Miqrasiya orqanlarında qulluq
keçmə haqqında Əsasnamə
Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli
Qanunu ilə təsdiq edilmişdir
Bu Əsasnamə Azərbaycan Respublikasının miqrasiya orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işçilərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
I fəsil. Ümumi müddəalar
1. Miqrasiya orqanlarında
qulluq Azərbaycan Respublikasının hüquq- mühafizə
orqanları sisteminə daxil olan müvafiq icra hakimiyyəti
orqanının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət
istiqamətləri üzrə səlahiyyətlərini həyata
keçirən Azərbaycan Respublikası vətəndaşlarının
dövlət qulluğunun xüsusi növüdür.
2. Miqrasiya orqanları
işçilərinin qulluq keçməsi Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş miqrasiya orqanlarının fəaliyyət prinsiplərinə
əsaslanır. Miqrasiya orqanlarının
işçiləri qulluq keçərkən, qanunun tələblərini
rəhbər tutaraq, səlahiyyətləri hüdudlarında
fəaliyyət göstərirlər.
3. Miqrasiya orqanlarında
qulluq keçmənin hüquqi əsaslarını Azərbaycan
Respublikasının Konstitusiyası, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr, bu Əsasnamə və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları təşkil
edir.
4. Miqrasiya orqanlarında
qulluğa qəbul "Dövlət qulluğu haqqında"
Azərbaycan Respublikası Qanununun vətəndaşların
dövlət qulluğuna qəbul edilmək hüququna,
qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında
həyata keçirilməsinə, dövlət
qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə
və dövlət qulluğunun digər prinsiplərinə aid
müddəaları nəzərə alınmaqla bu Əsasnamə
və Azərbaycan Respublikasının digər qanunvericilik
aktları ilə tənzimlənir.
5. Bu Əsasnamə Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş səlahiyyətləri həyata keçirən və
müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbələr
nəzərdə tutulan vəzifələrdə
çalışan işçilərinə şamil edilir.
6. Əmək münasibətlərinə
dair bu Əsasnamədə nəzərdə tutulmayan məsələlər,
həmçinin xüsusi rütbələr nəzərdə
tutulmayan vəzifələrdə işləyən şəxslərin
qulluq keçməsi "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikası Qanununun və Azərbaycan
Respublikası Əmək Məcəlləsinin müvafiq
normaları ilə tənzimlənir.
II fəsil. Miqrasiya orqanlarına qulluğa qəbul, işçilərin
vəzifəyə təyin və vəzifədən azad edilməsi
7. İrqindən, milliyyətindən,
dinindən, dilindən, cinsindən, sosial mənşəyindən,
əmlak vəziyyətindən, yaşayış yerindən, əqidəsindən,
həmkarlar ittifaqlarına və ya digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq müvafiq vəzifənin
tələblərinə uyğun peşə
hazırlığına malik olan və Azərbaycan
Respublikasının dövlət dilini sərbəst bilən
Azərbaycan Respublikası vətəndaşlarının
miqrasiya orqanlarında qulluq etmək hüququ vardır.
8. İkili vətəndaşlığı,
digər dövlətlər qarşısında öhdəlikləri
olan şəxslər, din xadimləri, məhkəmənin
qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət
qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli
hesab edilmiş, məhkumluğu ödənilməmiş və
ya götürülməmiş şəxslər, tibbi rəyə
əsasən fiziki və əqli qüsurlarına görə
miqrasiya orqanlarında işləməyə qadir olmayan, digər
hüquq-mühafizə və ya başqa dövlət
orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara
görə bu orqanlardan xaric edilmiş şəxslər
miqrasiya orqanlarına qulluğa qəbul edilə bilməzlər.
9. Qanunla müəyyən
olunmuş müddətli həqiqi hərbi xidmət keçməmiş
(qanuni əsaslarla müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olanlar və
ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilənlər istisna olmaqla)
çağırış yaşlı vətəndaşlar
miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə
tutulmuş vəzifələrə qulluğa qəbul edilmirlər.
10. Miqrasiya orqanlarına
qulluğa qəbul olunmaq arzusunda olan şəxslər
müvafiq icra hakimiyyəti orqanına müəyyən
edilmiş formada ərizə ilə müraciət edirlər.
11. Miqrasiya orqanlarına
qulluğa qəbul olunmaq üçün müraciət
etmiş şəxslərin sənədləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilmiş qaydada yoxlanılır.
12. Miqrasiya orqanlarına qulluğa qəbul üçün müraciət etmiş şəxsin təqdim etdiyi sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd edilməsi həmin şəxsin qulluğa qəbul olunmaması və ya qulluq keçməsinə xitam verilməsi üçün əsasdır.
13. Miqrasiya orqanlarına qulluğa qəbul olunmaq üçün müraciət etmiş və sənədləri qəbul edilmiş namizədlər aşkarlıq şəraitində şəffaflıq təmin edilməklə müsabiqədən keçirlər. Müsabiqə ixtisas imtahanından və söhbətdən ibarətdir. Müsabiqənin keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Miqrasiya orqanlarına qulluğa qəbul müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və əmrin surəti imza etdirilməklə həmin gün işçiyə verilir.
15. İlk dəfə miqrasiya orqanlarında qulluğa qəbul olunmuş şəxs işə başlamamışdan əvvəl Azərbaycan Respublikasının dövlət bayrağı önündə aşağıdakı məzmunda and içir: "Azərbaycan Respublikasına sadiq olacağıma, Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunlara ciddi əməl edəcəyimə, insan hüquq və azadlıqlarına hörmətlə yanaşacağıma, qarşıma qoyulan vəzifələri vicdanla, qərəzsiz yerinə yetirəcəyimə, intizamlı olacağıma, dövlət sirrini və xidməti sirri qoruyacağıma and içirəm".
16. Andı içən şəxs andın mətnini imzalayır və bu sənəd onun şəxsi işində saxlanılır.
17. İlk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün, bir qayda olaraq, bir illik stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olduğu halda onun altı aylıq sınaq müddəti ilə vəzifəyə təyin edilməsi məsələsi həll olunur.
18. Sınaq müddəti başa çatdıqdan sonra attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla miqrasiya orqanlarında daimi qulluğa qəbul edilir.
19. Stajorluq və sınaq müddətləri miqrasiya orqanına işə qəbula dair əmrdə göstərilir.
20. Stajorluq müddəti bitdikdən sonra stajor barəsində müsbət rəy olmadıqda o, sınaq müddəti ilə vəzifəyə təyin edilmir, sınaq müddətlərində attestasiyadan keçməmiş işçi isə daimi qulluğa qəbul edilmir.
21. Miqrasiya orqanlarında qulluğa qəbul zamanı rəhbər vəzifəyə təyin olunan şəxslər, elmlər namizədi və ya elmlər doktoru elmi dərəcəsi (bundan sonra "elmi dərəcə") olan şəxslər üçün, habelə qanunvericiliklə nəzərdə tutulmuş digər hallarda stajorluq və sınaq müddəti müəyyən edilmir.
22. Stajorluq və sınaq müddətləri miqrasiya orqanlarında iş stajına hesablanır, qulluq illərinə görə əlavələr və pensiya təyin olunarkən nəzərə alınır.
23. Miqrasiya orqanlarında stajorluq və sınaq keçmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
24. Miqrasiya orqanlarının kadr xidməti tərəfindən miqrasiya orqanları işçisinin şəxsi işi aparılır. Şəxsi işin aparılması və saxlanılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
25. Miqrasiya orqanları işçisinin şəxsi işində onun miqrasiya orqanlarında qulluq keçməsi haqqında məlumatlar, şəxsi və iş keyfiyyətlərini əks etdirən sənədlər saxlanılır.
26. Vəzifəyə təyin olunmuş miqrasiya orqanlarının işçisinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, formada və etibarlıq müddətinə xidməti vəsiqə verilir. Miqrasiya orqanları işçisinin xidməti vəsiqəsi onun şəxsiyyətini, xüsusi rütbəsini və tutduğu vəzifəni təsdiq edir. Xidməti vəsiqə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada hazırlanır və qeydiyyat kitabında imza etdirilməklə işçiyə təqdim edilir.
27. İşçi miqrasiya orqanlarında qulluq etdiyi dövr ərzində xidməti vəsiqədən istifadə edir. Miqrasiya orqanları işçisinin soyadı, vəzifəsi və ya xüsusi rütbəsi dəyişdikdə, habelə xidməti vəsiqənin etibarlıq müddəti qurtardıqda, ona yeni xidməti vəsiqə verilir.
28. Miqrasiya orqanları işçisinin qulluğuna xitam verildikdə, xidməti vəsiqə onu təqdim edən orqana qaytarılır.
III fəsil. Miqrasiya orqanları
işçilərinin hüquq və vəzifələri
29. Miqrasiya orqanları işçiləri aşağıdakı əsas hüquqlara malikdirlər:
29.1. vəzifə borcunu yerinə yetirmək üçün dövlət orqanlarından, ictimai birliklərdən, müəssisə, idarə və təşkilatlardan müəyyən edilmiş qaydada zəruri informasiya və materiallar tələb etmək və almaq;
29.2. miqrasiya orqanlarına işə götürmək və işdən azad etmək hüququna malik olan vəzifəli şəxsdən öz qulluq vəzifələrinin yazılı surətdə təsbit edilməsini və onların icrası üçün şərait yaradılması barədə müraciət etmək;
29.3. əməkhaqqı almaq;
29.4. ixtisasının artması və qulluq vəzifələrinin yerinə yetirilməsi nəzərə alınmaqla qulluqda irəli çəkilmək və ya əməkhaqqı məbləğinin artırılması iddiasında olmaq;
29.5. elmi və yaradıcılıq fəaliyyəti ilə, habelə işlədiyi miqrasiya orqanı rəhbərinin icazəsi ilə pedaqoji fəaliyyətlə məşğul olmaq;
29.6. əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək;
29.7. öz şəxsi işinin bütün materialları ilə, şəxsi işə tikilməli olan rəylər və digər sənədlərlə tanış olmaq, habelə öz izahatlarının şəxsi işə əlavə edilməsini tələb etmək;
29.8. müvafiq orqanlarda və məhkəmədə öz hüquqlarını və qanuni mənafeyini müdafiə etmək;
29.9. həmkarlar ittifaqlarında birləşmək;
29.10. işlədiyi miqrasiya orqanının rəhbərindən aldığı icrası məcburi olan göstəriş və ya tapşırığın qanuniliyi işçidə şübhə doğurursa, həmin göstərişin və ya tapşırığın ona yazılı şəkildə verilməsi barədə müraciət etmək;
29.11. qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa və bu, miqrasiya orqanları işçilərinin funksiyalarının icrası ilə bir araya sığmayan deyilsə, ictimai birliklərin üzvü olmaq;
29.12. qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət vəsaiti hesabına təhsil almaq və müvafiq təlim keçmək, habelə təhsil məqsədi ilə məzuniyyət almaq;
29.13. qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada məzuniyyətlər, özünün əlilliyi ilə əlaqədar pensiyalar və müavinətlər almaq.
30. Miqrasiya orqanları işçiləri vəzifədə olaraq aşağıdakıları etməlidirlər:
30.1. Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına və digər normativ hüquqi aktlarına riayət etməli;
30.2. qanunvericiliyi və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktları həyata keçirməli;
30.3. rəhbərlərin öz səlahiyyəti hüdudunda verdikləri əmrləri, sərəncamları və göstərişləri yerinə yetirməli;
30.4. başqa işçilərin işini çətinləşdirən, yaxud miqrasiya orqanlarının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməli;
30.5. vətəndaşların, müəssisə, idarə və təşkilatların müraciətlərinə vaxtında baxmalı və öz səlahiyyətləri hüdudunda onları qərəzsiz həll etməli;
30.6. lazım gəldikdə, öz ixtisası hüdudunda miqrasiya orqanının rəhbərinin göstərişi ilə əlavə iş görməli;
30.7. dövlət sirrini və qanunla mühafizə edilən digər sirri həmişə, o cümlədən işdən çıxdıqdan və ya pensiyaya getdikdən sonra da saxlamalı;
30.8. vəzifə borcunun yerinə yetirilməsi vaxtı daxil olan və vətəndaşların şəxsi və ailə həyatı, şərəfi və ləyaqəti ilə bağlı məlumatları gizli saxlamalı və qanunla nəzərdə tutulmuş hallar istisna edilməklə, belə məlumatların verilməsini tələb etməməli;
30.9. qulluq etdiyi miqrasiya orqanının rəhbərinə hər il öz gəlirləri və əmlak vəziyyəti haqqında qanunvericiliklə müəyyən edilmiş qaydada maliyyə xarakterli məlumatları təqdim etməli;
30.10. qanunvericilikdə müəyyən edilmiş hallarda və qaydada öz fiziki və əqli qabiliyyətinin və ya tapşırılan funksiyaların icrasına yararlı olmasının müəyyən edilməsi üçün tibbi-həkim komissiyasında müayinə keçməli;
30.11. etik davranış və intizam qaydalarına əməl etməlidir.
31. Miqrasiya orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi, pedaqoji və yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyalara üzv ola bilməz.
32. Miqrasiya orqanları işçisinin aşağıdakılara ixtiyarı yoxdur:
32.1. "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində nəzərdə tutulmuş korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan hüquqpozmaları törətməyə;
32.2. qanunvericiliklə müəyyən edilmiş hallardan başqa dövlət orqanının və ya yerli özünüidarə orqanının işləri üzrə üçüncü şəxslərin vəkili olmağa;
32.3. işdən və ya pensiyaya çıxdıqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müddət ərzində öz qulluq fəaliyyətinə aid olan və dövlət sirri və ya qanunla mühafizə edilən digər sirr olan məsələlər barədə informasiyadan üçüncü şəxslərin xeyrinə istifadə etməyə;
32.4. işlədiyi miqrasiya orqanı rəhbərinə bildirmədən xarici ölkənin vəsaiti hesabına xaricə getməyə;
32.5. tətillərdə və dövlət orqanlarının işini pozan digər hərəkətlərdə iştirak etməyə;
32.6. dini təbliğ etmək üçün öz statusundan istifadə etməyə və miqrasiya orqanlarının tabeliyindəki obyektlərdə dini mərasimlərin keçirilməsinə rəsmi xarakter verməyə.
IV fəsil. Miqrasiya orqanlarında
qulluq keçmənin şərtləri
33. Miqrasiya orqanları işçilərinə Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə müəyyən edilmiş iş və istirahət vaxtı şamil edilir.
34. Zəruri hallarda miqrasiya orqanları işçiləri iş vaxtından sonra, istirahət, iş günü hesab edilməyən bayram və digər günlərdə qulluq vəzifələrinin yerinə yetirilməsinə cəlb edilə bilərlər. Bu halda onlara qanunvericiliklə müəyyən edilmiş qaydada ödənc və ya istirahət vaxtı verilir.
35. İş günü ərzində miqrasiya orqanları işçilərinə istirahət və nahar etmək üçün fasilə verilir.
36. Miqrasiya orqanlarının işçiləri Azərbaycan Respublikasının əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada məzuniyyətlərdən istifadə edirlər.
37. Miqrasiya orqanlarının işçisi vəzifədə irəli çəkilə və başqa vəzifəyə keçirilə bilər.
38. Miqrasiya orqanları işçisinin vəzifədə irəli çəkilməsinə, başqa vəzifəyə keçirilməsinə onun razılığı ilə yol verilir. Miqrasiya orqanlarının işçisi vəzifədə irəli çəkilərkən onun təhsili, işgüzarlığı, peşəkarlıq səviyyəsi, əməyinin nəticələri, şəxsi keyfiyyətləri, bərabər vəzifəyə dəyişdirilərkən ailə vəziyyəti, səhhəti, yaşı, yaşayış yeri və digər hallar nəzərə alınır.
39. Səhhətinə görə (tibbi-həkim komissiyasının rəyinə əsasən) və ya ştatların ixtisarı nəticəsində bərabər vəzifəyə keçirilməsi mümkün olmadıqda, habelə intizam tənbehi qaydasında və ya attestasiyanın nəticələrinə görə tutduğu vəzifəyə uyğun gəlmədiyi müəyyən edildikdə, miqrasiya orqanları işçisinin aşağı vəzifəyə keçirilməsinə onun razılığı tələb olunmur.
40. Aşağı vəzifəyə keçirilmiş miqrasiya orqanlarının işçisi sonradan xüsusi rütbəsi, peşəkarlığı, vəzifələrin layiqincə yerinə yetirilməsi və şəxsi keyfiyyətləri nəzərə alınmaqla yuxarı vəzifəyə təyin oluna bilər. Miqrasiya orqanları işçisinin bir vəzifədən başqa vəzifəyə keçirilməsi, bütün hallarda əsasları göstərilməklə müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri ilə rəsmiləşdirilir və işçiyə elan edilir.
41. Miqrasiya orqanlarında 15 il və daha çox qulluq stajı olan miqrasiya orqanlarının işçisi ştatların ixtisarı və ya səhhətinə görə az maaşlı vəzifəyə keçirilərkən, onun əvvəlki vəzifə maaşı keçirilən vəzifə üzrə saxlanılır.
42. Miqrasiya orqanlarının işçisi dövlət orqanlarında hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrə keçdikdə, miqrasiya orqanlarının kadr ehtiyatında saxlanıla bilər.
43. Miqrasiya orqanlarının işçisi ştatların ixtisarına görə, intizam tənbehi qaydasında, attestasiyanın nəticələrinə görə vəzifədən azad edildikdə, üç ayadək müddətdə sərəncamda ola bilər. Bu müddətə miqrasiya orqanları işçisinin məzuniyyətdə olduğu dövr daxil deyil. Müstəsna hallarda bu müddət müvafiq icra hakimiyyəti orqanı tərəfindən altı ayadək uzadıla bilər. Miqrasiya orqanları işçisinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı aylıq əməkhaqqı üç ay müddətində saxlanılır.
44. Miqrasiya orqanlarının işçisi cinayət işi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb olunduqda, vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılır və həmin andan səlahiyyətlərin icrasına buraxılmır.
45. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırılmış miqrasiya orqanlarının işçisi barəsində bəraət hökmü çıxarıldıqda və ya cinayət təqibinə bəraətverici əsaslarla xitam verildikdə, o, yenidən vəzifələrin icrasına buraxılır.
46. Cinayət təqibini istisna edən digər hallarda, habelə barəsində məhkəmənin ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi halda miqrasiya orqanları işçisinin qulluq keçməsinə xitam verilir.
47. Miqrasiya orqanlarının işçisi bu Əsasnamənin 95-ci maddəsində göstərilən əməlləri törədib-törətməməsi məsələsinin araşdırılması məqsədi ilə iki ay müddətinədək vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla bilər. Belə kənarlaşdırma yalnız miqrasiya orqanlarının işçisinin öz vəzifə səlahiyyətlərinin icrasını davam etdirməsinin aparılan xidməti yoxlamaya maneçilik törədə biləcəyi hallarda həyata keçirilir. Xidməti yoxlamanın nəticəsindən asılı olaraq, ən geci iki ay müddətində işçi barəsində vəzifə səlahiyyətlərinin icrasına buraxılmasına, yaxud intizam tənbehi tədbirinin tətbiq edilməsinə dair qərarlardan biri qəbul edilir.
48. Vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıldığı müddət ərzində işçiyə tam həcmdə əməkhaqqı ödənilir.
49. Miqrasiya orqanlarının işçisi qulluq keçmə ilə bağlı qərarla razı olmadıqda, müvafiq yuxarı orqana və ya məhkəməyə şikayətlə müraciət edə bilər.
50. Yuxarı orqan qanunla müəyyən olunmuş qaydada və müddətdə şikayətə baxmalı və qəbul olunmuş qərar haqqında işçiyə yazılı məlumat verməlidir.
51. Verilmiş şikayət intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasını dayandırmır.
V fəsil. Miqrasiya orqanları
işçilərinin attestasiyası və fəaliyyətinin
qiymətləndirilməsi
52. Miqrasiya orqanlarında
işçilərin tutduqları vəzifələrə
uyğun gəlib-gəlmədiyinin müəyyənləşdirilməsi,
onların potensial imkanlarından istifadə etmək
mümkünlüyünün aşkara
çıxarılması, peşə səriştəliliyinin
artırılmasının stimullaşdırılması,
ixtisaslarının və peşə
hazırlıqlarının yüksəldilməsinə və
ya təkrar hazırlıq keçmələrinin zərurət
dərəcələrinin müəyyənləşdirilməsi,
habelə kadrların irəli çəkilməsi
proqramının həyata keçirilməsi məqsədi ilə
attestasiya keçirilir.
53. Miqrasiya orqanları
işçilərinin attestasiyası zamanı onların xidməti
fəaliyyətinin qiymətləndirilməsinin nəticələri
nəzərə alınır. Miqrasiya
orqanları işçilərinin attestasiyası və fəaliyyətinin
qiymətləndirilməsi "Dövlət qulluğu
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada həyata keçirilir.
VI fəsil. Miqrasiya orqanlarında qulluqda olmanın yaş həddi
54. Miqrasiya orqanlarında
qulluqda olmanın yaş həddi - 60 yaşdır.
55. Müvafiq icra hakimiyyəti
orqanı tərəfindən vəzifələrə təyin
olunan şəxslər üçün yaş həddi müəyyən
edilmir. Yaş həddinə çatmış
miqrasiya orqanlarının digər işçilərinin
qulluqda olma müddəti müvafiq icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən uzadıla
bilər. Miqrasiya orqanlarında qulluqda olma
müddəti hər dəfə bir ildən çox olmayaraq
uzadıla bilər. 65 yaşına
çatmış işçilərin miqrasiya orqanlarında
qulluqda olma müddətinin uzadılmasına yol verilmir.
56. Miqrasiya orqanlarında qulluq keçmiş şəxslər digər hüquq-mühafizə orqanlarına işə qəbul edilərkən, onların miqrasiya orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir və daşıdıqları xüsusi rütbələr saxlanılır. Həmin orqanlarda, habelə hüquq-mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, qanunvericilik və ya təşkilati təminatı ilə bağlı vəzifələrdə işləmiş miqrasiya orqanlarına qulluğa qəbul edilmiş şəxslərin qulluq illəri miqrasiya orqanlarında qulluq illərinə daxil edilir.
VII fəsil. Miqrasiya orqanları
işçilərinin xüsusi rütbələri
57. Tutduqları vəzifəyə və miqrasiya orqanlarında qulluq stajına uyğun olaraq miqrasiya orqanlarının işçiləri üçün aşağıda göstərilən xüsusi rütbələr müəyyən edilir:
57.1. Ali xüsusi rütbələr:
- I dərəcəli dövlət miqrasiya xidməti müşaviri;
- II dərəcəli dövlət miqrasiya xidməti müşaviri;
- III dərəcəli dövlət miqrasiya xidməti müşaviri;
57.2. Böyük xüsusi rütbələr:
- baş miqrasiya xidməti müşaviri;
- miqrasiya xidməti müşaviri;
- kiçik miqrasiya xidməti müşaviri;
57.3. Orta xüsusi rütbələr:
- I dərəcəli miqrasiya xidməti qulluqçusu;
- II dərəcəli miqrasiya xidməti qulluqçusu;
- III dərəcəli miqrasiya xidməti qulluqçusu;
- kiçik miqrasiya xidməti qulluqçusu.
58. Miqrasiya orqanlarının işçilərinin xüsusi rütbələri müvafiq icra hakimiyyəti orqanları işçilərinə verilən xüsusi rütbələrə bərabər tutulur.
59. Xüsusi rütbələr fərdi qaydada, təhsili, olduqları xüsusi rütbədə qulluq müddəti və əmək stajı, tutduqları vəzifədə xüsusi rütbə hədləri, həmçinin bu Əsasnamə ilə nəzərdə tutulan digər şərtlər nəzərə alınmaqla verilir. Bu Əsasnamənin 68-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, xüsusi rütbələr ardıcıl qaydada verilir.
60. Hər bir xüsusi rütbədə olmaq üçün aşağıdakı müddətlər müəyyən olunur:
60.1. miqrasiya xidməti müşaviri - 5 il;
60.2. kiçik miqrasiya xidməti müşaviri - 4 il;
60.3. I dərəcəli miqrasiya xidməti qulluqçusu - 3 il;
60.4. II dərəcəli miqrasiya xidməti qulluqçusu - 3 il;
60.5. III dərəcəli miqrasiya xidməti qulluqçusu - 2 il;
60.6. kiçik miqrasiya xidməti qulluqçusu - 1 il;
61. Ali xüsusi rütbələrdə, habelə baş miqrasiya xidməti müşaviri xüsusi rütbəsində olma müddəti müəyyən edilmir.
62. Ali xüsusi rütbələr Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 24-cü bəndinə uyğun olaraq verilir. Miqrasiya orqanlarının müvafiq vəzifələrinin və bu vəzifələrə uyğun ali xüsusi rütbələrin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
63. Digər xüsusi rütbələr müvafiq icra hakimiyyəti orqanı rəhbərinin təsdiq etdiyi vəzifələrin və bu vəzifələrə uyğun xüsusi rütbələrin siyahısına uyğun olaraq verilir. Həmin xüsusi rütbələr müvafiq təqdimatlar əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən verilir.
64. Xüsusi rütbələr verilməsinə dair təqdimatın forması müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən müəyyən olunur.
65. Növbəti xüsusi rütbə bu Əsasnamənin 60-cı maddəsində nəzərdə tutulmuş müddətlər nəzərə alınmaqla verilir.
66. İşçiyə növbəti xüsusi rütbə verilərkən aşağıdakılar nəzərə alınır:
66.1. tutduğu vəzifə;
66.2. xidməti xasiyyətnamə.
67. Məhkəmə, prokurorluq, hüquq- mühafizə, hərbi və digər dövlət orqanlarından miqrasiya orqanlarına işə keçmiş işçilərə xüsusi rütbə onların vəzifələri, əvvəlki xüsusi, hərbi rütbəsi, ixtisas dərəcəsi nəzərə alınmaqla bu Əsasnaməyə əsasən verilir.
68. Vəzifələrini nümunəvi icra etdiyinə və işindəki nailiyyətlərə görə işçilərə mükafatlandırma qaydasında bu Əsasnamənin 60-cı maddəsində nəzərdə tutulmuş müddətdən əvvəl növbəti və ya işçinin daşıdığı xüsusi rütbədən bir pillə yuxarı növbədənkənar xüsusi rütbə verilə bilər.
69. İşçiyə vaxtından əvvəl xüsusi rütbə onun daşıdığı xüsusi rütbədə olma müddətinin ən azı yarısı keçdikdən sonra verilə bilər. Vaxtından əvvəl və növbədənkənar xüsusi rütbənin verilməsinə işçinin miqrasiya orqanlarında qulluq etdiyi müddətdə yalnız iki dəfə yol verilə bilər.
70. Vəzifədə irəli çəkilərkən, miqrasiya orqanlarının işçisinə növbəyə riayət edilmədən daşıdığı xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
71. Elmi dərəcəsi olan miqrasiya orqanları işçilərinə vəzifələri üzrə nəzərdə tutulan xüsusi rütbədən bir pillə yuxarı xüsusi rütbə verilə bilər.
72. Miqrasiya orqanlarının sərəncamında olan, yaxud intizam tənbehi verilmiş, həmçinin barələrində cinayət işi başlanmış və ya xidməti yoxlama keçirilən işçilər vəzifəyə təyin olunana, intizam tənbehi götürülənə, ibtidai istintaqda cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilənə və ya məhkəmənin hökmü ilə bəraət alanadək, yaxud xidməti yoxlama qurtaranadək növbəti xüsusi rütbələrə təqdim edilmirlər.
73. Xüsusi rütbədə qulluq müddəti həmin xüsusi rütbənin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır.
74. Miqrasiya orqanları işçilərinə növbəti xüsusi rütbənin verilməsi əsassız gecikdirildikdə onun növbəti xüsusi rütbə alması üçün qulluq müddəti əvvəlki xüsusi rütbədə qulluq müddətinin bitdiyi vaxtdan başlanaraq hesablanır.
75. Miqrasiya orqanları işçilərinin intizam tənbehi qaydasında aşağı salınmış xüsusi rütbədə qulluq müddəti bərpa olunmuş xüsusi rütbədə olma müddətinə daxil edilmir.
76. Xüsusi rütbə işçiyə ömürlük verilir və yalnız qanunla müəyyən edilmiş qaydada o, xüsusi rütbədən məhrum oluna bilər.
77. Xüsusi rütbədən asılı olaraq, miqrasiya orqanları işçilərinin vəzifə maaşlarına müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarda əlavə haqq ödənilir.
VIII fəsil. Miqrasiya orqanları
işçilərinin hüquqi və sosial müdafiəsi və
maddi təminatı
78. Miqrasiya orqanlarının işçisi bu Əsasnamədə nəzərdə tutulmuş hallardan başqa vəzifə səlahiyyətlərinin icrasından kənarlaşdırıla, miqrasiya orqanlarından xaric edilə bilməz və onun qulluq keçməsinə xitam verilə bilməz. Qanunla səlahiyyət verilmiş şəxslərdən başqa miqrasiya orqanları işçisinin qanuni fəaliyyətinə məhdudiyyət qoyulması, təsir və müdaxilə edilməsi yolverilməzdir.
79. Miqrasiya orqanları işçilərinin həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına "Məhkəmə və hüquq- mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi sığorta edilir.
80. Miqrasiya orqanlarının işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla) və onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Miqrasiya orqanları işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara bir aylıq əməkhaqqı həcmində birdəfəlik müavinət verilir.
81. Miqrasiya orqanlarının işçiləri hər il məzuniyyətə çıxarkən, onlara iki aylıq əməkhaqqı həcmində müavinət ödənilir.
82. Xidməti vəzifələrinin icrası ilə əlaqədar həlak olmuş (vəfat etmiş) və ya qulluğun davam etdirilməsinə imkan verməyən xəstəliyə tutulmuş, xəsarət (yaralanma, travma, kontuziya) almış və əmlakına zərər vurulmuş miqrasiya orqanlarının işçilərinə və ya onların ailə üzvlərinə birdəfəlik müavinətin verilməsi və maddi zərərin ödənilməsi "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
83. Yaş həddinə çatanadək miqrasiya orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il qulluq etmiş işçilər pensiya hüququna malikdirlər və onların qulluq keçməsinə öz xahişləri ilə xitam verilə bilər.
84. Miqrasiya orqanlarında qulluq etmiş şəxslərin, miqrasiya orqanı işçilərinin və onların ailə üzvlərinin pensiya təminatı məsələləri "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
85. Miqrasiya orqanlarının işçilərinə və onların ailə üzvlərinə tibbi xidmətin göstərilməsi Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının tibb müəssisəsi tərəfindən həyata keçirilir.
86. Miqrasiya orqanları işçilərinin əməkhaqqı vəzifə maaşından, xüsusi rütbələrə, qulluq illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.
87. Miqrasiya orqanları işçilərinin vəzifə maaşının məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
88. Miqrasiya orqanlarının işçilərinə bu orqanlarda qulluq stajına görə dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi qaydalarına uyğun olaraq əlavə haqq verilir.
89. Əməyin ödənilməsi üçün nəzərdə tutulmuş vəsaitlər hüdudunda işçilərə qulluqda fərqləndiklərinə, xüsusi əhəmiyyətli işləri keyfiyyətlə yerinə yetirdiklərinə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən vəzifə maaşlarının 25 faizindən çox olmamaq şərti ilə əlavələr təyin edilə bilər.
90. Miqrasiya orqanlarının işçilərinə hər il onların aylıq əməkhaqqının ikiqat həcmində maddi yardım göstərilə bilər.
IX fəsil. Miqrasiya orqanları
işçilərinin həvəsləndirilməsi,
onların məsuliyyəti
91. Xidməti vəzifələrinin nümunəvi icrasına, uzunmüddətli qüsursuz fəaliyyətinə və digər xidmətlərinə görə miqrasiya orqanları işçisinə aşağıdakı həvəsləndirmə tədbirləri tətbiq oluna bilər:
91.1. təşəkkür;
91.2. pul mükafatı;
91.3. qiymətli hədiyyə ilə mükafatlandırma;
91.4. əvvəllər verilmiş intizam tənbehinin vaxtından əvvəl götürülməsi;
91.5. fəxri
fərman ilə təltif edilmə;
91.6. növbədənkənar
və ya vaxtından əvvəl xüsusi rütbə verilməsi;
91.7. digər
həvəsləndirmə vasitələri ilə
mükafatlandırma.
92. Miqrasiya orqanlarının
işçiləri xüsusi xidmətlərinə görə
qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının orden və medalları və fəxri
adları ilə təltif olunmaq üçün müvafiq
icra hakimiyyəti orqanının rəhbəri tərəfindən
təqdim oluna bilərlər.
93. Həvəsləndirmə
tədbirlərinin tətbiqi müvafiq icra hakimiyyəti
orqanının rəhbəri tərəfindən həyata
keçirilir.
94. Həvəsləndirmə
tədbiri əmrlə rəsmiləşdirilir və əmr
işçinin şəxsi işinə əlavə olunur. Əmr verildikdən sonra 3 gün ərzində həmin
şəxsə elan olunur.
95. Miqrasiya orqanlarının
işçisi bu Əsasnamənin 30-32-ci maddələrində
nəzərdə tutulmuş tələbləri pozduqda, habelə
"Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan
Respublikası Qanununun 5.1-ci maddəsi ilə müəyyən
edilmiş maliyyə xarakterli tələblərə əməl
etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində
göstərilən hüquqpozmaları törətdikdə
(onlar inzibati və ya cinayət məsuliyyəti
yaratmadıqda) onun barəsində aşağıdakı
intizam tənbehlərindən biri tətbiq oluna bilər:
95.1. irad
tutma;
95.2. töhmət;
95.3. şiddətli
töhmət;
95.4. tutduğu
vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq;
95.5. aşağı
vəzifəyə keçirmə;
95.6. xüsusi
rütbənin bir pillə aşağı salınması;
95.7. vəzifədən
azad etmə (bu halda miqrasiya orqanlarının işçisi
müvafiq icra hakimiyyəti orqanının əmri ilə sərəncamda
ola bilər və həmin müddət ərzində şəxsin
miqrasiya orqanlarından xaric edilməsinə əsaslar olmazsa o,
miqrasiya orqanlarında işə təyin edilir);
95.8. miqrasiya
orqanlarından xaric etmə;
95.9. qanunvericiliklə
müəyyən edilmiş hallarda və qaydada xüsusi
rütbədən məhrum edilməklə miqrasiya
orqanlarından xaric etmə.
96. Miqrasiya orqanlarının
işçisi intizam məsuliyyətinə cəlb edilərkən
onun xidməti və şəxsi keyfiyyətləri, törədilən
xətanın xarakteri, törədilməsi şəraiti və
digər hallar nəzərə alınır.
97. Xidməti intizamı
pozduğuna görə miqrasiya orqanları işçisinin
xüsusi rütbəsi (kiçik miqrasiya xidməti
qulluqçusu və ali xüsusi rütbələr
istisna olmaqla) bir pillə aşağı salına bilər.
98. Bu Əsasnamənin 95-ci
maddəsində göstərilmiş intizam tənbehlərindən
hər hansı biri tətbiq olunmadan, işçiyə
şifahi və ya yazılı qaydada xəbərdarlıq edilə
bilər. Xəbərdarlıq intizam tənbehi
sayılmır.
99. Bu Əsasnamənin 95.8-ci
maddəsində nəzərdə tutulmuş intizam tənbehi
vəzifələrin icrası zamanı kobud və ya mütəmadi
olaraq yol verilmiş pozuntulara və ya bu Əsasnamənin 31-ci
və 32-ci maddələrində nəzərdə tutulmuş
hərəkətlərə görə tətbiq edilə bilər.
100. Bu Əsasnamənin
95.9-cu maddəsində nəzərdə tutulmuş intizam tənbehi
cinayət törətdiyinə görə miqrasiya
orqanının işçisi barədə məhkəmənin
ittiham hökmü qanuni qüvvəyə mindikdə tətbiq
edilə bilər.
101. İntizam tənbehlərinin
tətbiqi müvafiq icra hakimiyyəti orqanının rəhbəri
tərəfindən həyata keçirilir.
102. Miqrasiya orqanları
işçisinin intizam məsuliyyətinə cəlb edilməsi
barədə müvafiq miqrasiya orqanının rəhbəri
öz səlahiyyəti daxilində vəsatət qaldıra bilər.
103. Bu Əsasnamənin 95-ci
maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə
əsaslar olduqda, miqrasiya orqanının rəhbəri tərəfindən
araşdırma aparılır, işçidən yazılı
izahat alınır. Zərurət olduqda miqrasiya
orqanının rəhbəri xidməti yoxlama təyin edir.
Xidməti yoxlamanın aparılması
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. İşçinin
izahat verməkdən imtina etməsi rəsmiləşdirilir və
bu, intizam tənbehinin tətbiq edilməsinə mane olmur.
104. Miqrasiya
orqanlarının işçisinə intizam tənbehi bu Əsasnamənin
95-ci maddəsində nəzərdə tutulmuş əsaslar
aşkar edildiyi gündən iki ay keçənədək
verilə bilər. Miqrasiya orqanları
işçisinin məzuniyyətdə, ezamiyyətdə
olduğu, əmək qabiliyyətini müvəqqəti
itirdiyi, habelə barəsində xidməti yoxlama və ya cinayət
işinin istintaqı aparıldığı vaxt həmin
müddətə daxil edilmir.
105. Bu Əsasnamənin 95-ci
maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə
əsas yaradan əmələ görə yalnız bir intizam tənbehi
verilə bilər.
106. Bu Əsasnamənin 95-ci
maddəsinə uyğun olaraq intizam tənbehinin tətbiqinə
əsas yaradan əməl törədildiyi gündən bir il keçdikdən sonra miqrasiya orqanları
işçisinə intizam tənbehi verilə bilməz.
107. İrad tutma, töhmət
və şiddətli töhmət intizam tənbehi verildiyi
gündən bir il müddətində
qüvvədə olur.
108. Bu Əsasnamənin 91-ci
maddəsində nəzərdə tutulmuş əsaslar olduqda,
miqrasiya orqanlarının işçisinə verilmiş
intizam tənbehi vaxtından əvvəl götürülə
bilər.
109. İntizam tənbehinin
verilməsi və vaxtından əvvəl götürülməsi
əmrlə rəsmiləşdirilir və miqrasiya orqanları
işçisinin şəxsi işinə əlavə olunur. Verilmiş əmr üç gün ərzində
işçiyə elan olunur və əmrin surəti imza
etdirilməklə ona təqdim edilir.
110. Miqrasiya
orqanlarının işçisi intizam tənbehi tətbiq
edilməsi barədə əmrdən qanunvericiliklə müəyyən
edilmiş qaydada yuxarı dövlət orqanına və ya məhkəməyə
şikayət verə bilər.
X fəsil. Miqrasiya orqanlarında qulluq keçməyə
xitam verilməsi
111. Aşağıdakı əsaslar
olduqda miqrasiya orqanları işçisinin qulluq keçməsinə
xitam verilir:
111.1. öz
arzusu ilə işdən çıxma barədə
yazılı ərizə verdikdə;
111.2. attestasiyanın
nəticələrinə görə tutduğu vəzifəyə
uyğun olmadıqda;
111.3. qanunvericilik
və ya yerli özünüidarəetmə orqanlarına
seçildikdə;
111.4. təşkilati-ştat
tədbirlərinin keçirilməsi ilə əlaqədar;
111.5. uzunmüddətli
(dörd aydan artıq) xəstəliklə əlaqədar vəzifəsinin
yerinə yetirilməsinin qeyri-mümkünlüyü barədə
tibbi-həkim komissiyasının rəyi olduqda;
111.6. bu Əsasnamənin
46-cı maddəsində nəzərdə tutulmuş halda;
111.7. fəaliyyət
qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti
məhkəmə tərəfindən təsdiq edildikdə;
111.8. bu Əsasnamədə
miqrasiya orqanlarının vəzifələrə namizədlər
üçün müəyyən edilmiş tələblərə
uyğun gəlmədiyi aşkar olduqda;
111.9. bu Əsasnamənin
12-ci maddəsində göstərilən hal aşkar edildikdə;
111.10. qulluqda
olmanın son yaş həddinə çatdıqda;
111.11. miqrasiya
orqanlarından xaric edildikdə;
111.12. qanunla
nəzərdə tutulmuş digər hallarda.
112. Bu Əsasnamənin
111.2-ci, 111.4-cü və 111.5-ci maddələrində nəzərdə
tutulmuş əsaslara görə işçinin miqrasiya
orqanlarında digər vəzifəyə keçirilməsi
qeyri-mümkün olduqda və ya işçi digər vəzifəyə
keçirilmədən imtina etdikdə qulluq keçməyə
xitam verilir.
113. Miqrasiya orqanları
işçisinin qulluq keçməsinə xitam verilməsi
müvafiq icra hakimiyyəti orqanının rəhbərinin əmri
ilə rəsmiləşdirilir.
114. Miqrasiya
orqanlarının işçisi əmək qabiliyyətini
müvəqqəti itirdiyi dövrdə (bu Əsasnamənin
111.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna
olmaqla), habelə məzuniyyətdə və ya ezamiyyətdə
olduğu vaxt ərzində müvafiq icra hakimiyyəti
orqanı rəhbərinin təşəbbüsü ilə
onun qulluq keçməsinə xitam verilə bilməz.
XI fəsil. Miqrasiya orqanları işçisinin xüsusi rütbəsinin,
vəzifəyə və miqrasiya orqanlarına bərpa edilməsi
115. Miqrasiya orqanları
işçisinin xüsusi rütbəsinin, vəzifəyə
və miqrasiya orqanlarına bərpa edilməsi ilə əlaqədar
məsələlərə müvafiq icra hakimiyyəti
orqanı, qanunvericilikdə nəzərdə tutulmuş hallarda
isə məhkəmə tərəfindən baxılır.
116. Miqrasiya orqanları
işçisinin xüsusi rütbəsinin, vəzifəyə
və miqrasiya orqanlarına bərpa edilməsinin əsasları
aşağıdakılardır:
116.1. xidməti
yoxlamanın nəticəsinə dair müsbət rəy;
116.2. məhkəmənin
qərarı.
117. Miqrasiya orqanlarına bərpa
olunmuş şəxs əvvəllər tutduğu vəzifəyə,
yaxud bərabər vəzifəyə təyin edilir.
Azərbaycan.- 2009.- 29 dekabr.- S. 12.