Azərbaycan gimnastları müasir tendensiyaların qanunvericisi olmalıdır

 

Ölkədə bütün idman növləri kimi, gimnastika da sürətli inkişaf yolundadır. Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım, Gimnastika Federasiyasının Prezidenti Mehriban Əliyevanın bu sahəyə göstərdiyi böyük diqqət və qayğı nəticəsində qısa müddətdə nəzərəçarpan uğurlu nəticələr əldə edilmişdir.

Gimnastlarımız cari ilin sonunda da yeni nailiyyətləri ilə bizləri sevindirirlər. Bu günlərdə Almaniyada və Rusiyada keçirilmiş mötəbər yarışlarda yeniyetmə idmançılarımızdan ibarət qrup bürünc medal qazanmış, Aliyə Paşayeva, İradə Əhədzadə, Mənsurə Mehdiyeva və Mədinə Həsənova turnirin qalibi olmuş, ən gənc gimnastlarımız Ceyla Quliyeva, Anastasiya Prasolova, Stefani Trayanova, Nigar Mirzəyeva, Cəmilə Hüseynova, Nigar Əbdülsəlimova və Aelita Xələfovadan ibarət komandamız isə digər bir yarışın birinciliyini əldə etmişdir.

Ümumilikdə 2009-cu ili Azərbaycan gimnastikası üçün çox uğurlu il hesab etmək olar. Bu günlərdə mətbuata verdiyi müsahibəsində Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov başa çatmaqda olan ildə qurumun fəaliyyətinin yekunları və gələcək planlar barədə məlumat vermişdir. O bildirmişdir ki, Azərbaycanda o qədər də zəngin ənənələrə malik olmayan bədii gimnastika son illərdə ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Gimnastika Federasiyasının planauyğun fəaliyyəti sayəsində idmanın ən dinamik inkişaf edən növlərindən birinə çevrilmişdir. Ölkəmizdə dünya və Avropa çempionatları keçirilmiş, idmançılarımız Olimpiya oyunlarında və digər beynəlxalq yarışlarda uğurla çıxış etmişlər.

Bu ilin may ayında Azərbaycanın ən yeni tarixində ikinci dəfə bədii gimnastika üzrə Avropa çempionatı Bakıda təşkil edilmişdir. Çempionatın nəticələri ürəkaçandır: idmançılar 2 gümüş medal qazanmışlar. Yeniyetmə qrupların yarışlarında və komanda birinciliyində də əvvəllər heç vaxt bu cür yüksək nəticələr göstərilməmişdi.

Qeyd olunmalıdır ki, Aliyə Qarayeva və Anna Qurbanova ustalıq səviyyəsinə görə bu gün yalnız Rusiya idmançılarından geri qalırlar. Bizim gimnastların gümüş medallara layiq görülməsi və rusiyalılarla bəhsəbəhs yarışması ölkəmizdə gimnastikanın yüksək səviyyədə inkişafının göstəricisidir.

Yeniyetmə qrupumuzun qazandığı uğur da Azərbaycan idmanı üçün çox böyük nailiyyətdir.

Anna Qurbanovanın top ilə hərəkətlərdə çox gərgin rəqabət şəraitində bürünc medala sahib çıxması da sevindirici haldır. Avropa çempionatı başa çatandan sonra federasiyanın prezidenti Mehriban xanım Əliyeva idmançı qızlarımızı qəbul etmiş, Azərbaycanda gimnastikanın yüksək səviyyəyə çatmasını vurğulamışdır.

Gimnastlarımız Yaponiyada keçirilmiş sonuncu dünya çempionatında da yüksək nəticələr göstərmişlər. Top ilə hərəkətlərdə Aliyə Qarayeva vitse-çempion olmuş, komanda birinciliyində isə qızlarımız, iki il bundan əvvəl Yunanıstanda olduğu kimi, üçüncü yeri tutmuşlar.

Göstərilən nəticələrin sabitliyi peşəkarlıq nümunəsidir. Bu, komandamızda möhkəm birliyin olmasına, qızlarımızın bir-birini dəstəkləməsinə dəlalət edir. Əldə edilmiş nailiyyətlər ölkəmizdə gimnastikanın sabit və dinamik inkişafına sübutdur. Qarayeva, Qurbanova və Zeynəb Cavadlı artıq iki dəfə dünya çempionatının bürünc mükafatçıları olmuş, Samirə Mustafayeva isə dünya birinciliyində medal qazanmağın sevincini ilk dəfə hiss etmişdir.

Qrup komandamız dünya birinciliyində dördüncü yeri tutmuşdur. Xatırladaq ki, Pekin Olimpiadasında komanda 7-ci yerlə kifayətlənmişdir. Bu irəliləyiş yığma komandanın baş məşqçisi Mariana Vasilevanın öz işinə məsuliyyətlə yanaşması sayəsində mümkün olmuşdur. Tanınmış bolqarıstanlı mütəxəssis hazırda Azərbaycanı öz vətəni hesab edir. O bildirir: "Zənnimcə, bir il ərzində mən müdrikləşmişəm. Çünki zəngin kollektivi idarə edirəm. Azərbaycandan kənarda çox qala bilmirəm. Artıq gələcək işlərlə əlaqədar planlar qururam və onların hamısı Azərbaycanla bağlıdır. Xüsusilə fikirləşirəm ki, 2010-cu ildə nələr üzərində işləyəcəyik, konkret planlar nələr olacaq və düşünürəm ki, 2011-ci il üçün komanda hazırlamaq lazımdır. Gələn il bizi çox çətin yarışlar gözləyir. Amma əsası odur ki, gimnastlarımızın yalnız özlərinə məxsus müəyyən üslubu olsun. Azərbaycan idmançılarının dünya gimnastikasında yeni tendensiyaların qanunvericisi olması çox vacibdir. Lazımdır ki, bu, təkcə dünya gimnastikasının aparıcı ölkələri tərəfindən deyil, həm də bizim tərəfimizdən olsun. Çünki biz də artıq aparıcı gimnastika ölkəsiyik".

2009-cu ildə akrobatikada da çoxdan gözlədiyimiz nəticələrə nail olmuşuq. İdmanın bu növündə bəzi kadr dəyişiklikləri edilmiş, məşqçi heyəti təzələnmişdir. Qadınlardan ibarət cütlüyümüz (Ayla Əhmədova və Dilarə Sultanova) bütün yarış mövsümünü yüksək səviyyədə keçirmiş və Portuqaliyadakı Avropa çempionatında layiqli qələbə qazanmışdır. Bu cütlük Tayvanda keçirilən Dünya Oyunlarında və Rusiyada təşkil edilmiş Dünya Kubokunda gümüş mükafatlara layiq görülmüşdür. Bu uğurlu nəticələrə görə, məşqçi İradə Qurbanovanın zəhməti qeyd edilməlidir.

Gimnastikanın tamblinq növü əvvəllər ölkəmizdə o qədər də inkişaf etməmişdi. Lakin bu sahədə də müəyyən tərəqqi müşahidə olunur. Tullanma hərəkətlərində ölkəmizi təmsil edən gənc Mixail Malkin Rusiyada keçirilən Dünya Birinciliyinin finalında 6-cı yeri tutmuş, təsnifat yarışlarında isə 27 iştirakçı arasında 5-ci nəticə göstərmişdir.

İdman gimnastları da öz ustalıqlarını artırırlar. Məlum olduğu kimi, Şakir Şıxəliyev artıq bir ilə yaxındır Almaniyada, tanınmış həmyerlimiz, Olimpiya çempionu Valeri Belenkinin rəhbərliyi altında təcrübə keçir, gənc Elvin Ağadədəyev isə Minskdə məşq toplantısındadır. Şakir Şıxəliyevə böyük ümidlər bəslənilir. Məşqçilər onu bu il Avropa və dünya çempionatlarında sınamışlar. O öz nəticələrini yaxşılaşdırır. Şakir 2012-ci ildə keçiriləcək London Olimpiadasına lisenziya qazanmağa qadir idmançıdır.

Elvin Ağadədəyev bu mövsümdə ikinci dəfədir ki, Belarus paytaxtında məşq toplantısında iştirak edir, yerli mütəxəssisin rəhbərliyi ilə gənclər arasında Olimpiadada iştirak etmək hüququ qazanmaq üçün Avropa çempionatına səylə hazırlaşır.

2010-cu ildə Azərbaycan gimnastlarını dünya və Avropa çempionatları, digər mötəbər yarışlar gözləyir. Avropa birinciliklərində gənclərin Sinqapurda keçiriləcək Olimpiadasına iştirakçılar seçiləcəkdir.

Bu gün Azərbaycanda gimnastların istedadlı yeni nəsli yetişir. Qeyd edək ki, Vəfa Hüseynova və Valeriya Yeqay böyük idmanı tərk etmişlər, onları yeniyetmə qruplarında çıxış təcrübəsinə malik olan qızlar əvəz etmişdir.

"Spartak", "Sərhədçi" cəmiyyətlərində yeni bölmələr yaradılması sevindirici faktdır. Xırdalan şəhərində gimnastika bölməsi təşkil edilmişdir. Gəncədə və digər regionlarda yaradılmış bölmələr uğurla fəaliyyət göstərir. Buna görə seleksiya işləri aparmağa imkan var.

Bu il Bakıda ikinci dəfə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Bədii gimnastika üzrə mötəbər yarışların Azərbaycanda keçirilməsi artıq ənənə halını almışdır. Bu, respublikada idman və olimpiya hərəkatının sürətli inkişafının və Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrilməsinin göstəricisidir".

Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyeva hesab edir ki, "paytaxtımızda keçirilmiş Avropa çempionatı yeni olimpiya dövründə ilk mühüm yarış olmuşdur. Hələ 2007-ci ildə bu cür mötəbər yarışların keçirilməsindəki təcrübəmizi nəzərə alan Avropa Gimnastika İttifaqı yenidən bizə etimad göstərmiş və biz bu etimadı yaratdığımız gözəl şəraitlə doğrultmuşuq. Bakıya gəlmiş qonaqlar paytaxtımızın çoxəsrlik mədəniyyətindən və müasir görünüşündən məmnun qalmış, qədim idman ənənələrimizi layiqincə qiymətləndirmişlər. Avropa çempionatının hər günü bədii gimnastika bayramının xoş anlarına çevrilmişdir".

Bu il Bakıda gimnastika kompleksinin təməlinin qoyulması, Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevin və Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın həmin mərasimdə iştirak etməsi bir daha göstərir ki, ölkəmizdə gimnastikanın inkişafı üçün gözəl perspektivlər var.

İdmançılarımız və məşqçilərimiz tədricən elə səviyyəyə yaxınlaşırlar ki, biz artıq Azərbaycanda gimnastikanın yüksəliş mərhələsində olduğunu tam əminliklə söyləyə bilərik.

Gənclər və idman naziri Azad Rəhimovun təbirincə desək, bu gün Azərbaycan gimnastika məktəbi iri addımlarla inkişaf edərək istedadlı və gənc gimnastların böyük bir axınını öz ardınca aparır. Bu işdə Azərbaycanın adını və bayrağını daim beynəlxalq idman yarışlarında yüksəklərə qaldıracaq idmançılarımıza uğurlar arzulayırıq.

 

 

Rizvan HİLALOĞLU

 

Azərbaycan.- 2009.- 16 dekabr.- S. 6.