Azərbaycan hökuməti
mülkiyyət hüquqlarının qorunması, müdafiəsi
və təminatı sahəsində beynəlxalq təşkilatlarla
əməkdaşlığını möhkəmlədir
Bu
fikir "Müəlliflik hüququ və rəqəmli
mühit: piratçılığa qarşı mübarizə
və əlaqəli problemlər" mövzusunda beynəlxalq
seminarda səslənmişdir
Dekabrın 7-də Bakıda "Müəlliflik
hüququ və rəqəmli mühit:
piratçılığa qarşı mübarizə və əlaqəli
problemlər" mövzusunda ikigünlük beynəlxalq
seminar işə başlamışdır.
Azərbaycan
Respublikası Müəllif
Hüquqları Agentliyi (MHA) və Dünya Əqli Mülkiyyət Təşkilatının
(DƏMT) keçirdiyi seminarı
giriş sözü ilə açan MHA-nın
sədri, professor Kamran
İmanov demişdir ki, son 20 ildə əqli
mülkiyyət fenomeni sürətlə
inkişaf edərək, investisiyaların
yaradıcılığa və
yenilikçiliyə cəlb edilməsində, intellektual
məhsulların yayılmasında
ən vacib amilə çevrilmişdir. Əqli mülkiyyətin nəticəsidir
ki, betona və metala əsaslanan iqtisadiyyat
biliklərə və ideyalara əsaslanan iqtisadiyyata çevrilmişdir və bu iqtisadiyyatın əqli mülkiyyətində
cəmləşən intellektual kapital isə özünü əsas
valyuta kimi aparır. Həqiqətən, əgər əqli mülkiyyət
biliklərə əsaslanırsa, biliklərin
yığımı isə iqtisadi artımın hərəkətverici
qüvvəsidirsə, o zaman
dövlətin iqtisadi
və mədəni
siyasəti bu amili nəzərə almalıdır. Çünki inkişaf etmiş ölkələrdə əqli
mülkiyyətə əsaslanan sənayenin (kreativ industriya) ümumi daxili məhsuldakı payı 15
faizə qədər təşkil edir, bu isə dünya
iqtisadiyyatının 7,3 faizi
deməkdir.
Bu bir həqiqətdir ki, biliklərə əsaslanan iqtisadiyyat
rəqəmli iqtisadiyyatdır. Bu iqtisadiyyatda informasiya resurslarına və informasiya
texnologiyalarına daxil
olan əmtəə sərvətlərinə,
yəni əqli mülkiyyətə tələbat daim artır. Biz mədəniyyət nümunələrinin əksəriyyətinin
artıq rəqəmləşdirilərək internetə
inteqrasiyasının şahidiyik: musiqi, filmlər, xəbərlər
proqramları, ədəbiyyat və incəsənət
nümunələri - bütün bunlar artıq internetdədir.
Yalnız məşhur "You
Tube" portalına hər
dəqiqə rəqəmləşmiş 10 saatlıq videoproqramlar daxil edilir. İnternet əqli mülkiyyətin virtual bazarına çevrilmiş və buradakı
alqı-satqılarda iştirak edən məhsulların
50 faizindən çoxu əqli
mülkiyyətin obyektləridir və hər
satılan beş obyektdən dördü müəlliflik
hüququ ilə qorunur.
Diqqətə
çatdırılmışdır ki, hazırda informasiya
texnologiyalarının inkişafı sistemli
surətdə əqli
mülkiyyət qanunvericiliyinin təkmilləşdirilməsini üstələyir,
bu isə geniş miqyasda haqsız rəqabətə
gətirir. Bu gün çoxları hesab edirlər ki, internetdə qanun və beynəlxalq
müqavilələr deyil, mənəvi
və etik normalar işləməlidir. Ancaq
internet bazar məkanıdır
və burada yerləşən
əqli mülkiyyət obyektləri sahiblərinin
şəxsi hüquqları ilə yanaşı, əmlak
hüquqları da toxunulmazdır.
Beləliklə,
informasiya texnologiyaları
obyektləri əqli mülkiyyət sahəsinə
inqilab gətirərək, ayrı bir problemin yaradılmasına
səbəb olmuşdur. Məsələ ondadır ki, informasiya texnologiyaları əqli
mülkiyyət olduğu, əqli
mülkiyyət kimi qorunub inkişaf etdiyi halda, əqli
mülkiyyət hüquqlarının kütləvi şəkildə
pozulmasına şərait yaradır, rəqəmli müəlliflik
hüququnun gələcəyini
şübhə altına qoyur.
Rəqəmli mühitdə
piratçılıq beynəlxalq bəlaya çevrilmiş,
dünyada kütləvi
xarakter almışdır.
Vurğulanmışdır
ki, yalnız musiqi fayllarının internetdəki istifadəçilər
arasında qeyri-leqal mübadiləsi
2008-ci ildə 40 milyard kontent-fayl
təşkil etmişdir.
Bu isə 95 faiz piratçılıq
deməkdir. Ekspertlərin müşahidələrinə əsasən,
internetdə yalnız musiqinin qeyri-qanuni istifadəsi nəticəsində
hüquq sahibləri
80 faiz gəlirlərini
itirməyə məcburdurlar. Televiziya kontentinin internetdəki yayımı zamanı
hüquqların pozulması da son həddə
çatmışdır. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə
piratçılığın səviyyəsi 20-40 faiz, MDB məkanında isə
80-90 faiz təşkil
edir.
Bəs
bu ziddiyyətli vəziyyətin çıxış yolu nədədir? Məhdudiyyətlərin
təhlili, provayderlərin fəaliyyətinə yeni qaydaların tətbiqi olduqca vacibdir. İnternetdə "rəqəmli
hüquqların" təminatının həlli əqli məhsulun
yayılmasına məhdudiyyət qoymaqda deyil, əksinə, onun yayılması üçün
yeni şərait və şərtlərin
yaradılmasındadır. Bu isə o deməkdir ki, mülkiyyət kateqoriyasına əsaslanan müstəsna
hüquqların qadağa sistemi
rəqəmli kontentə, onun
informasiya təbiətinə
uyğunlaşdırılmalıdır.
Sonra MHA-nın sədri Kamran İmanov Azərbaycanda əqli mülkiyyətin
qorunması sahəsində görülən tədbirlərdən
danışmışdır. Bildirmişdir ki, Azərbaycan hökuməti əqli
mülkiyyət sahəsini və əqli mülkiyyət
hüquqlarının təminatını prioritet
sahə kimi qəbul
edərək, dünyadakı rəqəmli dəyişiklikləri
diqqətlə izləyir və bir sıra kompleks tədbirlər
həyata keçirir. Azərbaycan Prezidenti İlham Əliyevin səyləri və dəstəyi nəticəsində
ölkəmizdə zəngin qanunvericilik və normativ-hüquqi baza, çevik milli idarəetmə institutu
və geniş beynəlxalq
mübadilə və əməkdaşlıq sistemi
yaradılmışdır. Bugünkü
tədbir cari ildə hüquqların təminatına dair on ikinci,
o cümlədən altıncı beynəlxalq tədbirdir. Bu sahədə islahatlar və yeniliklər davam
etdirilir. Hüquqi
maarifləndirmə, əqli mülkiyyət mədəniyyətinin
formalaşması, piratçılığın səviyyəsinin daimi müşahidəsi və
tədbirlərin görülməsi, "Qaynar
xətt"in, "İctimai hüquq məsləhətxanası"nın fəaliyyəti, çoxlu
nəşrlərin dərc
edilməsi qarşımızda duran yeni çağırışların
müvafiq cavablarıdır.
Biz nəzərə
alırıq ki, informasiya
texnologiyaları sahəsində Azərbaycan
inkişaf edir. Davos Dünya İqtisadi Forumunun reytinqinə əsasən, Azərbaycan
İKT üzrə 127 dövlət arasında 67-ci yeri tutaraq MDB məkanında
lider olmuşdur. İnternetin İstifadəsi Beynəlxalq Statistika Təşkilatının
(İnternet World Stats-Usage and population stayistics) son məlumatına əsasən, Azərbaycanda
internet istifadəçilərinin
sayı 1,4 milyon nəfərə çatmışdır və bu
göstəriciyə görə
ölkəmiz Cənubi Qafqazda liderdir.
Bütün
bu inkişafı nəzərə alaraq, informasiya texnologiyaları-əqli
mülkiyyət (ITIP) problemlərinin, "rəqəmli hüquqlar" məsələsinin
bizim üçün
də qaçılmaz
olduğunu etiraf edərək,
MHA Bakıda bu seminarın
keçirilməsinə təşəbbüs
göstərmişdir.
DƏMT-in
Avropa və Asiyanın müəyyən ölkələri
üzrə departamentinin əməkdaşı
xanım Saule Tlevlessova təmsil etdiyi qurumun Azərbaycan hökuməti ilə məhsuldar əməkdaşlığından
danışaraq bildirmişdir ki, bugünkü seminar cari ildə
respublikada keçirilən
dördüncü beynəlxalq tədbirdir.
Ümumiyyətlə, Dünya Əqli Mülkiyyət Təşkilatı
hər hansı bir ölkədə
ildə yalnız bir tədbir təşkil edir. DƏMT ilə
Azərbaycan hökumətinin birgə səyləri nəticəsində
müəllif hüquqlarının qorunması sahəsində
bu il fevral,
aprel və dekabr aylarında Bakıda, may
ayında Naxçıvan
Muxtar Respublikasında
beynəlxalq səviyyəli tədbirlər
keçirilmişdir. Xanım
S.Tlevlessova Azərbaycan Prezidenti
İlham Əliyevin
ölkədə müəllif hüquqlarının
qorunması, piratçılığa qarşı mübarizə
məsələlərinə böyük
diqqət və
qayğısını xüsusi
vurğulamışdır.
Sonra
MHA-nın sədri, professor Kamran İmanovun "Rəqəmli
mühit və Azərbaycanda əqli mülkiyyət
hüquqlarının təminatının təkmilləşdirilməsi
zərurəti", Mərkəzi və Şərqi Avropa Müəllif Hüququ Alyansının sədri Mihaly Ficsorun "DƏMT-in internet
müqavilələri: Müəlliflik
hüququ və əlaqəli hüquqların rəqəmli on-line mühitində qorunması və təminatı üçün əsaslar", Rusiya Əqli Mülkiyyət İnstitutunun
rektoru İvan Bliznetsin "Müəlliflik
hüququ və əlaqəli
hüquqların rəqəmli mühitdə qorunması və
müdafiəsi sahəsində qanunvericilik",
xanım Saule
Tlevlessovanın "Rəqəmli
mühitdə piratçılığın müasir
problemləri və
beynəlxalq, regional, subregional
əməkdaşlıq çərçivəsində
onun azaldılmasının
yeni alətləri", Rabitə və İnformasiya Texnologiyaları
Nazirliyinin şöbə müdiri
Bəxtiyar Məmmədovun
"Azərbaycanda informasiya texnologiyalarının inkişafı"
mövzularında məruzələri və digər məruzələr
dinlənilmişdir.
Məruzələr
ətrafında fikir mübadiləsi
aparılmış, suallar
cavablandırılmışdır.
Seminar dekabrın 8-də işini
davam etdirəcəkdir.
AzərTAc
Azərbaycan.-
2009.- 8 dekabr.- S. 5.