Elmin və təhsilin tərəqqisi cəmiyyətin,
dövlətin inkişafının əsasıdır
İctimai və humanitar elmlər: zaman kontekstində
baxış
Dövlətin islahatlar strategiyasının siyasi-elmi təminatı
və modernləşmənin tələbləri
Daha bir məqamı vurğulamaq istərdik. Bu, akademik Ramiz Mehdiyevin məqaləsində qaldırılan "alim-vətəndaş" mövqeyi məsələsi ilə bağlıdır. Özlərini azərbaycanlı adlandıran, obyektiv reallığı təhlil etmək qabliyyətindən məhrum olan və yalnız subyektiv qərəz mövqeyindən dövlətçiliyimizin uğurlarına kölgə salmaq, onun imicinə xələl gətirmək məqsədilə yazılan böhtan dolu "təhlilləri" bir ümumi cəhət birləşdirir: burada dünya analitikasının və siyasi elmin meyarlarına cavab verən, siyasi termin və kateqoriyaların tətbiq edildiyi bir cümlə belə tapmaq çətindir. Bu mətnlər üçün yalnız populist şərh səciyyəvidir. Təsadüfi deyil ki, mütləq inkar üzərində köklənən bu "təhlillər" bir əsrə yaxın obyektivlik və elmilik nüfuzuna malik olan Gellap sorğularını deyil, bədxah və düşmən ölkələrin xəbərlərinin gündəmini "bəzəyir". Yeri gəlmişkən, elmi tədqiqat və yaradıcılıq sahəsində ən məşhur alimlərin gəldiyi yekdil qənaətə görə, inkara yönümlü təfəkkür yaradıcılığa qabil olmur. Çünki perspektivlik duyumundan məhrum olur. Buna görə də nə alternativ təklif verə, nə də yeni ideya yarada bilir. Qədim deyimə görə, doğrudan da, "zəka (düha) və şər xislət - bir araya sığmayan fenomenlərdir". Dərin zəka üçün subyektiv məqsədlər deyil, gerçək qanunauyğunluqların aşkarlanması daha önəmlidir. Bundan daha qədim dövrün mütəfəkkiri Periklə görə isə, "Siyasət haqqında hamı danışır, yalnız nadir insanlar siyasəti yaradırlar".
Analitik-ekspert cəmiyyətində qrantlar naminə "təhlillər" edən qisim - "kapitan Qrantın uşaqları" kimi adlandırılır. Burada bir məntiqin olmasını demək mümkündür. Belə ki, bu şərhlər üçün "kiçiklik", "cılızlıq", "natamamlıq" sindromu səciyyəvi, haradasa psixoloji xüsusiyyətdir.
Hazırda
qlobal siyasi cəmiyyət sistemli böhranlar silsiləsini
yaşayır. Bura beynəlxalq münasibətlərin
ənənəvi modelinin böhranı, qloballaşmanın (qərbləşmə
kimi başa düşülən) mövcud modelinin
böhranı, siyasi elmdə böyük dühaların
yoxluğu və ideyaların böhranı və s. aiddir. Ən vacibi isə, milli
dövlətin neoliberal inkişaf modelinin böhran
yaşamasıdır.
Xüsusilə
də dünya iqtisadi böhranı "inkişaf modelləri"nə
dair konsepsiyaların tarixi sınaq meydanına
çevrilmişdir. Artıq dövlətin neoliberal, bazar
fundamentalizminə əsaslanan modellərinin özünü
doğrultmadığı aşkar həqiqətə
çevrilmişdir. Hələlik alternativ
kimi dövlətin "rəqabətədavamlı
inkişaf" və "keyfiyyətyönümlü
inkişaf" (Maykl Porter) modelləri təqdim olunmuşdur.
Bütün
bunlar akademik Ramiz Mehdiyevin konseptual məzmunlu məqaləsində
irəli sürdüyü məsələni - Azərbaycan
aliminin (siyasətşünasın, iqtisadçının,
filosofun, sosioloqun, tarixçi-etnoqrafın və s.) milli və
qlobal inkişafın yeni nəzəri modelinin təhlili və
təqdimində bilavasitə iştirak etməsi zərurətini
qarşımızda duran birinci dərəcəli məsələyə
çevirir. Bunun üçün isə ilk növbədə hər
hansı yeni utopiya yaratmağa ehtiyac yoxdur. Mövcud modellərin heç biri ilə izah edilə
bilməyən, sadalanan ziddiyyətli böhranlar silsiləsində
qalibiyyətli inkişaf templərimizi təmin edən Azərbaycan
modeli obyektiv gerçəklik kimi dərin siyasi-tarixi təhlillə
əsaslandırılmalı, dünyaya və gələcək
nəslə təqdim edilməlidir. Bu,
hazırkı dövrdə ictimai elmin kollektiv səylərini
bir araya gətirən tarixi vəzifəmizdir.
İslahatlar
üçün zəruri olan zaman probleminin məqalənin həm
adında, həm də məzmununda vurğulanması, irəli
sürülən məsələlərin həllinin ən
qısa zaman müddətində həyata keçirilməsi tələbi
əsas qənaətlərdən biridir. Bununla
bağlı bizim mərkəz akademik Ramiz Mehdiyevin məqaləsində
ictimai elmlərlə məşğul olan alimlər
qarşısında qoyduğu vəzifələri öz
işində prioritet olaraq görür. Akademik
Ramiz Mehdiyev tərəfindən qaldırılmış məsələlərin
müzakirəsinə həsr olunmuş elmi şurada Mərkəzin
əməkdaşları mövcud problemlərin həlli
yolları barədə fikir mübadiləsi aparmış və
ictimai elmlərin elmi kadr potensialını təkmilləşdirməsi
yollarına dair konkret təkliflər vermişlər. İlk növbədə Mərkəzin profili ilə
bağlı, yəni, ölkəmizdə politologiyanın
inkişafı problemlərinə toxunmaq istərdik. Belə ki, Mərkəzin kadr potensialını
formalaşdırarkən biz ölkədə dövlət
elmi-tədqiqat müəssisələrində işləyən
tək-tük alimin politologiya ilə peşəkar səviyyədə
məşğul olması və xarici dil bilməsi ilə
üzləşdik. Kadr potensialının
qıtlığı şəraitində politologiya sahəsində
fundamental tədqiqatlar haqqında düşünmək
çətindir. Burada kadr
hazırlığı, yəni yüksək səviyyəli
elmi işçi və mütəxəssislərin
hazırlanması probleminə də toxunmaq istərdik.
Elmi müəssisələr üçün ali
məktəblərin məhsulu olaraq magistrlər qəbul
edilirlər. Bugünün acı
reallığıdır ki, magistr diplomu almış şəxslər
əslində müstəqil olaraq elmi tədqiqat aparmaq qabiliyyətinə
malik deyillər. Zənnimizcə, bunun əsas
səbəbi magistraturada təhsil zamanı magistrantların
müstəqil elmi tədqiqatlar aparmasına, onların
dövri mətbuatda çıxışlar etməsinə,
elmi seminar və konfranslarda iştiraklarına və xarici dilin
dərindən öyrənilməsinə kifayət qədər
diqqətin yetirilməməsidir.
Biz dəqiq məlumat
əsasında vacib qərarların qəbul olunduğu
informasiya əsrində yaşayırıq və burada statistik
məlumatların xüsusi yeri var. Statistik məlumatlar əsasında
dünya ictimaiyyətinə bu və ya digər ölkədə
gedən proseslər haqqında mülahizə yürütməyə
imkan verən ölkələrarası müqayisələr
aparılır, ölkələrin reytinqləri müəyyən
olunur. Bu gün dünyanın inkişaf etmiş ölkələri
yeni iqtisadiyyat - "biliklərə əsaslanan iqtisadiyyat"
qururlar və burada başqa göstəricilər, yəni elmi,
innovasiyaları, intellektual mülkiyyəti və mədəniyyəti
xarakterizə edən göstəricilər əsas
götürülür. "Biliyə əsaslanan
iqtisadiyyat" yalnız sənaye sahəsində deyil, eləcə
də digər sahələrdəki ixtiralar, əmtəə
nişanlarının patentlərinin sayı,
yaradılmış proqram məhsulu və məlumat
bazalarının həcmi, televiziya, radio və film
yaradıcılığını əks etdirən statistik
materiallar əsasında ifadə olunmalıdır. Bu cür illik statistik məlumat əsasında
ölkənin inkişafı, onun bu və ya digər
inkişaf modelinə uyğunluğu haqqında fikir
yürütmək olar.
Mərkəzin
işi ilə bağlı ictimai elmin digər sahəsi olan
iqtisadiyyat məsələlərinə nəzər yetirmək
vacibdir. Biz
Milli Elmlər Akademiyasının, İqtisadi İnkişaf, Kənd
Təsərrüfatı, Əmək və Əhalinin Sosial
Müdafiəsi nazirliklərinin tabeliyindəki iqtisadiyyatla məşğul
olan dörd elmi-tədqiqat institutunun tematikası ilə
tanış olarkən ölkə iqtisadiyyatının regionda
yerini müəyyən edən, ölkələrarası rəqabət
mühitində bu və ya digər sahənin
inkişafının güclü və zəif tərəflərini,
milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə
inteqrasiya problemlərini əks etdirən, geoiqtisadi xarakter
daşıyan mövzulara rast gəlmədik. Çox
təəssüf ki, Azərbaycan alimləri tərəfindən
ölkə iqtisadiyyatında tətbiq oluna biləcək Nobel
mükafatı almış elmi işlərdən istifadə
olunmur, qloballaşmanın iqtisadi aspektləri və onların
ölkə iqtisadiyyatına təsiri
araşdırılmır, uzunmüddətli proqnozlar verilmir,
sosial-iqtisadi inkişafa dair kompleks proqramlar tərtib olunmur.
Göstərilən
problemlərin həlli üçün üzərimizə
düşən vəzifələr və fəaliyyət
proqramımıza dair bəzi məsələləri qeyd etmək
istərdik.
I. Yeni mərhələdə
milli dövlətin inkişafının Azərbaycan modelinin
siyasi-tarixi təhlilini əks etdirən tədqiqatın
aparılması, beynəlxalq tərəfdaşlarımız
olan mərkəzlər vasitəsilə yayılmasını və
təbliğini, bu əsasda "dövlətin regional və
qlobal proseslərə təsir resursu" indeksinin dinamikada əks
etdirilməsini təmin etmək;
II. Strateji yönümlü
tədqiqatlar prioritet təşkil etdiyi üçün
dövlətin elm strategiyasının, o cümlədən
akademik Ramiz Mehdiyevin məqaləsində qaldırılan
genişmiqyaslı məsələlərin əməli həlli
istiqamətində görüləcək tədbirləri
üç mərhələ üzrə sistemləşdirməyi
və davamlı ardıcıllıqla həll etməyi məqsədəuyğun
hesab edirik. Buraya:
1. yaxın
müddətli;
2. ortamüddətli;
3. uzunmüddətli
perspektivlər üçün yerinə yetirilməsi nəzərdə
tutulan konkret fəaliyyətin strategiyasının
hazırlanması aiddir. Bu məsələdə
bizim mərkəz, həmçinin, zəruri dəstəyini
göstərməyə hazırdır.
III. Məqalədə
göstərilən siyasi elm və qərar qəbulunun elmi təminatı
sahəsində kadr qıtlığının mümkün qədər
qısa müddət ərzində aradan qaldırılması
üçün Mərkəzdə dünya standartları səviyyəsində
politoloq, siyasi analitik, ekspert kadrların hazırlanması
yönündə tədbirlər həyata keçirilməsi,
bu məsələdə beynəlxalq tərəfdaşlarımız
olan beyin mərkəzlərinin potensialının cəlb edilməsi
nəzərdə tutulur;
IV. Siyasi analitikanın nəzəriyyə
və metodologiyası sahəsində ilkin maarifləndirmə
və əhatəli tədbirlər görmək məqsədilə
"Siyasi analitikanın və strateji tədqiqat işinin
hazırlanmasına verilən tələblər, meyarlar və
tövsiyələr"in, müvafiq vəsaitlərin nəşr
edilməsi, yayılması, o cümlədən, aktual məsələlər
üzrə tədqiqatlar həyata keciriləcəkdir;
V. Dövlətin elmin və
insan kapitalının inkişafına yönümlü daxili
siyasət kursunu müəyyən edən baza sənədlərin
- ümumi və xüsusi strategiyaların, konsepsiya və
doktrinaların layihəsinin hazırlanmasını təşkil
etmək; Azərbaycanda biliyə əsaslanan cəmiyyət və
milli innovasiya sisteminin yaradılması yönündə
dövlət siyasəti konsepsiyası layihəsinin
hazırlanması;
VI. Məqalədə enerji təhlükəsizliyi
sahəsində nüfuzlu ekspertlərə böyük
ehtiyacın olması qeyd olunur. Müasir dünyada təhlükəsizlik
probleminin çoxşaxəliyini və
aktuallığını, bu sahədə kadrların
hazırlanmasının dünya təcrübəsini nəzərə
alaraq Mərkəzdə "Sekuritologiya" ixtisasının
müəyyən edilməsi və həmin ixtisas üzrə
xüsusi-qapalı müdafiələrin təşkil edilməsi
yönündə təkliflər hazırlanması ilə bu
sahədə mütəxəssislərin yetişdirilməsinə
töhfə verilməsini təmin etmək; Azərbaycanın
enerji doktrinasının layihəsini hazırlamaq;
VII. Gənc mütəxəssislərdə
yaradıcı-analitik vərdişlərin inkişaf etdirilməsi
və ölkədə strateji ideya potensialının
koordinasiyası üçün müxtəlif məzmunlu
ümumrespublika səviyyəli tədbirlərin ardıcıl
keçirilməsini ənənəyə çevirmək;
VIII. Hər bir elmi müəssisədə
dünya təcrübəsinə müvafiq olaraq,
"perspektiv tədqiqatlar mərkəzi"nin
təsis edilməsi, ən aktual və prioritetlərin müəyyən
edilməsini zəruri vəzifə kimi nəzərdə
saxlamaq.
Akademik Ramiz Mehdiyevin
"İctimai və humanitar elmlər: zaman kontekstində
baxış" adlı məqaləsində
qaldırılan, ictimai elmdə islahatların zəruri istiqamətlərini
əhatə edən məsələlərin mahiyyəti
çox geniş olduğu üçün yeni fəaliyyət
proqramımızın konseptual əsası kimi onun hələ
ətraflı təhlili və tətbiqi davam edəcəkdir.
Yekun olaraq qeyd
etmək istərdik ki, Azərbaycanın istənilən sahəyə
investisiya cəlb etmək imkanları böyükdür. Dünyada elm
sahəsində mütərəqqi təcrübənin öyrənilməsi
və tətbiqi yönündə YUNESKO kimi nüfuzlu quruma
müraciət edilməsi bunu sübut edir.
Lakin milli
inkişafımızın elə sahələri var ki, onu
yalnız Azərbaycanın ictimai elm təmsilçisi, siyasətşünası,
iqtisadçısı və s. obyektiv təhlil edə bilər.
Bu baxımdan məqalə yalnız iqtisadi deyil,
siyasi inkişaf modellərinin və nəzəriyyələrin
də böhran yaşadığı dünyada Azərbaycan
aliminin yeni ideya və təşəbbüslərin lideri kimi
çıxış etməsinə dəvətdir. XXI əsrin intellektual məkanı uğrunda
mübarizədə milli elmi elitanın ön sıralara
çıxmasını təmin edən fəaliyyətə
çağırışdır. Milli
inkişafın fundamental resurslarının zamanın tələblərinə
uyğun şaxələnməsində, hədəflərin
dinamikasında üzərinə düşən vəzifəni
dərk etmək tələbidir.
Bu, Azərbaycanın milli
inkişafında keçid dövrünün qalibiyyətlə
qət edilməsini təmin edən ümummilli lider Heydər Əliyevin
neft strategiyasının yüksələn xətlə
davamı - Prezident İlham Əliyevin intellektual, müasirləşən
Azərbaycan strategiyasının, yeni əsrin tarixi qələbələrinə
açılan perspektivlərin elmi təminatı
yönündə üzərimizə düşən vəzifələrin
həlli konsepsiyasıdır.
Elxan NURİYEV,
Azərbaycan Respublikasının
Prezidenti yanında Strateji
Araşdırmalar Mərkəzinin
direktoru, siyasi elmlər doktoru
Azərbaycan.- 2009.- 30 dekabr.- S. 6.