Quba şəhərində "Soyqırım memorial kompleksi"nin yaradılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Ötən əsrin əvvəllərində erməni-daşnak quldur dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüz siyasəti nəticəsində Bakı, Quba, Qarabağ, Şamaxı, Kürdəmir, Salyan, Lənkəran və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmiş, xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Təkcə Quba qəzasında 1918-ci ilin aprel-may ayları ərzində 122 kənd tamamilə dağıdılmışdır. Quba şəhərindəki kütləvi məzarlıqda soyqırım nəticəsində hədsiz amansızlıq və xüsusi qəddarlıqla öldürülən azərbaycanlılarla yanaşı, ləzgilərin, yəhudilərin, tatların və digər milli azlıqlara mənsub olan minlərlə insanların zorakılığa məruz qaldığı aşkar edilmişdir.

Erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Quba şəhərində "Soyqırım memorial kompleksi" yaradılsın.

2. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Quba şəhərində "Soyqırım memorial kompleksi"nin yaradılması üçün Quba Rayon İcra Hakimiyyətinə 1,0 (bir) milyon manat məbləğində vəsait ayrılsın.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 2-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 31 dekabr.- S. 4.