Heydər
Əliyev Fondu Dmanisili
şagirdlər arasında bilik yarışı
keçirmişdir
Heydər Əliyev Fondu gürcüstanlı soydaşlara bütün sahələrdə olduğu kimi, təhsil səviyyəsinin müasir tələblərlə ayaqlaşması baxımından da yardımını əsirgəmir.
Fondun təşəbbüs və dəstəyi ilə dekabrın 29-da Kvemo Kartli-Borçalı bölgəsinin Dmanisi şəhərində H.Əliyev adına Fondun bilgisayar mərkəzində rayon şagirdləri arasında bilik yarışı keçirilmişdir. Yarışda Dmanisidəki azərbaycandilli məktəblərlə yanaşı, rayonun gürcü məktəblərinin şagirdləri də iştirak etmişlər. Üç turdan ibarət yarışda hər bir şagird 10 sualı cavablandırmışdır. Münsiflər heyəti azərbaycanlı şagirdlər arasında 1-ci yerə Yaqublu məktəbinin şagirdi Vüqar Musayevi, 2-ci yerə Dunus məktəbinin şagirdi Elman Nəbiyevi, 3-cü yerə Aşağı Qruzman məktəbinin şagirdi Zərinə Muradovanı layiq görmüşdür.
Gürcü şagirdləri arasında 1-ci yerə Tamjuna Qurçiani, 2-ci yerə Maryam Xvimiani, 3-cü yerə isə Levan Narçemaşvili çıxmışlar. Onların hər üçü Dmanisi şəhərindəki 1 və 2 nömrəli məktəblərin şagirdləridir.
Həm Azərbaycan, həm də gürcüdilli məktəblərin 1-ci yerə çıxmış şagirdlərinə rəngli televizor, 2-ci yerə çıxanlara multipleyer, 3-cü yerin sahiblərinə isə isə mobil telefonlar təqdim olunmuşdur. Mükafatları Heydər Əliyev Fondu ayırmışdır.
Tədbirdə Azərbaycan Respublikasının
Gürcüstandakı səfirliyinin birinci
katibi Adil Əfəndiyev,
Dmanisi rayon İcra hakimiyyətinin başçısı
Bakur Mqeladze və başqa rəsmi şəxslər iştirak etmişlər.
Azərbaycan.- 2009.- 30 dekabr.- S. 5.