Bakı buxtasında liman məntəqəsinin tikintisi ilə bağlı bəzi tədbirlər haqqında

 

Bakı buxtasının ekologiyasının sağlamlaşdırılması, sənaye müəssisələrinin paytaxt mərkəzindən kənara köçürülməsi üçün, habelə Azərbaycan Respublikasının ərazisindən yük daşımalarının artırılmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının 2009-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə Bakı buxtasında liman məntəqəsinin tikintisi üçün 5,0 (beş) milyon manat məbləğində vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci bəndində nəzərdə tutulmuş vəsaitin maliyyələşdirilməsini müəyyən olunmuş qaydada həyata keçirsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 7 dekabr 2009-cu il

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 1.