Bakıda Azərbaycan-NATO
beynəlxalq məktəbinin
qış sessiyası
keçirilir
Dekabrın 7-də
Bakıda Azərbaycan-NATO
Beynəlxalq Məktəbinin
(NİSA) qış sessiyası
öz işinə başlamışdır.
NİSA-nın
icraçı direktoru
Mikayıl Yusifov bildirmişdir ki, "Kiber təhlükəsizlik"
mövzusunda keçirilən
sessiyada kiber hədələrinin təşkilatı
və fərdi səviyyəsi, sərhədsiz
dünyada milli təhlükəsizlik, NATO-nun
kiber siyasəti və informasiya təhlükəsizliyi, Avropa
İttifaqının təcrübəsi və digər məsələlər müzakirə
olunacaqdır.
Sessiyada çıxış edən
Azərbaycanın xarici
işlər nazirinin müavini Araz Əzimov müasir dünyada kiber təhlükəsizlik məsələlərinə
daha çox diqqət ayrılmasının
vacibliyini vurğulamışdır.
Kiber təhdidlərin müəyyənləşdirilməsi
və onların qarşısının alınmasının
əhəmiyyəti barədə
danışan nazir müavini qeyd etmişdir ki, NATO kimi beynəlxalq təşkilatların kiber
təhlükəsizliyinə diqqət yetirməsi də bu təhdidin
necə böyük rola malik olduğunu göstərir.
A.Əzimov bildirmişdir ki, Azərbaycan NATO ilə imzalanmış Fərdi Tərəfdaşlıq
üzrə Fəaliyyət
Planının (İPAP) növbəti
ikiillik mərhələsinə
başlamağa hazırlaşır.
Bu, İPAP-ın
3-cü ikiillik mərhələsidir.
İPAP
çərçivəsində nəzərdə tutulmuş
planların 99 faizinin icra olunduğunu vurğulayan A.Əzimov qeyd etmişdir ki, növbəti ikiillik mərhələnin
2010-cu ilin iyununda başlanacağı gözlənilir.
Bununla bağlı aprel-iyun ayları ərəfəsində Azərbaycan
hökuməti və
NATO tərəfindən ikiillik
plan təsdiq olunacaqdır.
Sessiyada yerli və xarici
tələbələr, xarici
ölkələrin Azərbaycandakı
səfirləri, tədqiqatçılar,
hökumət və qeyri-hökumət təşkilatlarının
nümayəndələri iştirak
edirlər.
Azərbaycan Xarici İşlər Nazirliyinin və NATO-nun İctimai Diplomatiya İdarəsinin dəstəyi ilə keçirilən sessiya dekabrın 13-dək davam edəcəkdir.
AzərTAc
Azərbaycan.-
2009.- 8 dekabr.- S. 4.