Bakı Metropoliteninin "Azadlıq prospekti" stansiyasının açılışı olmuşdur

 

 Dekabrın 30-da Bakının 8-ci mikrorayonu ərazisində Bakı Metropoliteninin yeni "Azadlıq prospekti" stansiyasının açılışı olmuşdur.

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir.

Baş nazirin müavini Abid Şərifov və Bakı Metropoliteninin rəisi Tağı Əhmədov dövlətimizin başçısına məlumat verdilər ki, son illərdə paytaxtın yol-nəqliyyat kompleksinin təkmilləşdirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu baxımdan Bakı Metropoliteni stansiyalarının şəbəkəsinin genişləndirilməsi və mövcud stansiyaların yenidən qurulması mühüm əhəmiyyətə malikdir. Artıq istismara hazır olan "Azadlıq prospekti" stansiyası Azərbaycanın müstəqilliyi dövründə Bakı metrosunda istismara verilən ikinci stansiyadır. Hazırda 22 stansiya istismardadır.

Prezident İlham Əliyevə məlumat verildi ki, bu stansiyanı elektrik enerjisi ilə təmin etmək üçün yeni yarımstansiya inşa edilmişdir. Bakıda nəqliyyatın hərəkətinin sıxlığının tənzimlənməsində yeni stansiya böyük rol oynayacaq, tıxac probleminin aradan qaldırılmasını və sərnişinlərin mənzil başına rahat gediş-gəlişini təmin edəcəkdir.

Qeyd olundu ki, "Azadlıq prospekti " stansiyası metropolitenin tikintisinin üçüncü növbəsinin şimal hissəsinə aid olan sayca ikinci stansiyadır. "Azadlıq prospekti" stansiyası 14 metr dərinlikdə yerləşir və ilk dəfə olaraq burada sütunsuz tağvarı platforma yaradılmışdır. Bu stansiyanın memarları Elbəy Qasımzadə, Maqsud Məmmədov və Zaur Qurbanəliyevdir. Stansiyanın ətrafında abadlıq və yaşıllaşdırma işləri görülmüş, böyük bir ərazidə park kompleksi salınmış, burada çoxlu dekorativ ağac və bəzək kolu əkilmiş, fəvvarələr quraşdırılmışdır.

Dövlətimizin başçısı "Azadlıq prospekti" stansiyası ilə tanış oldu.

 Müasir üslubda inşa olunmuş stansiya estetik görünüşü ilə diqqəti cəlb edir. Stansiyadakı pannolarda respublikamızın nadir memarlıq abidələri əksini tapmışdır. Obyektdə müasirliyə və milli memarlıq ənənələrinə xüsusi diqqət yetirilmişdir.

Prezident İlham Əliyevə gediş kartlarının avtomatik yüklənməsi aparatları və vestibüllərdə ilk dəfə quraşdırılmış sensorlu interaktiv sorğu köşkləri barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, displeydə Azərbaycan, ingilis və rus dillərindən birini seçdikdən sonra sərnişin yola sərf edəcəyi vaxt, keçid stansiyası, gedəcəyi stansiyanın ətrafındakı obyektlər barədə ətraflı məlumat alacaqdır.

 Dövlətimizin başçısına metropoliten xətlərinin mövcud sxemi, üçüncü növbənin şimal sahəsi və perspektiv inkişaf planları barəsində ətraflı məlumat verildi.

"Azərtunelmetrotikinti" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Şaiq Əfəndiyev rəhbərlik etdiyi qurumun bu yaxınlarda qeyd edilmiş yubileyi ilə əlaqədar dövlət mükafatlarına layiq görülmüş kollektivin üzvləri, inşaatçılar və metropolitenin əməkdaşları adından metropolitenin inkişafına göstərdiyi hərtərəfli qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirdi.

Prezident İlham ƏLİYEV Bakı Metropoliteninin işçilərini və inşaatçıları təbrik edərək dedi:

- Sizi yeni "Azadlıq prospekti" stansiyasının açılışı münasibətilə təbrik edirəm. Bu, böyük, çox əlamətdar hadisədir. Artıq hər il Bakıda yeni metro stansiyası istifadəyə verilir. Keçən il "Nəsimi" stansiyasının açılışında iştirak etmişdik. Bu ilin sonunda, bayramlar ərəfəsində "Azadlıq prospekti" stansiyası istifadəyə verilir. Çox gözəl stansiyadır, insanlara rahatlıq verəcəkdir.

Beləliklə, Azərbaycan metro tikintisi proqramını uğurla icra edir. Proqram uzunmüddətlidir. Artıq, - bu sxemdə göstərilir, - növbəti illərdə bir neçə istiqamətdə yeni stansiyaların tikintisi nəzərdə tutulur. Beləliklə, şəhərimizin bütün yerlərində rahat nəqliyyat vasitəsi olan metro istismara veriləcəkdir.

Metro ən rahat, ən ucuz nəqliyyat vasitəsidir. Elə etməliyik ki, köhnə stansiyaları da bərpa etməklə, orada yenidənqurma işlərini sürətlə aparmaqla yeni stansiyaların tikintisinə nail olaq. Məqsəd də ondan ibarətdir ki, orta hesabla hər il yeni stansiya istismara verilsin. Yaxud da ki, iki ildə iki stansiya, beş ildə beş stansiya.

Amma bu temp saxlanılmalıdır. Bunun üçün bizdə güclü texniki potensial vardır. Çox sevindirici hal odur ki, biz bütün bu işləri öz gücümüzə edirik. Metrotikinti İdarəsi bu işlərdə çox fəaldır. Metro tikintisi çox mürəkkəb bir prosesdir. Siz bunu hamıdan yaxşı bilirsiniz. Bu gün Azərbaycan o səviyyədədir ki, biz bunu öz gücümüzə edə bilirik. Texniki imkanlarımız, peşəkar şirkətlər, mühəndislər, memarlar var, maliyyə imkanlarımız da vardır. Gələn ilin investisiya proqramında metro tikintisinə mütləq çox böyük məbləğdə vəsait ayrılacaqdır və ondan sonrakı illərdə də. Çünki bu bizim üçün prioritet məsələdir.

Siyasi iradə, Prezidentin dəstəyi vardır. Ən önəmlisi biz xalqın dəstəyi və iradəsi ilə bu işləri görürük. Bakı sakinləri üçün rahat nəqliyyat vasitəsinin genişləndirilməsi işində öz əməyimizi qoyuruq. Bütövlükdə Bakının nəqliyyat sistemi yeniləşir, yeni, müasir avtobuslar alınır, intellektual idarəetmə sistemi yaradılır. O da dünyanın ən yüksək standartlarına cavab verəcəkdir. Bütün bunları nəzərə alıb, biz gərək metro tikintisinə mütləq daha da böyük dəstək verək. Bu işlər daha da sürətlə, keyfiyyətlə, böyük zövqlə aparılmalıdır. Bütün stansiyalar, eyni zamanda, memarlıq baxımından da çox gözəl olmalıdır.

Mənə verilən məlumata görə, "Azadlıq prospekti" stansiyası çox gözəl, zövqlə tikilib. İndi gedib baxacağam. Stansiyanın giriş hissəsi müasir və gözəldir. Biz köhnə, vaxtilə tikilmiş stansiyaların da memarlığına bir daha yenidən baxmalıyıq. Həm onların giriş hissələri, eyni zamanda, eskalatorlar yeniləşməlidir, yeni vaqonlar alınmalıdır. İndi müxtəlif ölkələrdə istehsal olunan vaqonlar vardır, yəni onlar müasirliyi ilə fərqlənir. Biz gərək baxaq, Azərbaycana - Bakıya ən qabaqcıl texnologiyaları, ən qabaqcıl məhsulları gətirək ki, həm rahat, həm də gözəl olsun.

Sizi bu gözəl hadisə münasibətilə bir daha təbrik edirəm. Qarşıdan gələn bayramlar münasibətilə təbrik edirəm. Yeni ildə yeni uğurlar arzulayıram.

 

***

 

 Prezident İlham Əliyev inşaatçılar və metropolitenin işçiləri ilə xatirə şəkli çəkdirdi.

Sonra dövlətimizin başçısı "Azadlıq prospekti" stansiyasının rəmzi açılışını bildirən qırmızı lenti kəsdi.

Prezident İlham Əliyevə məlumat verildi ki, ilk dəfə bu stansiyada Almaniya istehsalı olan üç eskalator quraşdırılmışdır. Stansiya kompleksinin ümumi uzunluğu 300 metrə yaxındır. "Azadlıq prospekti" stansiyasında məlumatların yerləşdirilməsi üçün mərkəzləşdirilmiş sistem quraşdırılmışdır. Metropolitenin şimal sahəsinin üçüncü növbəsinin elektrik təchizatı perspektivdə nəzərdə tutulan 40 cüt 5 vaqonlu qatarın hərəkətinin təmin edilməsinə hesablanmışdır. Əsas zalın ümumi həcminə uyğun olaraq burada irimiqyaslı ornament və dekorasiya elementləri tətbiq edilmişdir.

Stansiyada milli memarlıq elementlərindən məharətlə istifadə olunmuş, platformadakı oturacaqlar davamlı materiallardan hazırlanmışdır. Stansiyanın işıqlandırma, mühafizə və təhlükəsizlik sistemləri də yüksək standartlara cavab verir.

Dövlətimizin başçısına məlumat verildi ki, metropolitendə ilk dəfə bu stansiyanın rabitə sistemində yeniliklər tətbiq edilmişdir. Qovşaqsız rels dövrələri hesabına rabitə avadanlığının sayı xeyli azaldılmış, həcmcə kiçik ölçülü avadanlıqdan istifadə edilmişdir. Yeni qurğular nasazlıqları dərhal müəyyənləşdirməyə və aradan qaldırmağa imkan verir. Qatarların hərəkətinin təşkili və təhlükəsizliyini təmin edən avadanlıq da yeni texnologiyalara əsaslanır və mükəmməlliyi ilə seçilir.

Metronun "Azadlıq prospekti" stansiyasından Süleyman Sani Axundov küçəsinə və Azadlıq prospektinə 4 çıxış vardır. Bildirildi ki, 2002-2009-cu illərdə Bakı Metropoliteninə 151 yeni vaqon alınmışdır. Hazırda metronun daha üç stansiyasının inşası davam etdirilir. Metronun 20 illik inkişaf planına əsasən inşaat və yenidənqurma işləri növbəti illərdə də davam etdiriləcək, mövcud stansiyaların sayı 70-ə çatdırılacaqdır.

"Azadlıq prospekti" stansiyası ilə yaxından tanış olan Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.

 

***

 

Dövlətimizin başçısı Binəqədi rayon ictimaiyyətinin nümayəndələri ilə də görüşüb söhbət etdi.

Müəllimə Yaqut SADIQOVA Binəqədi rayonu sakinləri adından Prezident İlham Əliyevə dərin minnətdarlığını çatdıraraq dedi:

- Xoş gəlmisiniz. Bütün binəqədililər, o cümlədən ümumiyyətlə, bütün azərbaycanlılar Sizə öz dərin minnətdarlığını bildirirlər. Ona görə ki, Sizin rəhbərliyinizlə Azərbaycanımız artıq inkişaf etmiş dövlətlərlə bir cərgədə addımlayır. Son illərdə Binəqədi rayonunda strateji əhəmiyyəti olan obyektlərin açılması, belə parkların salınması xalqımızın rifahına xidmət edir. Dünənki fərmanınızı xüsusilə qeyd etmək istəyirəm, cənab Prezident. Qaz borclarının silinməsi ilə bağlı fərmanınız hamının ürəyincədir.

Cənab Prezident, yeri gəlmişkən biz vətənimizin çiçəklənməsi üçün Azərbaycanın birinci xanımı, hamımızın idealı olan Mehriban xanımın gördüyü işləri dəstəkləyirik, sevinirik və Sizinlə fəxr edirik. Sizi ad gününüz, 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik. Azərbaycan böyük bir ailədir, başçısı Sizsiniz, qoy bu il Sizə uğurlar gətirsin. Tanrı Sizə yar olsun!

 

***

 

Prezident İlham ƏLİYEV təbrikə görə minnətdarlıq edərək dedi:

 - Çox sağ olun. Mən də sizi qarşıdan gələn bayramlar münasibətilə təbrik etmək istəyirəm. Sizə cansağlığı, yeni ildə uğurlar arzulayıram. Əminəm ki, yeni ildə də Azərbaycan sürətlə inkişaf edəcək, qarşıda duran bütün vəzifələr icra olunur. Bu gün də gözəl hadisədir, biz metronun yeni stansiyasının açılışında iştirak edirik. Bu, insanlara rahatlıq verəcək, həm də gözəllik nümunəsidir. Yeni tikilən stansiya ən gözəl zövqə uyğundur.

Bütün Azərbaycanda, bütün ölkəmizdə belə gözəl quruculuq işləri aparılır. Hər yerdə tikinti, quruculuq aparılır, yeni müəssisələr, xəstəxanalar, zavodlar, fabriklər, məktəblər, idman ocaqları istifadəyə verilir. Baxmayaraq ki, 2009-cu il bütün dünya üçün çox ağır il olmuşdur, sınaq ili olmuşdur, Azərbaycan bütün sınaqlardan həmişə olduğu kimi şərəflə çıxdı. 2009-cu ildə iqtisadiyyatımız artdı. Sosial məsələlər öz həllini tapdı. Sənaye istehsalı artdı. İl ərzində çoxsaylı sənaye obyektləri tikildi, yaxud da ki, onların təməli qoyuldu. Yəni bu onu göstərir ki, ölkəmiz öz hesabına uğurla yaşaya bilər. Hətta dünya üçün ən ağır il olan 2009-cu ildə də biz uğurla inkişaf etdik, qarşıda duran bütün vəzifələri icra etdik. Güclü sosial siyasət apardıq. Siz qeyd etdiniz ki, qaz borclarının silinməsi sizin ürəyinizcə oldu. Çünki çox güman ki, sizin borcunuz var idi. Amma mən istədim ki, 2010-cu ildə bu borclar sizə əlavə əziyyət verməsin. Amma çalışın ki, daha bundan sonra bu borclar yaranmasın.

SAKİN: Binalarımızı çox gözəl təmir etdirmisiniz. Çox sağ olun, Sizə çox minnətdarıq. Çox gözəldir.

Prezident İlham ƏLİYEV: Bəli, binalar da təmir olunur. Parklar da salınır, yeni binalar da tikilir.

SAKİN: Bizim uşaqlar burada çox yaxşı istirahət edəcəklər. Biz Sizə çox minnətdarıq. Allah canınızı sağ etsin.

Prezident İlham ƏLİYEV: Əlbəttə, gəzinti üçün gözəl imkanlar vardır. Bütün ölkəmiz, o cümlədən şəhərimiz gözəlləşir. Görürsünüz Bakı necə gözəl olub?! Həm yollar, həm körpülər, tunellər, metro stansiyaları, tarixi binaların bərpası. Biz bütün tarixi binaları bərpa edirik, özü də onların əsl simasını qaytarırıq. Bakı tarixi simasını saxlamalıdır. İçərişəhərdə təmir gedir, sonra bulvar, bütün tarixi binalar yeniləşir. İndi Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilibdir. Bu həqiqətdir.

Azərbaycan xalqı ildən-ilə daha da yaxşı yaşayır. Əsas vəzifə odur ki, Azərbaycan xalqı yaxşı yaşasın. Bütün yerlərdə, bütün bölgələrdə, ən ucqar kəndlərdə insanların yaxşı yaşaması üçün bütün şərait yaradılmalıdır. Çalışırıq bunu edək və əminəm ki, bundan sonrakı illərdə də bütün planlarımız yerinə yetiriləcəkdir. Azərbaycan bundan sonra da uzun illər, onilliklər, əsrlər boyu uğurla inkişaf edəcəkdir.

 

***

 

Binəqədi sakinləri ölkədə sürətli sosial-iqtisadi inkişafa, silsilə infrastruktur layihələrin icrasına görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirdilər. Qeyd olundu ki, Binəqədi rayonunda da belə layihələr həyata keçirilir, yeni yollar, keçidlər inşa olunur. Bu da rayon sakinlərinin rahatlığına xidmət edir.

SAKİN: Nailiyyətlər göz qabağındadır. Hamımız görürük, həyat yolu keçmişik: əvvəllər necə idi, indi necədir. Hamısını bilirik. Biz bilirik ki, Sizin bölgələrə səfərləriniz toy-bayram kimi qarşılanır. Niyə? Ona görə ki, Sizin gözəl siyasətiniz, respublikamızın inkişafı nəinki bölgədə, bütün dünyada Azərbaycana nüfuz qazandırır. Son illərdə Siz onuncu dəfədir ki, bizim qədim rayonumuza gəlmisiniz. Hər tövsiyəniz bizim üçün böyük sevincə səbəb olur və onu yerinə yetiririk.

Maşallah, cavansınız, qamətlisiniz, dəyanətlisiniz, bacarıqlısınız, uzaqgörənsiniz, dahi Heydər Əliyevin davamçısısınız. Ona görə biz Sizə minnətdarlığımızı bildiririk. Bircə ürək ağrımız Qarabağdır. Əminəm ki, bu məsələ də Sizin rəhbərliyinizlə həll olunacaqdır.

Prezident İlham ƏLİYEV: Çalışırıq ki, tezliklə həll olunsun.

SAKİN: Bilirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Mən şübhə etmirəm ki, məsələ öz həllini tapacaqdır. Çünki haqq-ədalət öz yerini tutacaqdır. Məsələ ondadır ki, bu, tezliklə olsun, insanlarımız tezliklə öz doğma torpaqlarına qayıtsınlar. Ermənilər tərəfindən dağıdılmış şəhərləri tezliklə bərpa edək. Buna bizim gücümüz də, iradəmiz də çatar. Sadəcə olaraq vaxt keçir və biz çalışırıq ki, məsələ öz həllini sülh yolu ilə tapsın. Məsələ ancaq bizim istədiyimiz kimi, yəni ədalətli, beynəlxalq hüquq normalarına tam uyğun şəkildə öz həllini tapmalıdır. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Yəni bu, birmənalıdır. Biz haqlıyıq və bu haqq-ədaləti gec ya tez bərpa edəcəyik. Mən çalışıram ki, bu, sülh yolu ilə və tez həll olunsun. Amma bununla bərabər biz güclənirik. Bu da heç kimə sirr deyildir ki, indi Azərbaycan bütün məsələləri həll etməyə qadirdir. Biz iqtisadi sahədə, sənaye sahəsində, bütün başqa sahələrdə böyük uğurlara nail ola bilmişik. O cümlədən Azərbaycan son illər ərzində ordu quruculuğu prosesində böyük bir yol keçmişdir. Biz artıq güclü müdafiə sənayesinə malikik. Sıfırdan başlamışıq. Dörd il ərzində artıq çoxsaylı zavodlarımız vardır və hərbi məhsullar istehsal edirik. Xaricdən çoxlu silah-sursat alınır, buna məbləğlər ayrılır. Biz istənilən anda öz torpaqlarımızı hərbi yolla da azad edə bilərik. Bu gün bu güc vardır. Getdikcə bu, daha da artacaqdır.

Vaxtilə torpaqlarımızı işğal edən Ermənistanda indi iqtisadi durum çox acınacaqlıdır və orada iqtisadi perspektivlər, demək olar ki, yoxdur. Ölkə xarici ianələr hesabına yaşayır, borc içindədir. Nə vaxtadək onlar borc içində yaşayacaqlar?! Beləliklə, orada yaranan vəziyyət ona gətirib çıxarır ki, ümumiyyətlə, onlar bizimlə rəqabət aparmaq iqtidarında deyillər. Vaxt keçdikcə aramızda olan bu uçurum daha da dərinləşəcəkdir. Vaxt bizə işləyir. Düzdür, bizim insanlarımız əziyyət içində yaşayırlar. Halbuki biz onların da yaşayış səviyyəsini yaxşılaşdırırıq. Çadır şəhərciklərini ləğv etdik, yeni qəsəbələr salınır, o cümlədən Bakı şəhərində yeni binalar tikilir. Yəni biz bu sosial problemin müəyyən hissəsini aradan qaldırdıq. Ancaq əlbəttə ki, onlar əziyyət içindədirlər. Lakin buna baxmayaraq, yəni məsələnin həlli istiqamətində gedən proseslər onu göstərir ki, həm vaxt bizə işləyir, həm beynəlxalq hüquq bizi dəstəkləyir, eyni zamanda, artıq müzakirə olunan məsələ Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini təmin edir. Bir şey qalır ki, Ermənistan bunu tezliklə anlasın və tezliklə torpaqlarımızdan öz xoşu ilə çıxsın. Bundan sonra biz işğal edilmiş bütün bölgələri bərpa edəcəyik. Necə ki, bu gün bütün bölgələrdə quruculuq işləri aparılır. Bakının özündə, bütün şəhər və rayonlarımızda magistral yollar, şəhərlərarası yollar yenidən qurulur, elektrik stansiyaları tikilir, qaz xətləri, su xətləri çəkilir, bütün sosial infrastruktur yenilənir. Bizim imkanımız vardır və bu imkanları biz özümüz yaratmışıq. Heç kimdən nə borc, nə bir hədiyyə almışıq. Azərbaycan müstəqilliyinin ilk illərindən həmişə o böyük yardımlardan məhrum olunmuşdur. Bu gün də belədir. Baxın, indi beynəlxalq müstəvidə bəzi ölkələr var ki, qonşularımıza bizdən qat-qat çox yardım edirlər. Bir çox hallarda təmənnasız yardım edirlər. Amma bizə gəldikdə, lazım olan vaxtlarda bizə qonşularımızdan bir neçə dəfə az kömək edirdilər. Amma bu gün, necə deyərlər, öz gücümüzə yaradılmış vəziyyət belədir ki, bizə artıq xarici yardım lazım deyildir. Lazım gələrsə özümüz yardım göstərə bilərik. Biz o ölkələrdənik ki, öz gücümüzə arxalanırıq, öz hesabımıza yaşayırıq. Azərbaycan xalqının iradəsi ilə Azərbaycan idarə edilir. Mənim də borcumdur ki, necə deyərlər, həmişə xalqla bir yerdə olum. Siz dediniz ki, Binəqədidə 10 dəfə olmuşam. Bəlkə də başqa yerlərdə ondan da çox olmuşam.

 SAKİN: Ondan da çox olmusunuz.

Prezident İlham ƏLİYEV: Ola bilər. Mən saymıram.

SAKİN: Demək istəyir ki, burada çox-çox açılışlar olub, böyük-böyük işlər görülüb...

Prezident İlham ƏLİYEV: Bəli, arzu edirəm ki, növbəti illərdə də burada ən azı on dəfə olum. Ona görə ki, burada hər dəfə nə isə açılır, açılışlar olur, yeni tədbirlər görülür. Məsələn, Binəqədi kəndinə iki il bundan əvvəl yeni yol çəkilmişdir. İndi başqa kəndləri də birləşdirən yollar salınır. Oradan biz Sumqayıt yoluna çıxmalıyıq.

İndi metro tikintisinin uzunmüddətli planı vardır. Bu gün bir daha mənə məruzə edildi ki, növbəti 10-15 il ərzində şəhərimizin bütün yerlərində yeni stansiyalar tikiləcəkdir. Neçə stansiyanın tikintisi nəzərdə tutulur?

Tağı ƏHMƏDOV: 70 stansiyanın. Bununla birlikdə 22 stansiya var, 48 stansiya da inşa olunacaqdır.

Prezident İlham ƏLİYEV: Metro tikintisi çox mürəkkəb bir prosesdir və çoxlu maliyyə tələb edir.

SAKİN: Binəqədi rayonunda bir metro stansiyası da açılacaqdır - "Müşfiq".

Prezident İlham ƏLİYEV: Deməli, bir ildən sonra yenə görüşəcəyik.

SAKİNLƏR: Allah qoysa. İnşallah. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

 

***

 

Binəqədi rayonu ictimaiyyətinin nümayəndələri dövlətimizin başçısına bir daha minnətdarlıq etdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.- 31 dekabr.- S. 1, 2.