Bura Şəkidir...
"Şəki qədim
olduğu qədər də gözəl şəhərdir.
Çox şadam ki, xalqımızın adət-ənənələrinə,
zəngin tarixi-mədəni irsimizə burada böyük diqqət
göstərilir!"
İlham Əliyev
170
min nəfər əhalisi, bir şəhəri, iki qəsəbəsi,
altmış səkkiz kəndi olan Şəki Azərbaycanın
şimal-qərbində, Böyük Qafqaz dağlarının
cənub yamacında, dəniz səviyyəsindən 632 metr
yüksəklikdə yerləşir. Şəki zəngin təbiətə,
nadir tarixi-memarlıq abidələrinə, çoxşaxəli
sənətkarlıq xüsusiyyətlərinə malikdir.
Regionların sosial-iqtisai inkişafına dair II Dövlət
Proqramında göstərildiyi kimi, Şəki-Zaqatala iqtisadi
rayonuna aiddir.
Şəki
qədim tarixi, zəngin təbiəti, bənzərsiz abidələri
ilə maraqlı olduğu qədər, qədirbilən və
torpaqsevər insanları ilə də yaddaşlarda yer tutur.
Rayona qədəm basan kimi bilirsən ki, bura Şəkidir.
Salam verib, salam alan, harasa tələsən və ya
baş-başa şirin-şirin söhbətləşən
insanlarından tutmuş, yoluna-izinə, havasına-suyuna qədər
hər şey Şəkidə olduğunu xatırladır. Ləhcə
şirinliyi, söz və təbəssüm bolluğu öz
yerində, davranış və hərəkətləri ilə
o qədər məhrəmlik, canıyananlıq edirlər ki,
fikirləşirsən ki, bəlkə illərdir mən də
bu adamların arasında yaşayıram. Adi bir "sağ
ol"u beşqat şirinliyi ilə adamın özünə
qaytarırlar. Şəkililəri səciyyələndirən
xüsusiyyətlərdən biri də dəqiqlikdir. Bilmədiklərini
və ya az bildiklərini heç vaxt tam şəkildə dillərinə
gətirməzlər. Bu da insanlararası münasibətlərin
saflığına, rəvanlığına olduqca müsbət
təsir edir.
Şəkidə
önəmli məsələlərdən biri də
böyük-kiçik münasibətlərinin əxlaqi
yöndən sürüşmələrə məruz
qalmaması, mənəvi dəyərlərin üzərinə
yabançı basqıların çat yaradacaq dərəcədə
təzyiqinin olmamasıdır. Şəki həm öz milli
şəhər xüsusiyyətləri ilə, həm də
insanlarının doğulduğu torpağa, soy-kökə
bağlılığı ilə qədimliyini uzunömürlü
edir. Düzdür, Şəkidə də geniş
abadlıq-quruculuq işləri görülür, müasir
yenidənqurma tədbirləri həyata keçirilir. Ancaq bu
yeniliklər Şəkinin qədimliyini, milli-tarixi
simasını kölgədə qoymur.
Şəkinin
küçə və xiyabanlarının, prospektlərinin, həmçinin
yerli əhəmiyyətli yollarının
abadlaşdırılması daim gündəmdə
saxlanılır, asfaltlaşma və əsaslı təmir
işləri görülür, şəhərin əsas
küçə və prospektlərində müasir
işıqlandırma sistemlərinin qurulması davam etdirilir.
Şəkiyə xüsusi yaraşıq verən Heydər Əliyev
adına park daha da genişləndirilib.
Burada
gözoxşayan yaşıllıqlar salınıb, xidmət
sahələri yaradılıb, attraksionlar
quraşdırılaraq sakinlərin ixtiyarına verilib. Digər
park və meydanların yenidən qurulması istiqamətində
də işlər başa çatmaq üzrədir. Şəhərin
müxtəlif ərazilərində musiqili fontanların
tikintisi, müasir işıq dirəklərinin
basdırılması, saatların quraşdırılması
da yekunlaşmaq ərəfəsindədir.
Şəki
Şəhər İcra Hakimiyyətinin
başçısı Nazim İbrahimov görülən və
nəzərdə tutulan işlərdən söz açmaqla
yanaşı, xüsusi vurğuladı ki, Şəkidəki
abadlıq-quruculuq işləri rayon sakinlərinin ürəyincə
olmasa, bu işlərin heç bir qədir-qiyməti olmaz. Tələb
olunan nədir? Hər bir tədbir, hər bir yenilik Şəki
sakinlərinin həyat tərzinə müsbət təsir
etsin, sosial vəziyyətlərini
yaxşılaşdırsın. Nazim İbrahimov onu da qeyd etdi
ki, görülən iş vətəndaşın ürəyincə
olanda, heç vaxt seyrçi mövqeyində qalmır, necə
deyərlər, qolunu çırmayıb işin bir qulpundan o
da yapışır. Bu isə şəxsi istək və mənafeləri
ümumi mənafe naminə birləşdirməyə imkan
verir.
Şəkililərin
vətəndaş təəssübkeşliyini Nazim
İbrahimov geniş maarifləndirmə tədbirləri və
görülən işlərin şəffaflığı ilə
də əlaqələndirir. Hamıya məlumdur ki, Şəki
qonaq-qaralı yerdir. Elə ay olmur ki, Şəkidə müxtəlif
mövzularda bir neçə beynəlxalq tədbir
keçirilməsin. "Kitab bayramı"ndan tutmuş,
musiqi festivallarına, elmi-praktik konfranslara qədər
keçirilən tədbirlərdə yerli sakinlər aktiv
iştirak edirlər. Nazim İbrahimov vurğulayır ki, uca
Tanrının Şəkiyə bəxş etdiyi nemətlər
gələn qonaqları, turistləri, müxtəlif sənət
sahiblərini heyran qoyursa, şəkili niyə öz yurdu,
şəhəri, milli tarixi ilə fəxr etməsin, qürur
duymasın! Ancaq qürur duymaq və sevmək hələ
azdır, həm də bu yurdun inkişafı üçün
çalışmaq, öhdəsinə düşən vəzifəni
ləyaqətlə yerinə yetirmək lazımdır.
Şəkinin
gələn qonaqları heyran qoyan abidələri
bütünlükdə Azərbaycan üçün qiymətlidir.
Ölkə Prezidenti İlham Əliyevin dediyi kimi, "Şəkidə
Azərbaycan mədəniyyətinin çox dəyərli abidələri
vardır. Bu abidələri qoruyub saxlamalı və bərpa
etməliyik. Onlar bizim milli sərvətimiz, mədəniyyətimiz
və tariximizdir".
Son
dövrlər mədəni irsin qorunub saxlanmasına, Azərbaycan
xalqının zəngin mədəniyyətinin təbliğ
olunmasına diqqət daha da artırılıb. Ölkə
Prezidenti İlham Əliyevin bu məsələ ilə
bağlı müvafiq sərəncamları böyük əhəmiyyətə
malikdir.
2008-ci
ildə İslam Konfransı Təşkilatına üzv olan
ölkələrin "İpək yolu" layihəsində
iştirak edən turizm operatorları Şəkinin turizm
potensialı, habelə iqtisadiyyatı, mədəniyyəti,
görməli yerləri, tarixi və memarlıq abidələri
ilə tanış olmaq üçün buraya gəlmişlər.
Həmin tədbirlərdə iştirak edən
Ümumdünya Turizm Təşkilatının nümayəndəsi
Vanessa Satur demişdir: "Çox sevinirəm ki, Şəki
ilə tanış oldum. Şəki tarixi abidələrin
qorunub saxlanması, habelə füsunkar təbiəti,
özünəməxsus xüsusiyyətləri
baxımından bənzəri olmayan bir şəhərdir. Xan
sarayı cəlbedici və təkraredilməz bir tarixi abidədir.
Biz çalışacağıq ki, gələcəkdə bu
şəhərə turizm axınının sürətlənməsinə
öz töhfəmizi verək".
Turizm
infrastrukturunu yaratmaq, təşkilatları, iş
adamlarını bu sahənin inkişafı ilə
bağlı layihələrə cəlb etmək də həlli
vacib məsələlərdəndir.
Şəki
Şəhər İcra Hakimiyyəti
başçısının təhsil, səhiyyə və mədəniyyət
məsələləri üzrə müavini, tarix elmləri
namizədi Zərinə Cavadova Şəki ilə maraqlanan,
müəyyən əlaqələr qurmağa
çalışan şəhərlərin də
artdığını bildirdi. Z.Cavadova bu yaxınlarda Prezident
İlham Əliyevin Belarusa rəsmi səfəri zamanı
ölkələrimiz arasında müxtəlif sahələr
üzrə, o cümlədən Şəki ilə Minsk vilayətinin
Slutsk rayonu arasında 10 il müddətinə əməkdaşlığa
dair saziş imzalanmasını da xatırlatdı.
Z.Cavadova
qeyd etdi ki, şəhərlər arasında belə
qardaşlaşma münasibəti müəyyən əməkdaşlıq
müqaviləsini həyata keçirməkdən əlavə,
Şəkinin dünəninin, bu gününün
tanıdılması, təbliğ olunması baxımından
da böyük əhəmiyyətə malikdir.
Bəli,
qədim Şəki müasir dünyanın
qapısını bu gün ürəklə döyür. Bir
yandan yüksək dövlət qayğısı, bir yandan da
şəkililərin yurd məhəbbəti 2,43 min
kvadratkilometr əraziyə malik dağlar diyarı Şəkini
günü-gündən daha da abadlaşdırır, gözəlləşdirir.
Telman NƏZƏRLİ
Azərbaycan.-
2009.- 16 dekabr.- S.4.