Azərbaycan iqtisadiyyatı qlobal böhran şəraitində də davamlı inkişaf edir

 

Ölkəmizin valyuta ehtiyatlarının həcminin artması buna sübutdur

 

Qlobal böhran şəraitində respublikanın sosial-iqtisadi siyasət prioritetlərinin düzgün müəyyənləşdirilməsi və uğurla həyata keçirilməsi davamlı inkişafımızı şərtləndirmişdir. İqtisadi cəhətdən inkişaf etmiş dövlətləri ciddi problemlər qarşısında qoyan qlobal maliyyə böhranından maksimum az itki ilə çıxan, eyni zamanda, milli inkişafdakı pozitiv meyilləri əsaslı şəkildə qoruyub saxlayan Azərbaycanın hesabat dövründə əldə etdiyi nəticələr bunu deməyə əsas verir.

"Əsl siyasət konkret real iş görməkdən ibarətdir" şüarını irəli sürən Prezident İlham Əliyevin ötən müddətdə iqtisadi inkişafı stimullaşdıran perspektivli layihələri reallaşdırması, bölgələrimizin tarazlı inkişafına hesablanan mühüm dövlət proqramlarını təsdiq etməsi, vətəndaşlarımızın sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində ardıcıl addımlar atması əldə edilən müsbət nəticələrdəndir. Ölkəmizi Cənubi Qafqaz regionunda böyük nüfuz sahibinə çevirən qlobal enerji və kommunikasiya layihələrinin həyata keçirilməsi, ölkədə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusən də, regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin maddi rifah halının yaxşılaşdırılması məsələləri 2003-2009-cu illərdə cənab İlham Əliyevin yeritdiyi iqtisadi siyasətin prioritet istiqamətləri kimi diqqəti cəlb edir.

Ölkə başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" və "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında" fərmanları ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasını qoydu. Dövlət proqramının uğurla icrası qeyri-neft sektorunun inkişafının sürətləndirilməsinə, sahibkarlığa dövlət dəstəyinin artırılmasına, əhalinin maddi rifahı, sosial-məişət şəraitinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına, işləməyən müəssisələrin fəaliyyətinin bərpasına və yeni iş yerlərinin açılmasına geniş imkanlar açdı. Sosial-iqtisadi sahədə davamlı inkişafı təmin etmək məqsədilə dövlət başçısı tərəfindən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın təsdiq edilməsi növbəti illərdə də ölkəmizdə dinamik inkişafın davam etdirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun gücləndirilməsi kimi mühüm vəzifələrin həyata keçirilməsinə imkan yaradacaqdır.

Prezident İlham Əliyevin fundamental elmi əsaslarla yürütdüyü sosial-iqtisadi inkişaf strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmiş, hər bir mərhələ üçün qarşıda duran vəzifələrin dəqiqliklə müəyyənləşdirilərək həllinə real imkanlar açmışdır. Azərbaycan Prezidenti cəmiyyət qarşısında verdiyi bəyanatlara sadiqliyini, habelə yürütdüyü siyasətin reallığa adekvatlığını əməli işi ilə sübuta yetirərək formalaşdırdığı işlək mexanizmlər əsasında islahatların davamlılığını, ardıcıllığını təmin etmiş, ictimai həyatın bütün sahələrində intibah və tərəqqinin əsasını qoymuşdur.

Ölkə başçısının uğurla apardığı inkişaf strategiyası nəticəsində respublikanın qüdrətli dövlətə çevrilməsi yolunda mühüm amil olan ictimai-siyasi sabitlik, vətəndaş sülhü və həmrəyliyi qorunub saxlanılmış, cəmiyyətin ümumi potensialının ümummilli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi təmin etmişdir. Dəqiq müəyyənləşdirilmiş prioritetlər, elmi əsaslara söykənən fundamental qərarlar, xalqın mənafeyinə uyğun sosial-iqtisadi siyasət, çevik idarəçilik mexanizminin formalaşdırılması, mövcud imkanlardan Azərbaycan vətəndaşlarının rifahı naminə maksimum istifadə çağdaş tariximizin son 6 illik dövrünü səciyyələndirən xarakterik xüsusiyyətlərdəndir.

Azərbaycanın qlobal maliyyə böhranı şəraitində belə, davamlı inkişafı ölkə rəhbərliyi tərəfindən dəqiq hədəflərə hesablanmış iqtisadi siyasət xəttini uğurla davam etdirməsi nəticəsində mümkün olmuşdur. Məhz bunun nəticəsidir ki, Dünya İqtisadi Forumunun makroiqtisadi sabitlik, əmək bazarının səmərəliliyi, dövlət idarəetməsinin, infrastrukturun və maliyyə bazarının mükəmməllik səviyyəsi və bu kimi digər mühüm meyarlar əsasında 2009-2010-cu il üçün hazırladığı "Qlobal Rəqabətlilik Hesabatı"nda Azərbaycan 18 pillə irəliləyərək, 133 ölkə arasında 51-ci yerə, MDB ölkələri arasında isə 1-ci yerə yüksəlmişdir. Bu hesabatda qonşu ölkələrdən Türkiyə 61-ci, Rusiya 63-cü, Qazaxıstan 67-ci, Ukrayna 82-ci, Gürcüstan 90-cı yerdədir.

Prezident İlham Əliyev 2010-cu ildə də Azərbaycan iqtisadiyyatının davamlı inkişaf edəcəyini bildirmişdir: "2009-cu ildə Azərbaycan çox uğurla inkişaf etmişdir, 2008-ci ilin sonlarında qarşıya qoyulan bütün vəzifələr icra edilir. Bu, çox vacibdir. Bu, bir daha onu göstərir ki, istənilən şəraitdə Azərbaycan öz planlarını icra etməyə qadirdir. 2003-2008-ci illərdə bizim uğurlu inkişafımız gözəl bir zəmin yaratdı. O illərdə iqtisadiyyat 2,6 dəfə artmışdır və bu artım həyatımızın bütün sahələrində özünü göstərmişdir. 2009-cu il böhranlı il olduğuna görə, əlbəttə ki, ümumi daxili məhsulun 6,1 faiz səviyyəsində artımı bizi çox sevindirir. Hesab edirəm ki, ilin sonuna qədər indiyədək həll olunmamış məsələlər də həll olunmalıdır, bütün sosial və infrastruktur layihələrin icrası davam etdirilməlidir. Əminəm ki, 2009-cu ilin yekunları da çox müsbət olacaqdır. Makroiqtisadi sabitlik qorunub saxlanılacaqdır. Çalışmalıyıq ki, 2010-cu ildə də makroiqtisadi sabitliyin qorunması üçün praktiki işləri davam etdirək".

Ölkədə həyata keçirilmiş məqsədyönlü iqtisadi tədbirlər nəticəsində manatın sabitliyi təmin edilmiş və əhalinin banklara olan inamı daha da artmışdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin banklardakı əmanətlərinin həcmi 11 faiz artaraq 2 milyard manata, kreditlərin həcmi isə 18,2 faiz artaraq 7,6 milyard manata çatmşdır.

Azərbaycanın Mərkəzi Bankının (AMB) yaydığı məlumata görə, cari il AMB öhdəsində olan valyuta ehtiyatlarının idarə olunmasından 50 milyon dollar gəlir əldə etməyi nəzərdə tutub. Artıq bu ilin birinci yarısında 23 milyon gəlir əldə olunub. Ümumilikdə, hesabat dövründə (oktyabrın 30-na) olan məlumata görə, ölkənin valyuta ehtiyatının həcmi 19 milyard dollardan çoxdur ki, bunun da 14,4 milyardı Dövlət Neft Fondunun aktivləridir.

Dünyanı bürümüş maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının inkişaf tempini qoruyub saxlaması ölkə rəhbrərliyinin yürütdüyü iqtisadi siyasət strategiyasının düzgünlüyünü bir daha təsdiq etdi. Qlobal böhran şəraitində ölkəmizdə böyük infrastruktur layihələrinin gerçəkləşdirilməsi, xüsusilə də, bölgələrimizin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə hesablanan proqramların uğurlu icrası və əlavə tədbirlərin həyata keçirilməsi dünyanın nüfuzlu maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilmişdir. Bu iqtisadi siyasət xəttinin uğurla davam etdirilməsi növbəti ildə Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə imkan yaradacaqdır.

 

 

E.Hacıalıyev

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 1.