Dünya azərbaycanlılarını birləşdirən lider

 

Ulu öndər Heydər Əliyev müasir Azərbaycan dövlətini qurub yaratmaqla bərabər, bu dövlətin müstəqil yaşaması üçün zəruri əsaslar da yaratdı. Müstəqil dövlətimizin sarsılmazlığının, demokratik yüksəlişinin, tutduğu müstəqillik yolunun dönməzliyinin təmin edilməsi də Heydər Əliyevin kökü min illər əvvəllərə söykənən Azərbaycan tarixi qarşısında müstəsna xidmətləridir. Böyük strateq Azərbaycanı olduqca ağır böhranlardan çıxararaq respublikamıza həm bölgədə, həm də dünyada böyük nüfuz qazandırdı və müəyyənləşdirdiyi inkişaf kursunun ardıcıllığını təmin etdi. Ulu öndərin qurduğu müasir Azərbaycan dövləti hazırda bütün dünya azərbaycanlılarının siyasi istinadgahına çevrilmişdir.

Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü Azərbaycanın çağdaş tarixində özünəməxsus yer tutur. Ulu öndərin Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi buradan başlanan müstəqillik yolunun bütün Azərbaycan boyu genişlənməsinə, milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılmasına gətirib çıxardı. Azərbaycanın üçrəngli bayrağı ilk dəfə olaraq Heydər Əliyevin sədrliyi ilə keçən Naxçıvan Ali Məclisinin iclas zalında qaldırıldı. İlk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə siyasi qiymət verildi, həmin günün milli matəm günü kimi qeyd olunması, dünya azərbaycanlılarının birlik və həmrəylik gününün təsis edilməsi barədə tarixi qərarlar qəbul olundu.

1990-1993-cü illərin Naxçıvanın siyasi, mədəni, mənəvi və iqtisadi mühitindən Heydər Əliyevin quruculuq fəaliyyəti qırmızı xətlə keçir. Bu dövrdə Naxçıvan Muxtar Respublikasının həyatında mühüm dəyişikliklər baş vermiş, Ermənistanla həmsərhəd rayon və kəndlərə hərbi təcavüzə son qoyulmuş, əmin-amanlıq yaradılmış, siyasi tarazlığın pozulmasına yönəldilən cəhdlərin qarşısı alınmışdı.

Dünya azərbaycanlılarının vahid ideya ətrafında birləşdirilməsi dövlət müstəqilliyimizin ilk illərində aktual vəzifələrdən biri kimi qarşıda dururdu. Dünyanın ayrı-ayrı ölkələrində məskunlaşmış azərbaycanlıların təşkilatlanması müstəqil Azərbaycan dövlətinin sosial və siyasi əsaslarının möhkəmləndirilməsi baxımından vacib idi. Müstəqilliyin ilk illərində dünya azərbaycanlılarının təşkilatlanması istiqamətində, demək olar ki, heç bir iş görülmədi. Azərbaycanın ovaxtkı rəhbərliyinin naşı siyasəti belə bir ideyanı praktik surətdə həyata keçirmək səviyyəsində deyildi. Azərbaycanlıların təşkilatlanması məsələsi, ilk növbədə, ideoloji və tarixi əhəmiyyət daşıyan problem idi. Özü də bu elə dövr idi ki, qonşu Ermənistan Azərbaycanı ədalətsiz münaqişəyə cəlb etmiş, torpaqlarımızın bir hissəsini işğala məruz qoymuşdu. Bunları həll etmək üçün Azərbaycan dövlətinin ideya-siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. 1993-cü ildə xalqın tələbi ilə Azərbaycanın rəhbəri seçilən ümummilli lider Heydər Əliyev bu ideyanın həyata keçirilməsi prosesinə məhz həmin amilləri nəzərə almaqla başladı.

Azərbaycan xalqının milli-mənəvi birliyinin əlamətdar rəmzinə çevrilmiş 31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi hər il yüksək səviyyədə qeyd olunması da məhz ulu öndərin tarixi xidmətlərindəndir. Heydər Əliyevin təşəbbüsü ilə Naxçvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il dekabrın 16-da "Dünya Azərbaycanlılarının Həmrəylik və Birlik günü haqqında" qərar qəbul etməklə Azərbaycanda milli həmrəylik ideyasının möhkəmlənməsinə mühüm töhfə vermişdir. Xalqımız, o cümlədən dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarmız hər il dekabrın 31-də Milli Həmrəylik gününü qeyd edirlər. Azərbaycan xalqı uzun illərdən bəri yaranmış, qorunub saxlanılmış ənənələrinə, mədəniyyətinə, tarixi köklərinə xas olan duyğularla bu bayramı böyük ruh yüksəkliyi ilə keçirir.

Milli həmrəyliyin nümayişinin ən yüksək nümunələrindən biri 2001-ci il 9-10 noyabrda Bakıda Dünya Azərbaycanlılarının I qurultayının keçirilməsi oldu. Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən keçirilmiş bu qurultay dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Ulu öndərin fərmanı ilə "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasının da Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə qurulması baxımından müstəsna əhəmiyyəti oldu.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də xarici ölkələrdə diasporların təşkilatlanması məsələlərinə xüsusi önəm verir. Milli Məclisdə qəbul olunmuş "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanun xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin məqsəd və prinsiplərini, bu siyasətin həyata keçirilməsi ilə əlaqədar dövlət orqanlarının fəaliyyətinin əsaslarını müəyyən edir.

2006-cı ilin mart ayında Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının II qurultayının keçirilməsində məqsəd hesabat dövründə diaspor quruculuğu istiqamətində görülümüş işləri dəyərləndirməkdən, habelə xaricdə yaşayan soydaşlarımızın üzləşdiyi problemləri, yaşadıqları ölkələrin daxili siyasətinə təsir imkanlarını öyrənməkdən, onların tarixi Vətənlə əlaqələrinin qurulmasına xidmət edən tədbirlərin hazırlanmasını təmin etməkdən ibarət olmuşdur. Qurultayda diaspor təşkilatları ilə əlaqələrin daha da gücləndirilməsi məsələsi xüsusi qeyd olunmuşdur.

Hazırda ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən diaspor təşkilatları Azərbaycanın üzləşdiyi ən böyük problem olan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm işlər həyata keçirirlər. Əldə olunan nəticələr diaspor təşkilatları ilə işin düzgün qurulmasından xəbər verir.

 

 

E.HACIALIYEV

 

Azərbaycan.- 2009.- 16 dekabr.- S. 3.