`"Gördüyümüz işlər Azərbaycanın gələcəyi üçündür"

 

Biz belə bir addım atmaqla Azərbaycanın dünya üçün, dünya iqtisadiyyatı üçün açıq ölkə olduğunu nümayiş etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan Respublikasının suveren hüquqlarının bərqərar olduğunu, Azərbaycanın tam müstəqil dövlət olduğunu, xalqımızın öz sərvətlərinə özünün sahib olduğunu dünyaya bir daha nümayiş etdiririk.

 

Heydər ƏLİYEV

 

1994-cü ildə atılan addımlar düzgün addımlar idi. Bu, Heydər Əliyevin neft strategiyasının, neft diplomatiyasının təntənəsidir. Mən ümid edirəm ki, biz bu siyasəti davam etdirdikcə yeni nailiyyətlərə çatacağıq, ölkəmizi gücləndirəcək, hərtərəfli inkişaf etdirəcəyik.

 

İlham ƏLİYEV

 

Ulu öndər Heydər Əliyevin uzaqgörən iqtisadi siyasəti hələ keçən əsrin 70-ci illərində Xəzər dənizində yeni yataqların kəşf olunmasına imkan yaratdı. Bunlar "Azəri", "Çıraq", "Kəpəz" və digər perspektivli strukturlar idi.

Zəngin ehtiyatlara malik "Günəşli" yatağı isə hələ 50-ci illərin sonu-60-cı illərin əvvəlində aşkar olunmuşdu. Lakin infrastruktur məhdudluğu, maliyyə çatışmazlığı ucbatından yatağın mənimsənilməsinə başlamaq mümkün deyildi. "Günəşli" ulu öndərin köməyi və dəstəyi ilə işləndi.

Heydər Əliyev Azərbaycanın qarşısında açılacaq geniş üfüqləri neçə-neçə illər əvvəlcədən görərək burada unikal bir müəssisəni - Bakı Dərin Özüllər Zavodunu tikdirdi.

Çox çətin iqtisadi və siyasi bir dövrdə "Əsrin müqaviləsi" adını almış bir sazişin bağlanması məhz ümummilli liderin gərgin səyləri və dünyadakı nüfuzu sayəsində mümkün oldu.

"Əgər Heydər Əliyev olmasaydı, BTC də olmazdı". Bu fikri dünyanın bir çox görkəmli siyasi xadimləri ayrı-ayrılıqda, bir-birindən xəbərsiz söyləmişlər. Çünki bu, gün kimi aydın bir həqiqətdir.

İndi Azərbaycanın təkcə neft deyil, həm də qaz ixrac edən ölkə kimi şöhrətini artırması da vaxtilə Heydər Əliyevin təməlini qoyduğu işlərdən qaynaqlanır. Bütün bunları və sahədə görülmüş digər işləri bir cümlə ilə belə ifadə etmək olar: Azərbaycanın neft-qaz sənayesinin inkişafı və bugünkü nailiyyətləri Heydər Əliyevin adı ilə bağlıdır.

Ötən əsrin 60-cı illərinin sonunda keçmiş SSRİ-də və dünyada Azərbaycan neftinin guya qürub dövrünün başlandığı barədə söz-söhbət yaranmışdı. 1969-cu ildə respublikaya rəhbərlik etməyə başlayan Heydər Əliyev dərhal alimlər, geoloqlar, geofiziklər, neftçilərlə görüşlər keçirdi. Ətraflı söhbətlərdən və materialların təhlilindən sonra dənizin daha dərin qatlarında, suyun dərinliyi 100 metrdən artıq olan sahələrində işləmək və Azərbaycanın neft sənayesinin əvvəlki şöhrətini qaytarmaq vəzifəsi qarşıya qoyuldu.

Hələ 1958-1963-cü illərdə geoloqlar və geofiziklər Neft Daşlarından 10-15 kilometr aralıda perspektivli neft-qaz strukturu aşkar etmişdilər. Bu, "Günəşli" idi. (Söhbət yatağın dayaz hissəsindən gedir). Lakin bu və ya digər yeni dəniz mədənlərinin salınması böyük zəhmət, çoxlu maliyyə vəsaiti, geniş infrastruktur tələb edirdi. Buna görə də ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk vaxtlardan dünyanın tanınmış gəmi tikintisi şirkətlərinə sifarişlər verildi. Fərdi layihələr üzrə nəhəng dəniz kranları, barjlar, borudüzən, yedək-təchizat, yanğınsöndürən, xilasetmə, elmi-tədqiqat, mühəndis-geoloji və dalğıc gəmiləri inşa edildi. Bütün Xəzər dənizi boyu böyük kəşfiyyat işlərini aparmağa qadir 10-dan çox üzən qazma qurğusu alındı.

Paytaxtımızın Qaradağ rayonu ərazisində nadir bir müəssisə - Bakı Dərin Özüllər Zavodu (BDÖZ) tikildi. Əvvəlcə inşası keçmiş SSRİ məkanının başqa bir şəhərində nəzərdə tutulan bu zavodun Bakıda tikilməsi ulu öndərin təşəbbüsü və səyi ilə mümkün oldu. Ümummilli lider o vaxt keçmiş SSRİ rəhbərliyini inandıra bildi ki, bu müəssisənin məhz Azərbaycanda tikilməsi zəruridir.

Bu gün ölkəmizdə nəhəng neft layihələrinin reallaşmasında BDÖZ-ün rolu misilsizdir. Mütəxəssislərin hesablamalarına görə, əgər BDÖZ olmasaydı, Azərbaycanın bu gün neft sahəsində gördüyü işlər ən azı bir neçə il ləngiyərdi. Bu o deməkdir ki, ulu öndər Heydər Əliyevin 1970-1980-ci illərdə yeritdiyi uzaqgörən iqtisadi siyasəti növbəti əsrə, hətta əsrlərə hesablanmışdır.

Görülən işlər artıq yeni yataqların mənimsənilməsinə imkan verirdi. Beləliklə, "Günəşli" yatağı ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən iqtisadi siyasəti nəticəsində işləndi.

1978-ci il avqustun 28-də Sosialist Əməyi Qəhrəmanı İsrafil Hüseynovun briqadası dənizin 84 metr dərinliyində quraşdırılmış platformadan, 3450 metr dərinliyə qazılmış 4 nömrəli quyudan 300 ton neft əldə etdi. Bu, "Günəşli" yatağından alınan ilk neft idi. 1980-ci il aprelin 13-də ilk dərinsulu boru kəməri istifadəyə verildi. Onun vasitəsilə "Günəşli"dən çıxarılan neft Neft Daşlarının yığım və nəqletmə sisteminə axıdılmağa başladı.

Yeri gəlmişkən qeyd edək ki, o illərdə Azərbaycanın aldığı qazma qurğularından biri - "Kaspmorneft" sonralar "Dədə Qorqud" adlandırılaraq tam modernləşdirilib və "Azəri-Çıraq-Çünəşli" (AÇG) layihəsinin əməliyyatçısı bp şirkəti tərəfindən istifadə edilir. "Azəri", "Çıraq" və "Dərinsulu Günəşli"də bütün quyuları "Dədə Qorqud" qurğusu qazıb.

Dayazsulu "Günəşli" isə indi də neft və qaz verir, onun ehtiyatları hələ çoxdur.

1979-cu ildə yaradılan "Xəzərdənizneftqaztikinti" trestinin inşaatçıları ümumu uzunluğu 2 min kilometrədək olan sualtı boru kəmərləri, elektrik kabel xətləri çəkib, platformaların üst yaşayış və sənaye yarusları, vertolyot meydançaları və s. inşa etdilər. "Günəşli" və "Neft Daşları" yataqlarından alınan neftin qəbulu və emalı üçün böyük rezervuar parkına malik Dübəndi sahil neft terminalı tikildi.

O zaman fəaliyyət göstərən "Xəzərdənizneftqazsənaye" birliyinin baş direktoru Qurban Abbasovun göstərişi ilə Xəzərin böyük dərinliklərində aparılan kəşfiyyat işləri üzən qazma qurğuları vasitəsilə həyata keçirilməyə başladı. Bu, ARDNŞ-nin hazırkı birinci vitse-prezidenti Xoşbəxt Yusifzadənin başçılığı ilə geoloqlara 5-6 il ərzində "Günəşli"yə yaxın ərazilərdə "Çıraq", "Azəri", "Kəpəz" kimi zəngin yataqları kəşf etməyə imkan verdi.

Lakin keçən əsrin 80-ci illərinin sonundan iqtisadiyyatın bütün sahələrində olduğu kimi, neft sənayesində də təsərrüfatsızlıq hökm sürməyə başladı. Hasilat azalmışdı və vəziyyəti düzəltmək üçün heç bir tədbir görülmürdü.

Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gəldikdən dərhal sonra bu sahəyə də diqqət yönəltdi. Neft və qazçıxarma müəssisələrində vəziyyət sabitləşməyə başladı. Tədricən hasilat artdı.

1994-cü il sentyabrın 20-də isə Azərbaycanın tarixində misilsiz bir hadisə baş verdi: "Əsrin müqaviləsi" imzalandı. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı "Azəri-Çıraq-Günəşli" yataqlarının tammiqyaslı işlənməsini əhatə etdi.

Həmin dövrdə Azərbaycanda, eləcə də bütün Qafqaz regionunda siyasi vəziyyət qeyri-sabit idi. Belə bir şəraitdə Azərbaycana sərmayə qoymaq xarici şirkətlərdən risk tələb edirdi. Ulu öndər həmin dövrü xarakterizə edərək deyirdi: "Biz 1994-cü ildə neft müqaviləsini imzalayarkən bu, çoxlarına xülya kimi görünürdü. Deyirdilər ki, bu, mümkün olmayan şeydir. Amma bəziləri də dərhal çox narahatçılıq hissi keçirirdilər. Çünki Xəzər dənizində qısa bir zamanda Amerika Birləşmiş Ştatlarından, digər Qərb ölkələrindən dünyanın ən böyük şirkətlərinin gəlməsi və onların orada sərmayə qoyması, təbiidir ki, bəzi ölkələrdə narahatçılıq doğururdu".

"Əsrin müqaviləsi" imzalanarkən çoxları onun uğur qazanacağına inanmır və hesab edirdi ki, müqavilə elə kağız üzərində qalacaq. Çünki onun həyata keçirilməsi üçün təkcə iqtisadi deyil, eyni zamanda siyasi və regional məsələlər öz həllini tapmalı idi. Heydər Əliyev diplomatiyası qarşıda duran bütün məsələlərə nail olmaq üçün imkan yaratdı. Dünyanın ən tanınmış neft şirkətləri məhz Heydər Əliyevin qətiyyətinə, dövlətçilik təcrübəsinə, beynəlxalq aləmdə nüfuzuna arxalanaraq Azərbaycanda konsorsium yaratdılar və AÇG kimi nəhəng yataqların işlənməsi üçün sərmayə yatırdılar. Ölkə Prezidenti cənab İlham Əliyev bu barədə deyir: "Mən o dövrü çox yaxşı xatırlayıram. Həmin illərdə Azərbaycana sərmayə qoymaq istəyən şirkətlərin sayı o qədər də çox deyildi. Çünki Azərbaycan dünyada riskli bir ölkə kimi tanınırdı və əlbəttə, buraya böyük həcmdə kapital qoyuluşunun cəlb edilməsi çoxlu səylər, siyasi məharət, uzaqgörənlik tələb edirdi. Bütün bu məsələlər öz həllini tapdı. "Əsrin müqaviləsi"nin imzalanması Heydər Əliyevin neft strategiyasının başlanması demək idi. Məhz onun uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, cəsarəti sayəsində bu müqavilə imzalandı. Xatırlayırsınız ki, buna həm ölkə daxilində, həm də xaricdə çox ciddi müqavimət var idi. Amma bütün bu çətinliklərə baxmayaraq Azərbaycan öz istəyinə nail oldu. Neft müqaviləsi imzalandı və Azərbaycana böyük həcmdə xarici sərmayənin gətirilməsi təmin edildi".

Azərbaycan tarixdə ilk dəfə Xəzər dənizini xarici şirkətlər üçün açdı və beləliklə, burada beynəlxalq konsorsium yarandı. Müxtəlif ölkələri təmsil edən aparıcı şirkətlər Azərbaycanla çox uğurlu əməkdaşlığa başladılar və bunun nəticəsində ölkə sürətlə, hərtərəfli inkişaf etməyə başladı. Ötən dövr ərzində ölkəmiz adambaşına düşən xarici sərmayənin həcminə görə təkcə keçmiş sovet respublikaları arasında deyil, Şərqi Avropa ölkələri arasında da qabaqcıl mövqelərə sahib oldu. Azərbaycanın neft sektoru təbii ki, ölkə iqtisadiyyatı üçün həlledici amilə çevrildi. Ölkəyə gətirilən sərmayələr Azərbaycanın neft sektorunun inkişafında böyük rol oynamaqla yanaşı qeyri-neft sahələrinin inkişafına da güclü təkan verdi. Bu baxımdan "Əsrin müqaviləsi"nin Azərbaycanın müasir tarixindəki rolu müstəsna əhəmiyyətə malikdir.

Xatırladaq ki, AÇG yataqlarının 30 illik işlənmə müddətində 5,4 milyard barel neft verəcəyi gözlənilir. Bu müqavilə çərçivəsində ilkin neft 1997-ci ilin noyabr ayında "Çıraq"dan çıxarıldı. Daha sonra "Azəri" yatağının mərkəzi, qərb və şərq hissələri neft verdi. "Dərinsulu Günəşli" keçən ildən bəri istismar olunur.

Ümumiyyətlə, AÇG yataqlarının bir gün ərzində 1 milyon barel neft verməsi planlaşdırılıb. Buradan çıxarılan neft Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərinə vurulur.

Müəllifi Heydər Əliyev olan yeni neft strategiyası Azərbaycana həm də yeni, ən müsair dünya standartları səviyyəsində bir infrastruktur bəxş etdi. İllər keçəcək, sözügedən layihələr bitəcək, lakin bu infrastruktur Azərbaycanın mülkiyyəti kimi hələ uzun müddət yeni-yeni layihələrin reallaşmasına xidmət edəcək. "Əsrin müqaviləsi"nin 15-ci ildönümünə həsr olunmuş təntənəli mərasimdə ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, kontraktın icrası nəticəsində Azərbaycana milyardlarla, on milyardlarla xarici investisiya qoyulmağa başlamışdı. Bizim bütün neft-qaz infrastrukturumuz yeniləşdi.

İlk növbədə Xəzərin Azərbaycan bölməsindəki sualtı xətlərin şəbəkəsi genişləndirilməyə başladı. "Azəri" yatağının neftini və səmt qazını sahilə nəql etmək üçün ayrıca kəmərlər inşa olundu. Dənizdən Səngəçaladək hərəsinin uzunluğu 187 kilometr olan 30 düymlük iki neft və 28 düymlük bir qaz kəməri çəkildi.

İşlər çox mürəkkəb şəraitdə gedirdi. Dənizin dibi ilə kəmər çəkmək o qədər də asan məsələ deyil. Təkcə "Mərkəzi Azəri" yatağında boru xətləri keçən sahədə suyun dərinliyi bəzən 180 metrə çatırdı. Lakin mütəxəssislər və fəhlələr "İsrafil Hüseynov" borudüzən barjının, "Akademik Tofiq İsmayılov" dalğıc gəmisinin və digər su nəqliyyatının qoynunda əsl hünər göstərərək bu vəzifənin öhdəsindən layiqincə gəlirdilər. Dənizdə havaların tez-tez dəyişməsinə baxmayaraq, gün ərzində bəzən 2,5 kilometr boru düzülürdü.

Xatırladaq ki, "Azəri" yatağının özü üç hissədən - mərkəzi, qərb və şərq hissələrindən ibarətdir. Ona görə də hərəsi ayrılıqda bir yataq olan bu hissələr arasında çoxsaylı daxili kəmərlər inşa edildi və sonra qaynaq vasitəsilə bir-birinə calandı. Bir sözlə, təkcə "Azəri" yatağı üçün çəkilən sualtı boru xətlərinin ümumi uzunluğu 600 kilometrə çatdı.

Daha sonra "Dərinsulu Günəşli"dən də sualtı borular çəkildi və onlar mövcud neft və qaz kəmərlərinə birləşdirildi. Beləliklə, "Azəri" yatağı işlənməyə başlandığı dövrdən Xəzərin Azərbaycan bölməsində çəkilən kəmərlərin ümumi uzunluğu 1000 kilometri ötdü (Buraya "Şahdəniz"dən çəkilən və ümumi uzunluğu 274 kilometr təşkil edən qaz, kondensat və monoetil-qlikol kəmərləri də daxildir).

Sualtı kəmərlərin sayı 21-ə çatdı. Bu kəmərləri çəkmək üçün ümumi çəkisi yarım milyon tondan çox olan borulardan istifadə edildi.

"Əsrin müqaviləsi" bir zamanlar ilanmələyən yarımsəhra zonasında Səngəçal terminalı kimi nəhəng bir obyekt də yaratdı. Təkcə onu qeyd etmək kifayətdir ki, bu, dünyanın ən böyük terminallarından biridir.

Sualtı borular nefti və qazı Səngəçal terminalına gətirir. Saysız-hesabsız qurğular karbohidrogenləri texnoloji emal edir. Neftin və lay sularının saxlandığı nəhəng çənlər uzaqdan diqqəti cəlb edir. Bu gün terminal həm də regionumuzun neft-qaz ixracı mərkəzinə çevrilib.

Terminal Bakıdan 55 kilometr cənubda yerləşir. Cəmi on il qabaq yarımsəhra zonada belə bir möhtəşəm obyektin yaranacağını bəlkə də çoxları heç gözü önünə gətirə bilməzdi. Lakin "Əsrin müqaviləsi" çərçivəsində görülən bir sıra misilsiz işlər sırasında bu da mümkün oldu.

Terminalın genişləndirilməsinə 2002-ci ilin əvvəlində başlandı. Proqram, az qala, yeddi illik bir dövrü əhatə etdi və bunun müqabilində görülən işlərin miqyası da ölçüyəgəlməzdir.

Azərbaycan neftinin və qazının dünyaya yolu buradan başlanır. Başqa sözlə, bir neçə neft və qaz ixracı kəməri öz başlanğıcını buradan götürür. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin birinci və ən böyük nasos stansiyası məhz terminalın ərazisində yerləşir. BTC-nin keçdiyi yol nə qədər uzun olsa da, onun fəaliyyətinə nəzarət buradan, Səngəçaldan həyata keçirilir.

Səngəçalda ayrıca "Şahdəniz" sahəsi var. Yataqdan daxil olan qaz burada texnoloji emaldan keçirilir. Sonra "Şahdəniz" qazı Cənubi Qafqaz Boru Kəmərinə vurulur. Bunlarla yanaşı, Səngəçalda elə kəmərlər də var ki, AÇG-nin səmt qazını və "Şahdəniz"dən çıxarılan qazı Azərbaycandakı istehlakçılara çatdırır.

Terminalın böyüklüyünü və möhtəşəmliyini onun ərazisinin genişliyi də təsdiqləyir. Obyekt 542 hektar sahəni əhatə edir.

Vaxtilə Heydər Əliyevin tikdirdiyi BDÖZ də yeni neft strategiyasının tələbləri baxımından xeyli genişləndirildi və müasirləşdirildi. Ulu öndərin adını şərəflə daşıyan bu müəssisə ABŞ-ın "MakDermott", Fransanın "Byuqz", İtaliyanın "Saypem" kimi tanınmış şirkətlərinin çalışdığı, AÇG üçün platformaların tikildiyi misilsiz bir tikinti meydançasına çevrildi.

Bibiheybətdəki ATA tikinti-quraşdırma sahəsində də dəniz qurğuları inşa edilir. Burada, köhnə buruqların arasında sağa-sola doğru şaxələnmiş bu müəssisə sanki Azərbaycanın neft sənayesinin möhkəm təməl üzərində necə böyük irəliləyişə nail olduğunu bir daha xatırladır.

Həmin sahələrdə tikilən platformalar Xəzərdə quraşdırılıb işə salındıqca hasilat da çoxalırdı. İldən-ilə artan neft həcmlərini nəql etmək üçün Bakı-Supsa və Bakı-Novorossiysk kəmərlərinin gücü, təbii ki, kifayət deyildi. Bu səbəbdən də yeni, qlobal bir ixrac marşrutunun yaradılması zərurəti ortaya çıxdı. Beləliklə, müəllifi ümummilli lider Heydər Əliyev olan Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsi reallaşmağa başladı.

BTC bir çox sınaqlardan keçdi və ulu öndər Heydər Əliyevin səyi, mübarizəsi, dünyada olan nüfuzu sayəsində qalib gəldi. Bədxahlarımız deyirdilər ki, bu kəmər çəkilsə də, rentabelli olmayacaq. Guya Azərbaycanın onu doldurmaq üçün yetərincə nefti yoxdur.

Ulu öndər Heydər Əliyev isə sonsuz inam və qətiyyətlə deyirdi: "Bakı-Tbilisi-Ceyhan irəliyə gedəcək, gedəcək, gedəcəkdir!"

Və BTC irəlilədi. Bütün müşkülləri arxada qoyaraq üç ölkənin ərazisində 1768 kilometr məsafə qət etdi, Azərbaycan neftini Ceyhana çatdırdı.

Aqil və uzaqgörən memarın işləyib hazırladığı layihədə ən ümdə problemlər də, ən xırda cizgilər də əvvəlcədən son dərəcə dəqiqliklə nəzərə alınmışdı. Mütəxəssislərin fikrincə, belə böyük obyektlərin tikintisinə aid hər şərti, məsələn, xərcləri, istismaravermə tarixini və s. əvvəlcədən dəqiq demək mümkün deyil. BTC düzgün düşünülmüş, real bir layihə idi. Ona görə də bu möhtəşəm qurğunun müəllifi - ulu öndər Heydər Əliyev tikilən kəmərin gələcəyi, hətta onun istifadəyə veriləcəyi tarix barədə əvvəlcədən qəti fikir söyləyirdi: "2005-ci ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri tamamilə hazır olacaq və biz hamımız birlikdə buradan Türkiyənin Ceyhan limanına gedəcək və orada Azərbaycan neftinin, Xəzər neftinin Ceyhan limanından yola salınmasının şahidi olacağıq".

Kəmərin tikintisi nəzərdə tutulan vaxtda başa çatdı. 2005-ci il mayın 25-də həmin Səngəçal terminalında kəmərə ilk neftin vurulması təntənəli surətdə qeyd olundu. Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı bu təntənələrdə daha üç ölkənin - Türkiyənin, Gürcüstanın və Qazaxıstanın dövlət başçıları da iştirak etdilər.

Bir il sonra - 2006-cı il mayın 28-də Azərbaycan nefti Ceyhana çatdı. Həmin il iyulun 13-də Ceyhan şəhərində BTC-nin tam bir sistem kimi istifadəyə verilməsi münasibətilə təntənələr keçirildi.

Hazırda boru xəttinin gündəlik ötürücülük gücü 1,2 milyon barelə çatdırılıb. Doğrudur, hələlik kəmərlə hər gün bu qədər neft nəql edilmir. Lakin hasilat artdıqca bu da mümkün olacaq.

BTC-yə "Azəri-Çıraq-Günəşli" nefti, "Şahdəniz" kondensatı ilə yanaşı keçən ilin payızından Qazaxıstanın "Tengiz" yatağından çıxarılan neft də vurulur. Əlbəttə, hələlik kiçik həcmdə. Yaxın gələcəkdə Qazaxıstan BTC-yə "Kaşaqan" dəniz yatağından hasil etdiyi nefti də qoşacaq. Odur ki, yeddi il əvvəl sentyabrın 18-də ulu öndər Heydər Əliyevin Səngəçalda dediyi bu sözləri də xatırlamaya bilmərik: "Biz vaxtilə İstanbulda anlaşmanı imzalayanda ona Qazaxıstan Prezidenti Nursultan Nazarbayev də imzasını qoyub və bildiribdir ki, Qazaxıstan da bu boru xəttindən istifadə edəcəkdir. İndi mən bilirəm ki, xarici şirkətlər Qazaxıstanda çox işləyirlər. Onların bizim Bakı-Tbilisi-Ceyhan layihəsinə qoşulması və sərmayə qoyması onu göstərir ki, doğrudan da, Xəzərin başqa sektorlarından neft Bakı-Tbilisi-Ceyhan kəməri ilə ixrac olunacaqdır".

Ümummilli lider Heydər Əliyev deyirdi ki, "bütün bu layihələr Azərbaycan iqtisadiyyatının inkişafına yönəldilibdir". 2002-ci il sentyabrın 18-dəki çıxışında da ulu öndər təməli qoyulan kəmərin əhəmiyyətini bir daha vurğulayaraq demişdir: "Mənim dediyim bu sözlər gələcək üçündür və bu işlər bizim xalqlarımızın gələcəyi üçündür".

Bu gün Azərbaycanın neft-qaz və ixrac layihələri həqiqətən də ölkəyə və regiona gəlir gətirməkdədir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəmərindən əldə olunan gəlirlər hesabına ən ümdə problemlər həll olunur. Qaçqın və məcburi köçkünlər üçün qəsəbələrin salınması, Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsi üçün vəsait məhz bu hesabdan ayrılıb. Neft gəlirləri ilə yeni infrastruktur qurulur, qeyri-neft sektoru inkişaf etdirilir.

"Ancaq təkcə iqtisadi deyil, hesab edirik ki, bizim gördüyümüz işlər, Bakı-Tbilisi-Ceyhan siyasi xarakter daşıyır. Bu layihə və onun həyata keçirilməsi Qafqaz bölgəsində sülhün, əmin-amanlığın, təhlükəsizliyin təminatçısı ola bilər. Bu boru xətti, bu polad boru Azərbaycanı, Gürcüstanı, Türkiyəni bir-biri ilə sıx birləşdirəcəkdir". Zaman ulu öndərin bu sözlərini də təsdiqlədi.

İllər keçir və Azərbaycan xalqının yeni-yeni nəsilləri ulu öndər Heydər Əliyevin xeyirxah əməllərindən bəhrələnirlər. Ümummilli liderin qurub-yaratdıqlarının hamısı yeni-yeni işlərimizdə bizə dəstək verir: "Azəri-Çıraq-Günəşli" platformaları, Bakı Dərin Özüllər Zavodu, "Dədə Qorqud" qurğusu, BTC kəməri kimi...

 

 

Flora SADIQLI

 

Azərbaycan.-2009.- 11 dekabr.- S. 2.