Mədəniyyət və Turizm
Nazirliyində geniş kollegiya iclası keçirilmişdir
Dekabrın 29-da M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin 2009-cu ilin yekunlarına həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir.
Nazir Əbülfəs Qarayev hesabat məruzəsində vurğulamışdır ki, İslam Konfransı Təşkilatının üzvü olan dövlətlərin mədəniyyət nazirlərinin 2007-ci il noyabrın 21-dən 23-dək Liviyanın Tripoli şəhərində "İslam dünyasında mədəniyyət siyasətləri: keçmişə əsaslanaraq gələcəyin formalaşdırılması" mövzusunda keçirilmiş V konfransının qərarı ilə Bakı şəhəri 2009-cu ildə "islam mədəniyyətinin paytaxtı" elan edilmişdir.
"Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ilinin təntənəli açılış mərasimində Avropa və islam ölkələrinin mədəniyyət nazirləri, İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və digər şəxslər iştirak etmişlər. Mədəniyyət ili çərçivəsində ölkəmizdə ümumilikdə 500-dən çox tədbir keçirilmişdir. Bu tədbirlər sırasında Azərbaycana həsr olunmuş sənədli filmin nümayişi, "Qədim Bakı" kitabının təqdimatı, Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsertlər, Beynəlxalq muğam festivalı və digər tədbirlər mühüm yer tutur. "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" internet saytının açılışı isə bu möhtəşəm tədbirlərin bütün dünyaya çatdırılmasına xidmət etmişdir.
Mədəniyyət və turizm naziri demişdir ki, paytaxtımızın belə yüksək adı daşımasına Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın elmə, təhsilə, mədəniyyətə göstərdiyi qayğı və diqqət sayəsində nail olmuşuq.
Bildirilmişdir ki, "Bakı İslam mədəniyyətinin paytaxtı-2009" mədəniyyət ili çərçivəsində keçirilmiş silsilə tədbirlər bir daha Azərbaycanı bütün dünyada tanıtmışdır. İslam ölkələrinin yaxından iştirak etdikləri bu tədbirlər İSESKO tərəfindən də yüksək qiymətləndirilmişdir.
Cari ildə Azərbaycanda doqquz ölkənin mədəniyyət günlərinin təşkil edildiyini diqqətə çatdıran nazir vurğulamışdır ki, dünyanın bir çox dövlətlərində Azərbaycan mədəniyyətinin, incəsənətinin təbliği ilə bağlı layihələr həyata keçirilmişdir.
Cari ilin mədəni uğurlarından danışılarkən diqqətə çatdırılmışdır ki, YUNESKO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə komitəsinin Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilmiş 4-cü sessiyasında ölkəmizin qeyri-maddi mədəni irsinin parlaq nümunələrindən ikisi - Azərbaycan aşıq sənəti və Novruz bayramı YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsi siyahısına daxil edilmişdir.
Nazir xüsusi vurğulamışdır ki, hazırda Bakı şəhərinə "Dialoq paytaxtı" statusu verilməsi üzərində intensiv iş gedir.
Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin VI konfransının əhəmiyyətindən danışan Əbülfəs Qarayev bildirmişdir ki, bu tədbir müsəlman ölkələri arasında mədəni əlaqələrin daha da genişləndirilməsinə, gələcək inkişafına xüsusi təkan verəcəkdir.
Azərbaycanda mədəniyyət ocaqlarının müasir üslubda yenidən qurulmasını xüsusi qeyd edən nazir demişdir ki, bütün bunlar Prezident İlham Əliyevin mədəniyyət sahəsinə göstərdiyi diqqətin göstəricisidir.
İclasda nazirliyin fəaliyyəti yüksək qiymətləndirilməklə yanaşı, mövcud problemlərdən də danışılmış və onların həlli yolları müzakirə edilmişdir.
Kollegiyada
nazirliyin yekun hesabatı dinlənilərək qəbul
edilmiş və 2010-cu ilin birinci yarısı
üçün iş planı təsdiq olunmuşdur.
AzərTAc
Azərbaycan.-
2009.- 30 dekabr.- S. 3.