin problemlərinin həlli ölkənin elmi
elitasını əsas məqsəddən - fundamental tədqiqatların
həyata keçirilməsindən
yayındırmamalıdır".
Burada bəzi aspektləri
qeyd etmək istərdik. Ölkədə siyasi qərarların
qəbul edilməsinə qədərki elmi bazanın və nəticələrin
sonrakı təhlili sahəsində bəsit təsvirçilik,
özlərini "icmalçı, şərhçi,
ekspert" və s. adlandıranların bolluğuna rəğmən,
dərin təhlilin qıtlığı heyrət doğuracaq
səviyyədədir. Adi vətəndaşın
şüurunu manipulyasya etməyə, əsas məsələlərin
müzakirəsindən yayındırmağa, ajiotaj və
sensasiya kimi effektlərlə cəlb etməyə
yönümlü populist "şərhlər"in siyasi təhlili
əvəzləmək iddiaları çox
güclüdür. Bunun səbəbi siyasi elmin tarixi və
müasir missiyasından, nəzəriyyə və metodologiyasından
bixəbər olduğunu "tətbiqi-təcrübi"
anlayışları ilə doğrultmağa
çalışan dayaz düşüncəli "ekspertlərin"
yağışdan sonra göbələk kimi
çoxalmasıdır. Yeri gəlmişkən, bu məsələ
qlobal səciyyə kəsb edərək hazırda ictimai-siyasi
elmin, böyük ideya və nəzəriyyələrin, yeni məktəblərin,
inkişaf konsepsiyalarının böhran dövrünə qədəm
qoyması ilə bağlı bütün dünyada çox
geniş müzakirə olunur. Nəzəriyyənin dəyərini
dərk etməyən, siyasi manipulyasiya texnologiyalarını və
bəsit empiriyanı mütləqləşdirən, onu yeganə
metod hesab edən ekspert mövqeyinin iflası qlobal böhranda
özünü bütün çılpaqlığı ilə
büruzə verdi. Yalnız şəraitin səthi təsviri,
dünya birjalarında məlumatı izləmək və
toplamaq uğrunda yarış, aksiyaların indiki vəziyyəti
və cəmi bir il sonrakı iflası empiriyanın məhdudluğu
və acizliyini sübut etdi. Bütün bunlar nəzəriyyənin,
strateji təhlil və proqnozların nə qədər vacib
olmasını bir daha gündəmə gətirmişdir.
Təbii ki,
reallığın bütün təfərrüatı və
faktlar əsasında təcrübi öyrənilməsi siyasi
təhlilin pillələrindən, daha doğrusu, ilkin pillələrindən
biridir. Lakin onların ümumiləşdirilməsi və qərar
qəbulu üçün tövsiyələrin verilməsi nəzəri-konseptual
və fəlsəfi-məntiqi vərdişlərə malik
olmadan qeyri-mümkündür.
Məhz bu səbəbdən
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzi yarandığı ilk gündən
politologiya sahəsində dünya təcrübəsinin
öyrənilməsinə xüsusi diqqət yetirmiş,
özünü beynəlxalq aləmdə tanıtmağa
çalışmışdır. Fəaliyyətinin iki ili ərzində
Mərkəz tərəfindən - xaricdə və Azərbaycanda
bir sıra beynəlxalq konfrans, dəyirmi masa və digər
elmi praktiki tədbirlər keçirilmiş, Almaniyanın Beynəlxalq
Siyasət və Təhlükəsizlik İnstitutu,
Böyük Britaniyanın Konfliktlər və Dövlət
quruculuğu üzrə London İnformasiya şəbəkəsi,
Kolumbiya Universiteti, Fransa Beynəlxalq Münasibətlər
İnstitutu, Karnegi Mərkəzi, Qazaxıstan Prezidenti
yanında Strateji Araşdırmalar İnstitutu, Rusiya Strateji
Araşdırmalar İnstitutu və sair dünyanın
tanınmış beyin mərkəzləri ilə əlaqələr
qurularaq birgə layihələr həyata keçirilmiş, təcrübəçi
alim mübadiləsi aparılmış, görkəmli siyasətşünasların
Azərbaycana gələrək burada politoloji cəhətdən
mühüm əhəmiyyət kəsb edən
mövzuların müzakirə olunduğu tədbirlər
keçirilmişdir. Mərkəz tərəfindən iki dildə
Azərbaycanın və regionun aktual problemlərini
işıqlandıran və müəllifləri
tanınmış yerli və xarici politoloq, eləcə də
dövlət rəsmiləri olan "Azərbaijan Focus"
jurnalı işıq üzü görmüş, görkəmli
siyasi xadim Zbiqnev Bzejinskinin "Second Chance" ("İkinci
şans") kitabı Azərbaycan dilinə tərcümə
olunmuş və nəşrə hazırlanmışdır.
Eyni zamanda Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə obyektiv şəkildə
çatdırılması, erməni təbliğatının
törədə biləcəyi fəsadların qabaqlanması
və qarşısının alınması məqsədilə
Mərkəzin gördüyü işlərin effektivliyini
artırmaq üçün Parisdə, Brüsseldə,
Moskvada, Londonda və Vaşinqtonda filiallarımızı
açmaq istiqamətində fəaliyyət göstəririk.
Bununla yanaşı qeyd etməliyik
ki, hələ ki Mərkəz qarşısında qoyulmuş
bütün vəzifələrin öhdəsindən gəlmək
iqtidarında deyil. Bunun da əsas səbəbi kadr
çatışmazlığı və elmi müəssisəmizin
təşəkkül prosesini yaşamasıdır.
(Ardı var)
Elxan NURİYEV,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Strateji Araşdırmalar
Mərkəzinin direktoru,
siyasi elmlər doktoru
Azərbaycan.- 2009.- 29 dekabr.- S. 10.