Prezident İlham Əliyev Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət
Muzeyi üçün
inşa edilən yeni binada tikinti
işlərinin gedişi
ilə tanış olmuşdur
Dekabrın 1-də
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva
Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti
Dövlət Muzeyi üçün inşa edilən yeni binada
tikinti işlərinin gedişi ilə tanış olmuşlar.
Dənizkənarı
Milli Parkın ərazisində inşa edilən yeni binanın
təməli ötən ilin mayında qoyulmuşdur. Heydər
Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və
YUNESKO-nun birgə layihəsi əsasında inşa olunan muzey
binası ilk növbədə milli memarlıq ənənələrinə
görə fərqlənəcəkdir.
Mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev məlumat verdi ki, çox
qeyri-adi bir forma - "bükülmüş xalça"
muzeyin memarlıq quruluşunun əsasında dayanmaqla
binanın orijinallığını təşkil edəcəkdir.
Muzey inşa edilərkən məhz bu tikili üçün
hazırlanan xüsusi avadanlıqdan istifadə olunur. Binanın
ətrafında yaşıllaşdırma işləri
aparılacaq, muzey kompleksi yaradılacaqdır.
Dövlətimizin
başçısı burada "Venesiya şəhərciyi"
adlanan ərazinin abadlaşdırılmasının vacibliyini
bildirdi.
Prezident İlham Əliyev
və xanımı Mehriban Əliyeva muzeyin maketi ilə
tanış oldular, binanın layihəsinə baxdılar.
Binanın birinci mərtəbəsində qədim xalça və digər əşyaların yaşını müəyyən etmək üçün laboratoriya, xalçaların bərpası otaqları, ikinci mərtəbədə mərasimlər və audiovizual təqdimatlar salonu, xalça toxunan otaq, üçüncü mərtəbədə isə açıq və bağlı sərgi salonları olacaqdır. Eksponatların saxlanması üçün xüsusi yerlər, mərkəzi anbar da fəaliyyət göstərəcəkdir. Muzeydə 200 nəfər çalışacaqdır.
Prezident İlham Əliyevə və xanımına binanın fasadının qurulmasında istifadə olunacaq materiallar göstərildi.
Muzey istifadəyə verildikdən sonra Bakının memarlıq ansamblına xüsusi gözəllik bəxş edəcəkdir.
AzərTAc
Azərbaycan.- 2009.- 2 dekabr.- S. 1.