Şərəfli alim
ömrü
Naxçıvan Muxtar
Respublikasının qədim Ordubad diyarı təkcə əsrarəngiz
təbiəti, alicənab insanları ilə deyil, həm də
xalqımızın elm və mədəniyyətini dünya
miqyasında tanıtdıran, ona şərəf və
başucalığı gətirən şəxsiyyətləri,
alimləri ilə də məşhurdur. Bu alimlərdən biri də
yarımkeçiricilər fizikası sahəsində
tanınmış fizika-riyaziyyat elmləri doktoru, professor
Nizami Mikayıl oğlu Mehdiyevdir.
N.Mehdiyev
1949-cu il dekabr ayının 14-də dünyaya göz
açmışdır. O, 1966-cı ildə orta məktəbi
bitirib indiki Bakı Dövlət Universitetinin fizika fakültəsinə
daxil olmuşdur. Hələ tələbə ikən dərin
riyazi təfəkkürü, nadir istedadı, fiziki hadisələrə
fərqli yanaşması ilə müəllimlərinin diqqətini
cəlb edən Nizami Mehdiyev 1971-ci ildə universiteti bitirərək,
fakültə elmi şurasının zəmanəti ilə elə
həmin il Azərbaycan Milli Elmlər Akademiyası Fizika
İnstitutunun aspiranturasına daxil olmuşdur. Tədqiqatlarını
BDU-da davam etdirən gənc alimin yüksək nəzəri
hazırlığı, elmi işə olan böyük
marağı, əməksevərliyi, işgüzarlığı
öz bəhrəsini vermiş və o, 1975-ci ildə, 25
yaşında namizədlik dissertasiyasını müdafiə
etmişdir. Bununla da universitetin 1971-ci il
buraxılışının ilk elmlər namizədi alimlik dərəcəsi
alan məzunu olmuşdur. Elmi fəaliyyətini EA-nın Fizika
İnstitutunda davam etdirən Nizami Mehdiyev fizikanın aktual və
fundamental sahələrindən biri, bərk cisimlərin
generasiya-rekombinasiya proseslərinin tədqiqi və onlar əsasında
optoelektron cihazların yaradılmasının fiziki əsasları
ilə məşğul olmuşdur. N.Mehdiyev 1975-1997-ci illər
ərzində AMEA-nın Fizika İnstitutunda baş laborant,
mühəndis, kiçik və böyük elmi işçi,
aparıcı elmi işçi vəzifələrində
çalışmış, eyni zamanda Azərbaycan Tibb
Universitetində və BDU-da pedaqoji fəaliyyət göstərmişdir.
1977-ci
ildə Rusiya Elmlər Akademiyasının aparıcı elmi-tədqiqat
mərkəzi olan İoffe adına Yarımkeçiricilərin
Fizika və Texnikası İnstitutuna ezam olunmuş, orada
hazırda "Nobel" mükafatı laureatı
J.İ.Alferovun rəhbərlik etdiyi laboratoriyada tədqiqatlar
aparmış, yarımkeçiricilərin fizika və
texnikası sahəsində yüksək səviyyəli məktəb,
doktorantura keçmişdir.
1990-ci
ildə doktorluq dissertasiyasını müdafiə edərək
fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi
almış, 2001-ci ildə professor elmi adına layiq
görülmüşdür.
Görkəmli
alim yarımkeçiricilər fizikası üzrə yüksək
ixtisaslı mütəxəssisdir. Onun elmi işləri
anizotrop quruluşa malik binar və üçqat xalkogenid
yarımkeçiricilərdə, onların əsasında
yaradılan quruluşlarda generasiya və rekombinasiya proseslərinin
tədqiqinə həsr olunmuşdur. Aspiranturada təhsil
aldığı illərdə o, Bakı Dövlət
Universitetində professor Qüdrət Axundovun rəhbərliyi
altında laylı quruluşa malik A3B6 yarımkeçirici birləşmələrində
çeviricilik və elektrolüminessensiya hadisələrini tədqiq
edərək, bu hadisələrin yaranma mexanizmi və idarə
olunma prinsiplərini müəyyənləşdirmiş, InSe
kristallarında ilk dəfə elektrolüminessensiya hadisəsini
müşahidə etmişdir. N.Mehdiyevin sonrakı tədqiqatları
selen və onun bir sıra birləşmələrinin (GaSe,
InSe, CdIn2Se4 , ZnIn2Se4 ) monokristallarında təbii
anizotropluğun optik və fotoelektrik xassələrinə təsirinin
tədqiqinə həsr olunmuşdur. Tədqiq etdiyi
kristalları alim şəxsən özü müasir, son dərəcə
dəqiq texnologiyaları tətbiq etməklə sintez
etmiş, göyərtdiyi monokristalların fiziki xassələrinə
təbii və xətti polyarlaşmış
işığın təsirini araşdıraraq fotopleoxroizm əmsalının
səth rekombinasiyası, elektron hallarının simmetriyası
və optik keçidlər üçün seçmə
qaydası ilə tənzimlənməsi xüsusiyyətlərini
müəyyən etmişdir. "Tiogallat" quruluşa malik
üçqat selen birləşmələrinin elektron
hallarının anizotropluğuna səbəb olan kristaldaxili
sahənin yaranmasında aparıcı rolun kation altqəfəsində
iki növ atomun və vakansiyanın mövcudluğu ilə əlaqədar
olduğu müəyyənləşdirilmiş,
"kristaldaxili" və "spin-orbital"
qarşılıqlı təsir parçalanmaları təyin
edilmişdir. Nizami Mehdiyevin yaradıcılığında əhəmiyyətli
yerlərdən birini də ionlaşdırıcı
şüaların və sürətlənmiş
elektronların təsiri ilə yarımkeçirici materiallarda
defektlərin yaranma mexanizmi və kinetikasının,
onların fiziki xassələrində baş verən dəyişikliklərin
kompleks şəkildə tədqiqi təşkil edir.
Bütün
bu tədqiqatların nəticələri yarımkeçiricilər
fizikası elmi istiqamətini zənginləşdirmiş, bu
materiallar əsasında verilmiş lazımi xassələrə
malik yarımkeçirici cihazların yaranmasına imkan
yaratmışdır.
N.Mehdiyev
respublikada və xaricdə nüfuzlu elmi jurnallarda dərc
olunmuş yüzdən artıq məqalənin və bir
çox şəhadətnamənin müəllifidir. Görkəmli
alim bu illərdə onlarla beynəlxalq elmi konfranslarda məruzələrlə
çıxış etmişdir. Uzun illər respublikada fəaliyyət
göstərən doktorluq və namizədlik dissertasiya
şuralarının üzvü olmuş, yüzlərlə
doktorluq və namizədlik dissertasiyalarına opponentlik
etmişdir. Yüksək ixtisaslı kadrlar yetişdirməkdə
Nizami Mehdiyevin xidmətləri böyükdür.
1997-ci
ildə Azərbaycan Dövlət Neft Akademiyasının Fizika
kafedrasının professoru seçilən N.Mehdiyev hazırda həmin
vəzifədə işləyərək tələbələrə
"Ümumi fizika" kursu üzrə mühazirələr
oxuyur, laboratoriya və məşğələ dərsləri
aparır. Optoelektronika sahəsində yüksək
ixtisaslı mütəxəssis olan tədqiqatçı eyni
zamanda Bakı Dövlət Universitetinin fizika fakültəsində
optoelektronika fənnindən bakalavr və magistrlərə
mühazirələr oxuyur. Bununla belə o, özünü
elmi fəaliyyətdən kənarda hiss etmir, daim səmərəli
axtarışlar aparır. Bacarıqlı pedaqoq,
işgüzar, yorulmaq bilmədən çalışan bir
alim kimi o, dünya yarımkeçiricilər fizikası elmində
olan yenilikləri izləyir və özünə məxsus dərin
təhlil əsasında tədqiqatlarını davam etdirir.
Çalışdığı bütün sahələrdə
işinin öhdəsindən layiqincə gəlir.
Nizami
Mehdiyevin ərsəyə gətirdiyi "Kvant
fizikasının elementləri" adlı dərs vəsaiti,
ali təhsilin bakalavr və magistr pillələri
üçün sanballı "Optoelektronika" dərsliyi,
"Ümumi fizika" kitabının elektron variantı tələbələrin
istifadəsinə verilmişdir.
Professor
dərin nəzəri elmi biliyi, qeyri-adi tədqiqatçılıq
qabiliyyəti ilə yanaşı, geniş
dünyagörüşə, güclü məntiqə, nəticələri
dərin təhlil etmək qabiliyyətinə, ümumiləşdirmək
bacarığına malik alimlərdən biridir. Harada
çalışmağından asılı olmayaraq, öz
işinə yüksək məsuliyyət hissi ilə
yanaşan Nizami Mehdiyev görkəmli alim, gözəl tədqiqatçı,
bacarıqlı pedaqoq, nəcib insandır, tələbələrinin
və həmkarlarının sevimlisidir.
Professor
N.Mehdiyev elmi-tədqiqat və pedaqoji fəaliyyətinin ən
parlaq dövrünü yaşayır. Onu 60 illik yubileyi
münasibətilə ürəkdən təbrik edir, elmimizin
və təhsilimizin tərəqqisi naminə fəaliyyətində
yeni yaradıcılıq uğurları arzulayırıq.
A.KAZIMZADƏ
Azərbaycan.-
2009.- 16 dekabr.- S. 7.