Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü İspaniyanın paytaxtında qeyd edilmişdir

 

Ölkəmizin İspaniyadakı səfirliyindən bildirmişlər ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə dekabrın 28-də səfirlikdə bu ölkədə yaşayan Azərbaycan və türk diasporu nümayəndələrinin iştirakı ilə tədbir keçirilmişdir.

Tədbirdə səfir M.Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bayram münasibətilə soydaşlarımıza ünvanlanmış müraciətini oxumuşdur.

Əlamətdar bayramın tarixi haqqında danışan səfir bildirmişdir ki, bu bayram ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Bütün dünyada yaşayan azərbaycanlıların vətənlə əlaqələrini möhkəmləndirmək, onların qayğı və problemləri ilə maraqlanmaq, soydaşlarımızın Bakıda qurultaylarını keçirmək ideyası da ümummilli liderimiz Heydər Əliyevə məxsusdur.

Heydər Əliyev siyasi xəttinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, ölkəmizin beynəlxalq nüfuzunun daha da artdığı və dünyadakı qlobal böhrana baxmayaraq, sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olunduğu toplantı iştirakçılarının diqqətinə çatdırılmışdır.

Daha sonra tədbir iştirakçıları səfirlikdə açılmış bayram süfrəsinə dəvət olunmuşlar. Onlar bayram süfrəsini bəzəyən Azərbaycan mətbəxinin nemətlərindən dadmış və milli musiqimizi dinləmişlər.

Bayram tədbirində iştirak edənlər vurğulamışlar ki, belə yığıncaqların əhəmiyyəti çox böyükdür və xaricdə yaşayan soydaşlarımızın birliyinə, onların respublikamızın milli maraqlarının qorunması və təbliği yolunda əməkdaşlığının güclənməsinə xidmət edir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2009.-  30 dekabr.- S.  6.