Azərbaycanın diplomatik
üstünlüyü münaqişənin ədalətli həllinə
zəmin yaradır
Beynəlxalq
ekspertlərin fikrincə, Prezident İlham Əliyevin
apardığı siyasət Ermənistanı daha böyük
təzyiqlər məngənəsinə salıb
Mövcud olduğu regionun lideri statusunu
daşıyan, eləcə də postsovet məkanının ən
güclü dövlətlərindən biri kimi xarakterizə
olunan Azərbaycanın mövqeləri beynəlxalq sferada da
günü-gündən güclənməkdədir.
Bunun nəticəsidir ki, beynəlxalq
ictimaiyyətdə indi Azərbaycanın mövqeləri ilə
daha çox hesablaşırlar. Ölkəmizin maraq dairəsinə
daxil olan məsələlərdə mütləq onun istək
və mənafeləri nəzərə alınır, yeni
regional düzən siyasətinin müəyyənləşməsində
Azərbaycan əsas müəlliflərdən biri kimi
çıxış edir. Belə vəziyyət Azərbaycanın
ən ağrılı problemi kimi dəyərləndirilən
Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində
də yeni və ölkəmizin maraqlarına cavab verən mərhələnin
başlanmasını şərtləndirməkdədir.
Münaqişənin
çözümü istiqamətində artıq Ermənistanı
diplomatik məğlubiyyətə uğradan Azərbaycan hərbi
müstəvidə də hakim mövqedən
çıxış edir və işğalçı ölkənin
Dağlıq Qarabağdan, zəbt olunmuş ətraf rayonlardan
güc yolu ilə çıxarılmasına tam
hazırdır.
Yaxın zamanda danışıqların
nəticə verməyəcəyi təqdirdə Azərbaycan
hərbi gücdən istifadə etmək məcburiyyətində
qalacağını ən yüksək səviyyədə bəyan
edib. Kəlbəcər ictimaiyyətinin nümayəndələri
ilə görüşdə Prezident İlham Əliyev bununla əlaqədar
bildirmişdir: "Danışıqlara ümidimiz tükənsə,
o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır
olmalıyıq. Son illər ərzində ordu quruculuğunda
görülən işlərin təbii ki, məqsədi
vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu
gücləndiririk, yeni silahlar alırıq, texnika
alırıq, təmas xəttində öz mövqelərimizi
gücləndiririk. Bunu ona görə edirik ki, biz bu
variantı heç vaxt istisna etməmişdik və etmirik də.
Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi
yolla azad edək. Beynəlxalq hüquq normaları bu
hüququmuzu tanıyır".
Prezident İlham Əliyevin bu bəyanatı
həm Ermənistanda, həm də dünya politoloqları
arasında geniş müzakirə mövzusuna yol
açıb. Belə hesab olunur ki, Azərbaycanın
işğal edilmiş ərazilərini azad etməsi
üçün hərbi əməliyyatlara başlaması
Dağlıq Qarabağda və ətraf rayonlarda olan Ermənistan
silahlı qüvvələrinin qısa müddət ərzində
darmadağın edilməsi ilə nəticələnəcək,
bundan əlavə, müharibə onsuz da ağır vəziyyətdə
olan Ermənistanı ciddi şəkildə sarsıdacaq. Hadisələrin
bu səpkidə inkişafının qarşısının
alınması üçün ən yaxşı
çıxış yolu kimi Ermənistanın Azərbaycan da
daxil olmaqla qonşularına qarşı ərazi iddialarından
geri çəkilməsi göstərilir. Rusiyalı politoloq
Yevgeni Kriştalyev bununla bağlı bildirir ki, Ermənistanın
qonşuları ilə münasibətlərinin tənzimlənməsi
üçün rəsmi Yerevandan onlara qarşı irəli
sürdüyü ərazi iddialarından geri çəkilmək
tələb olunur: "Buraya praktiki olaraq Azərbaycan
rayonlarından Ermənistan qoşunlarının
çıxarılması da aid olunur. Bunun əvəzində
isə Ermənistana regional əməkdaşlıq
proqramlarına cəlb olunmaq təklif edilir".
Ekspert belə hesab edir ki, münaqişənin
həllində vasitəçilik edən ATƏT-in Minsk
qrupunun həmsədr ölkələri də müharibənin
başlanmaması üçün problemin mümkün qədər
tez çözümündə maraqlı tərəf kimi
çıxış edirlər: "Lakin danışıqlar
prosesinin ölü nöqtədən tərpənməsi
Yerevana təzyiqdən keçir, elə Minsk qrupunun həmsədr
ölkələrindən olan ABŞ artıq Ermənistana belə
təzyiqlər göstərir".
"Rusiya-Avrasiya" mərkəzinin
direktoru, almaniyalı ekspert Aleksandr Rar isə bildirir ki, Avropa
İttifaqı və ABŞ Cənubi Qafqazda vəziyyətin
sabitləşməsini əsas məqsəd kimi qarşıya
qoyublar və bu xüsusda Azərbaycanla daha sıx əməkdaşlığın
qurulması üçün fəaliyyətlərini bir qədər
də aktivləşdirməyi planlaşdırırlar. Onun
sözlərinə görə, bununla əlaqədar olaraq Ermənistan
qarşısında ultimatum şəklində Azərbaycanın
işğal edilmiş ərazilərini geri qaytarmaq qoyulub:
"O da aydın məsələdir ki, Yerevanın
özündə də Azərbaycan ərazilərini geri
qaytarmağın zəruriliyini yaxşı başa
düşürlər".
Ekspert onu da xüsusi vurğulayır ki,
işğal edilmiş Azərbaycan ərazilərinin azad edilməsi
məqsədilə Qərb regionun bütün ölkələrinin
dəstəyini almaq istiqamətində də fəal hərəkətə
keçməlidir. Prezident İlham Əliyevin
danışıqlar nəticə verməyəcəyi təqdirdə,
Azərbaycanın beynəlxalq hüquq normaları əsasında
ərazilərini işğalçılardan təmizləmək
üçün hərbi yoldan istifadə edəcəyinə
dair bəyanatını şərh edən Rusiyanın Siyasi və
İqtisadi Kommunikasiya Agentliyinin baş direktoru Dmitri Orlov deyir
ki, hadisələr bu istiqamətdə inkişaf edərsə,
Ermənistan dərhal zəbt etdiyi torpaqları boşaldacaq.
Çünki Ermənistan Azərbaycanın mövcud hərbi
potensialı qarşısında tab gətirmək
iqtidarında deyil. Digər rusiyalı politoloq Sergey Markedonov da
1990-cı illərin əvvəllərindən fərqli olaraq
Azərbaycanın indi müasir standartlar əsasında
güclü bir orduya sahib olduğunu vurğulayır.
Ermənistanın
özündə isə belə bir fikir hakimdir ki, Prezident
İlham Əliyevin lazım gələrsə, hərbi yoldan
istifadə ediləcəyi ilə bağlı bəyanatları
artıq danışıqlar prosesində rəsmi Yerevanın
geriyə doğru addımlar atmasını şərtləndirib.
Sabiq Prezident Levon Ter-Petrosyanın liderlik etdiyi Ermənistan
Milli Konqresinin bununla bağlı yaydığı sənəddə
göstərilir ki, rəsmi Yerevan həmsədr ölkələrin
xarici işlər nazirlərinin və ATƏT Xarici İşlər
Nazirləri Şurasının bəyanatları ilə
Dağlıq Qarabağ münaqişəsinin ərazi
bütövlüyü, güc tətbiq etməmək və
öz müqəddəratını təyinetmə prinsipləri
əsasında həllinə dair öhdəlik
götürüb: "Ermənistan bununla ilk dəfə olaraq
münaqişənin Azərbaycanın ərazi
bütövlüyü əsasında həllinə rəsmi
razılıq verib. Sənədlərə millətlərin
öz müqəddəratını təyin etməsi
hüququnun da salınması Ermənistanın güzəştini
kompensasiya etmir. Ərazi bütövlüyü və öz
müqəddəratını təyinetmə hüququnun birgə
tətbiqi o deməkdir ki, Dağlıq Qarabağa nə qədər
yüksək özünüidarə hüququ verilirsə
verilsin, bu hüquq Azərbaycanın ərazi
bütövlüyü çərçivəsində
reallaşacaq".
Sabiq
xarici işlər naziri Vardan Oskanyanın rəhbərlik etdiyi
"Siviltas" fondunun eksperti Tatul Akopyan isə
vurğulayır ki, Azərbaycan rəhbərliyi hələ
2008-ci ilin noyabrında imzalanmış Mayndorf bəyannaməsində
Ermənistanı ciddi diplomatik məğlubiyyətə
düçar etmişdi. Həmin vaxt sözügedən sənəddə
münaqişənin tənzimlənməsində beynəlxalq
hüquq və normalara, eləcə də bu çərçivədə
qəbul edilən sənədlərə istinad ediləcəyinə
dair fikirlərin öz əksini tapması, Tatul Akopyana görə,
Azərbaycan tərəfinin yeni və kifayət qədər
ciddi xarakter daşıyan diplomatik uğuru oldu: "Bunun
ardınca ATƏT Xarici İşlər Nazirləri
Şurasının Afina görüşündə daha bir səhvə
yol verildi və Dağlıq Qarabağla bağlı
yayılan bəyanatda Ermənistan və Azərbaycan
münaqişənin əsas tənzimləyici tərəfləri
kimi qəbul olundu. Danışıqlar masası üzərində
olan sənəddən Helsinki Yekun Aktının ərazi
bütövlüyü, güc tətbiq etməmə və
öz müqəddəratını təyin etmə prinsiplərinin
ayrılaraq bir daha ATƏT Xarici İşlər Nazirləri
Şurası səviyyəsində qanuniləşdirilməsi
də Azərbaycanın lehinə işləməkdədir".
Beləliklə,
proseslərin inkişaf istiqaməti Dağlıq Qarabağ
münaqişəsi ətrafında cərəyan edən hadisələrin
sürətlə Azərbaycanın lehinə dəyişməkdə
olduğunu bir daha aydın göstərir. Münaqişənin
sülh yolu ilə həllini tezləşdirmək
üçün isə bu ayın sonunda regiona növbəti səfərləri
olacaq ATƏT-in Minsk qrupu həmsədrlərinin tərəflərə
yeni təkliflərini təqdim edəcəyi gözlənilir.
Bu təkliflərin nədən ibarət ola biləcəyini
isə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov
belə şərh edib: "Atılan addımlar
aydındır, amma bu addımların
ardıcıllığı prinsipi var. Öz
yurd-yuvalarından qovulmuş əhali doğma evlərinə
qayıtmalı, kommunikasiyalar bərpa olunmalı, torpaqlar
işğaldan azad edilməlidir. Əhali öz evlərinə
qayıtmayınca, əməkdaşlıq qurula bilməz. Əməkdaşlıq
olmasa, sülh ola bilməz. Sülh olmayınca isə heç
bir status məsələsi müzakirə oluna bilməz".
Bütün
bunlar bir daha Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həlli pespektivinin uzaqda olmadığını və proseslərin
ölkəmizin maraqlarına uyğun şəkildə
inkişaf etdiyini təsdiqləyir. Çünki artıq beynəlxalq
ictimaiyyət də Azərbaycan ərazilərinin işğal
altında qalmasının uzanmasını və Ermənistanın
müxtəlif bəhanələrlə danışıqlar
prosesini uzatmasını istəmir. Elə bu səbəbdən
Azərbaycanla yanaşı, dünya dövlətlərinin də
işğalçı siyasətinə son qoyması
üçün Ermənistana təzyiqləri artmaqdadır.
Bu, həm də Azərbaycanın diplomatik
uğurlarının ən mühüm göstəricilərindən
biridir.
Rasim
BAYRAMOV
Azərbaycan.-
2009.- 8 dekabr.- S. 1; 4.