Bakı bir vaxtlar həm də duzu ilə tanınırdı

 

Azərbaycanda 200-ə qədər mineral duzlar olan gölə təsadüf etmək mümkündür. Tanınmış alim Nurəddin Kərəmov "Odlar yurduna səyahət" əsərində yazırdı: "XIV əsrin II yarısı və XV əsrin əvvəllərində yaşamış Əbdürrəşid ibn Salih ibn Nuri əl Bakuvi orta əsr Şərqinin tanınmış səyyahı, coğrafiyaşünası və astranomu olmuşdur. O, 1403-cü ildə yazdığı "Abidələrin xülasəsi və qüdrətli hökmdarın möcüzələri haqqında kitab" əsərində Azərbaycanın vilayətləri, şəhərləri haqqında məlumat verir, Bakını Xəzərin sahilində daşdan tikilmiş şəhər kimi təsvir edir. "Burada evlərin çoxu qayanın üstündə tikilib. Torpağı daşlı, havası yaxşı, suyu şirindir. Qayalar üzərində qazılmış quyulardan şirin su çıxır.

Taxılın məhsuldarlığı azdır. Burada əncir, nar, üzüm çoxdur. Bağlar şəhərdən uzaqdadır. Bu şəhərin xoş xüsusiyyəti ondadır ki, külək həm gecə, həm də gündüz əsir. Bakı neft mədənləri və qətranın olması ilə məşhurdur. İldə 200 dəvə yükündən çox neft çıxarılır. Şəhərdən 1 fərsəng məsafədə heç zaman sönməyən alov yanır. Bu, təbii qazdır. Bunun üstündə atəşpərəstlərin məbədi (yəni, indiki Atəşgah məbədi) yerləşmişdi. Əhalisi əhəng daşını yandırır və miniklə onu şəhərə gətirirlər. Buradakı duz göllərindən duz istehsal edir və başqa ölkələrə göndərirlər".

Digər tarixçi-alim Sara Aşurbəyli "Bakı şəhərinin tarixi" əsərində yazırdı: "Bakının təsərrüfat həyatı Abşeronla sıx bağlı olub. Abşeron yarımadasının qərbindəki Masazır gölündən əla keyfiyyətli duz çıxarılırdı. 1583-cü ildə verilən türk mənbəyinə istinadən Abşeronda ağ neft mədəninin yaxınlığında hər il 3 min ton anbar tutan duz yataqları var idi. O dövrdə duzu gölün dibindəki taxta xəkəndazlarla bir neçə dəfə yığır, kürəklə çıxarır, sonra arabalara yükləyib gölün qərb sahilinə gətirirdilər. Burada müəyyən örtülü qalaqlara bölür, həmin qalaqları toxmaqla döyəcləyib bərkitdikdən sonra qurudurdular. 40 qalaq olurdu ki, fəhlələr yayda 1 kub, qışda isə rütubət çox olduğundan onun yarısı qədər duz hasil edirdilər. Duzu arabalarla, dəvələrlə Baklya və digər şəhərlərə aparırdılar. Duz Bakıdan dəniz yolu ilə Həştərxana, Rusiyaya, İrana və başqa ölkələrə göndərilirdi. Yanar qazdan isə əhəng yandırmaqla həm qızdırıcı, həm də işıqlandırıcı vasitə kimi istifadə edirdilər. Alman səyyahı Kempfer əhəngin hazırlanması üsulunu belə təsvir edir: "Başqa yerlərdən yığılmış çoxlu miqdarda əhəngdaşını qaz alovu çıxan qayanın yarıqları ağzında qalayıb, 3 gün yandırırdılar. Sonra sönmüş əhəngi Bakıya yollayır, oradan da gəmilərlə başqa şəhərlərə daşıyırdılar. Abşeronun şimal-qərbində gilabi adlanan ağardıcı gil çıxarılırdı. Şəhər və kənd əhalisi ondan sabun kimi xalça, paltar, baş yumaq və digər məişət ehtiyatları üçün istifadə edirdi".

1796-cı ildə Bakıda olmuş Marşall fon Buberşteyn Bakı limanı haqqında belə yazmışdı: "Bakı limanı (yəni, Şirvanın) duz və bitium hopmuş ən quru hissəsindədir... Duz, neft ticarətindən xeyli gəlir götürən şəhər üçün sərvət mənbəyidir". Orta əsr mənbələrində ərəb müəllifləri xarici ticarətdə duz istehsalını mənfəətli sahə kimi göstərmişlər.

XVIII əsrdə Bakı sahibkarlarının neft və duzdan olan gəliri 40 min manat olmuşdu. Hətta 1796-cı ildə 1 araba duz yükünün daşınması haqqı 5 manat, uzunqulaq, at, öküz ilə daşınmasına isə 1 manat 60 qəpik ödənilirdi. Tədqiqatçıların fikrincə, XIX əsrin ortalarında Abşeron yarımadasında irili-xırdalı təxminən 27 duz gölü olmuşdur. Masazır gölündən çıxarılan duz keyfiyyətli, ağ olması, Zığ gölündən çıxarılan duz isə rəngi sarımtıl və şorluğu ilə seçilirdi. Balıq duzlanması zamanı Abşerondakı Zığ gölündən istifadə olunurdu. Qala gölündən çıxarılan duz isə dadına və rənginə görə daha keyfiyyətli olmuşdur. Bəzi duz gölləri təbabət üçün əhəmiyyətli olduğuna görə əhali onun suyundan dəri xəstəliklərinin müalicəsi zamanı istifadə edərdi. Adları tarixə düşən duz gölləri Bakının mülayim havasından, şəfalı suyundan yaranmışdı. Haqqında söhbət açacağım mineral duz göllərindən biri də Bakının Suraxanı rayonundan 2 km qərbdə yerləşən Bülbülə gölüdür. Bakının məşhur kəndlərindən biri olan Bülbülə qədim tarixə malikdir. Kəndin adının yaranması ilə bağlı bəzi mənbələrdə qeyd olunur ki, Bülbülə həm də "pil-pilə" sözünün təhrif edilmiş formasıdır. Bu göl Bakı kəndləri içərisində həm də Şor göl adı ilə də tanınır. Şor gölün yaxınlığında tarixi qədim olan İmamzadə ziyarətgahı yerləşir. Vaxtilə Sasanilər dövləti, Ərəb xilafəti dövrlərində Şor göldən saflığı ilə seçilən duz çıxarılardı. Duz həm də ətraf kəndlərdə məşhur idi. İmamzadə ziyarətgahına gələn insanlar bu duzdan alıb başqa şəhərlərə aparardılar. Əsasən, iyul ayında göldən duzun yığılma mərasimi başlayardı. Yerli əhali bu ayı "duz ayı" adlandırardı. Bülbülə sakinləri ilə yanaşı, qonşu Əmircan kəndinin əhalisi üçün duz qazanc mənbəyi idi. Sakinlər yığılan duzu həm qida, həm də mal-qaranın yemlənməsi üçün istifadə edərdi. Hələ tarixdən məlumdur ki, orta əsrlər dövründə tacirlər Bakı kəndlərindən aldıqları duzu, nefti, zəfəranı Şərq ölkələrinə, Rusiya, Avropa bazarlarına satmaq üçün dəvə karvanları ilə aparardılar.

Bülbülədəki Şor göl də yerli əhalinin tələbatını ödəməklə müalicəvi əhəmiyyət daşımışdır. 1937-ci ildə Bülbülə İmamzadə ziyarətgahı dağıldıqdan sonra Bülbülə kəndinin duzdan gələn bərəkəti də kəsildi. Belə ki, Sabunçu Neftayırma zavodunda baş verən yanğından sonra Şor gölə həmin sənaye müəssisəsinin suları axıdıldı. Həmçinin, ətrafdakı Əmircan, keçmiş Razin (indiki Bakıxanov) qəsəbələrinin də çirkab suları Bülbülə gölünə axıdıldı. O illərdən başlayaraq nadanların ucbatından kənd əhalisinə maddi zərər dəydi. Bərəkət rəmzi olan duzun dadı yalnız yaşlı insanların yadında əbədi qaldı. Hazırda Bülbülə ərazisinə daxil olan bu göl Əmircan, Qaraçuxur, Bakıxanov qəsəbələri ilə qonşudur.

Vaxtilə Bülbülə kəndi ilə Bakıxanov qəsəbəsinin ərazisinə daxil olan göldə hamılıqla duz yığımı ilə maşğul olublar. Bu duzdan qida və gön-dəri istehsalında geniş istifadə olunub. Yerli sakinlər xatırlayırlar ki, o illərdə duzlu tərəvəz məhsulu hazırlanması ilə məşgul olan "malakan" qadınlar buraya duz yığmaq üçün tez-tez gələrdilər. Müharibə illərində gölün kənarı kənddə təşkil olunan kolxozun taxıl sahəsi olmuşdu. Göllə yanaşı, kənddə yerin altından çıxan şirin su bulaqları da təmizliyi, bolluğu ilə seçilərdi. "Pülpülə bulağı" kəndin günbatanında, eləcə də "Naxır bulağı", "Bülbülə bulağı", "Rəcəb", "Hacı Camal", "Hacı Məzahir" bulaqları isə yerin altından çıxaraq əhalinin su ilə bağlı tələbatını ödəyərdi. İndi də bəzi evlərdə köhnə su quyularına təsadüf etmək olar. Ötən əsrlərdə kəndin mal-qarası "Naxır bulağı"nda otlayardı. Yaz fəslində bu ərazinin başqa gözəlliyi olardı. Ətrafda quşların cəh-cəhi, göldə yaşıllıqlar arasında təmiz havanın olması ənənəvi keçirilən Novruz şənliklərində sakinlərin istirahət mərkəzinə çevrilərdi. Həmin açıq düzəngah baharda qonaq-qaralı olardı. Bayramda sakinlər göl ətrafında büsat qurardılar. 1930-cu ildə yaranan kolxozun sahəsi göldən başlayaraq Əmircan su anbarına qədər ərazini əhatə edirdi. Bu kolxozun dəyirmanı dəmiryolunun yuxarısında, indiki şose yolunun, digəri isə kənd qəbiristanlığının kənarında yerləşirdi. Taxılın üyüdülməsində Hacı Yaqub tərəfindən tikilən dəyirman əsas rol oynamışdı. Yerli sakinlərin əsas məşğuliyyəti tarixən əkinçilik, maldarlıq olmuşdu. Bir dəfə göl ətrafında taxıl yığımı vaxtı məzəli əhvalat baş verir. Kənd sakini Şəkəralıya həyat yoldaşı 7 fətir çörək verir ki, taxıl sahəsində işləyən əkinçilərə çatdırsın. Göl ətrafındakı təmiz hava ilə nəfəs alan Şəkəralı yolboyu arabadakı fətir çörəkləri bir-bir ləzzətlə yeməyə başlayır. Mənzil başına - əkinçilərin yanına çatanda Şəkəralı arabaya baxıb görür ki, artıq 7 fətir çörəyin hamısını yeyib, qurtarıb.

Göllə bağlı 1947-ci və ya 1948-ci illərə təsadüf edən digər hadisəni yaşlı sakinlər bu gün də xatırlayırlar. İkinci Dünya müharibəsindən sonra kənd uşaqları adətləri üzrə göl ətrafında oynayırmış. Onlar soyuqdan qorunmaq üçün kiçik ocaq qalayırlar. Uşaqların başı oynamağa qarışdığından alovlanan tonqala əhəmiyyət vermirlər. O illərdə Qaraçuxur ərazisindən Suraxanıda yerləşən neft mədənlərindəki quyulara suyu Bülbülə gölündən nasos vasitəsilə vurardılar. Sonradan neft mədənlərindən çirkab sular, əsasən mazut, nöyüt gələrək yenidən gölün sahəsinə axıdılardı. Göldə mazutlu su artdıqca böyük təhlükəyə çevrildi. Uşaqların da ehtiyatsızlıq edərək həmin gün yandırdığı tonqal alışdıqca, onlar sevincdən atılıb-düşürdülər. Gölə düşən bir qığılcım nəticəsində gözlənilmədən su yanmağa başlayır. Göldən başlanan alov ətrafdakı evlərə doğru yönəlir. Kəndə gələn yanğınsöndürən maşın alovu söndürməkdə aciz qalır. Göldən qalxan alovla yanaşı, ətrafdakı köhnə evlərin yanması kəndi zülmətə, qaranlığa qərq edir. Külək əsdikcə, yanğınsöndürənlərin alovla mübarizəsi nəticə vermir. Kənd əhalisi qorxuya düşərək yanğını uzaqdan seyr etməyə başlayır. Vəziyyətin təhlükəli olduğunu görən o dövrdə partiya işçiləri, dövlət məmurları gölə yaxın ailələri təcili başqa əraziyə köçürürlər. O zaman Azərbaycan KP MK-nın birinci katibi işləyən M.C.Bağırov vəziyyətlə yaxından tanış olmaq üçün Bülbülə kəndinə gəlir. O, gölü uzaqdan seyr edərək xüsusi göstərişlərini verir. Tapşırıq isə bundan ibarət idi ki, nəyin bahasına olursa-olsun gölün 10-15 metr içərisindən keçən strateji əhəmiyyətli hərbi telefon xətlərinə zərər dəyməsin. Yanğının qarşısı o illərdə çox böyük çətinliklə alınsa da, köməyə gələn 2 yanğınsöndürənin həyatını xilas etmək mümkün olmur. Evləri yanğına məruz qalan sakinlərə isə yeni mənzillər verilir.

Gölün səviyyəsi 1964-cü ilə qədər bir neçə dəfə kanalizasiya, yağış sularının çoxalması nəticəsində artaraq ətrafdakı evlərə də fəlakət gətirib. Dövlət tərəfindən təxirəsalınmaz işlər görülərək 1965-1970-ci illərdə və 1988-ci ildə suvuran nasosların köməyi ilə göldəki suyun səviyyəsi aşağı salınıb.

Bu gün Bülbülə gölünə yaxınlıqdakı kəndlərin kanalizasiya suları axıdılaraq ərazidə üfunət yaradır. Ətraf kəndlərdən zibil tullantıları maşınlarla gətirilərək buraya tökülür. Bir vaxtlar gölə atılan kiçik balıqların da getdikcə sayı artmışdır. Neçə illər öncə yalançı balıq ovuna çıxan yeniyetmələr həyatlarını qurban verərək gölün dərin qatlarına qərq olub, dünyalarını dəyişmişlər. Gölə diqqət yetirəndə dərinlik nəzərə çarpmasa da, insan ölümü ilə bağlı dəfələrlə bədbəxt hadisələr baş vermişdi. Ekoloji vəziyyət o qədər ağırlaşıb ki, isti yay günlərində hətta ərazidə sahibsiz itlərə, leş axtaran qara qarğalara rast gəlmək mümkündür. Ətrafdakı kəskin qoxu göl kənarında yaşayan insanlar üçün də qorxuludur. Bülbülə gölü XIX əsrdə müalicəvi əhəmiyyət daşıdığı halda hazırda yoluxucu xəstəliklər mənbəyinə çevrilib. Uzun illərdir ki, yerli sakinlər Bülbülə gölü ərazisində istirahət parkının salınması ilə əlaqədar aidiyyəti orqanlara müraciətlər etsə də, bugünədək məsələ həllini tapmayıb. Şor gölün göz önündə çirkab bataqlığına dönməsi isə gələcəkdə böyük fəlakətə çevrilə bilər. Göldəki kanalizasiya suları hesabına çoxalan balıqların hansısa nadanlar tərəfindən bazara çıxarılması isə neçə ailənin faciəsi deməkdir. Bu gün yaşıllıqlar, xiyabanlar, parklar şəhərinə çevrilən Bakımızın bir parçası olan Bülbülə gölünün abadlaşdırılmasına və zərərli tullantılardan, yoluxucu xəstəliklərdən, çirkab sularından azad olmasına böyük ehtiyacı var. Bu ehtiyac həm də sağlam sabahımıza açılan işıqlı pəncərədir. Narahat dünyamızda isə vaxt gözləmir. Ümid yenə də xeyirxah insanlara, göllə bağlı suallara aydınlıq gətirəcək aidiyyəti orqanlaradır. Ən əsası, gündən-günə abadlaşan şəhərimizdə ana təbiəti qorumaq, Bülbülə gölünü yaşatmaq naminə indi addım atılmalıdır. Bu gün insanların sağlamlığı üçün Bülbülə gölü ətrafında çəkilən müvəqqəti sədlər sökülərək yaşıllıqlara qərq olan park yaradılmasının vaxtıdır.

 

 

Təranə CƏBİYEVA,

tarixçi

 

Azərbaycan.- 2009.- 8 dekabr.- S, 7.