Efir və ekranda bir gün uşaqlardır

 

Beynəlxalq Uşaq Televiziya və Radio Günü çox işıqlı və xeyirxah bayramlardan biridir. Həmin bayram hamımızı kiçik, amma sevimli teleseyrçilərimizi unutmamağa, yaşlılara isə nə vaxtsa uşaq olduqlarını xatırlatmağa səsləyir. Xatırladaq ki, bu bayram gününü BMT-nin Uşaq Fondu (YUNİSEF) 1994-cü ilin aprelində Kann şəhərində elan edib. O zamandan hər il dekabrın ikinci bazar günü dünyanın bütün aparıcı teleradio şirkətləri efiri uşaqların və uşaq verilişlərinin ixtiyarına verir. Ola bilsin ki, bu oğlanların və qızların bir çoxu nə vaxtsa televiziya və radioda çalışacaq. Onların çoxu istedadlıdır və yaşlılara bütün kəskin sualları verməyi bacarırlar.

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasımova bildirir ki, 1994-cü ildən dünyanın 170 ölkəsinin 200-dən çox televiziya və radiosunun qoşulduğu uşaq dalğasına təmsil etdiyi qurum da qatılmışdı. Bu, ümummilli lider Heydər Əliyevin Azərbaycanın həmin bayrama qoşulmasına dair sənədi imzalamasından sonra mümkün olmuşdu.

AzTV-nin Müəllif proqramları və xüsusi layihələr departamentinin uşaq redaksiyasının böyük redaktoru Gülayə Xəlilovanın sözlərinə görə, burada əsas prinsip odur ki, kamera və rejissor pultu arxasında uşaqlar oturur, uşaqlar süjet çəkir və aparıcılıq edirlər. Verilişdə həm uşaqların problemləri qabardılır, həm də konsert proqramı nümayiş etdirilirdi. Bu proqram yalnız dövlət kanalları üçün nəzərdə tutulub. Vaxtilə Heydər Əliyevin imzaladığı sənəddə bu verilişin məhz AzTV vasitəsilə yayımlanacağı göstərilib. İlk verilişin adı "Uşaqlar dünyanın sevincidir" oldu. Verilişin adı üç dildə - Azərbaycan, ingilis və rus dillərində səslənirdi. Ümumiyyətlə, verilişin adı bütün dünya televiziya və radioları üçün eyni idi. Hər il adlar dəyişirdi. Sonrakı illərdə veriliş efirə "Uşaqlar tələb edir", "Uşaqlar arzulayır", "Uşaqlar təkid edir" adları ilə getdi.

İlk dəfə verilişi tanınmış diktor Roza xanım Tağıyeva açdı, Bəxtiyar və Sevinc Məmmədovları aparıcılığa dəvət etdi. Bu verilişə qədər Bəxtiyarla Sevinc "Göydən üç alma düşdü", "Pəncərəmə ay qonub" uşaq verilişlərinin aparıcıları kimi tanınırdılar. Onlar YUNİSEF-in verilişində böyüdülər, inkişaf etdilər.

Digər ölkələrdə bu proqram çox yığcam şəkildə keçirilir. Televiziyalar ona yarım saat vaxt ayırırlar. Bizdə isə veriliş 6 saat canlı efirdə nümayiş olunurdu. Bu, çox böyük üstünlük idi və uşaqların müdafiəsinə, yaradıcı düşüncəsinə daha çox diqqətin ayrılması demək idi.

Ümummilli lider Heydər Əliyevin YUNİSEF-in Bakıdakı təmsilçisi ilə ilk verilişə gəlməsi əsl bayrama çevrilmişdi. Ölkə rəhbəri təxminən iki saata yaxın verilişdə iştirak etmişdi. Televiziyada gedən həmin veriliş Azərbaycan radiosu ilə də yayımlanırdı. AzTV uşaqlara öz fikirlərini çatdırmaq, qaçqın və məcburi köçkün həyatı, küçə həyatı keçirən uşaqların, uşaq evlərində yaşayan balacaların problemlərini qabartmaq üçün sərbəstlik verirdi və onlar öz hüquqlarının bərpasını cəmiyyətdən tələb edirdilər. Uşaq hüquqlarının qarantı olan YUNİSEF də AzTV-yə kasetlər verirdi, uşaqların qurumları yaradılır, istedadları göstərilirdi. Balacalar problemlərinin həlli üçün səhiyyə, təhsil, gənclər, mədəniyyət nazirliklərinə müraciət edirdilər. Verilişin informasiya mərkəzi həmin süjetlərə qoşulurdu. Nazirlərlə görüşlər yayımlanırdı. Uşaqlar dövlət müəssisələrinin rəhbərlərinə onları maraqlandıran sualları verirdilər. Bu, AzTV-nin reytinqini qaldıran veriliş idi. Çünki ulu öndər hər il Beynəlxalq Uşaq Televiziya və Radio Günündə uşaqları təbrik etməyə gəlirdi.

Bu verilişin ərsəyə gəlməsi üçün AzTV-nin təkcə uşaq redaksiyasının 20-25 nəfər yaradıcı əməkdaşı işə cəlb olunurdu. Təsadüfi deyil ki, verilişin müəllifləri 2000-ci ildə "Qızıl qələm" mükafatına layiq görüldülər.

2003-cü ildə veriliş "Biz qəhrəman olmaq istəyirik" devizi ilə yayımlanmalıydı. Lakin 2003-cü il dekabrın 12-də Heydər Əliyev dünyasını dəyişdi, öz böyüklüyü ilə balacaların da qəlbində unudulmaz xatirəyə çevrildi... Dahi şəxsiyyətin 1997-ci il dekabrın 14-də Beynəlxalq Uşaq Televiziya və Radio Günü münasibəti ilə keçirilən mərasimdə söylədiyi fikirlər isə bu gün də yaddaşlardadır: "İnsanın uşaqlıq dövrü ən xoşbəxt dövrüdür. Uşaqlar bunu bəlkə də bilməzlər. Ancaq uşaqlıq dövrünü yaşamış, həyatın ağır və çətin illərini, eləcə də çox xoşbəxt günlərini yaşamış insanlar bunu çox yaxşı bilirlər. Mən də belə insanlardan biriyəm. Uşaqlığın nə olduğunu yaxşı bilirəm, gəncliyin nə olduğunu, yaşlı həyatın nə olduğunu da bilirəm. Ona görə də mən sizə həqiqəti deyirəm. Həqiqət də ondan ibarətdir ki, uşaqlıq dövrü insanın ən xoşbəxt dövrüdür. Mən arzu edirəm ki, müstəqil Azərbaycanın uşaqları həyatlarının bu xoşbəxtlik dövrünü tam firavan keçirsinlər. Biz də - Azərbaycan dövləti, hökuməti, Azərbaycanın prezidenti kimi mən də bütün xalqımızın xoşbəxtliyi uğrunda çalışaraq, birinci növbədə uşaqların xoşbəxt həyatını təmin etməyi özümüzə müqəddəs vəzifə kimi qəbul etmişik. Şəxsən mən hesab edirəm ki, uşaqlara qayğı göstərmək, uşaqların təhsili, tərbiyəsi üçün şərait yaratmaq həyatda sərbəst yaşamaq, sərbəst inkişaf etmək adət-ənənələrini aşılamaq uşaqlarla aparılan işin əsas hissəsi olmalıdır".

Müsahibimiz vurğuladı ki, o zamandan uşaq redaksiyası hər il həmin günü Heydər Əliyevin anım günü kimi qeyd edir. Heydər Əliyevin iştirakı ilə keçirilən şənliklərə toplaşanlar Azərbaycanın dahi oğlu ilə bağlı xatirələrini danışır, təəssüratlarını bölüşürlər. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu il "Uşaq ili" elan olunub. "Bizim il" verilişinin dekabr sayı da Heydər Əliyevə həsr olunub. Amma çox arzulayardıq ki, Heydər Əliyevin qoyduğu bu ənənə yenə də yaşasın.

Ümummilli liderin əsasını qoyduğu dəyərli ənənələrin hazırda Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirildiyini qeyd edən G.Xəlilova ulu öndərin böyük əhəmiyyət verdiyi Beynəlxalq Uşaq Televiziya və Radio Gününün bayram kimi qeyd olunmasını məqsədəuyğun saydı.

Gülayə Xəlilova onu da xatırlatdı ki, AzTV-də uşaqların veriliş aparması ənənəsi çoxdan mövcuddur. Görkəmli aktyorlarımız Yaşar Nuri, Ramiz Əzizbəyli, BDU-nun professoru Qurban Bağırov uşaq yaşlarında AzTV-də verilişlər aparırdılar. R.Əzizbəyli və Y.Nuri əyləncəli, Q.Bağırov intellektual verilişlər aparırdılar. Hazırda Bəturə Nəbiyevanın müəllifi olduğu "Mən də uşaq olmuşam" verilişinin aparıcıları və iştirakçıları da uşaqlardır.

Gülayə xanım qeyd etdi ki, "Uşaq ili"nə həsr olunan "Bizim il" verilişi 2009-cu ilin yanvarından ayda iki dəfə efirə çıxır. Yarımsaatlıq verilişdə uşaqlar öz problemlərinin həllini cavabdeh orqanlardan - Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, təhsil, səhiyyə nazirliklərindən və digər qurumlardan istəyirlər.

Bu yaxınlarda "Gənc liderlər" təşkilatı uşaqlar arasında sorğu aparıb. Sorğunun nəticəsindən bəlli olub ki, uşaqlar Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanı ən yaxın dostları hesab edirlər. Uşaqlar azad söz imkanı məkanı kimi AzTV-ni görüblər. Çünki AzTV "Uşaq ili"nə daha qlobal baxımdan yanaşdı, uşaqlara öz hüquqlarını tələb etmək üçün tribuna verdi. Artıq "Uşaq ili" başa çatır və uşaqlar AzTV-nin işini uğurlu hesab edirlər.

Efirdə uşaqların məmurlarla dialoqunu verirdik. Nazirliklər uşaqların haqlı olduğunu etiraf edirdilər, psixi sarsıntı, ailədə sevgi ilə əhatə olunmayan uşaqlar nələrlə qarşılaşır, məktəbdə qiymətləndirilməyən, müəllim tərəfindən sıxışdırılan uşaqlarda özünə inam, özünü dəyərləndirmənin dərəcəsi müzakirə olunurdu. "Bizim il"in hər sayında mütləq psixoloq iştirak edib.

Müəllif proqramları və xüsusi layihələr departamentinin uşaq redaksiyasının böyük redaktoru Bəturə Nəbiyeva bildirdi ki, 2010-cu ildə də uşaqlar üçün yeni proqramlar nəzərdə tutulub. "Do re mi" müsiqili, əyləncə, maarifləndirici proqramı, yeniyetmələr üçün debat klubu rolunu oynayacaq "Etimad" proqramı, istedadları üzə çıxaracaq "İstedad sorağında", "Xəbəriniz olsun ki" uşaq-informasiya proqramı, "Haydı, irəli" yarış proqramı, "Piri babanın nağılları" verilişi layihə şəklində təqdim olunub.

Göründüyü kimi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin yaradıcı kollektivi azyaşlı tamaşaçı və dinləyicilərinin yüksək ideallar ruhunda tərbiyəsində mühüm rol oynayır, balacaların mənəvi dünyasını yeni rəngarəng çalarlarla zənginləşdirmək sahəsində səylərini əsirgəmir.

 

 

Akif CABBARLI

 

Azərbaycan.- 2009.- 11 dekabr.- S. 5.