Gələcəyə
hesablanmış nəcib missiya
Uşaqlarla təmasda
olanda çox vaxt böyük fransız
yazıçısı Viktor Hüqonun bir fikrini
xatırlayıram: "Dünyanın ən həzin musiqisi
körpə qığıltısıdır". Fəqət,
böyük müdrikliklə deyilmiş bu kəlam belə,
uşaqların mənəvi dünyamızdakı yerini tam
mahiyyəti ilə ifadə etməkdə acizdir. Onların hər
birimiz üçün nə demək olduğunu sözün
qüdrəti ilə canlandırmaq həqiqətən də
çətindir. Cəmiyyətin sağlam özəyi, gələcəyi,
köməyə ehtiyac duyan kövrək zümrəsi olan
uşaqlar həyatımızın mənası, ailəmizin
sevinci, fərəhidir. Hər bir evin ən böyük ziynəti,
dəyərli sərvəti onlardır.
Gəlin etiraf edək
ki, körpələrin ilıq, saf nəzərləri, duzlu-məzəli
sözləri, hətta şıltaqlıqları belə hər
birimizdə xoş ovqat yaradır, üzümüzə sevinc
və təbəssüm qonur, qəlbimiz sevgi və məhəbbətlə
döyünür. Bizi rahat buraxmayan, yoran iş və məişət
qayğılarını, həlli vacib problemləri ani olaraq
unudub körpələri əzizləmək, söhbətə
cəlb etmək, könüllərində yer tapmaq istəyirik.
Balacaların xoş aurası, pozitiv enerjisi bizi çox vaxt əsəb
gərginliyindən, mənfi psixoloji ovqatdan
uzaqlaşdırır. Daxilən kövrəkləşir,
böyük diqqət və nəvaziş göstərdiyimiz,
qayğısını çəkdiyimiz körpələrə
xoş dəqiqələr, sevincli anlar bəxş etmək istəyi
ilə yaşayırıq. Zaman keçdikcə bir həqiqəti
də dərk edirik ki, bu fani dünyada həyatımızın
əsas mənası ailə üçün layiqli övlad,
dövlət üçün ləyaqətli vətəndaş,
cəmiyyət üçün kamil şəxsiyyət
yetişdirməkdir.
Bu ülvi və saf məram
müdrik xalqımızın milli düşüncəsində,
dünyagörüşündə tarixən özünə
möhkəm yer tapıb. Ev-eşik, ailə sahibi olmaq, layiqli
övlad yetişdirmək hər bir azərbaycanlının
daxilindən qaynaqlanan təbii, nəcib arzudur. İnsan öz
həyatını mənalandırmaq, məqsədlərinə
doğru inamla irəliləmək, cəmiyyətə,
dövlətə fayda vermək üçün, ilk növbədə,
ailəyə, uşağa ehtiyac duyur. Onların sosial-mənəvi
tələbatlarını təmin etmək, müstəqil həyata
hazırlamaq, cəmiyyətdə yerini tapmasına
yardımçı olmaq hər bir valideynin ən böyük
arzusudur. Elə bu arzu ilə də hər bir azərbaycanlı
uşaqlarının sabahı uğrunda səylə
çalışır, min bir zəhmətə
qatlaşır. Böyüdüb boya-başa
çatdırdığı övladlarının müstəqil
həyatdakı ilk uğurlarını görəndə isə
qəlbi fərəh hissi ilə döyünür, çəkdiyi
zəhmətin hədər getmədiyinə sevinir.
Azərbaycanda
uşaqlara olan həssas və qayğıkeş münasibət
ailə hüdudları ilə məhdudlaşmır,
bütövlükdə cəmiyyəti əhatə edir. Əbəs
yerə "uşaqlar gələcəyimizdir" demirik. Bu
gün hər birimizin isti ocağında yetişən,
boya-başa çatan körpələr sabah cəmiyyətin
simasını müəyyən edəcək, dövlətin
gələcəyinə görə məsuliyyət
daşıyacaqlar. Unutmayaq ki, sürətlə inkişaf edən,
yeniləşən dövlətimizin gələcək tərəqqisi,
rifahı, yüksəlişi böyüməkdə olan
uşaqların, yeniyetmələrin, ümumən gənc nəslin
hansı əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnməsindən
asılı olacaq. Milli-mənəvi dəyərlərə qəlbən
bağlı olan, müasir bilikləri mənimsəyən, vətənpərvər,
müasir düşüncəli, kreativ təfəkkürlü
gəncliyin yetişdirilməsinə
övladlarımızın körpəliyindən,
uşaqlıq dövründən başlamalıyıq.
Körpə və uşaqlara rəhbər sevgisi
Azərbaycanın
müstəqilliyinin ilk illərində üzləşdiyimiz
acınacaqlı mənzərə xatırlamaq istəmədiyimiz
tarixə çevrilib. Həmin dövrün sosial-mənəvi
çətinlikləri xalqımızın əsrlərin
sınağından uğurla çıxmış ailə dəyərlərini
sarsıdır, ilk növbədə, uşaqların
psixologiyasına, dünyagörüşünə, yaşam tərzinə
son dərəcə mənfi təsir göstərirdi. Ağır
sosial-iqtisadi çətinliklər, siyasi təbəddülatlar
şəraitində uşaqların nəinki yüksək təlim-tərbiyə
almasından, hətta normal qidalanmasından, layiqli həyat tərzindən
danışmaq mümkün deyildi. Üstəlik, erməni
işğalçılarına qarşı döyüşlərdə
cəsur vətən oğullarının qəhrəmancasına
həlak olması uşaqların körpə yaşından
atasız qalması ilə nəticələnir, müharibənin
sosial-psixoloji fəsadları onların kövrək qəlbində
silinməz izlər buraxırdı. Vəziyyət o həddə
çatmışdı ki, imkansız valideynlər
canlarından artıq sevdikləri övladlarını həyatın
sərt sınağı qarşısında - bir tikə
çörək ucbatından ağır fiziki işlərə
cəlb edir, onları təhsildən, məktəbdən
ayırırdılar. Diqqətə, qayğıya ehtiyacı
olan uşaqların öz dünyalarından məhrum olaraq ailə
qayğısı çəkmək məcburiyyətində
qalması dəhşətli mənzərə idi.
1991-1993-cü illərdə
ehtiyac içində qovrulan, avara-sərgardan dolaşan,
addımbaşı fiziki-mənəvi təpkilərlə
üzləşən "küçə
uşaqları" görkəmli Azərbaycan
yazıçısı Mircəlal Paşayevin "Bir gəncin
manifesti" povestinin qəhrəmanı - şaxtalı,
boranlı qış günlərində isinməyə,
daldalanmağa künc axtaran, nəhayət, bir qarın
çörəyə həsrət qalan, "böyüklər"
tərəfindən addımbaşı əzilən Baharı
xatırladırdı...
Tarixən milli dövlətçiliyini
itirmək, dünya xəritəsindən tamamilə silinmək
təhlükəsi ilə üzləşən xalqlar
taleyüklü məqamda məsuliyyəti çiyinlərinə
götürən qətiyyətli liderlərinin sayəsində
mövcudluqlarını qoruyub, çətinliklərə sinə
gərib, qalib gəliblər. Əgər 1993-cü ilin iyununda
respublikada siyasi hakimiyyətə ulu öndər Heydər Əliyev
gəlməsəydi, bugünkü sabit və inkişaf edən
Azərbaycandan danışmaq yəqin ki, mümkün
olmayacaqdı. Həmin vaxt xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdan ümummilli lider dövləti nəinki
xilas etdi, onu eyni zamanda davamlı, sabit inkişaf yoluna
çıxardı. Cəmiyyətdə iqtisadi və mənəvi
yüksəliş mərhələsinin başlaması
uşaq problemlərinin həlli istiqamətində təsirli tədbirlərin
həyata keçirilməsinə imkan verdi.
Ümummilli lider Heydər
Əliyevin ictimaiyyətlə görüşlərində
uşaqlara xüsusi diqqət göstərməsi, onlarla
söhbətləşməsi, qucağına alıb
bağrına basması bu gün də kino lenti tək
gözlərim önündə canlanır. Hər ilin 11
dekabrında Uşaqların Beynəlxalq Televiziya Günü
münasibətilə Azərbaycan Televiziyasının təşkil
etdiyi mərasimlərdə ulu öndərin yaxından
iştirakını, uşaqlarla sıx ünsiyyətdə
olmasını, onlara böyük məhəbbətlə nəvaziş
göstərməsini xatırlayıram. Düşünürəm
ki, ulu öndərin uşaqlara qarşı sonsuz məhəbbətinin
əsasında Azərbaycan sevgisi dayanırdı.
Bəli, məhz Heydər
Əliyevin rəhbərliyi altında ötən əsrin
90-cı illərinin ortalarından etibarən uşaqların
sosial-məişət ehtiyaclarının təmini, onların
yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər
əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət
kimi formalaşması istiqamətində ardıcıl tədbirlər
həyata keçirildi. Uşaq hüquqlarının
etibarlı müdafiəsi məqsədilə təkmil
qanunvericilik bazası formalaşdırıldı.
Respublikamız uşaq hüquqlarının təminatı ilə
bağlı bir sıra beynəlxalq sazişlərə, o
cümlədən 1994-cü ildə BMT-nin "Uşaq hüquqları
haqqında" Konvensiyasına qoşuldu.
Konvensiya dünya
birliyinin uşaqlarla bağlı ən ülvi arzu və istəklərinin
dəqiq, hərtərəfli ifadəçisi kimi insan
hüquqları sahəsindəki beynəlxalq sənədlər
sırasında xüsusi yer tutur. Bəşər cəmiyyətinin
sağlamlaşmasına, tərəqqisinə münasibət
ifadə edən həmin sənəddə göstərilir ki,
hər hansı ölkənin gələcəyinə bəslənilən
ümidlər onun vətəndaşlarının gənc nəsli
ilə bağlıdır. Azərbaycan bu konvensiyaya
qoşulmaqla uşaq hüquqlarına ali dəyər kimi
yanaşdığını, habelə uşaqların normal
sosial-mənəvi mühitdə layiqli insan kimi yetişməsi,
zəruri ehtiyaclarının dolğun şəkildə ödənilməsi,
azyaşlı körpə və yeniyetmələrin zəngin
daxili potensialının, dünyagörüşünün
formalaşmasına imkan verən normal iqlimin yaradılması
istəyini bir daha nümayiş etdirdi.
Milli Məclisdə
"Uşaq hüquqları haqqında", habelə
"Valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş uşaqların sosial müdafiəsi
haqqında" Azərbaycan Respublikası qanunlarının qəbulu
da bu baxımdan xüsusi əhəmiyyət
daşıyır. Həmin dövrdən başlayaraq
respublikada bu sahədə həyata keçirilən dövlət
siyasətinin əsas istiqamətləri uşaq
hüquqlarının etibarlı təmin edilməsindən,
onların sağlam mühitdə tərbiyə olunması və
yaşayışı üçün normal şəraitin
yaradılmasından, valideyn himayəsindən məhrum
körpələrin 18 yaşınadək dövlət himayəsinə
götürülməsindən və s. ibarətdir.
Azərbaycan son 16 ildə
uşaq hüquqlarının etibarlı müdafiəsi sahəsində
böyük nailiyyətlərə imza atıb.
Gələcək nəslə qayğı siyasətinin
keyfiyyətcə yeni mərhələsi
Ziyalı və vətəndaş
olaraq Azərbaycanın gələcəyi ilə bağlı
həmişə nikbin fikirdə olmuşam. Çünki,
bizim məmləkətdə uşaqlar hər zaman sevilib, əzizlənib.
Bizim günlərdə də onlara xüsusi diqqət,
qayğıkeş münasibət var. Ailədaxili münasibətlərin
ciddi əxlaq kriteriyalarına söykənməsi -
böyüklərə hörmət və ehtiram, kiçiklərə
sevgi, mərhəmət və diqqət kimi ənənələr
ta qədimdən bu günə kimi iç dünyamızda
yaşayır.
Sevindirici məqam həm
də uşaqlara qayğı sahəsində dövlət
siyasətinin ardıcıl və sistemli mahiyyət
daşımasıdır. Qısa müddətdə
respublikanı iqtisadi cəhətdən daha qüdrətli, əzəmətli
dövlətə çevirən, insanların yüksək
maddi rifahını təmin edən ölkə
başçısı İlham Əliyev uşaqlara da
xüsusi qayğı ilə yanaşır. Bunun ən bariz,
parlaq ifadəsi möhtərəm Prezidentin 2008-ci il 22 dekabr
tarixli sərəncamı ilə 2009-cu ilin Azərbaycanda
"Uşaq ili" elan edilməsi oldu. Bu addım ölkədə
uşaq hüquqları sahəsində həyata keçirilən
siyasətin məqsədyönlü və ardıcıl
xarakter daşıdığını nümayiş etdirdi.
Qürur yerimiz olan Azərbaycan
hər bir sahədə inkişaf edir, yeniləşir, Qərbə
inteqrasiya sahəsində inamlı addımlar atır. Fəqət,
hər bir mütərəqqi inkişaf özü ilə bəzən
xoşagəlməz problemlər də gətirir. Fərqində
olmasaq da, qloballaşan dünyamızda informasiya-kommunikasiya
texnologiyalarının sürətli inkişafı, habelə
kütləvi mədəniyyət təzahürlərinin
"meydan sulaması" Azərbaycana da mənfi təsirlərini
göstərir. Dövlətlər arasında sərhədlər
aradan qalxdıqca, mədəniyyətlər arasında fərqlər
azalır. Qloballaşmanın, virtual məkanın cəmiyyətə
gətirdiyi yeni reallıqlar uşaqların sağlam ruhda,
yüksək milli-mənəvi və ümumbəşəri
humanist dəyərlər əsasında təlim-tərbiyəsi
işinə yeni yanaşma tələb edir. Milli azərbaycanlı
obrazının qorunub saxlanılması, gənc nəslin
müsbət dəyərlər əsasında tərbiyəsi,
milliliklə bəşəriliyin uğurlu sintezinin təmin
edilməsi vacib şərtlərdən biridir. Elm adamı kimi
həmişə bu qənaətdə olmuşam ki, hansısa
millətin soykökündən uzaqlaşıb simasını
itirməsi böyük fəlakətdir. Keçmişini
unudan millətin gələcəyindən danışmaq
olarmı?
Böyük qürur
hissi ilə vurğulayıram ki, dövlət
başçısı İlham Əliyev rasional siyasətçi
kimi çağdaş dünyanın inkişaf xüsusiyyətlərini
düzgün dəyərləndirir. Ölkə Prezidenti
yaxın gələcəyin vətənpərvər, yüksək
zəkalı, intellektual gəncliyi kimi görmək istədiyi
uşaqların firavan həyat səviyyəsinin, təlim-tərbiyəsinin,
fiziki-mənəvi sağlamlığının yüksək
səviyyədə təmini istiqamətində ardıcıl
tədbirlər görür. Bu siyasət bütün
çalarları ilə körpə, uşaq və yeniyetmələrin
xalqın əsrlərin sınağından
çıxmış zəngin milli-mənəvi dəyərləri,
adət-ənənələri əsasında, vətənpərvər
ruhda tərbiyəsinə yönəlib. Eyni zamanda
uşaqların biliklərə, yaradıcı
düşüncə tərzinə malik olması,
informasiya-kommunikasiya texnologiyalarını dərindən mənimsəməsi,
idmana və bədən tərbiyəsinə bağlılığı
məsələləri də dövlətin daim diqqətindədir.
Məktəbəqədər tərbiyə müəssisələrində,
sonrakı mərhələdə ümumtəhsil məktəblərində
uşaqlara lazımi bilik və vərdişlərin
aşılanması, onların cəmiyyət
üçün layiqli vətəndaş və şəxsiyyət
kimi yetişdirilməsi məqsədilə təsirli tədbirlər
görülür.
Ailə və
uşaqları cəmiyyətin özəyi, sağlam təməli
kimi dəyərləndirən dövlət
başçısı İlham Əliyevin 2006-cı il 6 fevral
tarixli fərmanı ilə respublikamızda Qadın Problemləri
üzrə Dövlət Komitəsinin əsasında Aliə,
Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsi yaradılıb. 2 milyon 800 mindən çox
uşağın yaşadığı, hər gün orta
hesabla 380 körpənin doğulduğu Azərbaycanda belə
bir dövlət qurumunun yaradılması obyektiv sosial tələbatdan
irəli gəlib.
Cənab İlham Əliyevin
2006-cı il martın 29-da təsdiqlədiyi "Azərbaycan
Respublikasında dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(de-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı" da hazırkı reallıqda az əhəmiyyət
daşımır. 2009-cu ilin birinci yarısında isə
ölkə üzrə dünyaya gəlmiş 66310 körpədən
6819-nun nikahdankənar münasibətlər nəticəsində
doğulması kifayət qədər üzücü
faktlardır. Ürək ağrısı ilə bir həqiqəti
də deməliyik ki, bəzən nikahdankənar münasibətlər
nəticəsində dünyaya gələn uşaqlardan imtina
olunur, onlar dövlətin himayəsi altında uşaq müəssisələrində
böyüyürlər. Qeyd olunan proqramın əsas məqsədi
də məhz uşaq müəssisələrindəki
körpələrin ailələrə verilməsini təmin
etməkdən, müəyyən çətinlikləri aradan
qaldırmaqdan ibarətdir.
Xüsusi
yaradıcılıq potensialına və qabiliyyətinə
malik bacarıqlı uşaqlar da diqqətdən kənarda
qalmır. Cənab İlham Əliyev 2006-cı ilin aprel
ayında "Xüsusi istedada malik olan uşaqların (gənclərin)
yaradıcılıq potensialının inkişafı üzrə
(2006-2010-cu illər) Dövlət Proqramı"nı
imzalayıb. Proqram istedadlı uşaq və gənclərin
aşkara çıxarılmasının optimal
yollarını müəyyənləşdirmək, onlarla
işin müasir tələblərə uyğun səmərəli
fəaliyyət mexanizmlərini yaratmaq və s. mühüm məqsədlərə
xidmət edir.
Yeri gəlmişkən,
bir faktı da xatırlatmaq istərdim. Bu il martın 18-də
keçirilmiş ümumxalq referendumu ilə
Konstitusiyamızın 17-ci maddəsinə edilən əlavələr
uşaq hüquqlarına hüquqi təminat mexanizmlərini
daha da təkmilləşdirib, dövlətin bu sahədə
üzərinə düşən vəzifələri konkretləşdirib.
Bu əlavələr valideynləri və ya qəyyumları
olmayan, valideyn qayğısından məhrum uşaqlara
dövlət himayəsinin göstərilməsini nəzərdə
tutmaqla, uşaqları onların həyatına,
sağlamlığına və mənəviyyatına təhlükə
törədə bilən fəaliyyətə cəlb
olunmasını qadağan edir. Hazırda qüvvədə
olan Konstitusiyanın 17-ci maddəsinə görə 15
yaşına çatmamış uşaqlar işə
götürülə bilməzlər. Konstitusiya dəyişikliyi
uşaq hüquqlarının qorunmasının müdafiəsində
təkcə dövlətin deyil, ümumən hər bir vətəndaşın
məsuliyyətini artırmaqla, onların dövlət
üçün layiqli vətəndaş kimi
formalaşmasına xidmət edir.
Dövlət
başçısı İlham Əliyev bu günlərdə
uşaqların sosial müdafiəsi sahəsində daha bir
addım ataraq "Uşağın anadan olmasına görə
müavinətin məbləğinin artırılması
haqqında" sərəncam imzalayıb. Sərəncamla
uşağın anadan olmasına görə sosial müavinət
50 faiz artırılaraq 75 manat məbləğində müəyyən
edilib. Yekunlaşmaqda olan "Uşaq ili" çərçivəsində
atılan bu addım dövlət
başçısının körpələrə həssas
və qayğıkeş münasibətini təcəssüm
etdirir.
"Uşaq ili" uğurlu nəticələrlə
yadda qaldı
2009-cu ilin yekunlaşmaq
üzrə olması fonunda "Uşaq ili" nə ilə
yadda qaldı" sualı da az aktuallıq kəsb etmir. Fikrimcə,
ölkə başçısı mütərəqqi təşəbbüsü
ilə uşaq problemlərinin dövlət üçün nə
dərəcə aktual məsələ olduğunu cəmiyyətin
diqqətinə çatdıra bildi. Eyni zamanda cəmiyyətdə
uşaq problemlərinə həssas münasibət təmin
edildi, mövcud problemlərlə yanaşı, uğurlara nəzər
salındı.
Azərbaycan Prezidenti
İlham Əliyevin 2009-cu il fevralın 18-də təsdiqlədiyi
"2009-cu ilin "Uşaq ili" elan edilməsi ilə
bağlı Tədbirlər Planı" əsasında azərbaycanlı
uşaqlar haqqında məlumat bankı və internet saytı,
habelə xüsusi portal yaradıldı. Beynəlxalq Bakı
uşaq rəsm müsabiqəsi, "Şərq-Qərb"
beynəlxalq uşaq rəqs festivalı keçirildi, BMT-nin
"Uşaq hüquqlarına dair" Konvensiyası ilə
bağlı maarifləndirmə işi gücləndirildi. Uşaqların
intellektual inkişafına, onların vətənpərvərlik,
milli-mənəvi dəyərlərin qorunması və
tolerantlıq ruhunda tərbiyəsinə yönəldilmiş
müxtəlif tədbirlər təşkil olundu.
"Uşaq ili"
çərçivəsində onların
sağlamlığı və təhsili ilə bağlı
uşaq müəssisələrində kütləvi tibbi
müayinələr aparıldı,
sağlamlaşdırıcı tədbirlərə, sağlam
həyat tərzinin təbliğinə diqqət yetirildi. Uşaqlarda
yoluxucu xəstəliklərin immunprofilaktikası işinin təkmilləşdirilməsi
tədbirləri gücləndirildi, irsi qan xəstəliklərinə
düçar olmuş uşaqlar üçün qanvermə
aksiyaları keçirildi. Sağlamlıq imkanları məhdud
uşaqların təhsili ilə bağlı standartların təkmilləşdirilməsi
istiqamətində də genişmiqyaslı tədbirlər
görüldü.
2009-cu ildə
sözügedən proqramın reallaşdırılması
yönümündə həyata keçirilən tədbirlərin
ən mühümü oktyabrın 22-də Bakıda
"Gülüstan" sarayında Azərbaycanda "Uşaq
ili"nə və BMT-nin Uşaq Hüquqları haqqında
Konvensiyasının 20 illiyinə həsr edilmiş "Azərbaycanda
uşaqların müdafiəsi islahatı üzrə milli
konfrans" oldu. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyeva tədbirdəki nitqində
ölkədə uşaq problemlərindən söz açdı.
Humanizm və insanpərvərlik prinsipləri baxımından
yardıma ehtiyacı olan körpələrə
qayğının vacibliyini xüsusi vurğuladı: "Ailəyə
bağlılıq, ailə dəyərləri, uşaqlara
qayğı, böyüklərə hörmət Azərbaycan
xalqına məxsus olan ən gözəl xüsusiyyətlərdən
biridir... Hər bir qadın üçün onun ailəsi, onun
uşaqları həyatının ən vacib, ən
mühüm hissəsidir. Mən özüm üç
uşaq anası olaraq analıq missiyasını həyatımın
ən vacib missiyası kimi dəyərləndirirəm. Əlbəttə
hər bir valideyn arzulayır ki, onun uşağı sağlam,
bilikli, savadlı, xoşbəxt böyüsün və bunun
üçün əlindən gələni edir". Azərbaycanın
birinci xanımı həmçinin vurğuladı ki, valideyn
himayəsindən məhrum olmuş uşaqların taleyi, gələcəyi
dövlət orqanlarının fəaliyyəti ilə
yanaşı, beynəlxalq qurumların, qeyri-hökumət təşkilatlarının,
vətəndaş cəmiyyəti təşkilatlarının,
bizim hər birimizin fəallığından
asılıdır.
Göründüyü
kimi, uşaq hüquqlarının qorunması istiqamətində
həyata keçirilən çoxşaxəli siyasətin
uğurlu nəticələr verməsində ictimai təsisat
kimi fəaliyyət göstərən Heydər Əliyev
Fondunun da müstəsna xidmətləri var. Fondun "Yeniləşən
Azərbaycana yeni məktəb" layihəsi əsasında
son 5 ildə respublikanın müxtəlif bölgələrində
237 müasir tipli orta məktəb inşa olunaraq istifadəyə
verilib. "Uşaq evləri və internat məktəblərinin
inkişafı rroqramı" və "Məktəbəqədər
uşaq tərbiyə müəssisələrinin yenidən
qurulması" layihəsi çərçivəsində
40-dək körpələr evi, bağça və internat məktəbi
əsaslı təmir olunub. Uşaq evləri və internat
yetirmələrinin sosial-rsixoloyi reabilitasiyasına imkan
yaradacaq resurs mərkəzinin yaradılması, "Kor və
zəif görən uşaqlar üçün
informasiya-kommunikasiya texnologiyalarına
çıxışın təmin edilməsi", "Təhsilə
dəstək" və "İnklüziv təhsil"
proqramlarının həyata keçirilməsi də Fondun
xidmətləri sırasında xüsusi
vurğulanmalıdır.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva hər zaman Azərbaycan uşaqlarının mənəvi hamisi, qayğıkeşi kimi çıxış edir. Cəmiyyətimiz dəfələrlə Mehriban xanımın körpələrin fiziki və mənəvi sağlamlığına xidmət edən möhtəşəm layihələrinin şahidi olub. Əlamətdar günlərdə, bayramlarda Azərbaycanın birinci xanımı körpələr evlərinə, uşaq bağçalarına baş çəkir, körpələrə təbriklərini, bayram sovqatını çatdırır, ana kimi onlara sevgisini əsirgəmir. Özünə xas sadəliklə uşaqların arzu və istəklərini öyrənir, onları həyata keçirir.
2008-ci il fevralın 15-də Mehriban xanım Əliyevanın Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsindəki 2 nömrəli uşaq evində körpələrlə keçirdiyi görüşü xatırlayanda təsirlənməyə bilmirəm. Uşaqlar Mehriban xanımın onlara hədiyyə etdiyi kompüterlərə görə razılıqlarını bildirdilər. Valideyn himayəsindən məhrum olmuş balaca Aytacla söhbətləşən Azərbaycanın birinci xanımı onun istəklərini soruşdu. Qızcığaz uşaqlara xas qəribəliklə qırmızı rəngdə ispan milli paltarı istədiyini dedi. Heydər Əliyev Fondunun prezidenti dərhal söz verdi ki, ertəsi gün balaca Aytaca ispan milli paltarı göndərəcək. Belə faktlar minlərlədir...
Cəmiyyət uşaq problemlərinin
həllində fəal olmalıdır
Uşaqlıq insan həyatının ən rəngarəng, yaddaqalan, xoşbəxt çağıdır. Məhz bu illərdə insanın gələcək taleyinin, onun fiziki və mənəvi sağlamlığının, vətəndaş mövqeyinin, insani cəhətlərinin əsası qoyulur. Mən bu qənaətdəyəm ki, hər bir şəxsin uşaqlıq dövründən normal şəxsiyyət kimi formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin rolu əvəzsizdir. Lakin bu gün çoxlu sayda uşaq valideynlərinin düşünülməmiş hərəkətlərinin qurbanına çevrilir. Müxtəlif ailə münaqişələri üzündən boşanma hallarının artması uşaqların normal inkişafına, xoşbəxt və uğurlu gələcəyinə tuşlanan silaha çevrilir.
Nə qədər ağrılı məqam olsa da, deməliyik: son illərdə Azərbaycanda atalığı müəyyən olunmayan uşaqların sayı artır. 2009-cu ilin I yarısında respublikada dünyaya göz açmış 3054 körpənin atalığının müəyyən olunmaması təkcə sosial və hüquqi deyil, həm də əxlaqi aşınmaya yol açan ciddi problemdir. Biz hələ bu körpələrin atalarının naməlum qalmasının gələcəkdə onlarda doğuracağı mənəvi-psixoloji sarsıntıları, "natamamlıq kompleksi"ni, üzüntüləri demirik. Yarımçıq ailələrdə böyüyən uşağın layiqli insan və şəxsiyyət kimi yetişdirilməsi, onun sosial-mənəvi ehtiyaclarının dolğun şəkildə ödənilməsi də çətin olur. Belə uşaqlar depressiya, stress keçirir, özlərinə qapanır, digərləri ilə münasibət qurmağa, cəmiyyətə inteqrasiya etməyə meyilli olmurlar.
Təcrübə göstərir ki, uşaqlıqdan normal ailədə böyümüş, düzgün tərbiyə, təhsil almış gənclərin gələcəkdə qurduğu ailələr də möhkəm olur. Deməli, uşaqların erkən yaşlarından milli ruhda tərbiyə alması, yaxşı oxuması, bilikli, intellektli olması, işləmək, çalışmaq, karyera qurmaq vərdişlərinə yiyələnməsi gələcək ailənin monolitliyi baxımından vacib amillərdir.
Mühüm məsələrdən biri də valideynlərin uşaqlar üzərində düzgün nəzarətinin təmin olunmaması, onların enerjisinin faydalı intellektual işə yönəldilməməsidir. Bir çox valideynlər uşaqlarla erkən yaşlarından təlim-tərbiyə işini düzgün qura bilmirlər. Onların milli-mənəvi ruhda yetişməsi, azərbaycanlı dəyərlərini əxz etməsi üçün sanballı mənbələrdən biri də folklorumuz və ədəbiyyatımızdır. Azərbaycanın uşaq folklorunun zəngin janr strukturu onların dünyagörüşünün, mənəviyyatının saf və ülvi təməl üzərində formalaşmasına əsaslı təsir göstərən nümunələrlə zəngindir. Bu folklor nümunələrinin uşaqlar üçün nəzərdə tutulmuş xüsusi portalda yerləşdirilməsi onların təlim-tərbiyəsində mühüm rol oynaya bilər. Xatırladım ki, bu məsələ "2009-cu ilin Uşaq ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"nda da əksini tapıb.
Müşahidələrimə əsasən deyə bilərəm ki, uşaqlar üçün ciddi təhlükələrdən biri də kompüterə, xüsusən də internetə həddən artıq aludəçilikdir. 7-8 il əvvəl yeniyetmələrin internet klublara getməsindən fəxr duyan valideynlər bu gün bundan haqlı olaraq bərk narahatlıq keçirirlər. Müşahidələr göstərir ki, xüsusən də iri şəhərlərdə yaşayan uşaqlar əyləncə və digər məqsədlərlə internet klublarda həddən çox vaxt keçirir, onların təhsili və dünyagörüşü baxımından məqsədəuyğun olmayan saytlara daxil olur, nəticədə dərs tapşırıqlarını yerinə yetirməyə vaxt tapmırlar. Kompüter qarşısında uzun-uzadı səmərəsiz vaxt keçirmək onların psixikasına, sağlamlığına, tərbiyəsinə mənfi təsir göstərməklə yanaşı, internetdən asılılığa gətirib çıxarır. Məsələnin problemli tərəfi həm də bundadır ki, virtual məkanda saatlarla vaxt keçirən uşaq və yeniyetmə internetdə ana dilində ona faydalı olan informasiya bazasını, məlumatları əldə edə bilmir. Nəticədə başqa dillərdə oxunan məlumatlar uşaqlarda milli psixologiyanın assimilyasiyaya məruz qalmasına gətirib çıxarır.
Hazırda Bakı şəhərində fəaliyyət göstərən internet klubların əksəriyyəti acınacaqlı durumdadır. Onların əksəriyyətinin infrastukturu, iş şəraiti müasir tələblərə cavab vermir. Belə obyektlərin fasiləsiz iş rejimində fəaliyyət göstərməsi bəzən uşaq və yeniyetmələrin gecə saatlarında internet klublara toplaşmasına, zərərli vərdişlərə aludə olmasına gətirib çıxarır. Üstəlik, burada milli-mənəvi dəyərlərimizə zidd internet saytlarına daxil olunmasına heç bir məhdudiyyət qoyulmur. Bütün bunları isə qanunvericilik qaydasında tənzimləməyin, vaxtı çatıb.
Uşaqların şəxsiyyət
kimi formalaşması keyfiyyətli təhsildən
asılıdır
Uşaqların kamil insan və şəxsiyyət kimi yetişdirilməsi təkcə ailədən deyil, həm də məktəbdən başlayır. Müasir təhsil sisteminin əsas məqsədi məhz layiqli şəxsiyyət yetişdirməkdir. Bu mənada, müəllimlik nəcib, xeyirxah, humanist, insanpərvər olduğu qədər də məsuliyyətli və çətin peşə növüdür. Çünki bu nəcib peşənin daşıyıcısı olan yüksək ziya və mənəviyyat sahibləri öz fəaliyyətləri ilə bütövlükdə cəmiyyətin gələcəyi sayılan uşaqların təlim-tərbiyəsi üçün cavabdehlik daşıyırlar. Cəmiyyət üçün layiqli kadrlar yetişdirmək, gənc mütəxəssislərin kamil şəxsiyyət və vətəndaş kimi formalaşmasına nail olmaq nə qədər çətindirsə, gələcəkdə müəllimlik kimi müqəddəs peşədə çalışacaq, cəmiyyətin taleyində mühüm rol oynayacaq pedaqoji kadrların hazırlanması ikiqat məsuliyyətdir. Yaxşı müəllimlər yetişdirən cəmiyyət yaxşı da övladlar boya-boşa çatdırır.
Azərbaycan Dövlət Pedaqoji Kolleci də bu mənada üzərinə düşən məsuliyyəti düzgün dəyərləndirir. Xalqa, dövlətə fayda verən, savadı, dünyagörüşü, zəngin əxlaqi keyfiyyəti ilə fərqlənən milli pedaqoji kadrların hazırlanmasında daim yüksək fəallıq nümayiş etdirir. Məzunlarımız ən böyük şəhərlərdən tutmuş, ən kiçik kəndlərədək - respublikanın bütün guşələrinə gedərək müəllimlik vəzifələrini şərəflə, ləyaqətlə, vicdanla yerinə yetirir, bitirdikləri tədris ocağının adını uca tuturlar. Onlar uşaqların milli ruhda yetişməsi, layiqli vətəndaş kimi formalaşması üçün əllərindən gələni əsirgəmirlər.
Ümumiyyətlə, hər bir cəmiyyətin ən kövrək, həssas təbəqəsi olan körpələrə cəmiyyətin hər bir üzvünün xüsusi diqqət və qayğısı, sevgisi lazımdır. İmkan daxilində hamı uşaqlara nəvaziş və qayğı göstərməli, onların cəmiyyət üçün layiqli insan kimi yetişməsində əlindən gələni əsirgəməməlidir. Yekunlaşmaqda olan 2009-cu ili bu baxımdan uşaq hüquqlarının müdafiəsi sahəsində ciddi dönüş ili kimi də dəyərləndirmək olar. Bu möhkəm və uğurlu təməl üzərində uşaqların hərtərəfli inkişafının təmin edilməsi üçün hər cür imkanlarımız var. Sözsüz ki, uşaqların sosial-mənəvi ehtiyaclarının təmini sahəsində həyata keçirilən uğurlu siyasət qarşıdakı illərdə də davam etdiriləcək.
Nurlana ƏLİYEVA,
Azərbaycan Dövlət Pedaqoji
Kollecin direktoru,
filologiya elmləri
doktoru, professor
Azərbaycan.- 2009.- 31 dekabr.- S. 8.