"Xilaskar"ın Gürcüstan səfəri uğurlu oldu

 

2009-cu il noyabrın 25-dən dekabrın 4-dək İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Gürcüstanda qastrol səfərində olmuşdur.

Səfər qonşu respublikada yaşayan azərbaycanlılara mədəni xidmət göstərmək məqsədi daşıyırdı. Teatrın direktoru İftixar Piriyev bu tədbirin baş tutmasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyini xüsusi vurğuladı.

- Gürcüstanda olduğumuz günlərdə teatrsevərlərin, eləcə də dövlət və hökumət nümayəndələrinin isti münasibəti ilə əhatə olunmuşduq. Qastrol səfəri noyabrın 26-da ulu öndər Heydər Əliyevin Tbilisi şəhərindəki abidəsinin ziyarəti ilə başladı. Elə həmin gün Gürcüstan Dövlət Dram Teatrının böyük səhnəsində yazıçı-dramaturq Aqşin Babayevin ümummilli lider Heydər Əliyevin siyasi bioqrafiyasından bəhs edən "Xilaskar" əsərini tamaşaya qoyduq. Tbilisi sakinləri, dəvət olunmuş qonaqlar aktyorlarımızı səmimiyyətlə alqışladılar.

Ulu öndər Heydər Əliyevin 1993-cü ildəki həyat və fəaliyyətinə həsr olunan "Xilaskar" pyesinin rejissoru Oruc İzzətoğludur. Ulu öndərin obrazını əsərdə teatrın direktoru İftixar Piriyev böyük məharət və peşəkarlıqla canlandırmışdır.

Ölkəmizin Gürcüstandakı səfiri Namiq Əliyev, bu ölkənin eks-prezidenti Eduard Şevardnadze, Ukraynanın və Rusiyanın Gürcüstandakı səlahiyyətli nümayəndələri, SSRİ xalq artisti Qiqa Lordkipanidze, Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının bədii rəhbəri Qoça Kapanadze, Gürcüstan teatr ictimaiyyətinin digər tanınmış nümayəndələri tamaşanın uğurla keçməsinə görə aktyorlarımızı təbrik etmiş, xatirə şəkli çəkdirmişlər. Gürcüstanın sabiq lideri Eduard Şevardnadze teatrın yaradıcı heyətini iqamətgahına dəvət etmişdir. Görüş zamanı o, dostu Heydər Əliyev barədə xatirələrini danışmış, teatrın perspektiv planları ilə maraqlanmışdır.

İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivi Marneuli, Bolnisi, Qardabani və Kaspi rayonlarında da tamaşalar göstərmiş, Gürcüstan Teatr Xadimləri İttifaqında, Tbilisi Dövlət Azərbaycan Dram Teatrında görüşlər keçirmişdir. Tbilisi Dövlət Universitetində ulu öndər Heydər Əliyevin xatirə mərasimi də yaddaqalan tədbirlərdəndir. Noyabrın 30-da azərbaycanlı qonaqlar Tbilisi teatrının hazırladığı Üzeyir Hacıbəyovun "Ər və arvad" əsərinin tamaşasında olmuşlar.

Uğurlu keçən səfərin sonunda İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinə ölkəmizin Gürcüstandakı səfirliyi, Gürcüstan Teatr Xadimləri İttifaqı və Kvemo Kartli qubernatorluğu tərəfindən fəxri fərmanlar verilmişdir. Gürcüstanda keçən günlər iki qardaş xalqın əbədiyaşar dostluğunun təntənəsinə və əsl incəsənət bayramına çevrilmişdir.

 

 

Çingiz ƏLƏSGƏRLİ

 

Azərbaycan.- 2009.- 11 dekabr.- S. 7.