XXI əsrdə milli dövlətçiliyin
inkişafı və ictimai elm
"Bu
gün Azərbaycan qüdrətli dövlətdir. Onun
iqtisadiyyatı, mədəniyyəti, təhsili dinamik
inkişaf edir. Azərbaycanın gələcəyi məsuliyyətli
qərarlar qəbul etməyə, milli mənafeləri
qorumağa və zamanın çağırışlarına
cavab verməyə qadir mütəxəssislərdən
asılı olacaqdır. Qloballaşan və sürətlə
dəyişən dünyanın reallıqları ən yeni
texnologiyaların sirlərini mənimsəməyi, onlardan
çevik faydalanmağı olduqca aktual edir".
İlham ƏLİYEV
Azərbaycan
öz suveren inkişafında nəinki tamamilə yeni, həm
də ümumi gələcəyimiz üçün ən məsuliyyətli
mərhələyə qədəm qoymuşdur. Bu mərhələdə
qarşıda duran məqsədlərin müəyyənləşdirilməsində,
mövcud problemlərin təhlilində, yaxud zamanında
adekvat həllini tapmasında ictimai elmin üzərinə son dərəcə
məsuliyyətli vəzifələr düşür.
2009-cu
il Azərbaycan dövlətinin elm, innovasiya və XXI əsrin
mili intellektual potensialını səfərbər etmək
baxımından tarixi əhəmiyyətli dövlət qərarlarının
qəbul edildiyi il kimi yaddaşlarda qalacaq. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 2009-cu ildə
elmin inkişafına və bu sahədə problemlərin
kompleks həllinə xidmət etməyə yönəlmiş
bir sıra mühüm sənədlər
imzalamışdır. Bunlardan 4 may 2009-cu il tarixli
"2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiya"nı və "Azərbaycan Respublikasında
2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli
Strategiyanın həyata keçirilməsi ilə bağlı
Dövlət Proqramı"nı, 22 may 2009-cu il tarixli
"2009-2013-cü illərdə Azərbaycan
Respublikasının ali təhsil sistemində islahatlar üzrə
Dövlət Proqramı"nı, 21 oktyabr 2009-cu il tarixli Azərbaycan
Respublikasının Prezidenti yanında Elmin İnkişafı
Fondunun yaradılması haqqında sərəncamları qeyd
etmək olar.
İlin
sonuna döğru dövlət siyasətindən irəli gələn
və ictimai-humanitar elmlər qarşısında duran məsələlərin
dərin konseptual təhlilinin verildiyi və təxirəsalınmaz
məsələlərin həlli yollarının müzakirə
olunduğu iki hadisə isə hesab edirik ki, Azərbaycanda bu
sahənin indiyə qədərki və qarşıdakı, əsrlərə
hesablanmış perspektivlər baxımından elm tariximizdə
həmişəlik yerini tutacaq, dövlət-elm münasibətlərinin
necə qurulmasının modeli və obyektiv həqiqət kimi
nəsildən-nəsilə ötürüləcəkdir.
Söhbət humanitar elmi ictimaiyyətə ünvanlanan, bu sahədə
tarixi dönüş yaradılmasını bəyan edən,
bütün cəmiyyətdə geniş əks-səda
doğuran iki önəmli tədbirdən gedir. Bunların
birincisi - noyabrın 21-də Azərbaycanda humanitar və
ictimai elmlər sahəsində yaranmiş vəziyyətə
həsr olunmuş toplantı, digəri isə akademik Ramiz
Mehdiyevin "Azərbaycan" qəzetində dərc
edilmiş "İctimai və humanitar elmlər: zaman
kontekstində baxiş" məqaləsidir.
Hər
iki hadisəni birləşdirən ümumi aspekt eynidir: Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu il
noyabrın 2-də Bakı Dövlət Universitetinin 90 illik
yubileyi mərasimindəki çıxışında ölkəmizin
iqtisadiyyatında keçid dövrünün artıq başa
çatdığının bəyan edilməsi, habelə hər
bir Azərbaycan vətəndaşı və
bütövlükdə ölkəmiz üçün tarixi əhəmiyyət
kəsb edən bu bəyanatda elmi və intellektual elita
qarşısında son dərəcə mürəkkəb və
strateji əhəmiyyətli məsələlərin
qoyulduğunu tam ciddiliyi ilə ünvanına
çatdırmaq! Dövlət başçısının
ölkədə ictimai elmlərin fəallığının
artırılması, məzmununun təkmilləşdirilməsinin
zəruriliyi yönündə həyata keçirdiyi siyasəti
təfərrüatlı təhlil etmək, konkret fəallıq
və təşəbbüslər proqramının
hazırlanaraq reallaşdırılması yönündə təcili
tədbirlərin görülməsinə dəvət etmək!
Məqalədə
qaldırılan məsələlər mahiyyət, miqyas və
əhəmiyyətinə görə son dərəcə
geniş olduğundan, sözün əsl mənasında, XXI əsr
üçün nəinki ictimai elmin, bütövlükdə
milli dövlətçiliyin uğurlarını təmin etmək
baxımından qarşıda duran həlledici məsələlər
kompleks hədəfə alındığından onların
tam sadalanması bir məqalə çərçivəsində
qeyri-mümkündür. Məqalədə qeyd edilir ki,
"Hazırda ölkədə çoxşaxəli islahatlar
qlobal inkişafın müasir meyilləri nəzərə
alınmaqla həyata keçirilir. Bu, eyni zamanda, ictimai və
humanitar elmlər sahəsindəki islahatlara da aiddir. Etiraf etməliyik
ki, adıçəkilən sahələrdə mövcud vəziyyət
dövlətimizin yüksək irəliləyiş tempinə
uyğun gəlmir. Dünya elminə inteqrasiya mərhələsində
olduğumuz indiki vaxtda ictimai və humanitar elmlər sahəsində
islahatların başlıca spesifikası müəyyənləşdirilməlidir.
Dövlətin elm siyasəti milli ideologiya və dövlətçilik
tarixi, mədəniyyət və fəlsəfə, politologiya
və sosiologiya, mədəniyyətşünaslıq və
hüquq sahələrinin verdiyi təklif, konsepsiya və
proqramlarla sıx bağlıdır. İctimai və humanitar
elm sahələri irəliləyərək bizdə bu əlaqələrin
dərin surətdə təmin olunmasına gətirib
çıxarmalıdır".
Qaldırılan məsələlər,
ilk növbədə, strateji mahiyyətli yeni vəzifələri:
humanitar ictimai elmin və təhsilin ənənəvi rolu və
statusunun keyfiyyət baxımından ən yüksək səviyyəyə
qaldırılmasını, Azərbaycanda ictimai elmin tədqiqi
və tədrisinin struktur, funksiya və mahiyyət aspektlərinin
dinamik yeniləşməsini, ən vacibi isə bunları
maksimüm qısa müddətdə həyata keçirməyi
tələb edir.
İlk əvvəl bir əsas
məqamı vurğulamaq istərdik. Azərbaycan islahatlar mərhələsinə
artıq ikinci onillikdir ki, qədəm qoyub. İslahatların
müəyyən mərhələsində ictimai elm təmsilçiləri,
elm və təhsilin inkişafının Qərb modelinin tətbiqi,
Bolonya prosesinə qoşulmaq və sairə ilə əlaqədar
"təşviş və sıxıntı"
keçirdiklərini bildirdilər. Əslində, bu əhval-rühiyyə,
əvvəla, humanitariyanın Qərb modeli ilə
yaxşı tanışlığın olmamasından,
ikincisi, ümumiyyətlə, Azərbaycan dövlətinin
milli inkişafın istənilən sahəsində həyata
keçirilən fundamental amillərdən
çıxış etməməyin nəticəsi idi. Lakin
akademik Ramiz Mehdiyevin konseptual xarakterli məqaləsi bir daha
sübut etdi ki, Azərbaycan siyasi rəhbərliyi milli
strategiyanın bütün sahələrində olduğu kimi,
intellektual elm və təhsil siyasətində də
aşağıdakı əsas fundamental amillərə əsaslanır:
1. Dövlətçilik
siyasətində həmişə milli maraqlara uyğun
müstəqil qərarlar qəbul edilməsi;
2. Dünya məkanına
inteqrasiya prosesində, qabaqcıl dünya təcrübəsindən
bəhrələnərkən onun yaradıcı və tənqidi
şəkildə tətbiq edilməsi;
3. Bütün sahələrdə
yeniliklərin təqlid kimi deyil, milli spesifikaya uyğun olaraq mənimsənilməsi;
Əslində,
qarşıya qoyulan miqyaslı məsələlərin həllində,
ilk növbədə, bu amillərdən çıxış
edilməsi ən düzgün mövqe kimi uğurların rəhnidir.
Dünya təcrübəsinə də, Bolonya prosesinin mahiyyətinə
də bələd olanlar bu məqamı aydın dərk edirlər.
Başqa sözlə deyilsə, biz ictimai elmlərin tədrisi
sahəsində əsas məsələlərdən biri, fənlərin
bu və ya digərini seçməklə onlara "qənaət
etmək" prinsipinə deyil, tarixən özünü
doğrultmuş "bütün ictimai elmlərin tədrisinə
kompleks yanaşma" metodunun saxlanılması, lakin onun məzmun
baxımından tamamilə zənginləşdirilməsi
mövqeyinin şahidi oluruq.
Lakin biz ictimaiyyətşünaslar
üçün bu qədər imkanlar və
üstünlük verən bu siyasəti gerçəkləşdirmək,
elm və təhsilin inkişafında lider ölkələr
sırasına çatmaq üçün üzərimizə
düşən məsuliyyəti dərk edirikmi? Gələcəyin
strateji ponaramını müəyyənləşdirmək
üçün hansı təşəbbüsləri irəli
sürürük.
İctimai və humanitar
elm qarşısında duran vəzifələrin prioritetlərinin
dəqiq müəyyənləşdirilməsi fəaliyyət
imkanlarını artıracaq. Başlıca prioritetləri
aşağıdakı kimi müəyyən etmək olar:
Azərbaycanda müstəqillik
dövründə qət edilən böyük yolun mərhələləri,
tarixi keçmişimizin və gələcəyimizin tam mənzərəsini
canlandıra bilən tədqiqatlar hələ də mövcud
deyil;
Yaşanılan yeni mərhələdə
humanitariyanın dövlətçiliyə xidməti, dəstəyi,
missiyası və konkret vəzifələrinin nədən
ibarət olmasına dair təsəvvürlər aydın
deyil;
Azərbaycan dövlətinin
yeni yüzillikdə qurduğu cəmiyyət, onun ideal modeli və
elmi əsaslarına dair konsepsiya və nəzəriyyələrin
hələ də təqdim edilməməsinin səbəbi nədir;
Dünya elmində
geniş təhlil predmeti olan və müasir sivilizasiyanın nəzəri
səciyyəsini verməyə çalışan informasiya cəmiyyəti,
biliyə əsaslanan cəmiyyət, postmodern və sair
konseptual modellər, onların fərqləri və əsas
xüsusiyyətlərinə milli ictimaiyyətşünaslığın
mövqeyi və münasibəti hələlik aydın deyil;
Qlobal elm məkanına
inteqrasiya prosesində dövlətin həyata keçirdiyi
insan kapitalının inkişafı və
reallaşdırılması yönündə humanitar elmlər
öz üzərinə düşən zəruri vəzifələri
lazım olduğu dərəcədə dərk etmir;
Cəmiyyət həyatına
daha sıx bağlı olmaq üçün tədqiq olunan
mövzu və problemlərin prioritetlər üzrə müəyyənləşməsi
həyata keçirilmir;
Bir-biri ilə sıx
bağlı olan ictimai fənlərin təhsil-tədris, elm, mədəniyyət
və mənəviyyat məsələlərinin
koordinasiyası sahəsində alim və tədqiqatçılarımızın
hansı proqram və konsepsiyalar üzərində işlədiyi
aydın deyil;
Qlobal əhatədə
baş verən dəyişikliklərin yaratdığı
qeyri-müəyyən vəziyyətdə milli oriyentirlərin
müəyyən edilməsi üçün bu sahə nə
kimi fəaliyyət proqramına malikdir; onları önləyə
bilən hər hansı nəzəri və təcrübi elmi
konsepsiyalar hazırlanmamışdır;
Ölkəmizdə həyata
keçirilən miqyaslı islahatların əsasında
hansı prinsiplər, dəyərlər və təfəkkür
tərzi durmalıdır; yaxud bütün bunların ahəngini
təşkil edə biləcək yeni strukturun mürəkkəb
sintezini necə təsəvvür edirik;
İctimaiyyətşünaslıq
dünya reallığı və Qərb standartları barədə
həqiqi vəziyyətlə nə dərəcədə
yaxından tanışdır, islahatların bu sahədə
adekvat və uğurlu şəkildə aparılması
üçün hansı təcrübədən bəhrələnməlidir;
İstənilən
ölkənin milli inkişafı, ilk növbədə, arzu
edilən, nail olunmasına səy göstərilən cəmiyyət
modelinin, konsepsiyasının ideoloji əsaslarının
müəyyənləşdirilməsindən, onun geniş
ictimaiyyətə, şüurlara çatdırılması
istiqamətində aparılan miqyaslı vəzifələrdən
başlayır.
XXI yüzilliyin
insanı yeni bir çağırışın təzahürləri
ilə üz-üzədir: bu gün yeniləşə bilməyən
insan da, cəmiyyət də həyatın
sınağından çıxa bilmir, iflasa məhkum olur.
Buna görə də ictimai elm, ilk növbədə, toplumun gələcəyinə
cavab verən, uzaq perspektivləri aydın sezməyi bacaran yeni
cəmiyyət idealını, obrazını yaratmalı, təqdim
etməlidir.
Prezident İlham Əliyev
islam ölkələri elm və təhsil nazirlərinin IV
Bakı konfransı iştirakçıları ilə
görüşündə demişdir: "Azərbaycanın
gələcəyi necə olmalıdır? Biz gələcəyimizi
aydın görməliyik. Bu gün dünya dəyişir.
Qloballaşma, inteqrasiya prosesləri gedir. Gələcəyini
qurmayan ölkə heç bir uğur qazana bilməz. Bizim
böyük maddi resurslarımız ola bilər. Lakin bilikli və
bacarıqlı insanlar və ən yüksək standartlara
cavab verən gələcək nəsil olmasa, biz uzunmüddətli
uğur qazana bilmərik".
Ötən yüzilliyin
əsas yekunlarından biri kimi səciyyələndirilən
düşüncə, ideya böhranı, məntiqi olaraq humanitar
zəkanın yeni düşüncə və
dünyagörüş paradiqmalarının
formalaşdırmasına zərurət və sosial sifariş
yaratmışdır. Bu gün "gələcəyin
böhranı" adlandırılan fenomen dünyanın
ümumi gələcəyinə dair baxışların
ziddiyyətli dövrü yaşanılır. Belə vəziyyətdə
müasir cəmiyyəti səciyyələndirmək
üçün tətbiq edilən "post"
sözünün, ictimai inkişafda istər müəyyən
mərhələnin artıq sona çatması, istər yeni
mərhələyə keçid mənasında, istərsə
də nəzəriyyə və həyat arasında
parçalanma, hətta "tarixin sonu" kimi də
çalarları əhatə etməsi məsələnin son
dərəcə mürəkkəb olmasından xəbər
verir.
Ən vacibi odur ki, Azərbaycan
dövləti belə qlobal tranzit dövründə,
çoxsaylı regional və qlobal təhdidlər əhatəsində
öz müstəqilliyini ilbəil möhkəmləndirməyə,
inkişafını təmin etməyə nail olur.
Bütün bu proseslərdə dövlətimizə ən
yaxın dəstək vermək, qarşıda duran miqyaslı
vəzifələrin elmi-nəzəri və praktiki həlli
yollarını təhlil etmək ictimai elmlərin
qarşısında duran ən mühüm məsələlərdəndir.
Dünya təcrübəsinə
nəzər saldıqda, dövlət əhəmiyyətli
ictimai-siyasi qərarların qəbul edilməsi prosesində
humanitar elmlərin təqdim etdiyi nəzəriyyə və
konsepsiyaların əsas tutulmasının inkişaf etmiş
ölkələrdə artıq bir ənənəyə
çevrildiyinin şahidiyik. Bu baxımdan Azərbaycanın
suverenlik tarixində siyasi liderlərin öz strateji fəhminə,
perspektivlik duyumuna və siyasi müdrikliyinə əsaslanaraq həyata
keçirdiyi qalibiyyətli kursu, ölkəmizi dünyada
inkişafın lideri səviyyəsinə yüksəldən
qərarların qəbulu cəmiyyətimizdə yalnız
böyük qürur hissi deyil, həm də təbii olaraq heyrət
hissini doğurur. Digər tərəfdən isə
qazanılan nailiyyətlərin, keçilən mərhələlərin,
ən yaxın gələcəyin obrazının ictimai elm tərəfindən
hələ də lazımi səviyyədə tədqiq
olunmaması haqlı təəssüf hissini doğurur.
Dünya elmində
müasir sivilizasiyanın nəzəri səciyyəsini verməyə
çalışan informasiya cəmiyyəti, biliyə əsaslanan
cəmiyyət, postmodern və sairə konseptual modellər
çox geniş yayılmışdır. Bu modellərin fərqləri
və əsas xüsusiyyətlərinə milli ictimaiyyətşünaslığın
mövqeyi və münasibəti hələ
formalaşmamışdır. Bəzən "informasiya cəmiyyəti"
anlayışının mahiyyətinə, müsbət və
mənfi sosial-mənəvi nəticələrinin fərqinə
varmadan istənilən variantda tətbiqinə, onun bilik cəmiyyətinin
sinonimi və yaxud da hazırda ən mükəmməl cəmiyyət
modeli kimi təqdim olunmasına rast gəlirik. Təbii ki,
bütün bunlar təəssüf doğuran hallardır. Əslində,
"biliyə əsaslanan cəmiyyət"in hələlik ən
optimal model kimi hesab edildiyi sanki kölgədə
qalmışdır.
Bunu son dövr və gələcək
perspektiv üçün YUNESKO-nun ən böyük qlobal
layihəsi - "Bilik cəmiyyətinə doğru"
(2005-ci ildə qəbul edilmişdir) adlı qlobal məruzədən
aydın görmək olar. Məruzə XXI əsr
üçün bütün dövlətlərin öz təhsil
siyasətində nəzərə aldığı və elmi
ictimaiyyətimizin geniş müzakirəsinə ehtiyacı
olan mühüm sənədlərdəndir. Sənəddə
təhsil bəşəriyyətin gələcəyinin
strateji oriyentiri və konsepsiyası kimi müəyyən
edilmiş, arzu etdiyimiz ən yaxın gələcəyin cəmiyyət
modeli verilmişdir. Qlobal məruzə, əksəriyyəti
filosoflar (Manuel Kastels, Jak Derrida, Pyer Riker, Alen Turen, Yuliya
Kristeva və s.) olmaqla dünyanın ən məşhur
intellektuallarının, fikir adamlarının birgə
iştirakı ilə hazırlanmışdır. Burada
qırmızı xətt kimi keçən əsas fikir
müasir dünyada mənəvi dəyərlər, etik
problemlər və insaniyyət məsələlərinin elm və
tədrisdə ən prioritet məsələ hesab edilməsidir.
YUNESKO-nun məruzəsində
bilik cəmiyyətinin qurulması, informasiya cəmiyyətindən
bilik cəmiyyətinə keçid alınması müasir
dövrün qlobal çağırışlarına
qarşı əsas cavab kimi dəyərləndirilir. Onun
reallaşdırılması yönündə ən prioritet məsələ
isə hər bir dövlətin insan kapitalını
başlıca dəyər kimi qəbul etməsi göstərilmişdir.
Bu isə öz növbəsində həm mövcud cəmiyyətin,
həm də təhsilin tamamilə yeni, fərqli bir modelini
yaratmağı tələb edir. YUNESKO-nun bu mötəbər
sənədində birinci fəsil "Qlobal informasiya cəmiyyətindən
bilik cəmiyyətinə keçid zərurəti"
adlanır. Onların ən mühüm fərqi bilik cəmiyyətinin
əsasən insana yönümlü, etik-mənəvi prinsiplərə
üzərində bərqərar olması kimi göstərilir.
Məruzədə
dünya birliyinin gündəliyinə bu məsələ
qoyulmuşdur: "İnformasiya cəmiyyəti azadlıq və
mədəniyyətin, məsuliyyətin sintezini təmin etməklə
bilik cəmiyyətinə doğru çox mühüm pillə
də ola bilər və ya əksinə, ifrat azadlıq
anlamı ilə onun gerçəkləşməsinə ən
ciddi maneə də sayılır. Buna görə də
qarşıda biliklərdən birlikdə, hamının
rifahı üçün istifadə olunmasının, əməkdaşlıq
və inteqrasiyanın yeni etikasının
formalaşdırılması kimi vəzifə durur.
Qloballaşmanın bütün istiqamətlərinin,
xüsusilə də təhsil və elmin humanistləşdirilməsi
həyati vacib məsələdir. Bilik cəmiyyəti
informasiya və mənəviyyatın, azadlıq və dəyərlərə
hörmətin, məsuliyyət və etikanın ən sıx
bağlı olduğu cəmiyyətdir. Etika və informasiya
azadlığının qarşılıqlı
asılılığı strateji məsələdir. Bu, daha
çox məsuliyyətin, deontoloji prinsiplərin (deontologiya -
əxlaqi borc, norma və prinsiplər haqda elm) dərk edilməsi
və əməl edilməsidir.
Yeni qlobal informasiya mədəniyyətinin
formalaşması bilik cəmiyyətinin təməl şərtidir".
Burada sadalanan
anlayışların mənası, onların bilavasitə
ictimai elmin predmetinə aid olması çox məsələlərə
aydınlıq gətirir. Düşündürən məsələlərdən
ən mühümü humanitar düşüncənin
gerçək reallığın dəyişən ritminə
daim hazır olması problemidir. Bu gün sivilizasiyanın
inkişafında müşahidə olunan prosesləri təhlil
etdikdə paradoksal izahlar ortaya çıxır:
dünyanın inkişafı üçün ən çox
təhlükə yaradan nədir: informasiyanın
çoxluğu, yoxsa ondan istifadə mədəniyyətinin
qıtlığı? Bilik cəmiyyətinin
formalaşması və insan kapitalının
reallaşması üçün informasiya bolluğundan necə
istifadə olunmalıdır? Bütün bunları həll edə
biləcək potensial isə yenə də icimaiyyətşünaslığa
məxsusdur. Ali təhsil üzrə Parisdə keçirilən
sonuncu ümumdünya konfransında qeyd edilmişdir: "Bu
gün cəmiyyət artıq biliklər üzərində qərarlaşmışdır.
Buna görə də ali təhsil, elmi kadrların
hazırlanması və tədqiqatların təşkili
müasir insanın, dövlətin və bəşəriyyətin
davamlı, sosial-mədəni, iqtisadi inkişafının
başlıca amilinə çevrilmişdir. Bununla belə
dünyada etalon hesab edilən Avropa və ABŞ universitet
modelləri bu gün də fasiləsiz yeniləşmək
istiqamətində reallığın tələblərinə
uyğun olaraq islahatlar aparırlar.
"Dünya hansı cəmiyyət
idealına doğru gedir" - sualının cavabı
çox aktualdır. Buna görə də Azərbaycanda
informasiya cəmiyyətindən biliyə əsaslanan cəmiyyətə
döğru inkişafın konsepsiyasının müəyyənləşdirilməsi
ictimaiyyətşünaslığımız
qarşısında duran birinci dərəcəli məsələdir.
Təhsil sisteminin milli zəmin
üzərində ümumbəşəri dəyərlərə
əsaslanaraq yenidən qurulmasına dair ümummilli lider Heydər
Əliyevin müəyyən etdiyi dövlət siyasətinin
Prezident İlham Əliyev tərəfindən ardıcıl həyata
keçirilməsi, ölkəmizdə "Bilik"
gününün təsis edilməsi haqqında Prezidentin
imzaladığı fərman yalnız təhsilimizin dünya
standartlarına uyğunlaşdırılması
baxımından deyil, bütün sahələrdə müstəsna
əhəmiyyət kəsb edir. Suveren Azərbaycanın
geosiyasi, beynəlxalq sahələrdə əldə etdiyi
uğurlar, davamlı yüksəliş dövrünə qədəm
qoyması əldə olunan iqtisadi potensiala əsaslanaraq
intellektual elmi potensialın inkişaf etdiriməsinə
böyük zəmin yaratmışdır. Məhz bu məqsədlə
Azərbaycanın dövlət büdcəsinin xərclərində
təhsilin inkişafına hər il daha böyük vəsait
xərclənir. Ordu quruculuğuna ayrılan xərclərdən
sonra təhsil ikinci yerdə qərarlaşır. Bu isə onu
göstərir ki, cənab Prezident məsələyə
olduqca konseptual yanaşaraq təhsili, o cümlədən
savadlı gənc mütəxəssislərin
hazırlanması məsələsini ölkənin strateji təhlükəsizliyi
baxımından daim diqqət mərkəzində saxlayır.
Ölkə başçısının qarşıdakı mərhələ
üçün bəyan etdiyi dünya elminə, təhsil
sisteminə inteqrasiya, modernləşmə və innovasiya
kursunu həyata keçirmək üçün yeni yüksək
ixtisaslı, peşəkar kadrlar korpusunun, XXI əsrin gənc
elita nəslinin formalaşmasına böyük zərurət
mövcuddur. Azərbaycanını milli
varlığını, perspektivlərini yeni yüzillikdə
məhz indiki tələbə gənclərin potensialı
müəyyən edəcəkdir. Buna görə də yeni mərhələdə
cəmiyyətin bütün sahələrində təhsilin
innovasiyalı inkişaf mühitini və modelini yaratmaq
taleyüklü məsələdir.
Biz ictimaiyyətşünaslar
bunu istinad nöqtəsi kimi götürərək XXI əsrdə
dövlətçilik təfəkkürünə malik milli
humanitar kadrların hazırlanmasına, Azərbaycanın
bugünkü sosial-mədəni, intellektual inkişaf problemlərinin
həllində dövlətə konkret nəticələrlə
xidmət edəcək yeni intellektual-mədəni elitanın,
beynəlxalq elmin standartlarına uyğun yaradıcı
intellekt, dinamik təfəkkür vərdişlərinin
formalaşmasına, Azərbaycanda gedən miqyaslı
transformasiya proseslərinə təhsil və elmin dəstəyini
təmin etmək zərurətindən çıxış
etməliyik.
(ardı var)
Rəbiyyət
Aslanova
Azərbaycan.-
2009.- 16 dekabr.- S. 3.