Bələdiyyə üzvü seçilmək həm etimad, həm məsuliyyətdir

 

23 dekabr Bələdiyyə seçkiləri günüdür

 

Azərbaycanda bələdiyyələrin demokratik prinsiplər və beynəlxalq normalar əsasında formalaşdırılması, ölkədə demokratiyanın inkişafı, hüquqi və dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb qəbul edilmiş Azərbaycan Konstitusiyasına hələ bələdiyyələr yaranmamışdan bir neçə il əvvəl yerli özünüidarəetmə haqqında ayrıca bir bölmənin daxil edilməsi ümummilli liderimizin uzaqgörənliyinin nümunəsi olmaqla bərabər, həm də bələdiyyələrə bəslənilən etimadın və onların gələcəyinə olan inamın ifadəsi idi. Ulu öndər qeyd edirdi ki, "Biz Azərbaycanda tam müstəqil yerli özünüidarəetmə orqanları yaradırıq. Bu demokratiyanın inkişafı deməkdir, eyni zamanda ölkəni idarəetmədə vətəndaşlarımıza imkanlar yaradılmasının göstəricisidir".

Heydər Əliyev siyasi kursunun bəşəri mahiyyəti, demokratik dəyərləri, yaradıcı gücü ölkəmizin sosial-iqtisadi inkişafında, daxili və xarici siyasətdə qazanılan nailiyyətlərdə əks olunduğu kimi, özünü dünyəvi dövlət quruculuğu prosesində, eləcə də yerli özünüidarəetmə orqanlarının fəaliyytində də göstərir. Bələdiyyələrin yaranmasından keçən 10 illik bir dövr, bu illər ərzində görülən işlər yerli özünüidarəetmə orqanlarının Azərbaycan cəmiyyətində əhəmiyyətli rol oynadığını və lazımlı bir institut kimi formalaşmasını sübut edir. Bələdiyyələrin fəaliyyətində mövcud olan müəyyən çatışmazlıqları, nöqsanları istisna etsək, artıq bu orqanların ölkənin sosial-iqtisadi həyatında özünə müəyyən mövqe qazandığını, insanların güvənc yerinə çevrildiyini söyləmək olar.

Cəmiyyətdə yeni bir institut olduğuna, lazımi maddi-texniki bazaya, maliyyə imkanlarına, kifayət qədər kadr potensialına malik olmadığına görə bələdiyyələrdən indiki halda köklü sosial-iqtisadi məsələlərin həllini tələb etmək düzgün olmazdı. Düzdür bələdiyyələrin fəaliyyətə başladığı ilk illərdən bu günə kimi onların inkişafı, işlərinin normal qurulması, düzgün istiqamətləndirilməsi üçün vacib olan tədbirlər həyata keçirilmiş, istər dövlət, istərsə də qanunvericilik orqanları onlara dəstək vermişdir. Bələdiyyələrin iş şəraitinin yaxşılaşdırılması onlara dotasiyaların verilməsi, müəyyən yardımların edilməsi, səmərəli tədbirlərin-konfransların, toplantıların, müzakirələrin keçirilməsi, milli bələdiyyə assosiasiyalarının yaradılması, bələdiyyə üzvlərinin hüquq və mənafelərinin qorunması və digər tədbirlər yerli özünüidarəetmə orqanlarının dövlətin diqqətindən kənarda qalmadığını göstərir.

Ötən 10 ildə yerli özünüidarəetmə sisteminin hüquqi bazasının yaradılması və təkmilləşdirilməsi Milli Məclisin diqqətində olmuş, bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini əhatə edən mühüm qanunlar qəbul edilmişdir. Qanunvericilikdə yerli özünüidarəetmənin çox mühüm məsələləri-yerli büdcənin formalaşdırılması, təsdiqi və icrası, yerli vergi və ödənişlərin müəyyən edilməsi, yerli sosial müdafiə, iqtisadi, ekoloji proqramların işlənib hazırlanması və reallaşdırılması, mülkiyyət münasibətlərinin tənzimlənməsi, ərazi məsələləri və sairə öz əksini tapmışdır.

Bu qanunlar, hüquqi normativ aktlar, əsasnamələr bələdiyyə həyatının bütün sahələrini əhatə etsə də, ölkədəki sürətli sosial-iqtisadi inkişaf, dünyada, ictimai aləmdə baş verən hadisələr, demokratik dəyişikliklər bələdiyyələri də yeni, səmərəli məqsədlərə istiqamətləndirir və bununla əlaqədar bələdiyyələrin statusu, fəaliyyət dairəsi ilə bağlı yeni qanunların qəbul olunmasını, bəzi qanunlara əlavə və dəyişikliklərin edilməsini zərurətə çevirir. Azərbaycan Respublikası Konstitusiyasının 146-cı maddəsinə referendum yolu ilə 4 bəndin əlavə olunması bunun əyani ifadəsidir. Qəbul olunmuş sənədlər mütərəqqi mahiyyət daşımaqla, dövlətçiliyimizin dayaqlarının möhkəmləndirilməsinə xidmət etməklə bərabər, həm də bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəldilmişdir.

Bələdiyyələrin formalaşdırılmasına, onların işinin canlandırılmasına göstərilən qayğı və diqqət təbiidir. Çünki, yerli özünüidarəetmə orqanları ölkədə gedən demokratikləşmənin, vətəndaş cəmiyyətinin bir nümunəsi olmaqla bərabər dövlət və cəmiyyət qarşısında məsuliyyət daşıyır və onların üzərinə böyük iş düşür. Yerli özünüidarəetmə orqanları yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllinə, öz seçicilərinin mənafelərinin qorunmasına bilavasitə cavabdehdirlər.

Demokratik Azərbaycan cəmiyyətində bələdiyyələrin inkişafı qanunauyğun prosesdir və ölkədə ictimai-siyasi sabitlik, insanların hüquq və mənafelərinin müdafiəsi, söz azadlığı, sosial-iqtisadi tərəqqi bu inkişafa hərtərəfli imkan verir. İnkar olunmazdır ki, bələdiyyələrin formalaşmasında və bir çox problemlərin həllində yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilər mühüm əhəmiyyət kəsb edir. Azad, şəffaf, demokratik seçkilər digər tərəfdən bələdiyyələrə savadlı, qabiliyyətli, təşkilatçı, hörmətli insanların seçilməsi müvəffəqiyyətlərin əsasıdır. Bələdiyyəçilik sahəsində qarşıda duran bir çox problemin həll edilməsi bələdiyyə üzvlərinin fəaliyyətindən çox asılıdır.

Bələdiyyələri işlək, insanlarla daimi ünsiyyətdə olan, ictimai-sosial həyatımızın əksər sahələrinə nüfuz edən və bu həyatı yaxşılaşdırmağa cavabdeh olan bir orqan kimi xarakterizə etsək, onda hər bir bələdiyyə üzvünün öz seçicisi qarşısında böyük məsuliyyət daşıdığını yəqin etmiş olarıq. Bələdiyyə üzvü seçilmək həm etimad, həm də məsuliyyətdir.

Bələdiyyələr fəaliyyətsiz orqan deyil, inkişafda olan, ildən-ilə formalaşan, cəmiyyətdə özünə müəyyən mövqe qazanan, respublikamızın inkişafına, insanların mənafeyinə xidmət edən bir özünüidarəetmə strukturudur. Bunu 23 dekabr 2009-cu ildə keçiriləcək bələdiyyə seçkilərinə gösrərilən maraq və bələdiyyə üzvü seçilmək uğrunda gedən gərgin mübarizə bir daha sübut edir.

Bu seçkidə 15682 bələdiyyə üzvlüyünə 35072 nəfərin namizədliyinin qeydə alınması, seçkilərdə 30-dan çox siyasi partiyanın, ictimai qurumların üzvlərinin iştirakı və onların qeydiyyatdan keçməsi bələdiyyə seçkilərinin ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olduğundan xəbər verir.

Bu seçkilər bələdiyyələrin həyatında mühüm rol oynayacaqdır. Çünki əvvəlki seçkilərdən fərqli olaraq bu dəfə namizədliyi qeydə alınan insanlar arasında ali təhsillilərin, mütəxəssislərin, gənclərin, qadınların, ictimai sahədə çalışanların üstünlük təşkil etməsi seçkilərdən sonra təşkilatçı kadrlar hesabına yerli özünüidarəetmə orqanlarında işlərin daha yaxşı qurulacağına zəmin yaradacaqdır.

Seçkilərdə üstünlük qazanıb bələdiyyə üzvü seçilmək seçicilərlə bərabər namizədlərdən də çox asılıdır. Təbliğat-təşviqat dövrü ərzində namizədin hazırlığı, dünya görüşü, siyasi baxışları, iqtisadi bilgiləri, seçicilərlə münasibəti, verilən sualları dəyərləndirib tutarlı faktlarla cavablandırması, qanunları bilməsi başlıca şərtdir və hər bir bələdiyyə üzvlüyünə namizəd seçki kampaniyasının məsuliyyətini dərindən dərk edib qiymətləndirməlidir.

Seçikqabağı YAP-ın irəli sürdüyü bələdiyyə üzvlüyünə namizədlərlə təşkil edilmiş söhbətlər, diskussiyalar, treninqlər çox faydalı olmuşdur. Təbliğat-təşviqat dövrü ərzində də bu tədbirlərin sistemli şəkildə bütün rayonlarda, yaşayış məntəqələrində partiya fəallarının iştirakı ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu seçki sözsüz ki, partiya üzvlərinin fəallığını, üstünlüyünü, daha çox səs toplamasını təmin edəcək və onları öz rəqiblərindən fərqləndirəcəkdir. Qanunvericiliyə uyğun olaraq aparılan təbliğat-təşviqat işləri seçkilərin azad, demokratik, şəffaf keçməsi, layiqli namizədlərin seçilməsi və bələdiyyə institutunun gələcəkdə daha da təkmilləşməsi üçün zəmanətdir. Yerli özünüidarəetmə orqanlarının ölkənin sosial-iqtisadi həyatında fəal iştirak etməsini istəyən hər bir kəs seçkilərdə fəal iştirak etməlidir.

Bu, günümüzün reallıqları, xalqın Heydər Əliyev siyasi kursuna sonsuz sədaqəti, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizin tərəqqisi, xalqın rifahı naminə həyata keçirdiyi mühüm tədbirlər, sürətli sosial-iqtisadi, mədəni inkişaf, demokratik təkamül bələdiyyə seçkilərinin yüksək səviyyədə keçəcəyinə imkan yaradacaq.

 

 

Tahir RZAYEV,

Milli Məclisin deputatı

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S. 6.