Üzeyirşünaslığa layiqli töhfə

 

Bu günlərdə "Elm" nəşriyyatında mətbuatımızın ağsaqqalı, neçə-neçə jurnalist nəslinin müəllimi, yorulmaz tədqiqatçı, Azərbaycan mətbuat tarixinin tədqiq olunmamış səhifələrini arxiv rəflərində arayıb elmi ictimaiyyətə, araşdırıcılara, Azərbaycan oxucusuna təqdim edən professor Şirməmməd Hüseynovun gərgin zəhmətinin bəhrəsi olan yeni kitab işıq üzü görmüşdür: "Üzeyir Hacıbəyli. Nəşrlərdə kənara qoyulmuş mətbu əsərləri" (1904-1912. I hissə).

Adından da göründüyü kimi, kitabda dünyanın gərdişini, hadisələrin gedişatını Tanrının bəxş etdiyi istedad və zəkasının gücü ilə anlamağa qadir olan elitar düşüncə sahibi, Azərbaycan mədəniyyətinə, geniş mənada, dünya mədəniyyəti xəzinəsinə verdiyi misilsiz töhfələrə görə yalnız İntibah nəhəngləri ilə müqayisə oluna bilən dahi Üzeyir Hacıbəylinin indiyədək çap olunmayan publisistik əsərləri yer almışdır. Üzeyir bəyin indiyədək oxuculara bəlli olmayan məqalələrini böyük məhəbbət və tükənməz səbrlə toplayan, ərəb əlifbasından latın qrafikasına çevirən və xüsusi lüğət tərtib edən professor Şirməmməd Hüseynov kitaba yazdığı ön sözdə ürək ağrısı ilə qeyd edir ki, Üzeyir Hacıbəylinin əsərlərinin nəşrində, o cümlədən ötən əsrin 60-cı illərində dərc olunmuş 10 cildlikdə ixtisarlar, mətnə əlgəzdirmələr, "kommentariyalar" vardır. Üzeyir bəyin 100-dən artıq çox dəyərli yazısı bu cildlərə daxil edilməmişdir. Daha sonra Şirməmməd müəllim yazır: "Üzeyir bəy irsinin pərəstişkarı kimi mən də heç kəsdən sifariş, göstəriş və əməli kömək gözləmədən Üzeyir bəyin bu vaxtaqədərki nəşrlərdə kənara qoyulmuş mətbu əsərlərini toplayıb oxuculara çatdırmağı qarşıma məqsəd qoymuşam. Artıq onun "Kaspi", "Həyat", "İrşad", "Tərəqqi", "Həqiqət", "İqbal" qəzetlərində və "Molla Nəsrəddin" jurnalında dərc edilmiş bu qəbildən olan əsərlərinin 1904-1912-ci illəri əhatə edən I cildi hazırdır. Onu oxuculara təqdim edirəm. Oxucular özləri görəcəklər ki, bu əsərləri vaxtilə nə üçün nəşrlərdə kənara qoymuşlar".

Kitabı vərəqləyərkən səbəb aydın olur. Çünki Üzeyir bəyin 1905-ci ildə ermənilərin Bakıda törətdiyi qırğınlar, daşnaksütyun partiyasının qanlı planları, Rusiya qəzetlərinin xalqlar arasında iftira yaymaq siyasəti, türk xalqlarını heç bir əsas olmadan "panislamizmdə" suçlayıb ara qarışdırmaqla məşğul olması, Rusiya Dumasında müsəlman deputatların ağızlarına su alıb oturması, millətin dərdinə etinasız münasibət, xalqımızın təklənməsi, cəhalət, nadanlıq və bir çox digər mətləblərdən yazdıqlarını oxuduqca başa düşürsən ki, XX əsrin sonunda üzləşdiyimiz bir çox problemlərin kökü əsrin əvvəlinə və ondan da uzağa gedib çıxır. Üzeyir bəy bütün bunları ürəkağrısı, məsələlərin mahiyyətini anlayan və bu səbəbdən daha dərin iztirablar keçirən ziyalı yanğısı, eyni zamanda əsl qələm sahibinə məxsus soyuqqanlı təhlil, dərin ironiya, kinematoqrafik dəqiqliyi təmin edən incə detallarla canlandırır.

Professor Şirməmməd Hüseynovun ərsəyə gətirdiyi, milli iftixarımız Üzeyir Hacıbəylinin gələn il qeyd olunacaq 125 illik yubileyinə həsr edilmiş, üzeyirşünaslıq tədqiqat məktəbinə layiqli töhfə olan 300 səhifəlik bu kitabı, heç şübhəsiz, oxucular tərəfindən maraqla qarşılanacaqdır.

 

 

Azərbaycan.- 2009.- 11 dekabr.- S. 5.