İctimai və humanitar elmlər: Zaman kontekstində baxış

 

Azərbaycan Prezidenti İlham Əliyev bu il noyabr ayının 2-də Bakı Dövlət Universitetinin 90 illik yubileyi mərasimindəki çıxışında ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatdığını bəyan etdi. Hər bir Azərbaycan vətəndaşı və bütövlükdə ölkəmiz üçün tarixi əhəmiyyət kəsb edən bu bəyanat elmi və intellektual elita qarşısında xeyli mürəkkəb və strateji əhəmiyyətli məsələlər qoyur. Yaranmış vəziyyətlə əlaqədar biz, müəyyən mənada, artıq başa çatmış bir prosesin yekunlarından nəticə çıxarmalı, cəmiyyətimiz üçün aktuallaşan yeni paradiqmalar haqqında düşünməliyik.

Ölkəmizdə keçid dövrünə xas olan amillər ziyalıların vəziyyətinə, elmin, təhsilin və mədəniyyətin durumuna öz təsirini göstərmişdir. 1990-cı illərin əvvəlində bəzilərinə elə gəlirdi ki, vətəndaşlarımızın ağır güzəranı, gələcəyə inamın olmaması və ümumi çətinliklər bir çox ənənələrimizin də məhvinə gətirib çıxaracaqdır.

O illərdə məruz qaldığımız siyasi, iqtisadi və sosial böhran, sözsüz ki, insanların elmə və təhsilə olan münasibətinə də təsir göstərmişdi. Azərbaycanlıların daim öz övladlarının maariflənməsinə, təhsil almasına, alimin mövqeyinin yüksək dəyərləndirilməsinə meyilli bir millət olmasına baxmayaraq, bu dövrdə çoxları artıq ümidsizliyə qapanmışdılar. Sovet məktəbindən milli təhsil sisteminə keçid heç də asanlıqla baş vermədi. Bu illərdə Elmlər Akademiyasının bağlanmasına dair səslənən çağırışlar da elmi ictimaiyyətə bütövlükdə mənfi təsirini göstərdi.

Sovet İttifaqı dağıldıqdan sonra bütün postsovet ölkələrində olduğu kimi, bizdə də ideologiyasızlaşdırma deyilən prinsip bəyan edildi. Bu prinsip marksizm-leninizm ideologiyası ilə bağlı nə varsa, hamısından tamamilə imtina olunmasını nəzərdə tuturdu və totalitarizmin, kommunist ideologiyasının təzədən baş qaldırmasına imkan verməməli idi. Lakin həmin dövrdə baş verən mürəkkəb proseslər nəticəsində yaranmış boşluğu qısa müddətdə müxtəlif növ surroqat ideya və yanlış ideologiyalar doldurdu.

Belə qondarma ideologiyaların hamısında inkar amili dominant rolunu oynayırdı. İnkarçılıq kommunizm idealları ilə mübarizədə yox, Azərbaycanın keçmişinə olan münasibətdə özünü ən parlaq şəkildə büruzə verirdi. Tarixi nailiyyətlərimizin üstündən xətt çəkilir, qürur doğuran hadisələr belə, qaralanırdı. Əslində, neobolşevizmin bu yeni forması hər şeyi dağıdaraq bizə xarabalıqlar üzərində yeni dünya qurmağı təklif edirdi. Hadisələrin təhlükəli istiqamətdə cərəyan etdiyi bu dövrdə cəmiyyətə yeni bütlər təqdim olunurdu.

Müstəqilliyin ilk illərində ali məktəblərdə də yeniləşmə prosesi bir çox cəhətdən kosmetik səciyyə daşıyırdı. Elmi ateizm kafedraları dinşünaslıq kafedraları adlandırılır, "Elmi kommunizm" ifadəsi mexaniki olaraq "politologiya" sözü ilə əvəzlənir, dialektik və tarixi materializm kafedraları fəlsəfə kafedralarına çevrilirdi və s. Uzun illər Sov.İKP tarixi ilə məşğul olmuş şəxslər də birdən-birə dönüb Vətən tarixi üzrə mütəxəssislərə çevrilirdilər.

1992-1993-cü illərin siyasi həyatında baş verən hadisələrin milli elitaya mənfi təsiri haqqında çox danışmaq olar. Əlbəttə, obyektiv informasiyanın olmadığı bir şəraitdə bir çox əyintilərin və səhvlərin meydana çıxması mümkün idi. Əsl həqiqəti ictimaiyyətə çatdırmaq vəzifəsi məhz alimlərin üzərinə düşürdü.

Ziyalılarımızın böyük bir qismi isə yaxşı bilirdi ki, milli mədəni-mənəvi oriyentasiyanın olmaması, xarici dövlətlərin stereotip inkişaf modellərinə kor-koranə riayət edilməsi hökmən millətin öz simasını itirməsi ilə nəticələnir. Azərbaycanın gələcək inkişaf strategiyasını müəyyənləşdirmiş ümummilli lider Heydər Əliyevin bütün cəmiyyəti səfərbər edərək, onu düzgün yola istiqamətləndirməsi sayəsində 1990-cı illərin çətinliklərini artıq geridə qoymuşuq.

Hazırda biz müasir Azərbaycan dövlətçiliyinin inkişafında yeni mərhələ yaşayırıq. Ölkəmizdə inkişafın yüksək sürəti təmin edilmişdir. İndi möhtəşəm və məsuliyyətli vəzifələrin öhdəsindən gəlmək üçün dövlətimizin kifayət qədər potensialı və təcrübəsi vardır. Dünyanı bürümüş maliyyə və iqtisadi böhran şəraitində bugünkü göstəricilərimiz çox böyük uğur kimi qiymətləndirilir. İqtisadi sahədəki yüksək nailiyyətlərimiz isə heç də asanlıqla qazanılmayıbdır.

İndi cəmiyyətimiz qarşısında, ilk növbədə elmi elita qarşısında mühüm vəzifələrin həlli məsələsi dayanır. Əsas məqsədimiz ondan ibarətdir ki, yaxın illərdə təhsildə, elmdə, ümumən intellektual sahələrdə ciddi dönüş yaradılmalı və biliklərə əsaslanan iqtisadiyyatın qurulması prosesi intensivləşməlidir.

Ümummilli əhəmiyyət kəsb edən bir sıra məsələləri biz yeni şəraitdə təhlil etməliyik. Bütün Yer kürəsini əhatə etmiş qloballaşma milli məkana bəzən birmənalı olmayan şəkildə ciddi təsir göstərir. Belə dəyişkən siyasi, iqtisadi və sosial-mədəni paradiqmaların mövcudluğu şəraitində çalışmalıyıq ki, milli varlığımıza bağlı dəyərlərə xələl gəlməsin. Tariximizi, mədəniyyətimizi və bizi birləşdirən mənəvi dəyərləri qoruyub saxlamaq indi hər birimizin ən ümdə vəzifəsidir.

Bu gün Azərbaycan dövləti çox uğurlu sosial-iqtisadi siyasət həyata keçirir: yeni iş yerləri açılır, regionların yüksək inkişafı təmin edilir. Ölkədə yaranan əlverişli biznes mühiti ümumi tərəqqimizə müsbət təsir göstərir. Vətəndaş cəmiyyətinin bir çox strukturları aktiv fəaliyyət göstərərək ölkəmizin inkişafına xidmət edirlər. Kütləvi informasiya vasitələri, o cümlədən efir və internet məkanı uğurla inkişaf edir. Demək olar ki, yeniləşmə prosesindən kənarda qalan sahə yoxdur.

Bu yaxınlarda Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun əsas məqsədi elmin müxtəlif sahələrində aparılan araşdırmaların səmərəliliyinin artırılmasını və dünya elmi məkanında Azərbaycan elminin layiqincə təmsil olunmasını təmin etməkdir. Bundan öncə, dövlətimizin başçısı elmin inkişaf strategiyasının əsas müddəalarını təsdiq edibdir. Əslində, bu sənədlə elmlə bağlı olan hər bir qurum qarşısında məsuliyyətli vəzifələr qoyulur, onlardan müasir şəraitdə konkret fəaliyyət proqramının tərtib edilməsi və gerçəkləşdirilməsi tələb olunur.

Prezident İlham Əliyevin YUNESKO-nun baş direktoru Koişiro Matsuura ilə əldə etdiyi razılıq əsasında beynəlxalq ekspertlər qrupu tərəfindən Azərbaycan elminin idarə edilməsi, maliyyələşdirilməsi və təşkilinə dair hazırlıq işləri aparılır. Bu ilin sonuna yekun hesabat və təkliflər təqdim olunacaqdır. YUNESKO-nun Azərbaycana göstərdiyi bu kömək elmlə bağlı bir çox problemlərin həllinə də töhfəsini verəcəkdir.

Bu mühüm qərarlar istər-istəməz belə bir sual doğurur: bəs bizim elmi elita ilə birlikdə həyata keçirmək istədiyimiz strateji planlarımızın mahiyyəti nədən ibarətdir? Mən, ilk növbədə, bu sahədə aktual olan bir neçə istiqamətə toxunmaq istərdim.

Onlardan birincisi idarəçilik sistemində qəbul olunan siyasi qərarların elmi bazasıdır. Məlumdur ki, idarəçilik sistemində qəbul edilən bir çox qərarlar müəyyən elmi təhlilə istinad etməlidir. Bu təhlilin əsas prinsiplərini üç suala veriləcək cavablar müəyyən edir. Bu suallar əslində çox sadədir: Problem nədən ibarətdir? Problem necə və hansı alternativ yollarla həll oluna bilər? Mövcud alternativ həllərdən ən optimalı hansıdır?

XX əsrdə biz elə şəraitdə yaşamışıq ki, siyasi qərarların qəbul edilməsi prosesinin özlüyündə bir elm sahəsi olması totalitar dövlətdə inkar edilirdi. Bununla belə, bu gün hamımız üçün danılmaz həqiqətdir ki, cəmiyyətimizin uğurlu inkişafı naminə qəbul olunan siyasi qərarların dürüstlüyünü təmin edərkən biz, əsasən, üç istiqamət üzrə elmi tədqiqatların nəticələrinə arxalanmalıyıq:

- sosial-siyasi elmlər sahəsində, o cümlədən politologiya, sosiologiya və iqtisadi elmlər;

- fəlsəfə, psixologiya və informasiya-kommunikasiya istiqamətləri;

- dövlət idarəçiliyi nəzəriyyəsi, menecment və digər sahələr.

Məlumdur ki, dövləti və siyasi qərarları qəbuletmə nəzəriyyəsi XX əsrin 40-cı illərində əsasən ABŞ-da təşəkkül tapmış elm sahəsidir. Məhz bu dövrdə siyasi idarəetmə elmləri sosial biliklərin ayrıca bir istiqaməti kimi formalaşmışdır. 1979-cu ildə yaranan müvafiq beynəlxalq assosiasiyanın çoxsaylı üzvləri hazırda bütün dünyada siyasi təhlil və proqnozlaşdırma ilə bağlı araşdırmalar aparmaqla yanaşı, hətta bunları universitet proqramlarına daxil ediblər.

Bununla əlaqədar, rastlaşdığımız çoxsaylı problemlərdən yalnız ikisi üzərində dayanmaq istərdim.

Birincisi, Azərbaycanın hazırda iştirak etdiyi beynəlxalq miqyaslı bir neçə layihə "enerji təhlükəsizliyi" ilə əlaqəlidir. Ona görə də siyasi və iqtisadi amillərin güclü olduğu beynəlxalq energetika sahəsi üzrə ölkəmizdə nüfuzlu elmi ekspertlərə böyük ehtiyac vardır.

İkincisi, transmilli korporasiyaların fəaliyyətinə, dünya maliyyə bazarlarının vəziyyətinə, beynəlxalq ticarət və xarici investisiya axınlarının istiqamətləndirilməsinə müraciət edərkən aydın olur ki, bizim iqtisadçı alimlər hazırda xüsusi əhəmiyyət kəsb edən bu sahələrlə ciddi məşğul olmalıdırlar.

Beləliklə, aydındır ki, siyasi qərarların qəbul edilməsi mərhələsinə qədər zəruri olan elmi araşdırmaların aparılması günün əsas tələblərindən biridir. Lakin kadr qıtlığı və müvafiq mexanizmlərin işlənilməməsi bu prosesi hələlik düzgün qurmağa imkan vermir.

Azərbaycanın həyata keçirdiyi daxili və xarici siyasət ən nüfuzlu dairələrdə belə müdrik və tarazlaşmış strateji xətt kimi qiymətləndirilir. Ancaq dövlətin və dövlət başçısının bu siyasəti hələlik yalnız jurnalist mövqeyi səviyyəsində şərh edilir.

Bizdə siyasi anlayışlardan və politologiyanın müasir problemlərindən heç olmasa, baş çıxara bilən mütəxəssislər yoxdur, yalnız bir-iki həqiqi politoloqumuz ola, ya olmaya. Bu politoloqlar da son dərəcə mürəkkəb olan müasir dünyada qloballaşmanın problemlərinə və ziddiyyətlərinə məhz başqalarının fikirlərinə əsasən şərhlər verirlər. Onların məqalələrində dünyanın aparıcı informasiya agentliklərinin, Rusiyanın, Türkiyənin, Avropanın analitik mərkəzlərinin mövqeləri səslənir. Deməli, hər şey var, yalnız müstəqil Azərbaycanın real siyasi mövqeyinin elmi əsaslarla təhlilindən başqa.

Mövcud vəziyyət tələb edir ki, adıçəkilən sahələr üzrə mütəxəssislərin hazırlığı dünyanın nüfuzlu universitetlərində, tanınmış elm və təhsil mərkəzlərində aparılmalıdır. Prezident İlham Əliyevin bir neçə sərəncamı, o cümlədən azərbaycanlı tələbələrin xaricdə təhsil almağa göndərilməsi barədə qərarı yeni texnologiyaların mənimsənilməsi ilə yanaşı, həmin problemlərin də həllinə yönəlibdir.

Bu gün dünya Azərbaycanı yenidən kəşf edir. Ölkəmizə olan bu diqqət və marağın əsasında Prezident İlham Əliyevin fədakar fəaliyyəti dayanır. Artıq politoloji tədqiqatlarda "Azərbaycan modeli" haqqında fikirlər səslənir.

Lakin bizdə hələ də inkişafın Azərbaycan modeli ilə bağlı fundamental təhlillər aparılmır, bu modelin uğurlarını dəstəkləyən və onun əsas meyillərini üzə çıxaran əsərlər yazılmır. Nəşr edilən və problemlə az-çox əlaqəsi olan cild-cild, qalın-qalın kitabların isə elmi səviyyəsi son dərəcə aşağıdır. Halbuki biz yeni cəmiyyətin qurulması praktikasını dərindən öyrənib təhlil edərək gələcək inkişafımızın bazasını yaradırıq.

İctimai elmlər sosial sifarişə çevik reaksiya verməlidir. Ancaq o, hələ də ətalət, gözləmə və passiv seyrçi mövqeyindədir. Bunun müxtəlif səbəbləri vardır. İnformasiya cəmiyyətinə inteqrasiya prosesində isə vaxt itkisini, "gecikmə effekti"ni heç nə ilə kompensasiya etmək mümkün deyildir.

İndi birbaşa ictimai şüura ünvanlanmış humanitar texnologiyalar ən önəmli amilə çevrilmişdir. İnkişafın belə bir zamanında önləyici proqnozlar sistemini müəyyənləşdirmək üçün işlər görülməlidir. Milli elm infrastrukturunun formalaşması üçün dövlətə konkret konsepsiya təqdim edilməlidir. Bu, dünya elminin insanlara, elmə və təhsilə münasibətdə irəli sürdüyü standartlara cavab verən bir konsepsiya olmalıdır.

İctimai elmlər cəmiyyətdə baş verən proseslərin və dövlət-vətəndaş münasibətlərinin əlaqələndirilməsini təmin etməlidir. O, elmimizi obyektiv istiqamətlərə yönəltməklə millətin düşünən beyninə, insanlarımızın ictimai əxlaqının yüksəldilməsinə, bütünlükdə inkişafın aparıcı amilinə çevrilməlidir. Bu vəzifələrin öhdəsindən gəlmək üçün ictimai elmlər sahəsində yeni ideyalar irəli sürməyə qadir şəxslərə, kreativ düşüncəli insanlara ehtiyac vardır.

Qlobal elm məkanına uğurlu inteqrasiya üçün alimlərimiz ölkədə elmin nüfuzunu və əhəmiyyətini yüksəldə bilərlər. Odur ki, tədqiqatlar yalnız şəxsi karyera üçün aparılmamalı, dövlətin, cəmiyyətin maraq və ehtiyaclarına xidmət etməlidir.

Elmin hər bir nümayəndəsi öz fəaliyyətini iki mövqedən qiymətləndirməlidir: əvvəlcə vətəndaş, sonra alim kimi. Amma digər maraqlar üstün gəldiyindən milli mənafe, vətənpərvərlik fikri və milli mənlik ideyası zaman-zaman kənarda qalır. İnstitut və kafedra rəhbərləri kollektivin elmi potensialını dövlətin fundamental maraqlarının xidmətinə yönəltməlidirlər. Ona görə də islahatların elmi əsaslarının izahı və təqdimində ictimai elmin yaxın iştirakı və əzmi hiss olunmalıdır.

Bütövlükdə sadaladığımız bu məsələlər siyasi qərarlar qəbul ediləndən sonra onların nəticələrinin düzgün elmi təhlilinə yönəlmiş fəaliyyət sahəsidir. Bu, fikrimcə, ikinci vacib istiqamətdir ki, onun da sanballı elmi potensiala ehtiyacı vardır.

Bizi düşündürən üçüncü istiqamət Azərbaycan cəmiyyətinin öyrənilməsi ilə bağlı tədqiqatlardır. Azərbaycanlı mentalitetinin öyrənilməsi, ictimai fikri formalaşdıran əsas sosial-psixoloji kateqoriyalara həmvətənlərimizin münasibəti, demoqrafik vəziyyət və bir sıra digər amillərin elmi təhlili bu gün bizim üçün xüsusi məna kəsb edir.

Milli dəyərlərin qorunub saxlanmasından danışarkən biz heç də onların konservasiyasını nəzərdə tutmuruq. Biz daim irəliyə, gələcəyə baxmalıyıq, insani, maddi və mənəvi resurslarımızı səfərbər etməliyik. Millətin tarixi keçmişi onun gələcəyə doğru uğurla addımlaması üçün həm zəmin, həm də ibrət dərsidir. Yeni inkişaf yolunu müəyyən edən strategiyada, sözsüz ki, varisliklə novatorluq vəhdət təşkil etməlidir.

Biz daim böyük fəxrlə deyirik ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev bizə azərbaycançılıq məfkurəsini bəxş etmişdir. Onun fəlsəfəsi hər bir azərbaycanlıya imkan verir ki, o, azərbaycanlı olduğunu qürur hissi ilə desin. Lakin gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsi prosesi heç də problemsiz deyildir. Gənclərimizin əsl azərbaycanlı kimi tərbiyəsi bizim vətəndaşlıq borcumuzdur və xalqımızın gələcəyi deməkdir. Müasir dünyada vəzifələrimizin öhdəsindən layiqincə gələ bilməyimiz üçün aidiyyəti elmi qurumlar azərbaycançılıq məfkurəsinin nəzəri-konseptual əsaslarını işləyib hazırlamalıdırlar. Gənclərimizin milli və müasir ruhda tərbiyəsi məsələləri də həmin fəaliyyət proqramının tərkib hissəsi olmalıdır.

Hər bir xalqın mentalitetindən danışanda biz, əslində, onun xarakterik milli xüsusiyyətlərini və həmin etnosun yaşatdığı inancları, inamları, ümumi əhval-ruhiyyəni, torpağa, zəhmətə, halal-haram anlayışlarına münasibəti və digər amilləri önə çəkirik.

Azərbaycan xalqının böyük tarixi nailiyyətidir ki, bütün təsirlərə baxmayaraq, biz öz dilimizi, dinimizi, milli-mənəvi dəyərlərimizi qoruyub saxlaya bilmişik. Lakin qloballaşma çağırışlarına məruz qalan ailə artıq XXI əsrdə bu məsələlərin həllində əvvəllər oynadığı rolu, sözsüz ki, oynaya bilmir. Milli dəyərlərlə əlaqəli problemlər üzərində dayanaraq xüsusi qeyd etmək istərdim ki, bunların tam həllini tapması müstəqil respublikamızın vətəndaşlarının tərbiyəsi baxımından müstəsna əhəmiyyətə malikdir. Milli-mənəvi dəyərlərimizin qorunub yaşadılması və zənginləşdirilməsi ailədən də çox cəmiyyətdən asılıdır.

Azərbaycan dilinin cəmiyyətimizdəki mövqeyi çox güclüdür. Həyata keçirilən irimiqyaslı layihə ədəbi irsimizi kütləvi surətdə latın qrafikası ilə çap etməyə imkan verdi. Bu, mədəni həyatımızda çox böyük hadisədir. Digər tərəfdən, dövlətin dilə və ədəbiyyata olan qayğısının təzahürüdür. Lakin hər bir dilin inkişafı onun kütləvi informasiya vasitələrində, müasir ədəbiyyatda, terminoloji problemlərin həllindəki mövqeyi ilə bağlıdır.

Bu baxımdan etiraf etmək lazımdır ki, bu gün canlı danışıq dilimizdə müşahidə olunan bəsitlik, müasir ədəbi əsərlərin qıtlığı, kütləvi informasiya vasitələrinin dilindəki üslub pozuntuları və qəlizlik bizim dilçilərin və ədəbiyyatşünasların araşdırmalarında lazımi yer tutmur. Heç kəsə elə gəlməsin ki, dilin dövlət dili elan edilməsi ilə dillə əlaqəli olan bütün problemlər aradan qaldırılır. Daim dilin keşiyində dayanmalı olan insanlar, təəssüf ki, müasir dövr üçün zəruri sanballı tədqiqatları həyata keçirmirlər.

Məni bir sual düşündürür: Azərbaycanda son illərdə yazılan heç olmasa bir roman, hekayə və ya poema adı çəkmək mümkündürmü ki, o, cəmiyyətimizdə böyük maraq doğursun? Yaxud Azərbaycan teatrında elə bir yeni əsər tamaşaya qoyulubmu ki, ictimaiyyətin diqqət mərkəzində olsun? Həqiqi söz ustası, əsl ədib zamanın ruhunu duymalı və ona uyğun əsərlər meydana gətirməyi bacarmalıdır.

Ədəbiyyat və teatr tənqidçilərimiz hələlik gizli, latent formada cərəyan edən narahatedici proseslərin təhlilini aparmalı və öz missiyalarını yerinə yetirməlidirlər. Söz sənəti korifeylərimizdən bizə zəngin yaradıcılıq məktəbi miras qalmışdır. Onların bugünkü varisləri öz yeni ədəbi axtarışları ilə Azərbaycan ədəbiyyatının şöhrətini layiq olduğu yüksəklərə qaldırmalıdırlar.

İctimai və humanitar elmlərin problemlərinin həlli ölkənin elmi elitasını əsas məqsəddən - fundamental tədqiqatların həyata keçirilməsindən yayındırmamalıdır. Burada da həllini gözləyən problemlər az deyildir. Biz ümumən Azərbaycan elmini əyalət ab-havasından xilas edərək, onun dünya elm məkanına inteqrasiyasına can atmalıyıq.

Həqiqət naminə qeyd etməliyik ki, Azərbaycanda XX əsrdə ictimai və humanitar elmlər sahəsində sanballı elmi potensial yaranmışdır. Respublika Elmlər Akademiyasında və ali məktəblərdə müxtəlif sahələr üzrə kifayət qədər elmlər doktoru və elmlər namizədi hazırlanmışdır. Lakin Azərbaycanın öz müstəqilliyini bərpa etməsindən sonrakı dövrdə belə bir vəziyyət müşahidə olunmaqdadır ki, həmin potensial zəruri tədqiqatların aparılmasından uzaqdır və ümumən ölkənin gələcək inkişaf strategiyasının elmi əsaslandırılması baxımından bir növ istifadəsiz qalmışdır. Zamanın tələbi isə budur ki, fundamental elmi araşdırmaların aparılması ilə yanaşı, ictimai və humanitar elmlər həyata yaxınlaşmalı, cəmiyyətin bugünkü və gələcək tələbatlarını müəyyənləşdirməklə mövcud problemlərin mümkün həlli yollarını təqdim etməlidirlər.

Aparılan sorğular cəmiyyətdə elmi fəaliyyət sahəsinə laqeydliyin olduğunu göstərir. Bu, böyük həyəcan doğuran faktdır. Bunun səbəblərindən biri də indi elmə gələn bəzi insanların şəxsi keyfiyyətləri və analitik təhlil qabiliyyətlərinin müasir tələblərdən xeyli aşağı olmasıdır. Mövcud elmi şuralar öz iclaslarında elmin müxtəlif sahələrinə həsr olunmuş xüsusi müzakirələr keçirmir. Beynəlxalq tərkibli elmi şuralar isə heç yoxdur. Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Müdafiə olunan dissertasiyaların böyük bir qismində sanballı elmi tutum və yeni elmi qənaətlər yoxdur. Belə faktların sayı isə nəinki azalmır, əksinə, artır.

Elm bir biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Təəssüf ki, bütün bu proseslərdə elm və təhsil müəssisələrinin bir sıra əməkdaşları hazır dissertasiyaları iddiaçılara təklif edirlər. Paradoksal haldır ki, elmin paklığını qorumaq əvəzinə elm xadimlərinin özləri təsadüfi adamların elmi adlar almasına rəvac verir, belə işləri elmi şuralarda yekdilliklə dəstəkləyirlər. Söz yox ki, bu cızma-qaralar Azərbaycanın elmi potensialının artırılmasına heç bir xidmət göstərə bilməz.

Son beş ildə Azərbaycanda müdafiə edilmiş dissertasiyalar arasında elələri vardır ki, tragikomik təsir bağışlayır. Xüsusilə filologiya sahəsində hansısa yazıçının "yaradıcılıq yolu"na həsr olunmuş dissertasiyaları qeyd etmək istərdim. Adları qədər özləri də bəsit olan həmin dissertasiyalar elmi tədqiqatdan daha çox, son dərəcə zəif yazılmış publisistik yazıları xatırladır. Eyni mənzərə ictimai və humanitar elmlərin digər sahələrində də müşahidə olunur. Yüzlərlə dissertasiya müdafiə edildiyi halda, dünyanın nüfuzlu elmi jurnallarında Azərbaycan alimlərinin məqaləsinə təkdənbir rast gəlmək mümkündür.

Məlumdur ki, uzun müddət ərzində Azərbaycanda ictimai elmlər sovet ideoloji sistemi kontekstində təşəkkül tapmış və bu səbəbdən də müasir elmi nailiyyətlərdən uzaq düşərək dünyanın intellektual elitasından təcrid olunmuşdu. Əslində, marksaqədərki siyasi və fəlsəfi fikrin bütün dövrü, belə deyək ki, müəyyən sterilləşdirməyə məruz qalmışdı. Hətta Platon, Aristotel, Hobbs və Lokk kimi mütəfəkkirlərin əsərləri sırf marksist kontekstdən şərh edilirdi. Bütövlükdə XX əsrdə biz dünya fəlsəfəsindən bixəbər olaraq inkişaf etmişik. Qərbdə meydana çıxan yeni nəzəriyyələrin və ictimai-siyasi fikirdə yaranan ideyaların mövcudluğundan biz yalnız onları tənqid edən sovet ideoloqlarının məqalələri vasitəsilə xəbər tuturduq. İctimai elmlər sahəsində böhran yaradan əsas problemlərdən biri də budur.

Bəzi elmi işçilər çox uğursuz bir yol tutaraq xaricdən verilən qrantlar hesabına yazdıqları müxtəlif məqalələrdə elmdən uzaq və olduqca subyektiv mülahizələr ortaya atmaqla, qrant verən qurumların niyyət və məqsədlərinə xidmət göstərirlər. İş o yerə çatıbdır ki, bəziləri Azərbaycan xalqının guya heç nəyə qadir olmadığını təsdiqləmək həvəsinə düşüblər. Onlar guya vahid millət kimi formalaşmadığımızı və zamanın tələblərinə adekvat cavab vermək iqtidarında olmadığımızı sübuta yetirməyə çalışırlar. Digərləri isə açıq-aydın yazırlar ki, bizim bütün problemlərimiz adımızın "azərbaycanlı" olmağından və ya bizə kiminsə "azərbaycanlı" adını verməyindən irəli gəlir. Onların fikrincə, bəlkə millətimizin adı başqa olsaydı, problemlərimiz də olmazdı. Bu, çox təhlükəli mövqedir. Faktlar göstərir ki, bir sıra alimlər elmdən uzaqlaşaraq və siyasi oyunların qurbanlarına çevrilərək, hətta danılmaz həqiqətləri belə öz siyasi maraqlarına qurban verməyə hazırdırlar.

Bu gün ölkədə yaranmış ictimai-siyasi və mənəvi mühit bizə ictimai elmlərin yeni şəraitdəki rolunu dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Sürətli sosial-iqtisadi inkişaf, öz növbəsində, ictimai elmlər qarşısında yeni vəzifələr irəli sürür, ictimai elmlər üzrə çalışan alimlərin məsuliyyətini nəzərəçarpacaq dərəcədə artırır, bu sahədə verilən bütün səmərəli fikir və təkliflərə tam ciddiyyətlə, özünütənqid ruhunda yanaşaraq, onları diqqətə almağı və lazımınca qiymətləndirməyi tələb edir. Əlbəttə, ictimai elmlər sahəsində müəyyən nailiyyətlər qazanıldığını inkar etmək olmaz. Lakin alimlərimiz öz qüvvələrini bu günün ən aktual problemlərinin həllinə yönəltməlidirlər.

Etiraf etmək lazımdır ki, ictimai elmlərin cəmiyyətimizdəki mövqeyini, bütövlükdə bu elmlərin mövcud vəziyyətini ölkəmizin indiki inkişaf mərhələsinin irəli sürdüyü tələblər baxımından qənaətbəxş hesab etmək olmaz. Onun nüfuzunun yüksək olmamasının səbəbləri nədir?

Bizim fikrimizcə, başlıca səbəb ictimai biliklərin insanların artan tələbatından, həmçinin cəmiyyətin həyatında baş verən hadisələrin analitik təhlilindən geri qalmasıdır. Ölkədə cərəyan edən proseslərlə müqayisədə ictimai elmlərin geri qalması bizim üçün heç də yeni hal deyildir. Bu, demək olar ki, onillər boyu xroniki şəkil almışdır. Hələ 1970-80-ci illərdə ulu öndər Heydər Əliyev respublikamızda ictimai elmlərin nümayəndələrini Azərbaycan reallıqlarına xüsusi həssaslıqla yanaşmağa çağırmış, onların tədqiqatlarına tənqidi yanaşaraq nəzər-diqqətlərini dəfələrlə belə bir məsələyə yönəltmiş və tələb etmişdi ki, ictimai elmlər öz gücünü məhz gerçəkliyin obyektiv təhlilindən almalıdır. O zamankı inkişaf meyillərini və mövcud vəziyyətin təhlilini mücərrəd nəzəriyyəçiliklə əvəz edərək iqtisadi artım tempinin sürətləndirilməsi baxımından respublikanın təcrübəsini ümumiləşdirməyə çalışan tanınmış iqtisadçı alimin kitabını Heydər Əliyevin necə kəskin tənqid etdiyini xatırlamaq yerinə düşərdi. Həmin alim köhnəlmiş iqtisadi göstəricilərdən istifadə etdiyinə görə Azərbaycanın 1970-ci illərdəki təsərrüfat-iqtisadi həyatı üçün səciyyəvi olan yüksək əmək ritminin həqiqi mənzərəsini canlandıra bilməmişdi.

İctimai elmlər sahəsində geriliyi, müəyyən mənada spesifik sosial şəraitlə də əlaqələndirmək mümkündür. Belə ki, sosialist dünyagörüşündən imtina edərkən alimlərimiz ictimai elmlər sahəsində yeni yollar axtarmağa da heç hazır deyildilər.

İndi ölkənin kitab bazarı müxtəlif məzmunlu və çoxsaylı nəşrlərlə dolub daşır. Əli qələm tutan yazır. Nəfis tərtibatla işıq üzü görən bu nəşrlər içərisində sosial-siyasi problemlərin bəsit şərhi ilə bağlı vaxtaşırı səslənən ciddi iradları biz tamamilə haqlı sayırıq. İctimai elmlər üzrə tədqiqatların empirizm və quru təsvirçilik səviyyəsinə enməsi müşahidə olunur və həmin nəşrlərdə faktlar yalnız sadalanır, hadisələrin quru təsviri verilir, nəzəri təhlil də yox dərəcəsindədir. Hər bir elmi axtarışda isə əsas prinsip canlı müşahidədən abstrakt təhlilə və ondan praktikaya istiqamətlənməlidir.

Şübhəsiz, dünyagörüşünün elmi əsası kimi fəlsəfə və digər ictimai elmlər öz vəzifələrini yalnız o halda tam yerinə yetirə bilər ki, burada aparılan ümumiləşdirmələr və gəlinən qənaətlər aydın bir dildə ifadə edilməklə yanaşı, məzmunca da dərin olsun. Bu qənaətlər isə yalnız insanları düşündürən və narahat edən elmi, sosial-mədəni və mənəvi-əxlaqi problemlərin real həllində rol oynayacağı təqdirdə maraq doğurar, onların diqqətini öz üzərinə çəkə bilər.

Əlbəttə, ictimai elmlərin yeri və nüfuzu ən əvvəl bu sahədə çalışan mütəxəssislərin özlərindən asılıdır. Sirr deyil ki, son 20-25 il ərzində məlum obyektiv, yaxud subyektiv səbəblərdən ictimai elmlər sahəsində canlı diskussiyalar aparılmır, məzmunlu elmi tənqidə və nəzəri aspektli təhlillərə rast gəlinmir.

İctimai elmlər öz mənbəyini məhz gerçəkliyin obyektiv şərhindən və təhlilindən alır. Cəmiyyətdəki təmayülləri hələ özünü büruzə verməyə başladığı ilk vaxtdan görməyi bacarmaq əsl sosioloqa xas olan bir keyfiyyətdir. Bunun isə çox nadir hallarda şahidi oluruq. Gerçəkliyin obyektiv təhlili, düzgün qiymətləndirilməsi və tarixi təcrübənin yeni elmi dərki olmadığı təqdirdə yeni elmi biliklər və ictimai elmlərin məzmunca zənginləşməsi də çətindir. Əgər nəyi isə tənqid ediriksə, həmin tənqid mövcud olanların köklü inkarına yönəlməməli, islahedici xarakter daşımalıdır. Əks təqdirdə o, inkişafı əngəlləyən amilə çevrilə bilər.

Bir qədər əvvəl deyildiyi kimi, ölkəmizin inkişafının yeni təcrübəsi lazımınca öyrənilmir, ümumiləşdirilmir və yeni biliklərin hasil edilməsində ondan istifadə olunmur. Həyatımızın bugünkü reallıqları elmi-nəzəri tədqiqatlarda özünün təcəssümünü tapmalıdır. Yeni dövrün ruhuna uyğun nəzəri-ictimai fikrin yaradıcı surətdə inkişafı bu yolla təmin edilə bilər.

Ötən dövrə nəzər yetirdikdə aydın olur ki, bizim filosoflar, tarixçilər, iqtisadçılar və ədəbiyyatşünaslar ölkədə baş verən yeniliklərin heç də aparıcı qüvvəsi kimi çıxış etməyiblər. Həddən ziyadə vaxt itkisinə yol verilmişdir. Halbuki müstəqilliyimizin on doqquz ili lazımi elmi nəticələrə gəlmək üçün kifayət qədər möhkəm baza təşkil edir.

2003-cü ildən etibarən ölkəmiz öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Bu inkişaf yolunu bütün incəlikləri ilə aydın təsəvvür etmək və eləcə də gələcək perspektivləri müəyyənləşdirmək üçün, sözsüz ki, ictimai elmlər sahəsində yaradıcı mühitin bərqərar olması və burada vahid mövqedən çıxış edilməsi zəruridir. Ona görə də daim axtarışda olan insanlara geniş meydan verilməli, yeni fikirlər və ideyalar, novator yanaşmalar dəstəklənməlidir.

Əgər dövlət müstəqilliyimizin bərpasının ilk illərində ictimai elmlərin nümayəndələri arasında müəyyən qütbləşmə mövcud idisə, bu gün cəmiyyətimiz öz inkişafının elə bir mərhələsinə çatıb ki, baş vermiş sosial-iqtisadi dəyişiklikləri bütünlüklə və geniş miqyasda dərk etmək üçün hər cür imkan vardır. Əslində, bu, yaşadığımız tarixi anın mahiyyətini və məzmununu təşkil edir. Həyatımızın yeni reallıqları bizə varisi olduğumuz böyük tarixi-mədəni irsi daha da zənginləşdirmək imkanı vermişdir. Tariximizin yetirdiyi görkəmli ictimai-siyasi xadimlərin, böyük filosofların və mütəfəkkirlərin, tarixçilərin və ədəbiyyatşünasların yaratdıqlarını biz informasiya əsrində yeni yanaşmalar işığında bir daha nəzərdən keçirməli, onları ideoloji buxovlardan büsbütün xilas etməliyik.

İctimai elmlər sahəsində vəziyyətin yaxşılığa doğru kəskin surətdə dəyişməsi son dərəcə mühüm əhəmiyyət kəsb edir. Biz ictimai və humanitar elmi qurumların strukturlarını müasir tələblərə uyğun təkmilləşdirməliyik. Hər bir qurum öz vəzifəsini və fəaliyyət dairəsini dəqiq müəyyən etməlidir. Elmi fəaliyyətin təşkili sosial-iqtisadi və ictimai-siyasi inkişafın bugünkü tələblərinə cavab verməlidir. Milli Elmlər Akademiyasının və tədris müəssisələrinin işçilərinin yaradıcı işbirliyi təmin edilməli, tədqiqatların əlaqələndirilməsi məsələləri həllini tapmalıdır. Xüsusən, istedadlı gənclərin elmə gəlməsinin təşkili ilə bağlı işlər düzgün qurulmalı, kadr potensialı baxımından varislik təmin olunmalıdır.

Biz elmi-ictimai həyatın bütün formalarını, o cümlədən elmi cəmiyyətlərin və elmi assosiasiyaların fəaliyyətini əməli surətdə canlandırmalıyıq. Bu, eyni zamanda, müxtəlif müzakirələrin, yaradıcılıq görüşlərinin təşkili və açıq fikir mübadiləsinin aparılmasına da aiddir. Müxtəlif fikirlərin mübadiləsi o halda maraqlı ola bilər ki, elmin inkişafını stimullaşdırsın, əsl yaradıcı mühitdə cərəyan etsin və siyasi ittihamlardan, kimisə damğalamaq kimi yanlış praktikadan uzaq olsun. Bu, yeni təfəkkürün formalaşması yollarından biridir.

Cəmiyyətin həyatında elmin rolunun yüksəlməsi ilə bərabər alimin ictimai məsuliyyəti də artır. Bu isə elmin və əxlaqın bağlılığı məsələsinə yenidən aktuallıq qazandırır. Unutmamalıyıq ki, bir şəxsiyyət kimi alimin öz həmkarlarına və yetirmələrinə güclü mənəvi-psixoloji təsiri vardır. Bu təsir isə həm alimin özünün peşəkarlıq səviyyəsi, həm də onun vətəndaş mövqeyinin ifadəsidir. Hər bir elm adamı zəkasının məhsulu olan əsərlərində, eləcə də yazılarında və çıxışlarında irəli sürdüyü mövqelərə görə məhz özü məsuliyyət daşıyır. Alim olan kəs hər zaman özünün yüksək davranış mədəniyyəti, zəngin daxili aləmi və nümunəvi əxlaqı ilə seçilir. Bu, tarixən də belə olmuşdur, indi də belə olmalıdır.

İctimai elmlərə münasibətdə irəli sürdüyümüz tələblər, eyni zamanda, onlara diqqət və qayğının artırılması, mövcud maddi və texniki təchizatın yaxşılaşdırılması ilə müşayiət olunmalıdır. Təəssüflər olsun ki, biz bunların heç birini müşahidə etmirik. Ali məktəblərin kafedraları və elmi institutlar otaq, kompüter və surətçoxaldan texnika qıtlığından əziyyət çəkir, müxtəlif elmi jurnallar almaqda böyük çətinliklərlə qarşılaşırlar.

Ölkəmizdə fəlsəfi fikir bu gün müəyyən böhran keçirir ki, bu böhran vəziyyətinin də əsas səbəbi fəlsəfə sahəsində tədqiqatların sosial praktikadan, bütövlükdə ictimai həyatın aktual problemlərindən və tələbatlardan uzaq olmasıdır. Nəticədə praktiki və elmi fəaliyyətdə də nəzəriyyə və metodologiyaların ümumi müddəalarının dəyərləndirilmə səviyyəsi aşağı düşmüşdür.

Söhbət ondan gedir ki, fəlsəfi tədqiqatların aparılması sahəsində prioritet istiqamətlər müəyyən edilməlidir. Biz unutmamalıyıq ki, fəlsəfə bütövlükdə tarixi bir dövrün özünüdərki ilə məşğuldur və onun araşdırdığı problemlər əslində, həmin tarixi dövrün ən ümdə, ən vacib tələblərindən irəli gəlir. Fəlsəfə elmimizin ümumilikdə ictimai-fəlsəfi fikrin inkişafına töhfəsi də məhz belə bir məsələnin həllində əldə ediləcək uğurlar sayəsində mümkün ola bilər.

Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu Azərbaycanda ictimai və humanitar elmlərin yeni konsepsiyasının formalaşdırılması prosesinə başçılıq etməli və yeni ideyaların, bir növ, bayraqdarı olmalıdır. Lakin bu hal hələ ki baş vermir. İnstitutun bəzi əməkdaşları istər tarixi perspektiv, istərsə də gerçəklik baxımından Azərbaycan xalqının nailiyyətlərinin qiymətləndirilməsində, yumşaq desək, bir qədər anlaşılmaz mövqe tuturlar. Bu, onların məqalə və çıxışlarında özünü büruzə verir.

Aydındır ki, sovet şinelindən çıxmış bir qurum beş-on ilə Frensis Fukuyama və ya Yurgen Xabermas kimi filosof yetişdirə bilməz. Lakin bu qurumdakı elmi işçilərin də 20 il bundan öncə yazdıqları dissertasiyaların ayrı-ayrı müddəalarını ilbəil plan işi adı ilə təqdim etməyə mənəvi haqları yoxdur. Əsaslı dönüş yaratmaq üçün nə etmək lazımdır sualının cavabını, ilk növbədə, institut özü tapmalı, müvafiq kömək və dəstəyi isə Milli Elmlər Akademiyasının Rəyasət Heyətindən gözləməlidir.

Bir müddət əvvəl İqtisadiyyat İnstitutunda rəhbərlik dəyişdi. Aydındır ki, bu dəyişiklik dərhal öz nəticəsini verə bilməz. Lakin vaxt itkisinə də yol verə bilmərik. Bu sahədə zəruri islahatların aparılmasına böyük ehtiyac vardır. Bizdə iqtisad elmindəki mövcud vəziyyəti bütövlükdə qənaətbəxş hesab etmək olmaz. Ölkəmizin iqtisadi inkişafının vahid konsepsiya çərçivəsində təqdimi məsələsi hələ də öz həllini tapmaq mərhələsindən çox uzaqdır. Məlumdur ki, həyata keçirilən iqtisadi islahatlar və dəyişikliklər məhz vahid iqtisadi siyasət çərçivəsində nəzəri cəhətdən təhlil olunmalıdır. Lakin bu istiqamətdə heç bir irəliləyiş gözə çarpmır. Bununla yanaşı, indiyədək sosial-iqtisadi inkişafımızın sürətləndirilməsinin nəzəri əsasları da işlənilməyibdir.

Daxili bazarda qiymətlərin formalaşmasının nəzəri problemləri, maliyyə-kredit sistemi və insanların tələbatlarının proqnozlaşdırılması ilə bağlı məsələlər də elmi həllini gözləyir. Biz istəyirik ki, iqtisadçılarımız maliyyə və kredit münasibətlərinin təkmilləşdirilməsinin əsas prinsiplərini araşdırsınlar, kənd təsərrüfatı və sənaye mallarının istehsalının səmərəliliyini artırma mexanizmlərini müəyyən etsinlər.

Ölkənin iqtisadi inkişafının sürətləndirilməsindən ümdə məqsəd insanların rifah halının yüksəldilməsinə və sosial problemlərin həllinə nail olmaqdan ibarətdir. Təhsilin, mədəniyyətin, səhiyyənin maddi-texniki bazasının və təşkilati-iqtisadi mexanizminin möhkəmləndirilməsi işləri ardıcıl həyata keçirilir.

Ölkə iqtisadiyyatının davamlı inkişafını təmin etmək üçün bizə nailiyyətlərimizin dərin təhlili, yeni təkliflər və yeni ideyalar lazımdır. Misal üçün, ölkədə aparılan iqtisadi islahatlar çərçivəsində müasir iqtisadi modelə ehtiyac duyulur. İqtisadçı alimlər isə özlərini bu kimi müasir problemlərdən ümumən təcrid ediblər.

Bir çox iqtisadçılar statistik məlumatlarla işləmək bacarığını, demək olar ki, yadırğayıblar. Statistik elm az qala bizim iqtisadçıların maraq dairəsindən tamam kənarda qalıbdır. Bir sıra iqtisadi göstəricilər, ələlxüsus, keyfiyyətlə bağlı toplanma metodika və metodologiyası, demək olar ki, araşdırılmır. Fikrimcə, Milli Elmlər Akademiyasında sosial-iqtisadi inkişafın elmi-praktiki məsələlərinə dair müşavirə keçirilməsi həm sosial-iqtisadi məsələlərin təhlili, həm də elmlə praktikanın əlaqələrinin möhkəmləndirilməsi baxımından faydalı olardı.

Sovet dövründə Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu faktik olaraq, siyasi iqtisad institutu kimi fəaliyyət göstərirdi. Gözləmək olardı ki, müstəqillik şəraitində bu institut iqtisadi profilli sahə elmi institutlarından seçiləcək və konseptual məsələlərin həyata keçirilməsi ilə məşğul olacaqdır. Müasir dünya iqtisadiyyatının problemlərini, ümumi inkişaf meyillərini bilmədən ölkə iqtisadiyyatına və iqtisadiyyat elminə töhfə vermək çətindir. Azərbaycan iqtisadiyyatı bu gün təkcə MDB ölkələri arasında və regionda deyil, həm də dünyada nadir yer tutur. Amma bu inkişafın xüsusiyyətlərinin nədən ibarət olduğu sualına veriləcək cavabın instituta sanki heç bir dəxli yoxdur.

AMEA-nın İnsan Hüquqları İnstitutu ölkə rəhbərliyinin siyasi qərarı ilə yaradılmışdır. Nəzərdə tutulurdu ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə bu institut ölkədə vətəndaş cəmiyyətinin bərqərar olması proseslərinin öyrənilməsinə güclü dəstək verəcəkdir. Amma gözlənilənlər olmadı. Hələ indiyədək institutun elmi dəst-xətti bəlli deyildir. Bu institutda müdafiəyə təqdim olunan işlərdən birini özəl hüquq firmasında çalışan və elmi rəhbəri ukraynalı professor olan bir hüquqşünas yazmışdır. Mövzusunun da Azərbaycanla əlaqəsi yoxdur. Siyahıda daha sonra Xarici İşlər Nazirliyinin işçisinin və Respublika Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin bir əməkdaşının adları gəlir.

Bu gün ölkəmizdə bir milyondan artıq qaçqın və məcburi köçkün vardır. Bütün bu insanların hüquqları kobudcasına pozulub və bu, əslində, insan hüquqlarının kütləvi surətdə pozulması deməkdir. Erməni hərbi birləşmələri tərəfindən işğal olunmuş ərazilərin hər qarışı, Vətənin şəhid olmuş hər bir övladının ruhu bizdən erməni vəhşiliklərinin aktlaşdırılmasını və təhlilini tələb edir. Əgər sabah beynəlxalq məhkəmə Dağlıq Qarabağ problemi ilə bağlı insan hüquqlarının pozulmasına dair konkret faktlar istəsə, biz buna hazır olmalıyıq. Bir sözlə, institut öz profilinə uyğun işlərlə məşğul olmalıdır.

Şərqşünaslıq İnstitutu sovet dövründə Yaxın Şərq üzrə siyasi, iqtisadi və mədəni məsələlərin öyrənilməsi məqsədi ilə yaradılmışdı. İnstitut yeni tarixi şəraitdə öz elmi istiqamətini müəyyən etməlidir. Aydındır ki, "BƏƏS" partiyasının təşəkkül tapması və ya ərəb ölkələrində guya sosializm meyilli inkişafa dair sovet dövründəki tədqiqatlar bugünkü Azərbaycan üçün öz aktuallığını itiribdir. İnstitutun müasir Azərbaycanın gerçəkliklərinə uyğun öz yeni simasını formalaşdırması üçün araşdırmalı olduğu kifayət qədər problemlər vardır ki, onlar öz həllini tapmalıdır.

Müstəqil Azərbaycan dövlətinin inkişafı tarixçi alimlər qarşısında irimiqyaslı problemlərin həlli vəzifəsini irəli sürür. Keçmiş illərin səhvlərini və əyintilərini düzgün qiymətləndirib aradan qaldırmaqla yanaşı, biz tarix elminin elə bir inkişafını təmin etməliyik ki, o, bugünkü şəraitdə kəsb etdiyi missiyaya uyğun olsun. Milli Elmlər Akademiyasının Tarix İnstitutu son illər ərzində rəğbətlə qarşılanmış bir sıra fundamental əsər hazırlayıb nəşr etmişdir. Lakin bununla yanaşı, bizim tarixçilərin ünvanına haqlı olaraq ciddi tənqidi fikirlər də söylənməkdədir. Biz bu gün də elmi səviyyəsi qənaətbəxş olmayan, aktuallıqdan uzaq və əhəmiyyətsiz əsərlərin ortaya çıxması halları ilə rastlaşırıq. Həmçinin dəyərli tarixi sənədlərin və arxiv materiallarının çapı və şərhi sahəsində vəziyyət qənaətbəxş deyildir. Bu, Azərbaycanla bağlı olub əsas etibarilə Rusiyada, Qərb ölkələrində, ərəb regionunda, İranda, Türkiyədə və başqa ölkələrdəki arxiv və kitabxanalarda qorunub saxlanan materiallara aiddir. Fars, ərəb və digər dilli qaynaqlar tariximizin boşluqlarının doldurulması üçün çox vacib amildir.

Tarix İnstitutunda elmi ictimaiyyət tərəfindən birmənalı qəbul olunmayan yeddicildlik "Azərbaycan tarixi" nəşr edildiyi vaxtdan bəri çox az dəyişiklik olmuşdur. Şəxsi təcrübəmdən yaxşı yadımdadır ki, biz Azərbaycan tarixçilərini dilçi, filosof və ədəbiyyatşünaslarla birlikdə bütün müvafiq çoxcildlikləri vahid konsepsiya ətrafında işlənməyə dəvət edirdik. 20-30 il keçsə də, bu çağırışlar öz aktuallığını itirməyibdir.

Biz institutdan Azərbaycanın tarixinə həsr olunmuş fundamental monoqrafiyalar gözləyirik. İnstitutun ən ümdə vəzifəsi Azərbaycan tarixini vahid xətt üzrə konsepsiya əsasında hazırlamaq üçün bütün qüvvələri birləşdirməkdən ibarətdir. Burada tarixi sənədlərlə işləməyi bacaran gənc mütəxəssislərlə bərabər, həm Avropa dillərini, həm də qədim Ön Asiya dillərini bilən kadrlara böyük ehtiyac vardır. Mövcud vəziyyət isə belə söyləməyə əsas verir ki, bu məsələ hələlik heç kimi düşündürmür. Kollektiv monoqrafiyalar yazmağa bir o qədər də aludə olmaq lazım deyildir. Onların əksəriyyəti tədqiqat işinin yekunu deyil, burada nə yeni informasiya, nə yeni ümumiləşdirmələr, nə proqnozlaşdırma, nə də ki yeni nəticələr tapmaq mümkündür. İnstitut elmi araşdırmaların planlaşdırılması sistemini təkmilləşdirməlidir. Azərbaycanın qədim dövr, erkən orta əsrlər və yeni dövr tarixinə, azərbaycanlıların etnogenezinə aid çoxlu sayda problemlər öz həllini gözləyir. Bunun üçün tarixçi, ədəbiyyatşünas, arxeoloq, etnoqraf və sənətşünas alimlər, filosoflar səfərbər olmalı və bir xətt üzrə çalışmalıdırlar. Məsələnin mahiyyəti bundan ibarətdir. İnstitut zamanın mürəkkəb tələblərinə adekvat cavab verməyi bacarmalıdır. Buna isə yalnız o halda nail olmaq mümkündür ki, qurum öz fəaliyyətində zamanın tələblərinə uyğun dəyişikliklərə başlasın.

Öz növbəsində, tarixçilərimiz də araşdırmalarına həddən artıq yüksək tələbkarlıqla yanaşmalıdırlar. Tarixi həqiqətlər aşkar edilməli, ən qədim zamanlardan bəri keçmişimizin sovet dövründə qadağa qoyulmuş bütün dövrləri tədqiqat obyektinə çevrilməlidir. Azərbaycan xalqının və onun qurduğu dövlətlərin tarixinin araşdırılmayan bircə səhifəsi belə, qalmamalıdır.

Tarix İnstitutundan ayrılmış Arxeologiya və Etnoqrafiya İnstitutu müstəqil elmi mərkəz kimi formalaşmalıdır. Onun üçün də burada ciddi islahatlar aparılmalıdır. Azərbaycan rəhbərliyi ölkədə arxeologiya və etnoqrafiya elminin inkişafını həmişə dəstəkləmişdir. Azərbaycan Prezidentinin sərəncamı ilə arxeoloji qazıntılar üçün ayrılan böyük məbləğdə vəsait buna əyani misaldır. İnstitutun fəaliyyətində konseptual yanaşmalar tələb olunur. Son dövr nəşrlərində isə belə yanaşmalar müşahidə edilmir. Ötən illər ərzində etnologiya, antropologiya və etnopsixologiyaya dair fundamental tədqiqatlar aparılmamışdır. Başlıca səbəb isə təbii ki, bu elm sahəsinə ölkədə ciddi marağın olmaması və eləcə də müvafiq ixtisaslı kadrların yoxluğudur.

Avropada tarixi etnologiya, mədəni antropologiya, etnocoğrafiya kimi elm sahələri xeyli əvvəllər yaranmış və daim yeni-yeni əsərlərlə zənginləşmişdir. Bizdə bu sahələrlə bağlı ciddi araşdırmalarla çoxları heç tanış da deyildir. Son vaxtlar əksər ölkələrdə adı çəkilən elm sahələrinə güclü maraq hiss edilməkdədir. Məsələn, Rusiyada milli ideyanın formalaşdırılması üçün konkret işlər aparılır və bu istiqamətdə sosial antropologiyaya, tarixi etnologiyaya dair sanballı əsərlər qələmə alınır. Azərbaycanda da belə əsərlərə ehtiyac vardır və həmin əsərlər elə işlənməlidir ki, 30-cu illərdə olduğu kimi, bəziləri onları irqçilik müstəvisinə keçirmək üçün əsas tapmasınlar. Bunun üçün də etnologiyanın, antropologiyanın klassiklərinin əsərləri ilə yaxından və diqqətlə tanış olmaq, onların ideyalarından milli problemlərin öyrənilməsində rasional tərzdə faydalanmaq lazımdır.

Ədəbiyyat İnstitutu ötən illərdə ciddi kadr itkilərinə məruz qalmışdır. Tanınmış tədqiqatçıların bir çoxu dünyasını dəyişmişdir. Son zamanlar institut öz araşdırmalarını yalnız XX əsri əhatə edən dövrlə məhdudlaşdırmağa cəhd göstərir. Hazırkı vəziyyəti bu institutu vaxtı çatmış problemlərin tədqiqindən uzaq qoyur. İnstitutun əvvəlki elmi nüfuzu bərpa olunmalıdır.

Dilçilik İnstitutu da dövrün qarşıya qoyduğu tələblərlə ayaqlaşmalıdır. Ölkəmizdə Azərbaycan dilinin inkişafına böyük diqqət yetirildiyi bir şəraitdə Azərbaycan dilini müstəqil öyrənmək üçün əldə cüzi sayda olsa da, müasir elmi vəsait hələ də yoxdur. İnstitut illərlə əvvəl formalaşmış tədqiqatlar çərçivəsinə qapanıb qalmışdır. Müasir dünya elmində dil problemi fəlsəfi problem kimi yozulduğu halda, biz "sovet dilşünaslığı" standartlarından uzaqlaşa bilmirik.

Memarlıq və İncəsənət İnstitutu işini köklü surətdə yenidən qurmaq üçün özündə güc tapmalıdır. Burada da kadrların yeniləşdirilməsi məsələsi həllini gözləyir. Belə bir faktı qeyd etmək istərdim: ermənilər bu gün sərgilər təşkil edir və memarlıq abidələrimizi öz adlarına çıxaraq sübuta yetirməyə çalışırlar ki, hətta Möminə xatın türbəsi və bütövlükdə Naxçıvan da onlara məxsusdur. Əfsuslar olsun ki, bizim tərəfimizdən bütün bunlara adekvat cavab verilmir. Musiqi incilərimiz, xalçalarımız və tətbiqi sənət əsərlərimiz də təcavüzə məruz qalır. Bunun qarşısı yalnız xarici dillərdə nəşr olunan sanballı tədqiqatlarla alına bilər.

Folklor İnstitutu direktorunun baş redaktorluğu ilə 2006-cı ildə nəşr olunmuş kitab sübut edir ki, institut əməkdaşları əsas elmi istiqamətdən tamam uzaq problemlərlə məşğuldurlar. Regionlardan folklorun toplanması və nəşri konsepsiyası isə bir çox suallar ortaya çıxarır. Məmmədhüseyn Təhmasib kimi alimlərin böyüklüyü onda idi ki, onlar folkloru ümummilli sərvət səviyyəsində dəyərləndirirdilər. Bu gün bizdə folklor sırf regionlar çərçivəsində təqdim edilir. Bu, olsa-olsa empirik materialdır və burada ümumiləşdirici konseptual yanaşmalar yox dərəcəsindədir. İnstitutun kollektivi əsas elmi vəzifəsini unutmamalıdır.

Milli Azərbaycan Tarixi Muzeyi, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyi və başqa muzeylərin fəaliyyətinin təməlində elmi əsaslarla işlənmiş sanballı bir konsepsiya dayanmalı və onlar bu konsepsiyanın təbliğinə xidmət etməlidir. Eksponatların nümayiş etdirilməsi ilə işimizi məhdudlaşdıra bilmərik. Dünyanın tanınmış muzey mərkəzləri ilə əlaqələr yaradılmalı, onlarla təcrübə mübadiləsi aparılmalı və ortaya ümumiləşdirilmiş elmi nəticələr qoyulmalıdır. Bir sözlə, bu sahədə hələ görüləsi çox iş vardır.

Ali məktəblərdə ictimai və humanitar fənlərin tədrisi hələ ki, müasir tələblərə uyğun qurulmamışdır. Mövcud elmi potensial köhnə stereotiplərin əsiri olaraq qalmaqdadır. Ali təhsil ocaqlarında kifayət qədər kafedraların və tədqiqat mərkəzlərinin olmasına baxmayaraq, istər orta, istərsə də ali məktəblərdə ictimai fənlərin tədrisi üzrə müəyyən bir sistem mövcud deyildir. Təhsil sisteminin bütövlükdə müasirləşməsi və ümumdünya təhsil məkanına inteqrasiyası aktual olmaqda davam edir. Humanitar və ictimai-siyasi elmlər sahəsində yeniləşmə işi daha sürətlə aparılmalıdır. Dünyada qısa bir dövr ərzində təhsilin köklü modernləşməsinə dair kifayət qədər təcrübə mövcuddur. Sözsüz ki, həmin təcrübədən bəhrələnməliyik.

Tarix dərslikləri insanlarımızı çaşdırmaqla onları yenə də ciddi problemlər qarşısında qoyur. Milli tariximizə vahid baxış olmadığından müxtəlif dövrdə yaranaraq, cürbəcür adlar daşımış dövlətlərin ölkəmizlə sıx əlaqələndirilməsinin məntiqi izahını tapmaqda vətəndaşlarımız çətinlik çəkirlər. Ən qədim dövrlərdən ta günümüzədək Azərbaycan tarixi vahid elmi konsepsiyaya uyğun olaraq bir fənn kimi ali və orta məktəblərdə lazımınca tədris olunmalıdır. Tarix üzrə dərsliklər yüksək ixtisaslı alimlərin və təcrübəli pedaqoqların birgə əməyinin nəticəsi olmalıdır. Orta məktəblərdə öyrədilən Konstitusiyanın əsasları kursu da yenidən işlənməli və bəyan edilmiş ali məqsədlərə xidmət göstərməlidir.

Xarici ölkələrdə təhsil alan tələbələrimizlə söhbətlərin ötəri təhlili göstərir ki, onlar Vətən tarixini və mədəniyyətini yaxşı bilmirlər. Bu səbəbdən də gənclərimizin bir qismində öz ölkəsinə biganə münasibət formalaşır.

Bu baxımdan dünya səviyyəsində yeni elm və təhsil mühiti yaradılmasının zəruriliyini xüsusi vurğulamaq lazımdır. Beynəlxalq rəqabətin sərt tələbləri şəraitində ölkənin gücü onun elmi və texnoloji üstünlükləri ilə müəyyən edilməlidir. Bu, demokratik inkişaf yoluna yeni qədəm qoymuş gənc müstəqil dövlətlər üçün xüsusilə vacibdir. Unutmaq olmaz ki, son illər əldə olunmuş demokratik inkişaf təcrübəsi, sosial və iqtisadi sabitlik, xalqımızın mənəvi birliyi və bizi birləşdirən yüksək əxlaqi dəyərlər tərəqqimizin ən mühüm amilidir. Cəmiyyət qarşıya qoyduğu genişmiqyaslı dövlətçilik məsələlərini yalnız o vaxt həll edə bilər ki, onun ümumi mənəvi dəyərlər sistemi mükəmməl olsun; ölkədə ana dilinə, mədəniyyətə və milli mənəvi dəyərlərə, əcdadların xatirəsinə, Vətən tarixinin hər səhifəsinə dərin qayğı və ehtiram göstərilsin.

Tədris prosesinə dövlətçilik maraqları və yeni vəzifələr, yeni tələblər nöqteyi-nəzərindən yanaşılmalıdır. Qloballaşma, informasiya texnologiyaları və internetin hökmranlığı əsrində təhsil prosesini köhnəlmiş metodlarla qurmaq olmaz. Bəzi müəllimlər hələ də mühazirələrini otuz il əvvəl yazılmış dərsliklərdən və ya konspektdən oxuyurlar ki, bunların da informasiya və elmi tutumu son dərəcə kasaddır. Kurs işləri və magistr işlərinin "əldən-ələ dövr etməsi" istər müəllimlərə, istərsə də tələbələrə yaxşı məlumdur. Eyni mövzular dəfələrlə təkrar-təkrar işlənir, hətta bəzən bir işin surəti çıxarılaraq yeni iş kimi təqdim edilir. İctimai və humanitar profilli bütün fakültələrdə, magistraturada tələbə hazırlığının səviyyəsi həddən artıq zəifdir. Əgər Prezident Administrasiyasına işə qəbul etmək üçün savadlı hüquqşünas tapa bilmiriksə, təkcə bu, hazırlığın hansı səviyyədə olmasından xəbər verir. Bakı Dövlət Universitetinin hüquq fakültəsində tədrisin vəziyyəti bu baxımdan ürəkaçan deyildir.

Bakı Dövlət Universitetində sosiologiya üzrə kadr hazırlığı işi də çox zəif təşkil olunmuşdur. Ona görə tələbələr sosial inkişaf və ictimai fikrin bir çox məsələlərini olduqca səthi mənimsəyirlər. Bu səbəbdən universitet məzunlarının apardıqları araşdırmaların elmi səviyyəsi olduqca aşağıdır. Ölkəmizdə isə yüksək peşəkarlığı ilə seçilən hazırlıqlı sosioloqlara ehtiyac vardır.

Bu gün bizdə böyük mütəfəkkirlərin orijinal əsərləri ilə tanış olmayan filosoflar yetişirlər. Yaxud hazırladığımız filoloqlar proqrama daxil edilmiş əsərlərin yalnız qısa məzmununu bilirlər. Gənc tarixçilərimizin qədim dilləri bilmə və mənbələrlə işləmə vərdişləri günün tələblərinə cavab vermir.

Ali məktəblərdə tədris prosesi özfəaliyyət yaradıcılığının analoquna çevrilmişdir. Pedaqoq zəruri saydığı material əsasında mühazirə oxuyur, imtahanda da o materiala uyğun suallar verir. Bu isə tələbə hazırlığının heç də ən yaxşı üsulu deyildir. Tələbələr şikayətlənirlər ki, müəllimlər dərs saatının əsas hissəsini kənar söhbətlərə ayırırlar. Müəllimlərin öz siyasi mövqelərinə dərslərdə "şərh" vermələri tədris prosesi baxımından dözülməzdir. Tələbələr həm sanballı dərsliklərin, həm də yüksək biliyə malik müəllimlərin yoxluğundan əziyyət çəkirlər.

Biz Avropa təhsil məkanına inteqrasiyadan danışırıq. Bunun ilkin tələblərindən biri ən azı iki Avropa dilini bilməkdir. Nadir istedada malik gəncləri çıxmaq şərtilə bizim məzunlar, əfsuslar olsun ki, Qərbi Avropa dillərindəki ədəbiyyatı sərbəst oxumaq iqtidarında deyillər. Onlar informasiya texnologiyalarını da zəif mənimsəyirlər, universiteti bitirərkən qazandıqları bilik ehtiyatı isə avropalı yaşıdlarının hazırlıq səviyyəsi ilə müqayisəyə gəlmir.

Əvvəllər pedaqogika üzrə ittifaq institutları var idi və biz də işimizi onların təqdim etdikləri metodikalara uyğun qururduq. İndi həmin pedaqoji mərkəzlərlə əlaqə kəsilibdir. Belə bir şəraitdə tədris metodikasının və pedaqogika elminin simasını özümüz formalaşdırmalıyıq. Pedaqogika üzrə çoxlu dissertasiya müdafiə olunur, bununla belə, elmi araşdırmaların səviyyəsi qeyri-qənaətbəxşdir.

Bu gün ali məktəblərin professor-müəllim mühitində, bir neçə nəfər nəzərə alınmazsa, demək olar ki, ciddi elmi tədqiqat işi aparılmır. Universitet müəllimləri çox az çap olunurlar. Bütün ali təhsil ocaqlarında pedaqoji heyətin yaşlanması prosesi gedir. Onları layiqincə əvəz edəcək kadrların hazırlığı məsələsi ilə ciddi məşğul olmaq lazımdır.

Xalqın və dövlətin gələcəyinin əsası məktəbdə və universitetdə qoyulur. Yalnız bundan sonra gənclər istehsal və idarəçilik proseslərinə qoşulurlar. Ona görə də onlar yüksək səviyyədə təhsil almalıdırlar. Dövlətimizin nəzərdə tutduğu ali məqsədlərə çatmaqda problemlərlə qarşılaşmaq istəmiriksə, hazırlıqlı gənc mütəxəssislərimiz olmalıdır.

Sirr deyil ki, bəşəriyyət tamamilə yeni inkişaf modelinin formalaşması və köklü transformasiyalar mərhələsini yaşayır. Bu mərhələni, sözün əsl mənasında, elm və intellekt yaratmışdır. Bu mərhələ dünyanın simasını dəyişir. Lider sayılan ölkələr siyasi-iqtisadi, hərbi və digər sahələrdəki nailiyyətlərinə görə, ilk növbədə, məhz təhsilə və elmə borcludur.

Bəşəriyyətin yüksəlişinin iki başlıca amili olan təbii və elmi-intellektual sərvətlər sırasında üstünlük 1980-90-cı illərədək birinciyə məxsus idi. Bu gün artıq elmi-intellektual sərvətlər ön sıraya keçmişdir. Çünki təbii sərvətlərdən fərqli olaraq zəka və intellekt tükənməzdir. O, daimi təkrar istehsal gücünə malikdir. XXI əsrin strateji inkişaf yollarını da intellektual kapital və yeni elmi texnologiyalar müəyyən edir.

Unutmamalıyıq ki, ictimai və humanitar elmlər hər zaman cəmiyyətdə milli birliyi və milli özünüdərki təmin etmişdir. Onların missiyası qarşılıqlı ünsiyyət və anlaşma, siyasi-sosial sabitlik yaratmaq olmuşdur. Mədəni-mənəvi dəyərlər ictimai və humanitar elmi biliklər sayəsində nəsildən-nəslə ötürülərək inkişaf etdirilmişdir. Dövlət suverenliyinin və milli təhlükəsizliyin qarantı olan mənəvi immuniteti də, ölkənin dayanıqlı inkişaf konsepsiyasının əsasını da bu elmlər təmin edir. Hər bir vətəndaşın, istənilən peşə və sənət sahibinin başlıca keyfiyyəti ən əvvəl onun yüksək mədəniyyəti, dünyagörüşü, vətənpərvərliyidir. Şəxsiyyətin yetkinliyi, ahəngdar inkişafı və zənginliyi məhz həmin dəyərlərlə müəyyənləşir.

Bir həqiqət də var ki, müasir reallıq aparıcı dövlətlərdə ictimai-siyasi və humanitar sahələrdə islahatların fəlsəfəsini, cəmiyyətdə rolunu və statusunu köklü surətdə dəyişmişdir. Bu sahələrdə potensial artıq strateji resursa çevrilmişdir.

Suveren Azərbaycan dövləti XX əsrin 90-cı illərinin ortalarından başlayaraq genişmiqyaslı islahatlar aparır. Müstəqil dövlət quruculuğunun ilk illərindəki islahatların nəticələri göz qabağındadır. Bu kursun ən mühüm istiqamətlərindən biri dünya birliyinə, informasiya cəmiyyətinə, qlobal iqtisadi, elm və təhsil məkanına inteqrasiyadır. Hazırda ölkədə çoxşaxəli islahatlar qlobal inkişafın müasir meyilləri nəzərə alınmaqla həyata keçirilir.

Bu, eyni zamanda, ictimai və humanitar elmlər sahəsindəki islahatlara da aiddir. Etiraf etməliyik ki, adı çəkilən sahələrdə mövcud vəziyyət dövlətimizin yüksək irəliləyiş tempinə uyğun gəlmir. Dünya elminə inteqrasiya mərhələsində olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sahəsində islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir. Bu elmlər hazırkı fazanın əsas xüsusiyyətlərini araşdırmalı və yeni ideyalar irəli sürməlidir.

Dövlətin elm siyasəti milli ideologiya və dövlətçilik tarixi, mədəniyyət və fəlsəfə, politologiya və sosiologiya, mədəniyyətşünaslıq və hüquq sahələrinin verdiyi təklif, konsepsiya və proqramlarla sıx bağlıdır. İctimai və humanitar elm sahələri irəliləyərək bizdə bu əlaqələrin dərin surətdə təmin olunmasına gətirib çıxarmalıdır.

Güman etmək olar ki, ictimai və humanitar elmlərin nümayəndələri ölkəmizin dinamik inkişafına öz töhfələrini verəcək və onun regionda həm də güclü elm mərkəzinə çevrilməsi yolunda üzərlərinə düşən vəzifələri az bir vaxtda yerinə yetirmək üçün bütün imkanlarını səfərbər edəcəklər.

 

Ramiz  MEHDİYEV,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının rəhbəri, akademik  

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 2-3.