Təbii qazdan istifadəyə görə əhalinin borcları silindi

 

Yüksək inkişaf səviyyəsində olan iqtisadiyyatın ortaya qoyduğu nəticələr cəmiyyətin sosial ehtiyaclarının təmininə yönəlməyibsə, onda o, özünəqaralı bir sistem kimi qalır. Burada əsas məsələ iqtisadi sahədə əldə olunan gəlirlərin effektiv şəkildə sosial sahəyə yönəldilməsi ilə bağlıdır. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən sosial siyasət məhz bu məqsədə xidmət etmişdir. Bu siyasət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Müasir tələblərə cavab verən infrastruktur yaratmadan sahibkarlığın, turizmin, qeyri-neft sektorunun inkişafından, mədəni-intellektual səviyyədən danışmaq qeyri-mümkündür. Dövlət investisiyaları hesabına əhəmiyyətli infrastruktur, kommunal və sosial obyektlərin inşası və yenidən qurulması da məhz qeyd olunan məqsədlərin gerçəkləşdirilməsi baxımından vacibdir. Azərbaycanın hər bir vətəndaşının normal yaşayışı üçün kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, zəruri infrastruktur layihələrinin gerçəkləşdirilməsi, ilk növbədə, əhalinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatı, yolların bərpası və yenidən çəkilişi, zəruri abadlıq işlərinin aparılması dövlətin əsas vəzifələrindən sayılır. Bütün bunlar isə nəticə etibarilə Azərbaycan insanının mədəni-intellektual səviyyəsinin yüksəlişinə, mənəvi-əxlaqi dəyərlərin cəmiyyətdə əsas meyara çevrilməsinə xidmət edir.

Son bir ildə Bakıya Oğuz-Qəbələ zonasından su kəmərinin çəkilişi davam etdirilmiş, paytaxtda yeni körpülər, yolötürücülər, piyada keçidləri istifadəyə verilmiş, respublika əhəmiyyətli yollarda əsaslı yenidənqurma işləri aparılmış, paytaxtda və regionlarda yeni təhsil, səhiyyə, mədəniyyət, olimpiya-idman kompleksləri istifadəyə verilmişdir. Bu müddətdə ölkə əhalisinin elektrik enerjisi, təbii qaz, su ilə təchizatı sahəsində mühüm tədbirlər həyata keçirilmiş, infrastrukturun yenidən qurlmasında ciddi irəliləyişlər baş vermişdir. Ölkənin regionlarında istismarda olan elektrik stansiyalarında yenidənqurma işləri həyata keçirilmiş, yeni modul tipli elektrik stansiyaları quraşdırılmışdır. Bu istiqamətdə işlər ardıcıl olaraq davam etdirilir.

Son illər əhalinin təbii qaza olan tələbatının təmin edilməsi istiqamətində vacib tədbirlərin həyata keçirilməsi, qaz infrastrukturunun yenidən qurulmasında xeyli irəliləyişlərin baş verməsi, əvvəllər təbii qazla təchiz olunmayan şəhər və rayonlara qaz kəmərlərinin çəkilməsi, əhaliyə verilən təbii qazın dəyərinin tam həcmdə ödənilməsini təşkil etmək məqsədi ilə sayğaclaşma işlərinin əsasən başa çatdırılması əhali tərəfindən təbii qazın dəyərinin ödənilməsinə şərait yaratmışdır. Qeyd edək ki, sayğaclaşdırma başa çatan dövrədək, yəni 2000-2009-cu illərdə təbii qazın istifadəsinə görə iri miqdarda borclar yığılmış, əhalinin bir qismi bu borcları ödəməkdə çətinlik çəkmişdir.

Prezident İlham Əliyevin 29 dekabr 2009-cu il tarixli "Əhalinin təbii qazdan istifadəsi üzrə yaranmış borclarının silinməsi tədbirləri barədə" sərəncamı ilə istehlak edilmiş təbii qaza görə əhalinin 1 oktyabr 2009-cu il tarixinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azəriqaz" İstehsalat Birliyinə yaranmış 327,0 milyon manat məbləğində borcları silinmişdir. Əlbəttə ki, təbii qaza görə borcların silinməsi əhalinin sosial müdafiəsini gücləndirmək və istehlak edilmiş təbii qazın dəyərinin ödənilməsində yaranmış vəziyyəti tənzimləmək məqsədi daşıyır.

Ölkə başçısı tərəfindən imzalanan sərəncam əhalinin kommunal xidmətlərə görə ödəniş sahəsinə yenilik gətirərək onun müasir standartlara uyğun tənzimlənməsini nəzərdə tutur. Belə ki, əhali istehlak etdiyi təbii qazın pulunu vaxtlı-vaxtında və tam həcmdə ödəyir, dövlət isə əhalinin fasiləsiz olaraq keyfiyyətli təbii qazla təchizatı sahəsində üzərinə düşən vəzifələri yerinə yetirir.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə dövlət tərəfindən görülən işlərin miqyası ildən-ilə artır. Təsadüfi deyil ki, dövlət büdcəsində sosialyönümlü xərclər daim artırılır. Ümumilikdə, 2009-ci ilin dövlət büdcəsindən əhalinin sosial müdafiəsinə yönəldilmiş xərclərin məbləği 2003-cü illə müqayisədə 6 dəfə çox olmuşdur. 2008-ci ildə bu və digər sosial məqsədlər üçün ayrılmış vəsaitlər 2 milyard 312 milyon manat təşkil etmiş, bu da 2007-ci illə müqayisədə 38,4 faiz və ya 642 milyon manat çox olmuşdur. Qlobal böhranla müşayiət olunan 2009-cu ilin dövlət büdcəsində bütövlükdə sosialyönümlü xərclərin xüsusi çəkisi 33 faiz, yaxud 4 milyard 24 milyon manat təşkil etmişdir. 2010-cu ilin ali maliyyə sənədində isə yalnız sosial müdafiə və sosial təminat xərcləri üçün 1 milyard 192,3 milyon manat vəsait nəzərdə tutulmuşdur. Büdcə xərclərinin əsas prioritetləri xərclərin sosial və investisiya yönümlüyünün təmin edilməsindən, dövlətin müdafiə qabiliyyətini gücləndirmək üçün tələb olunan maliyyə ehtiyatlarının yaradılmasından, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların, xarici borc və öhdəliklərin maliyyə təminatından və digər tədbirlərdən ibarət olacaqdır. Gələn il də dövlət büdcəsi strukturunun və icrası prosesinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın və ünvanlılığın təmin edilməsi istiqamətində tədbirlər davam etdiriləcəkdir.

Ölkə başçısı tərəfindən uğurla davam etdirilən sosial siyasət strategiyası əhalinin rifah halının daha da yüksəlməsinə gətirib çıxarmışdır. Hər bir ölkə vətəndaşının mənafeyinə xidmət edən bu siyasi kursun alternativi yoxdur.

 

 

Azərbaycan.- 2009.- 31 dekabr.- S. 3.