Şahbuz həm də qədim tarixi ilə öyünür

 

Şahbuz torpağı təbiətin əsrarəngiz gözəllikləri ilə zəngindir, zəngin flora və faunaya malikdir. Daha çox isə dağların şəffaf göz yaşı olan bulaqları ilə ad-san qazanıb. Uca dağlar, şiş qayalar burada tarixən həm də etibarlı istehkam rolunu oynayıb... Bu mənada, rayon ərazisi qədim zamanlardan əcdadlarımızın diqqətini cəlb edib. Oğuz-türk tayfalarının məskunlaşdıqları ilkin ərazilərdən biri olub.

"Şahbuz" sözünün mənası bu deyilənləri təsdiqləyir. Tədqiqatçı alimlərin fikrincə, bu sözün kökü qədim türk tayfalarından olan "bozuq"la bağlıdır. "Şah" sözü isə burada böyük (böyük tayfa) mənasında izah edilir. "Boz", yaxud "buz" toponim mənşəli adlar ölkəmizin digər bölgələrində də yayılıb. Babək rayonunda Buzqov, Bakı şəhərində Buzovna, Tovuzda Bozlar, Göygöl tərəflərdə isə Bozluq kəndi...

"Şahbuz" sözünün mənası ilə bağlı maraqlı rəvayət də danışırlar: "Bir gün şah ağır xəstələnir. Qızdırma içərisində yandığından huşsuz halda tez-tez "buz gətirin, buz gətirin", - deyir. Yayın qızmar günlərində buz harada idi? Amma şah da külli-ixtiyar sahibi idi, nə istəsəydi, yerin təkində olsaydı belə, gərək tapılaydı. Belə də olur. Vəzir-vəkil hər yerə çaparlar göndərir. Adamlar dağlarda xəstə şaha buz axtarırlar. Deyilənə görə, o buzu bu ərazidən tapırlar, elə o vaxtdan da bu yerlər Şahbuz adlanır".

Dağ rayonu olan Şahbuzda insan yaşayışının neçə min illərlə tarixə malik olmasını Kükü, Sarıdərə, Kolanı, Ağbulaq, Qarnıyarıq, Govurqala, Şamlar adlı qədim yaşayış məskənlərində aparılan arxeoloji qazıntılar da sübut edir. Qazıntılar nəticəsində eramızdan əvvəl üçüncü-ikinci minilliklərə aid edilən bir çox maddi mədəniyyət nümunələri tapılıb. Onların bir çoxu boyalı qablar mədəniyyəti dövrünə məxsusdur. Arxeoloqların fikrincə, bu yerlərdə insanlar tariximizin eneolit, tunc və dəmir dövrlərində məskunlaşıblar.

Kükü nekropolundan iri monoxram boyalı küpə və boz rəngli qablar, heyvan sümükləri ilə yanaşı, tunc nizə ucluqları və sancaqlar aşkar olunub. Maddi mədəniyyət nümunələrinin təhlili ərazidə dörd min il bundan əvvəl insan yaşayışı olduğunu göstərir. Eramızdan əvvəl birinci minilliyə aid arxeoloji abidə hesab olunan Kolanı nekropolunda isə daş qutu qəbirlərin içərisində cəhrayı rəngli gil məmulatları ilə yanaşı, tunc silah və bədii tərtibatda hazırlanmış bəzək əşyaları (boyunbağı, üzük, sırğa, bilərzik), quş fiqurları, obsidan lövhələr, ox ucluqları, balıqqulağından hazırlanmış muncuqlar aşkar edilib. Son tunc və ilk dəmir dövrünə aid edilən daş qutu üzərində sxematik şəkildə çəkilmiş atlı rəsmi və müxtəlif piktoqrafik işarələr qeydə alınıb. O sənətkarlıq xüsusiyyətlərinə görə Gəmiqaya rəsmləri ilə eyniyyət təşkil edir. Batabat yaylağında tuf qayalar üzərində külüng tipli metal alətlə qazılan, dörd otaqdan ibarət olan və bu günümüzədək gəlib çatan Fərhad evi də tariximizin dərin qatlarından soraq verir. Şapur qalası isə daha çox müdafiə istehkamı olub.

Qızıl Qışlaq kəndi yaxınlığında Sarıdərə nekropolunda vahid dəfn adətinin mövcudluğu qeydə alınıb. Buradakı abidələrdən boz rəngli gil qab qırıqları, möhrə döşəmə üzərində skelet qalıqları, cəhrayı rəngli əqiqdən hazırlanmış muncuqlar, dən daşları aşkarlanıb. Ağbulaq kəndində tapılan küp qəbirlər, tunc bəzək əşyaları, möhür və mis pullar isə bu yerlərin bir vaxtlar Qafqaz Albaniyasının tərkibində olduğunu göstərir.

Rayon ərazisində tariximizin orta əsrlər dövrünə aid abidələr də çoxdur. Quzey, Eyvaz, Yarnıx, Keçili, Kələkli, Məzrə, Xarabalıq yaşayış yerlərini buna misal göstərmək olar. Arınc, Batabat, Qanlıgöl, Nursu və digər yerlərdən əldə olunan nümunələr də tariximizin qiymətli yadigarlarına çevrilib. Onların bir çoxu məzarüstü abidələrdən, qoç fiqurlardan ibarətdir. Bir sözlə, bölgə ərazisində hər daşın altında, qayanın üzərində tarix yaşanıb.

Rayon Tarix-Diyarşünaslıq Muzeyinin ekspozisiyasında nümayiş etdirilən eksponatların bir hissəsi arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələridir. Bu sahədə tədqiqatçı arxeoloq-alimlərdən, AMEA-nın müxbir üzvi Vəli Baxşəliyevin və tarix elmləri doktoru Əziz Novruzlunun xidmətləri daha çoxdur. Onlar arxeoloji qazıntılar nəticəsində əldə etdikləri maddi-mədəniyyət nümunələrinin bir çoxunu bu muzeyə bağışlayıblar.

1982-ci ildən fəaliyyətə başlayan muzeyin ekspozisiyasında indi 4 minə qədər eksponat nümayiş etdirilir. Son illər muzey üçün yeni bina inşa olunub, oradakı eksponatlar altı bölmədə yerləşdirilib. Daş dövrünə aid eksponatlar arxeoloji qazıntılar nəticəsində əldə olunan maddi-mədəniyyət nümunələridir. Orta əsrlər dövrünə aid edilən eksponatların bir qismi arxeoloqların əməyi sayəsində ortaya çıxarılıb. Bu eksponatlar arasında Durna çırağı və digər məişət əşyaları, gümüş kəmərlər, silah nümunələri də var. Üzərində heyvan nümunələri əks olunaraq xeyrin şərə qarşı mübarizəsini tərənnüm edən xovsuz xalça nadir eksponatlardan sayılır. Onun üzərinə ərəb əlifbası ilə bəzi sözlər toxunub. Aydın olur ki, xalçaçılıq bölgədə orta əsrlərdə adamların yiyələndikləri sənət növlərindən biridir. Hazırda bir çox kəndlərdə bu sənət fərdi adamlar tərəfindən yaşadılır. Toxuculuq alətləri isə sənətkarların malik olduqları kustar texnologiyadan soraq verir. Qədim milli musiqi alətlərimiz hesab olunan - qarazurna, qaval, balaban, tulum, sədəfli saz da bu bölmədə nümayiş etdirilir.

Müasir dövrümüzü əhatə edən bölmədəki eksponatlar da zənginliyi ilə diqqəti cəlb edir. Buradakı guşələrdən biri xalqımızın ümummilli lideri Heydər Əliyevin Şahbuz rayonuna səfərlərini əks etdirir.

Xalq şairi Məmməd Araza həsr olunan guşədə isə onun fotoşəkilləri, əlyazmaları, kitabları toplanıb. Doğma diyarın təbiətinə, gözəlliyinə həsr olunan şeir nümunələri də eksponatlar sırasındadır.

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan gənclərin əziz xatirəsi də unudulmayıb. Onlar üçün xüsusi guşə yaradılıb. Guşədə toplanan sənədlər, şəkillər 20 şəhid övladımızın mübarizliyindəın, qəhrəmanlığından danışır. Onların hər biri Vətən torpağının ayrı-ayrı bölgələrində qəhrəmanlıqla döyüşüb. Afət Hacıyev Ağdam, Vahid Ələkbərov Sədərək, Afət Hüseynov isə Ağdərə uğrunda döyüşlərdə düşmən gülləsinə tuş gəliblər.

Şahbuz bölgəsinin qədim oğuz-türk tayfalarına məxsusluğunu rayon mərkəzindəki mədəniyyət və istirahət parkında nümayiş etdirilən daş abidələr - qoç fiqurlar da təsdiq edir. Sakinlər isə belə qədim və şərəfli tarixə malik yurdda yaşamaları ilə haqlı olaraq qürur hissi keçirirlər.

 

 

Məmməd MƏMMƏDOV

 

Azərbaycan.- 2009.- 11 dekabr.- S. 4.