Repertuar elə qurulmalıdır ki, tamaşaçı bezməsin

 

Əsaslı təmir edilərək tamamilə yenidən qurulmuş Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı payızdan özünün 82-ci mövsümünə start verib. Kollektiv mövsümə noyabr ayında uşaq tamaşaları ilə qədəm qoyub. Bir sıra klassik səhnə əsərləri üzərində işləri başa çatdıran yaradıcı heyət teatrsevərləri yeni premyeralarla da sevindirdi. Bununla bərabər, yaradıcı kollektiv özünün 80 illik yubileyini də təntənəli şəkildə qeyd etməyə hazırlaşır. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidovla söhbətimiz də bu barədədir:

 

- Teatr mövsümünə hansı arzularla qədəm qoydunuz?

- Bu teatr mövsümünün bizim üçün xüsusi önəmi var. Birinci, iki ilə yaxın müddətdir ki, səbirsizliklə gözlədiyimiz arzuya çatdıq. 2006-cı ildə ölkə başçısının müvafiq sərəncamı ilə respublikanın bir sıra aparıcı teatrları, o cümlədən Dövlət Gənc Tamaşaçılar Teatrı da əsaslı təmir və bərpa işləri üçün dayandırılmışdı. Biz fəaliyyətimizi müxtəlif məkanlarda - Səttarxan adına mədəniyyət və texnika sarayında, kinostudiyada davam etdirmişdik. Bir sıra xarici ölkələrdə qastrol səfərlərində və festivallarda iştirak etmişdik. Respublikamızın rayonlarını demək olar ki, qarış-qarış gəzmişik. Onu da deməliyəm ki, 18 il idi ki, teatrımız rayonlara səfərə çıxmırdı. Nəhayət, həmin gün gəlib çatdı ki, teatrımızın bərpa və təmir işləri yüksək səviyyədə başa çatdı. Artıq teatrın 80 illik yubileyinə də çox ciddi hazırlaşırıq. Konkret olaraq, noyabrın 12-dən 17-dək ümumtəhsil məktəblərinin payız tətili günlərində tamaşalarımızla ilk növbədə məktəblilərin görüşünə gəldik. Elə ilk tamaşadan bəlli oldu ki, sadiq tamaşaçılarımız da bu görüş üçün bizim qədər darıxıbmış. Eyni zamanda, noyabrın 20-dən 29-dək yeni tamaşaların premyeralarını təşkil etdik. Bu sırada Cəfər Cabbarlının "Aydın", Hüseyn Cavidin "Şeyx Sənan", Mirzə Fətəli Axundovun "Hekayəti Xırs Quldurbasan", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri Cadu", Cəlil Məmmədquluzadənin "Məkkəyə gedən yol" əsərlərinin ilk tamaşaları teatrsevərlərin ixtiyarına verildi. Bütün bu tamaşalar klassik dramaturgiya nümunələridir. Biz həmin ərəfədə demək olar ki, klassik tamaşalar aksiyasını gerçəkləşdirdik. Daha sonra ilin sonunadək hazırlanacaq bir neçə tamaşamız, o cümlədən gerçəkləşdirmək istədiyimiz beynəlxalq layihələrimiz də var. Norveç səfirliyi ilə birgə məşhur Norveç yazıçısı, Nobel mükafatı laureatı Knut Hamsunun "Viktoriya" əsərini səhnələşdiririk. Belarus Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Natalya Başeva ilə teatrımızın müqaviləsi var. O, bizim teatrda A.Hofmanın "Şelkunçik" əsərinə quruluş verəcək. "Şelkunçik" ilk dəfə Azərbaycan dilində səhnələşdiriləcək. Bu layihələri ilin sonuna qədər həyata keçirəcəyik. Təmirlə əlaqədar 80 illik yubileyimizin keçirilməsi də bu səbəbdən yubandı. Çalışacağıq ki, ilin sonunadək yubileyi təntənəli surətdə qeyd edək. Hazırda teatrın bədii şurasında 2010-cu ilin repertuar planı üzərində müzakirələr aparılır. Gələn il ərzində 6-7 əsərə quruluş veriləcək. Bundan əlavə, bilirsiniz ki, Dövlət Gənclər Teatrı və Bakı Kamera Teatrı Dövlət Gənc Tamaşaçılar Teatrına birləşdirilib. Artıq bizim truppa xeyli böyüyüb. Sadaladığım tamaşaların hamısında bu üç kollektivin vahid truppası məşğul olacaq. İşimiz və arzularımız çoxdur. Məqsədimiz tamaşaçılara yalnız sanballı, zövqlü tamaşalar təqdim etməkdir.

- Siz üç teatrın birləşməsi məsələsinə toxundunuz. Teatrların birləşməsi haqqında əmr yeni veriləndə birmənalı qarşılanmadı. Bəs bir rəhbər olaraq ayrı-ayrı estetikalı və repertuar müxtəlifliyi olan üç kollektivin idarə olunması sizin üçün çətin olmayacaq ki?

- Təbii ki, başlanan hər yeni iş birmənalı qarşılanmır. Müəyyən söz-söhbət, narazılıqlar olur. Düzdür, hər bir teatrın öz janrı var. Ancaq söyləməzdim ki, kəskin şəkildə fərqlənən janrlardır. Bunların hər üçündə həm uşaqlar, həm də böyüklər üçün tamaşalar hazırlanır. Teatra xalq artisti Cənnət Səlimova baş rejissor təyin olunub. Dəfələrlə birləşmiş truppa ilə söhbətimiz olub. Mənə elə gəlir ki, heç bir problem yoxdur. Cənnət xanımın peşəkarlığı bu truppaları vahid şəkildə birləşdirməyə imkan verir. Teatr üçün ən əsas repertuar siyasətidir. Əgər aktyorlar arasında rol bölgüsü düzgün aparılarsa, hesab etmirəm ki, sabah hansısa problem ortaya çıxsın. Müəyyən narazılıqlar, söz-söhbətlər haqqında məlumatım var. Ancaq bunlar müvəqqəti xarakter daşıyır. Hazırda bu gün teatrda o qədər qızğın iş gedir ki, nə aktyorların, nə də texniki işçilərin nədənsə, gileylənməyə vaxtları yoxdur. Bizim teatra birləşən hər iki truppanın üzvlərini çox gözəl tanıyıram. Onların hansı potensiala malik olduğunu da yaxşı bilirəm. Mən 6 il Mədəniyyət və Turizm Nazirliyinin incəsənət şöbəsində çalışmışam. Buna görə də bütün teatrların yaradıcılığına bələdəm. O baxımdan, bizə birləşən həmin teatrların kollektivini doğma hesab edirəm və burada heç bir problem görmürəm. Artıq hamı bir-birinə qaynayıb-qarışır.

- Bəllidir ki, bu teatrda zaman-zaman müqtədir sənətkarlar çalışıb.

- Əlbəttə, teatrın şanlı ənənəsi olub. Vaxtilə burada çalışan müqtədir sənətkarların hər birinin Azərbaycan teatr sənətinin inkişafında böyük xidmətləri olub. Biz onları bu gün də minnətdarlıqla xatırlayırıq. Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, Hüseynağa Sadıqov, Osman Hacıbəyov, Gülşən Qurbanova, Xuraman Hacıyeva, Rəhilə Məlikova, Susanna Məcidova, Məxfurə Yermakova... Allah onlara rəhmət eləsin! Bunların hər birinin yaradıcılıq yolu böyük bir məktəbdir. Qürurla deyirik ki, böyük sənətkarımız Firəngiz xanım Şərifovanın bu gün teatrımızda olması bizi çox sevindirir. Eləcə də xalq artisti Tariyel Qasımovun bu teatrdan ayrılmaması təqdirəlayiqdir.

- Kollektivinizdə istedadlı gənclərin də sayı çoxdur. Müasir teatr, yeni texnologiya, zəngin dramaturgiya... Necə deyərlər, bu meydan, bu da... Əslində, indi bu meydan gənclərindir.

- Elədir. Üç yaradıcı kollektivin birləşməsi böyük bir qüvvədir. Sıramız xeyli gəncləşib.

- Tamaşaçı da yeni nəfəs, yeni səs sevir.

- Güman edirəm ki, müvəqqəti olaraq bizdən uzaq düşən tamaşaçılarımızı teatra qaytaracağıq. Biz bu gün bu məsələ üzərində işləyirik. Tamaşaların bədii keyfiyyəti, sanbalı öz yerində, ancaq tamaşalar yüksək zövqlə reklam olunmalıdır. Bu mənada, bizə televiziya kanalları dəstək olur və mən onlara öz təşəkkürümü bildirirəm! Hesab edirəm ki, tamaşaçının cəlb olunmasında reklamın çox böyük rolu var. Hazırda reklam çarxları hazırlanır və kanallara təqdim olunur. Onu da bilirsiniz ki, bu gün Bakıda fəaliyyət göstərən bütün teatr və konsert müəssisələrinin bilet satışı mərkəzləşdirilmiş kassa sistemi ilə həyata keçirilir. Şəhərin bir neçə nöqtəsində xüsusi köşklər quraşdırılıb ki, oradan istənilən teatra və ya konsert müəssisəsinə bilet əldə etmək mümkündür. Bu, bir növ tamaşaçıların rahatlığı üçündür. Bizim bəlli tamaşaçımız var. Daimi tamaşaçılarımız tərəfindən bizə çoxlu müraciət olur. Mən çox nikbinəm. Ümidvaram ki, perik düşən tamaşaçı yenidən teatra qayıdacaq.

- Uzun müddət bu sahədə çalışan bir mütəxəssis kimi sizcə, teatrın əsas uğuru nədən və kimdən asılıdır?

- Bu suala müxtəlif cavablar səslənə bilər. Bədii tərtibat, aktyor seçimi, rejissor işi bunun üçün çox vacibdir. Rəhmətlik Həsən Turabov deyərdi ki, Azərbaycan səhnəsinin aktyor və rejissor sarıdan hələ uzun illər də korluğu olmayacaq. İndi teatr kollektivlərinin yaralı yeri repertuardır. Əgər teatr repertuar siyasətini düzgün qura bilsə, zəhmət hədər getməz. Bizim də başlıca işimiz budur...

Təzə mövsümdən işimizi elə qurmuşuq ki, hələ tamaşaçı sarıdan teatrımızda qıtlıq hiss olunmur. Gündüz uşaqlar, axşam gənclər, orta yaşlı insanlar həvəslə teatrımıza gəlirlər. Xalq artistləri Yasin Qarayev, Ağaxan Salmanlı, Solmaz Qurbanova və başqaları həmişəki kimi sükanı əllərində möhkəm saxlayıblar.

 

 

Müsahibəni apardı: Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2009.- 22 dekabr.- S. 11.