Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə səfəri

 

Xəbər verdiyimiz kimi, yanvarın 29-da Davos forumu çərçivəsində "Böyük oyun təkrarlanır" devizi altında xüsusi iclas keçirilmişdir.

İclasda Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan, İranın xarici işlər naziri Mənuçehr Mottəki, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iştirak etmişlər.

Xatırladaq ki, Ermənistan Prezidenti Serj Sarkisyan iclasda iştirak etməyə razılıq vermişdi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın tədbirdə iştirakından çəkinərək, iclasa gəlməkdən imtina etmiş və xeyli yubanma ilə öz yerinə xarici işlər nazirini göndərmişdi.

İclası "Avrasia Group" şirkətinin prezidenti İAN BREMMER açaraq dedi:

- Günaydın. Mən Avrasiyada Qlobal Risklər Təşkilatının rəhbəriyəm. Dünya İqtisadi Forumunun "Böyük oyun təkrarlanır" adlı ikinci iclasına başlamaqdan məmnunam. Bu, mürəkkəb bir mövzudur və dünən Klaus Şvabla müzakirə olunanda bildirildi ki, belə mühüm sahənin müntəzəm və hərtərəfli araşdırılması və cavabların tapılması əhəmiyyətlidir. Bu söhbət hazırda dünyanın hər yerində gedir, amma xüsusi vurğulamaq istəyirəm ki, bu meyar Avrasiyaya aiddir. Müasir geosiyasət nəzəriyyəsinin banisi Helford Makkinder deyib ki, "Avrasiya" adlı böyük adanı kim idarə edirsə, o, bütün dünyanı idarə edir. Müəmmalı görünməsinə baxmayaraq, bu ideya fundamental xarakter daşıyır. Mürəkkəb bir zamanda və geosiyasi gərginliyin müşahidə olunduğu dövrdə böyük güclər Avrasiya məkanına şahmat lövhəsi kimi baxır və bu məkanda enerji resursları və təsir uğrunda mübarizə aparırlar. Keçmiş Sovet İttifaqını əvəz edən 15 müstəqil ölkədən söhbət gedəndə bu, xüsusi əhəmiyyət kəsb edir. Amerikanın bu gün dünya miqyasında siyasi müdaxiləsinin eroziyası bir çox yeni tədbirlərin görülməsini tələb edir. Digər tərəfdən, Rusiyanın bərpa olunan cavab gücü bir daha göstərir ki, böyük oyun təkrarlanır.

İclasımızda bu cür mövzuları nəzərdən keçirəcək əsas şəxsləri sizə təqdim etmək istərdim. Onlar eyni regiondan olan dövlət başçısı və yüksək vəzifəli dövlət xadimləridir. Burada, sol tərəfdə Azərbaycan Prezidenti İlham Əliyev əyləşibdir. Onun solunda Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan əyləşibdir. Bir azdan Ermənistan Prezidenti Serj Sarkisyan bizə qoşulacaqdır. O, beş dəqiqədən sonra gəlməlidir. O cümlədən İranın xarici işlər naziri Mənuçehr Mottəki də yoldadır.

Nəzərdə tutduğum bir-iki məsələdən başlayaq. O məsələlər müzakirə edildikdə, biz rəylərlə razılaşmaya da bilərik. Gəlin, onda elə bir məsələ ilə başlayaq ki, hamımız onunla razılaşacağıq. Burada, Avropanın mərkəzində - Davosda görürük ki, azərbaycanlılar, türklər, ermənilər, qazaxlar bir çox Avropa təşkilatlarının üzvləridir. Onlar ATƏT-in üzvləridir. Keçmiş Sovet İttifaqı ölkələri arasında Qazaxıstan ilk ölkədir ki, bu təşkilata sədrliyə başlayıbdır. Futbola baxsanız görərsiniz ki, sadaladığım bütün bu ölkələr Orta Şərq liqasında deyil, Avropa liqasında oynayırlar. Avropalılar buna etiraz etmir, lakin onlar bu ölkələrin Avropa İttifaqına üzvlüyü məsələsində tərəddüd edirlər.

Beləliklə, birinci sualım Prezident Əliyevədir. Ondan soruşmaq istərdim: Avropanın ikili standartları varmı? Azərbaycanın Avropa ilə gələcəkdə iqtisadi inteqrasiyasında marağı varmı, yoxsa, Siz Rusiya və Orta Şərq istiqamətini götürmək məcburiyyətində olacaqsınız?

İLHAM ƏLİYEV: Müstəqillik əldə etdiyimiz vaxtdan etibarən siyasətimizin Avropa istiqaməti prioritet məsələ idi və bu gün də davam edir. Buna bir çox misal gətirmək olar. Bu, təkcə Avropa İttifaqının, demək olar ki, bütün üzv ölkələri ilə faydalı ikitərəfli əməkdaşlıqla deyil, həm də iştirak etdiyimiz proqramlarla ölçülə bilər. Məsələn, Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasətinə dair fəaliyyət planı"nın iştirakçısıdır. İki ildən artıqdır ki, Azərbaycan Avropa İttifaqı ilə enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalamışdır. Bu gün Azərbaycanın da daxil olduğu Şərq tərəfdaşlığı Proqramı müzakirə olunur. Ümid edirik ki, bu yaxınlarda biz həmin proqramın icrasının əyani şahidi olacağıq. Bütün bu mühüm addımlar və tədbirlər Azərbaycanla Avropa arasında əlaqələrin necə inkişaf etdiyini göstərir. Enerji əməkdaşlığını və mövcud müasir enerji nəqli infrastrukturu da əlavə etsək görərik ki, birgə görüləcək işlər çoxdur. Avropa ölkələri ilə bizim əlaqələrimiz qarşılıqlı maraq və hörmətə əsaslanır. Ümid edirik ki, bu müsbət dinamika davam edəcəkdir.

İkili standartlara dair verdiyiniz sualla bağlı deyə bilərəm ki, bəli, biz ikili standartları hər yerdə görürük. Yəni, bunlar müəyyən coğrafi məkanlarda müşahidə edilmir. Azərbaycanın üzləşdiyi ikili standartlarla bağlı mən sizə bir çox misal gətirə bilərəm. Yəqin ki, bu, çox vaxt aparar. Ümumiyyətlə, onu demək istəyirəm ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müsbətdir. Biz bu əməkdaşlığın səviyyəsindən məmnunuq. Təbii ki, gələcəkdə daha geniş fəaliyyət görmək arzusundayıq.

APARICI: Cənab Prezident, sağ olun. İndi isə sözü Baş nazir Ərdoğana verirəm. Türkiyənin Avropa İttifaqına qoşulmaq istəyi davamlı şəkildə hamı tərəfindən müzakirə edilir. Biz Türkiyənin daha çox Orta Şərq istiqamətinə meyilli olacağını görəcəyikmi?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Xüsusilə, bir məsələyə toxunmaq istəyirəm. Biz iqtidarda olduğumuz dövrü dəyərləndirməli olsaq, deyə bilərəm ki, bu müddətdə Avropa İttifaqı ilə müzakirələrdə hər hansı bir geriləmə, ləngimə olmamışdır. Hazırda Avropa İttifaqı ilə müzakirələri, fəaliyyətimizi davam etdiririk. Burada heç bir axsama yoxdur. Amma narahat olduğumuz bir məsələ var: hər müzakirə dövründə çətinlik yaradacaq vəziyyət yaşanır. Misal üçün, müzakirələr zamanı yeni iki fəsil açılır, digər müzakirə dövründə yenə iki fəsil açılır və bu, belə davam edir. İndiyə qədər bu fəsillər nə bir oldu, nə də üç oldu. Fəqət, avropalı dostlarımızla görüşdüyümüz zaman, keçən həftə Brüsseldə mənə belə dedilər ki, iki birdən böyükdür. Mən də təbii olaraq dedim ki, üç də ikidən böyükdür. Yəni, uğur qazanmaq istəyiriksə, qoy üç olsun, uğursuz olursa, bir olsun. Onlara dedim ki, bunları gözdən keçirin.

Çexiyanın sədrliyi dövründə eyni qərarlılıqla, ciddiyyətlə çalışmalarımızı davam etdiririk. Təbii ki, bizim Avropa İttifaqı ilə əməkdaşlığımızın bir başadüşülən qolu var. Avropa İttifaqına üzv olmaq barədə müzakirələrlə bərabər, bizim 1996-cı ildən başlanan əməkdaşlığımız da var. Yəni biz Avropa İttifaqının Gömrük İttifaqına üzv olaraq fəaliyyət göstəririk. Digər üzv ölkələr heç zaman bu formada üzv olmamışlar. Əvvəlcə Avropa İttifaqına üzv oldular, ondan sonra Gömrük İttifaqına üzv seçildilər. Biz hazırda Gömrük İttifaqının üzvüyük. Bizə belə bir fərqliliklə yanaşma var. Düşünürəm ki, dostlarımızın Türkiyəyə baxışı bu nöqtədə fərqli olmamalıdır. İnanıram ki, bu fərqi onlar da hiss edəcəklər. Amma hazırda, 2009-cu ilə daxil olarkən üzvlük məsələsini bir az da ciddi tutmaq məqsədi ilə Avropa İttifaqı ilə əlaqədar yeni nazir ştatı yaratdıq. İndi dövlət nazirimizin biri Avropa İttifaqı ilə bağlı məsələlərlə məşğuldur. Bundan sonra Avropa İttifaqı ölkələri ilə daha tez-tez əlaqələr yaradılacaq, Brüssellə əlaqələr çox sıx şəkildə inkişaf etdiriləcək, müzakirələr ciddi xarakter alacaqdır. İnanıram ki, bundan sonrakı dövrdə müsbətə doğru dəyişiklik olacaqdır.

APARICI: Cənab Baş nazir, sağ olun. İndi isə mən İranın xarici işlər naziri Mənuçehr Mottəkini salamlamaq istəyirəm. Geosiyasəti nəzərə alaraq, hamı bilir ki, Amerikada yeni administrasiya fəaliyyətə başlayıbdır. Mən bildirmək istəyirəm ki, Prezident Obama İran hökumətinə aid yeni, müxtəlif siyasətin yürüdüləcəyi ilə bağlı bəyanat veribdir. İranlılar bunu eşitdikdən sonra bildiriblər ki, yaşayarıq, görərik.

Avrasiyada böyük oyun baxımından sizə belə sual vermək istəyirəm. Son bir neçə il ərzində İranın regionda geosiyasi təsiri xeyli artıbdır. Bu təsir xüsusilə İraqda və Əfqanıstanda hiss olunur. Sualım belədir: Əgər Prezident Obama İran hökumətinə Əfqanıstan və İraqla bağlı birgə işləməyi təklif etsəydi, ona hansı cavab verilərdi?

MƏNUÇEHR MOTTƏKİ: Bismillahir rəhmanir-rəhim. Mən hörmətli natiqlərin və burada əyləşən, tanıdığım əziz dostların iştirakı ilə bu toplantıya qoşulmaqdan olduqca məmnunam. Bəli, etiraf etməliyəm ki, siz də qeyd etdiyiniz kimi, bu günə qədər, yəni, Amerikada keçirilən prezident seçki kampaniyası zamanı səsləndirilən və hazırda bütün ictimaiyyətə yaxşı məlum olan söz - "dəyişiklik" sözü idi. Bu cür yanaşmanı alqışlayaraq, inamımızı bildirmək istəyərdik ki, bu söz həqiqətən dəyişiklik olsun. Bizim üçün çox vacibdir ki, Prezident Obama bu dəyişikliyi anlasın. Biz o ümidlə yaşayırıq ki, bəyan edilən bu dəyişiklik həyata keçirilsin. Regionumuzda o qədər sahələr var ki, orada yaşayan bütün xalqlar və ölkələr həmin dəyişikliklə nəyin baş verəcəyini səbirsizliklə gözləyirlər: bu, strateji dəyişiklik, yaxud taktiki dəyişiklik olacaq? Bütün bu suallar növbəti bu cür toplantının müzakirə mövzusu ola bilər. Yəni, yeni administrasiya dünyanın gözlədiyi nəticələrə cavab verəcəkmi?!

Mənim ölkəmin mövqeyinə gəldikdə, bəli, etiraf etməliyəm ki, bizim tariximizə, mədəniyyətimizə və əmin-amanlıq şəraitində birgə yaşama yanaşmamıza onilliklər, əsrlər deyil, bir neçə minilliklər dövründə əsaslanaraq, İranın sizin qeyd etdiyiniz təsiri formalaşmışdır. Regionun tarixində İran hər zaman konstruktiv rol oynamışdır. Başqa sözlə desək, İran bu təsirini sizin qeyd etdiyiniz formada - konstruktiv və davamlı şəkildə birgə yanaşı yaşama və əməkdaşlıq naminə istifadə etməyə çalışmışdır. Bizim tariximizə nəzər yetirsəniz, bu yanaşmadan kənara çıxma olmamışdır. Lakin son dövr ərzində İran bir neçə təcavüzlə, hətta müharibə ilə üzləşmişdir.

Birləşmiş Ştatlarda yeni proseslərə və dəyişikliyə gəldikdə, elə məsələlər var ki, regiondakı bütün ölkələrə aiddir. Bu, Birləşmiş Ştatların özünə də aiddir, çünki onlar həm də bu və ya digər formada regionda iştirakçı hesab edilirlər. İnanırıq ki, əgər Birləşmiş Ştatların yeni administrasiyası, cənab Obamanın dediyi kimi, öz siyasətini sözdə yox, əməldə dəyişərsə, onda təbii ki, region da əməkdaşlıq ruhunda öz reaksiyasını verər. İran isə regional miqyasda bu cür ümumi yanaşmada istisna edilmir. Biz bunu keçmişdə də nümayiş etdirmişik. Əfqanıstanla bağlı bir çox yerlərdə, Tokioda və digər yerlərdə keçirilən tədbirlərdə olmuşuq. Həmin ölkədə təhlükəsizlik və sabitlik nəinki Əfqanıstanın milli maraqları üçün, eləcə də region üçün lazımdır. Bu sözləri İraqa da aid etmək olar. Bu halda, İran yenə də özünün sabitlik, təhlükəsizlik və əmin-amanlığın bərqərar olunmasını nəzərdə tutan konstruktiv yanaşmasından istifadə edir. Digər ölkələr kimi, biz də bunu öz maraqlarımız üçün vacib hesab edirik. Ona görə də qonşu ölkələrə gəldikdə, biz hər zaman konstruktiv yanaşmadan müxtəlif səviyyələrdə istifadə etmişik. Bu, birmənalı olaraq, İran İslam Respublikasının bu gün regionda yaşadığımız böhrana aid hazırkı siyasətini təşkil edir.

APARICI: Çox sağ olun. Gəlin şimala qayıdaq və Baş nazir Ərdoğanla başlayaq. Rusiya Prezidenti Medvedev bəyan etmişdir ki, dünyada elə regionlar var ki, orada Rusiyanın xüsusi maraqları var. O, Avrasiyanı da bu regionlara aid etmişdir. Bunu Birləşmiş Ştatların Latın Amerikası regionunda olan xüsusi maraqları ilə müqayisə etmək olar. Mənim iki sualım var. Birincisi, Rusiyanın bu mövqeyinə necə yanaşırsınız? İkincisi, bu baxımdan Türkiyənin xarici siyasəti nədən ibarətdir?

RƏCƏB TAYYİB ƏRDOĞAN: Ən əvvəl hər bir ölkənin yaşadığı bölgəyə özünə görə yanaşması vardır. Yəni, Rusiyanın da bu cür baxışları məqbuldur. Rusiyaya nəyə görə belə bir yanaşma edirsiniz deməyə haqqımız yoxdur. Rusiya bu cür yanaşmalar edirsə, eyni şəkildə Türkiyənin də öz bölgəsində bu istiqamətdə yanaşması vardır. Türkiyə öz yanaşmasını edəcək və varlığını daha güclü biləcək, gələcəyə daha güclü formada yanaşma həyata keçirmək halında olacaqdır. Məsələlərə belə formada yanaşarkən, təbii ki, kənardakı digər ölkələrlə qarşılıqlı maraqları təminetmə məqsədinə yönəlmiş bir fəaliyyət olarsa, bu, bölgəyə faydalı olacaqdır.

Diqqət yetirsəniz, Rusiya Federasiyası ilə Gürcüstan arasındakı sıxıntılarla əlaqədar Türkiyə olaraq biz bir addım atdıq. Dedik ki, bölgədə, Qafqazda Əməkdaşlıq və təhlükəsizlik platformasını həyata keçirək. Bu məqsədlə ilk səfəri Moskvaya etdik. Onlardan buna müsbət yanaşma gördük. Ertəsi gün Gürcüstana getdik, təklifimizi bildirdik. Oradan da müsbət cavab aldıq. Sonra dəyərli qardaşım hörmətli Əliyevi ziyarət etdim, bu məsələni ona dedim. Ondan da müsbət cavab aldıq. Daha sonra cümhurbaşqanımız Ermənistan və Türkiyə milli komandalarının futbol oyununa baxmaq üçün Yerevana gedəndə orada bu məsələ Ermənistan rəsmilərinə bildirildi. Onlardan da müsbət cavab gəldi. İndi bu sahədə işlərə xarici işlər nazirləri səviyyəsində başlanmışdır. Bütün hədəfimiz bölgənin maraqlarını müştərək ələ alaraq, birlikdə mənfəət qazanmaqdır. Biz gərək təhlükəsizlik məsələsini də bunun üstünə gətirək və bölgəmiz təhlükəsiz, sabit bir bölgə olsun. Bu sabit bölgədə nə Azərbaycanın Ermənistanla indiki vəziyyəti davam etsin, nə Türkiyənin Ermənistanla, nə də Rusiyanın Gürcüstanla sıxıntılı vəziyyəti davam etsin. Biz gərək bunları ortadan qaldıraq və bölgəni sülh vəziyyətinə gətirək. Dərdimiz, arzumuz, fəaliyyətimiz bundan ibarətdir. İnanıram ki, Rusiya buna müsbət yanaşacaqdır.

APARICI: Mən bunu qiymətləndirirəm. Bizim cəmi 25 dəqiqəmiz var. Prezident Əliyev, Sizə gəldikdə, enerji məsələsini xatırlatmadan böyük oyun haqqında danışmaq mümkün deyil. Son bir neçə həftə ərzində Rusiya ilə Ukrayna arasında baş vermiş qaz mübahisəsinin və onun bu yaxınlarda həllinin şahidi olduq. Lakin avropalılar Rusiyadan yan keçən digər qaz kəmərlərinin çəkilməsini dəstəkləyirlər. Sualım belədir: Sizin fikrinizcə, Azərbaycan Nabukko kimi layihələrdə tranzit və təchizat sahəsində hansı rolu oynaya bilər?

İLHAM ƏLİYEV: Hələ 1990-cı illərin ortasında dünyanın enerji şirkətləri ilə əməkdaşlığa başladığımız vaxt heç bir böhran yox idi və potensial təchizata təhlükədən söhbət belə gedə bilməzdi. Enerji təhlükəsizliyi məsələləri heç müzakirə edilmirdi. Bütün bu hadisələr son illərdə baş verir. Biz Azərbaycanda əsasən nəyi etdik? Müasir infrastruktur yaratdıq, neft və qazı hasil etmək üçün xarici şirkətlərlə birgə sərmayə qoyduq və müxtəlif boru kəmərləri vasitəsilə neft və qazı beynəlxalq bazarlara çıxardıq. Bu gün biz onun müsbət nəticələrini görürük.

Azərbaycanın bu gün karbohidrogen ehtiyatlarını nəql edən və gələcəkdə böyük həcmdə nəql edə biləcək 7 neft və qaz kəməri var. Bu baxımdan biz özümüzü tam təhlükəsiz hiss edirik. Biz enerji və maliyyə ehtiyatları baxımından özünü təmin edən ölkəyik. Azərbaycan qonşu ölkələri enerjidaşıyıcıları ilə təchiz edir və onların enerji təhlükəsizliyində iştirak edir və töhfə verir.

Bu gün qaz ətrafında yaranan mübahisələr Azərbaycana diqqəti artırır və bu yaxınlara qədər tranzit ölkə sayılan rolda deyil, həm də bir təchizat mənbəyi sayılır. Bizim nəhəng qaz ehtiyatlarımız var. Hesablamalara görə, bizim sübuta yetirilmiş qaz ehtiyatımız minimum 2 trilyon kubmetrə bərabərdir. Daha optimal şəraitdə bu rəqəm 5-6 trilyona bərabər ola bilər. Beləliklə, bu həcm onilliklər, hətta yüz il üçün kifayətdir. Eyni zamanda, qonşularımızı qazla təmin edə biləcək mövcud kəmərlərimiz var.

Hələ iki gün bundan öncə Budapeşt sammitində müzakirə etdiyimiz Nabukko layihəsi kimi layihələrin yaxşı gələcəyi var. Lakin bunun üçün ciddi öhdəliklər müəyyən olunmalıdır. İlk növbədə, siyasi öhdəlik olmalıdır. Bu layihəyə Avropa tərəfindən güclü dəstək olmalıdır, ikincisi, maliyyə dəstəyi təmin edilməlidir. Zənnimcə, bu cür çoxmilyardlı layihəni maliyyələşdirmək Nabukko şirkətləri üçün çox çətin olacaqdır.

Etibarlı təchizat mənbələrinə gəldikdə, təbii ki, Azərbaycan ilkin təchizat mənbəyi kimi və bütün tranzit məsələlərinin həllində öz rolunu oynaya bilər. Bütün bu səylərin bir araya gəlməsi və qeyd etdiyim seqmentlərin ayrılıqda hər birinin nəticəsi uğura doğru aparacaqdır. Təbii ki, neft və qazla zəngin olan bir ölkə kimi biz istehlakçıların əhatə dairəsinin genişlənməsində maraqlıyıq. Bu gün səhər biz enerji təhlükəsizliyi məsələsini geniş şəkildə müzakirə etdik. Mən orada qeyd etdim ki, enerji təhlükəsizliyi hamıya, o cümlədən təchizatçılara da şamil olunmalıdır. Təchizatçı, tranzit və istehlakçı ölkələr arasında maraqların tarazlığı ehtimal olunan nəticələrə, davamlı təchizata və enerji əlaqələrində sülhə və əməkdaşlığa aparacaqdır. Ayrı-seçkiliyə xidmət etməli deyil. Zənnimcə, enerji amili müəyyən məqsədlərə nail olmaq üçün alət kimi istifadə edilməməlidir. Bizim üçün bu prinsip daim belə olub və belə də olacaqdır.

APARICI: Çox sağ olun. Mən Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanı salamlamaq istəyirəm. Sizin iclasa elə indicə qoşulduğunuzu nəzərə alaraq, gəlin birbaşa sual verim. Vaxtımız azdır. Xahiş edərdim, suallara qısa cavab verəsiniz. Elə indicə Avrasiyada enerji məsələləri haqqında danışdıq. Ermənistan isə regiondakı əsas iqtisadi təşəbbüslərə qoşulmayıbdır. Bu sözlər xüsusən də Cənubi Qafqaz və Cənub dəhlizinə aiddir. Ermənistanın Avrasiyada geoiqtisadi strategiyası ilə bağlı fikirlərinizi öyrənmək istərdik. Xüsusən də mən bilirəm ki, sizin Rusiya ilə çox sıx iqtisadi əlaqələriniz var. Rusiya ölkənizin iqtisadiyyatında güclü şəkildə iştirak edir və 80 faizini təmin edir.

EDVARD NALBANDYAN: Ermənistanın geoiqtisadi strategiyasına gəldikdə, öncə onu deməliyəm ki, regionda heç bir ölkə enerji və nəqletmə sahəsində infrastruktur layihələrindən istisna edilə bilməz. Yaxşı məlumdur ki, nəqletmə və enerji marşrutlarına gəldikdə, Ermənistan ərazisindən keçən yol ən ucuz birbaşa yoldur. Məsələn, daşınma və dəmir yol xətləri mövcuddur, onlar bərpa olunmalıdır. Həmin dəmir yolları bərpa edilərsə, bu, bütün region üçün faydalı olardı. Avqust ayında Cənubi Osetiyada baş vermiş hadisələrdən sonra tamamilə aydındır ki, regionumuzda enerji və infrastruktur marşrutları inkişaf etmir, bizə yeni alternativlər lazımdır və bütün region bu cür layihələrdə iştirak etməlidir. Buna görə də biz Gürcüstan ilə yeni alternativ nəqletmə yolunun çəkilməsini istəyirik. Bu səbəbdən biz İranla dəmir yol xəttinin tikilməsini səbirsizliklə gözləyirik. Biz regional enerji və nəqletmə layihələrində iştirak etməyə və müzakirə aparmağa hazırıq.

APARICI: Sağ olun. İcazənizlə, mən bir anlığa da olsa, Türkiyə-Ermənistan münasibətlərinə toxunmaq istərdim. Bilirəm ki, son günlər ərzində sizinlə Türkiyənin xarici işlər naziri arasında üç görüş olubdur. Ümid etmək olar ki, bu cür əlaqələr müəyyən bir irəliləyişin əldə edilməsinə imkan yaratsın. Bilirəm ki, tarixən Türkiyə hökuməti Davos forumundan Yunanıstanla münasibətlərini yaxşılaşdırmaq məqsədi ilə istifadə etmiş və bu, uğurlu olmuşdur.

Baş nazir Ərdoğana müraciət edərək bilmək istərdim. Mənim üçün maraqlıdır, siz bir azdan Ermənistan Prezidenti ilə görüşəcəksiniz. Ermənistan Prezidentinə verəcəyiniz mesaj və bu ölkə ilə mümkün ola biləcək münasibətlər barədə fikirlərinizi görüşdən öncə bizimlə bölüşə bilərsinizmi?

EDVARD NALBANDYAN: Bəli, nəyə görə Davosdan Türkiyə ilə münaisbətlərimizi inkişaf etdirmək üçün istifadə etməyək?! Bilirsiniz ki, Ermənistan Prezidenti təşəbbüs göstərərək, Türkiyə Prezidentini sentyabr ayında Yerevana dəvət etmişdi. Prezident Gülün Ermənistana səfəri ilə bağlı bu dəvəti qəbul etməsi müdrik bir addım idi. Səfər normallaşdırma prosesini başlamağa imkan yaratdı. Bu günə qədər bizim həm Türkiyənin xarici işlər naziri ilə, həm də texniki səviyyədə bir çox görüşlərimiz olubdur. Hesab edirəm ki, düzgün yoldayıq. Məsələlərə nikbin baxırıq. Ümid edirik ki, Türkiyənin, Ermənistanın, eləcə də regionun maraqları naminə münasibətlərimizin normallaşmasına nail olacağıq. Mövqeyimiz ondan ibarətdir ki, biz münasibətlərimizi normallaşdırmaq, diplomatik əlaqələr qurmaq, sərhədləri açmaq və narahatlıq doğuran bütün məsələləri ikitərəfli qaydada müzakirə etmək istəyirik. Hesab edirəm ki, biz düzgün yoldayıq və ola bilsin, Davos ölkələrimiz arasında münasibətlərin normallşadırılması üçün yeni mərhələ olacaqdır.

RƏCƏB TAYYİB ƏRDOĞAN: Mən bu axşam prezidentlə görüşəcəyəm. Bu görüşdən əvvəl mənim burada hər hansı açıqlama verməyim düzgün olmazdı. Həmin görüşdən sonra danışdığımız, müzakirə etdiyimiz məsələlərlə bağlı açıqlama verə bilərik. Təbii ki, bütün hədəf, məqsəd bir az əvvəl ifadə etdiyim kimi, bölgədə sülhə nail olmaqdır. Tərəflərin bu istiqamətdə cəsarətli addımlar atması lazımdır. Əgər atılan bu addımlar diasporların fəaliyyətinə qurban verilərsə, yazıq olar. Ən böyük sıxıntı budur. Diasporlar hazırda dinc dayanmır, onlar çalışırlar. Nə üçün çalışırlar? Bu addımlar atılmasın deyə çalışırlar. Diasporu kənara qoymaq lazımdır. Öz göbəyimizi özümüz kəsəcəyik. Bu işdə başqasına yer verməyəcəyik, bu işi bu şəkildə bitirəcəyik. Ona görə də biz bəzi jestlər edirik. İstəyirik ki, bu jestlər qarşılıqlı olsun və bu işi tezliklə bitirək, həll edək.

Eyni zamanda, Ermənistanla Azərbaycan arasında 17 ildir münaqişə davam edir. Minsk qrupuna ABŞ, Rusiya və Fransa həmsədrlik edir. 17 ildir ki, bu məsələ də həll olunmadı. Dolayısı ilə bizim burada bəzi bağlantılarımız var, qardaşlıq, soydaşlıq əlaqələrimiz var. Bütün bunları nəzərə alaraq, Qafqazda Əməkdaşlıq və Təhlükəsizlik Platforması çox böyük önəm daşıyır. Bütün bunlarla yanaşı, hazırda xarici işlər nazirlərimizin öz aralarındakı fəaliyyətini yüksək dəyərləndirirəm. Bunlara faydalı addımlar kimi baxıram. Bu faydalı addımları başqalarının mənasız yanaşmalarına qurban vermək lazım deyildir. Qoy, çıxdığımız bu yol uğurlu olsun.

APARICI: Yəqin ki, yaxın gələcəkdə diplomatik əlaqələrin qurulmasını görə biləcəyik. Davosla bağlı söylədiyiniz sözlər çox vədedicidir. Bildirdiyi fikirlərə görə Baş nazir Ərdoğana minnətdaram.

Prezident Əliyev, bu münasibətlərlə bağlı Azərbaycan tərəfinin şərhini vermək istərdinizmi?

İLHAM ƏLİYEV: Hansı münasibətlər?!

APARICI: Ermənistan-Azərbaycan münasibətləri barədə.

İLHAM ƏLİYEV: Ermənistanla heç bir əlaqəmiz yoxdur. Səbəb

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davam edən işğalıdır. Danışıqlar prosesi davam edir. Lakin Baş nazir Ərdoğanın dediyi kimi, əfsuslar ki, bu illər ərzində danışıqlar münaqişənin həllinə gətirib çıxarmayıbdır. Bu proses nə sülhlə, nə də beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpaqlarının azad olunması ilə nəticələnibdir. Təbii ki, belə bir şəraitdə istər enerji, istərsə də nəqletmə sahəsində heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Əgər xəritəyə baxsanız görərsiniz ki, karbohidrogen ehtiyatlarının Qərbə çıxarılmasının ən qısa yolu Ermənistan ərazisindən keçir. Lakin bu, yalnız xəritədə belədir. Amma, torpağın üzərində dayananda görürsünüz ki, əslində, bu, uzun yolla gedir. Nə qədər ki, bizim torpaqlarımız işğal altındadır, bu əməkdaşlıq mümkün deyildir. Hesab edirəm ki, bizim mövqeyimiz başadüşüləndir. Biz qeyri-adi bir şey tələb etmirik. Biz yalnız Ermənistanın beynəlxalq hüquq normalarına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməsini və öz qoşunlarını torpaqlarımızdan çıxarmasını tələb edirik. Məhz bundan sonra sülh bərqərar ola, kommunikasiyalar açıla bilər və bütün ölkələr bir-birinin imkanlarından yararlana bilər.

APARICI: İndi isə sualım nazir Mənuçehr Mottəkiyədir. Mən Azərbaycanda olanda, ilk növbədə, İranla həmsərhəd bölgədə qaçqın düşərgəsini gördüm. Biz bilirik ki, sizi bu ölkə ilə uzun tarix bağlayır. Bilirik ki, İranın regionda bir neçə təşəbbüsə, xüsusən də Qafqaz və Mərkəzi Asiya ölkələri ilə münasibətlərinə dair öz mövqeyi vardır. Nazir Mottəki bu mövqeyi təsvir etsə, çox minnətdar olardım.

MƏNUÇEHR MOTTƏKİ: İcazə versəydiniz, mən əvvəlki mövzuya qayıdardım. Çünki bunlar ümumi maraq və narahatlıq doğuran məsələlərdir. Söhbət eyni regionda yerləşən ölkələr arasında inteqrasiya və əməkdaşlıqdan gedir. Bu yaxınlarda regionumuz Qafqazda baş vermiş böhranla üzləşdi. Hazırda biz Cənubi Qafqazın iki əsas ölkəsi - Ermənistan və Azərbaycanla münasibətlərimizi nəzərə alaraq danışıqlarda iştirak etmişik. Bizim birgə yaxşı və konstruktiv məsləhətləşmələrimiz olubdur. İnanırıq ki, həmin regionda, Gürcüstanda baş vermiş böhran daha sıx təmas və əməkdaşlığın olmasını xüsusi nümayiş etdirən bir dərsdir. Biz region xalqlarının maraqları naminə ədalət və qaydalar əsasında həll yoluna nail olmalıyıq. İnanırıq ki, regional dialoq üçün çərçivəyə ehtiyac duyulur. Biz anlayırıq ki, hamı ilə məsləhətləşmə və anlaşma olmadan bu, mümkün deyildir. Bu çərçivəyə əsaslanaraq görürük ki, regionda üç əsas mövzu var: enerji, nəqletmə və təhlükəsizlik. Bu mövzular konstruktiv regional dialoq vasitəsilə həll olunmalıdır.

Siz qeyd etdiyiniz kimi, bu mövzulardan əlavə, Mərkəzi Asiya regionu var. Mərkəzi Asiya öz xalqlarının mədəniyyəti, tarixi və mentaliteti ilə başa düşülməlidir. 1990-cı illərdən etibarən ortaya çıxan yeni imkanları, xüsusən də enerji məsələlərini nəzərə alaraq Türkmənistan, Özbəkistan, Qazaxıstan və artıqTacikistan regionda mühüm rol oynamağa başlayıbdır. Eyni zamanda, Mərkəzi Asiya Böyük İpək yolunun bir hissəsidir. Hazırda bu regiondan malların daşınması xüsusi əhəmiyyətə malikdir. Orada bir neçə mühüm layihə var. Bunu Xəzər dənizi regionuna da aid etmək olar. Qazaxıstan, Türkmənistan və İran prezidentləri arasında Xəzərin şərq sahili ilə dəmiryol daşımaları haqqında üçtərəfli saziş imzalanıbdır. Biz həmçinin Mərkəzi Asiya ölkələri, Türkiyə, Pakistan, Əfqanıstan, Azərbaycanla bərabər, EKO təşkilatının üzvüyük. İran və Mərkəzi Asiya ölkələri Şanxay təşkilatının üzvləridir. Gördüyünüz kimi, regionda inteqrasiya və əməkdaşlıq üçün bir çox məsələlər və imkanlar mövcuddur. Əfsuslar olsun ki, 1990-cı illərin əvvəllərindən biz regiona aid olmayan kənar qüvvələrin regional əməkdaşlıqdan diqqəti yayındıran müdaxiləsinin şahidi olduq. Biz bu maneələri aradan qaldırmalıyıq. Hazırda biz 1 milyon barrel neftin Qazaxıstandan İranın Xəzər dənizindəki limanına çatdırılması məqsədi ilə razılaşma əldə etmişik. Sonra həmin neftin Fars körfəzi ilə ixracının davam etdirilməsi nəzərdə tutulur.

Biz bir aydan sonra regionda EKO təşkilatının sammitini keçirəcəyik. Çaba və Bəmdən işə salınan dəmir yolunun açılışını edəcəyik. Bu, Fars körfəzi regionu ilə Mərkəzi Asiya regionu arasında digər bir əlaqədir. Bildirmək istəyirəm ki, bizim bütün əziz dostlarımız regiondakı potensial imkanlara bələddirlər. Eyni zamanda, regionda sabitlik, region ölkələri arasında əməkdaşlığa dair mövqelər ümumi konsensusa malikdir. Bu baxımdan bizim heç bir problemimiz yoxdur. Rusiya, Azərbaycan və körfəz dövlətləri ilə yanaşı, Mərkəzi Asiya dünya istehlakçıları üçün potensial şəkildə vacib olan digər təchizat mənbəyi sayıla bilər.

APARICI: Çox sağ olun. Vaxtımız bitməzdən öncə qısa olaraq iki sual da vermək istərdim. Birinci sual Prezident Əliyevədir. Sizin regionunuzda ötən il Prezident Saakaşvili üçün pis il olubdur. Siz Gürcüstanda vəziyyətin yaxşılaşdırılması məqsədi ilə 2009-cu il üçün Prezident Saakaşviliyə hansı məsləhəti verərdiniz?

İLHAM ƏLİYEV: Bizim elə bir problemimiz yoxdur, çünki biz bir-birimizi tez-tez görürük. Biz qonşuyuq. Gürcüstan və Azərbaycan strateji tərəfdaşdır. Müstəqilliyə və enerji təhlükəsizliyinə töhfə verən, Avropanın enerji təhlükəsizliyinə xidmət edən böyük layihələri birgə həyata keçirmişik. Biz bu səbəbdən sıx əlaqədəyik və tez-tez ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparırıq. Vəziyyəti sabitləşdirmək və böhranın yaratdığı fəsadları aradan qaldırmaq istiqamətində gürcüstanlı dost və qardaşlarımıza uğurlar arzulamaq istərdim.

Etibarlı tərəfdaş və dost kimi Azərbaycan Gürcüstana bu işdə dəstək vermək üçün əlindən gələni edəcəkdir. Onu deyə bilərəm ki, biz Gürcüstanın iqtisadiyyatına böyük sərmayələr qoyuruq. Şirkətlərimiz son iki il ərzində Gürcüstan iqtisadiyyatına 3 milyard dollara yaxın sərmayə qoyublar. Dövlət Neft Şirkətimizin Gürcüstan filialı bu ölkədə ən böyük sərmayədar və ən böyük vergi ödəyicisidir. Bu da bizim əməkdaşlığımızın bariz nümunəsidir. Bizim münasibətlərimiz nə qədər güclü olsa, bu, region üçün o qədər yaxşıdır. Biz bu müsbət ahəngi davam etdirməliyik. Daxildəki və sərhədlərindən kənardakı sabitlik hər bir ölkə, o cümlədən Azərbaycan üçün vacibdir.

APARICI: Çox sağ olun. Sonuncu sualım Baş nazir Ərdoğanadır. Sizin hökumətiniz xarici siyasət sahəsində çox fəal olubdur. Siz Suriya və İranla münasibətlərinizi yaxşılaşdırmısınız. İraqla münasibətləriniz var. Bu münasibətlər davamlı xarakter daşıyır. Siz Pakistan ilə Əfqanıstan arasında əlaqələrin yaxşılaşdırılması məqsədi ilə üçtərəfli müzakirələr aparırsınız.

Böyük İpək yolu məsələsinə qayıdaq. Prezident Dəmirəl türkdilli xalqların Adriatik dənizindən Çinə qədərümumi birliyinin yaradılmasını vacib hesab etmişdi. Sizin fikrinizcə, bu, Türkiyənin xarici siyasəti qarşısında dayanan həddindən artıq böyük vəzifə deyilmi? Siz Qərblə birgə Xəzər dənizi regionunda çox fəal iştirak edirsiniz və aparıcı rol oynayırsınız.

RƏCƏB TAYYİB ƏRDOĞAN: Biz bu məsələlərlə bağlı işləri hörmətli Əliyev, Saakaşvili və Türkiyə olaraq başlamışıq. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin ilk addımını atdıq, təməli qoyuldu və indi işlər davam edir. Əsl İpək yolu budur. Yəni, iş boş danışma yolunda deyil, inkişaf yolundadır. Bizim İpək yolu ilə bağlı fəaliyyətimiz davam edir.

Digər məsələlərə gəlincə, təbii ki, bölgədə sülhə xidmət etməyi ön plana çəkdik, bunu prioritet məqsəd kimi qarşıya qoyduq. Yaranmış vəziyyətdən çıxış yolları tapmaq üçün bu işləri başladıq. Belə ki, Pakistan və Əfqanıstan üzrə ilk görüş keçirildi. Əhməd Nejdət Sezərin prezidentliyi dövründə də, hörmətli Gülün prezidentliyi dönəmində də bu görüşləri keçirdik. Bundan sonrakı dövrdə də davam edəcəkdir. Bilirsiniz ki, Pakistan ilə Əfqanıstan arasında problemlər var və bunun həlli lazımdır. Burada əsas terrorizm məsələsidir.

Bundan başqa, İsrail-Suriya məsələsi ilə bağlı bu ölkələrə dörd dəfə səfər edildi. İlk əvvəl bu səfərləri xüsusi təmsilçilərimiz, növbəti mərhələdə isə baş nazirlər olaraq bizlər xüsusi təmsilçilərimizlə bərabər həyata keçirdik. Təbii ki, bu vasitəçiliyimizi müxtəlif cür yozanlar, yəni indiki Qəzzə hadisələri ilə eyniləşdirənlər oldu. Halbuki, bunun heç bir əlaqəsi yoxdur. Mənim hörmətli Bəşşar Əsədlə görüşüm oldu. Yanımdakı özəl təmsilçinin isə Suriyanın xarici işlər naziri ilə görüşü oldu. Həmin görüşlərdə bildirdik ki, əgər xüsusilə Həmasla İsrail arasında məsələlərlə bağlı bizə bir vəzifə düşərsə, buna hər an hazırıq. Bəzi məsələləri müzakirə etdikdən sonra, dekabrın 27-də Qəzzəyə bombalar yağmağa başladı. Bunu bizə qarşı hörmətsizlik kimi qəbul etdik və bunu açıqladıq.

İsrail ilə Fələstin arasında da vasitəçilik missiyasında iştirakımız oldu. Eyni zamanda, İraqda seçkilərə qatılmayan sünnilərin seçkidə iştirakları barədə çox önəmli işləri yerinə yetirdik. Biz bu istiqamətdə fəaliyyətimizi bundan sonra da davam etdirməkdə qərarlıyıq. Xüsusilə sülh məsələsində biz siyasətçilərin üzərinə düşən vəzifə budur ki, danışıqlardan qaçmalı yox, danışıqlar aparmalı və məsələləri bu yolla çözməliyik. Mən son hadisələrlə bağlı burada bir daha deyirəm ki, son Qəzzə olaylarına əsla yəhudilər formasında baxmamalı, bu anlayışla yanaşmamalıyıq. Bizim bu sahədə mövqeyimiz fərqlidir. Mən antisemitizmi insanlıq suçu kimi elan etmiş bir Baş nazirəm. Bu gün də eyni fikirdəyəm, hər yerdə söyləyirəm, fikrimdə dəyişən heç nə yoxdur. Mən İsrailin rəhbərliyini qınadım, gördükləri işlərin doğru olmadığını söylədim. İndi də belə düşünürəm, eyni fikirdəyəm.

Mən beynəlxalq ictimaiyyətin Qəzzədə baş verənlərə etinasızlığını da tənqid etdim. Baxın, Gürcüstan hadisəsindən dərhal sonra humanitar yardımlar Sarp qapısında idi. Bütün ölkələr Gürcüstan məsələsinə müdaxilə etdilər. Yaxşı, bəs niyə Qəzzə məsələsinə dərhal müdaxilə olmadı, iki həftə gözlədilər və bu işlərə seyrçi qaldılar?! Orada 1200-dən çox dinc sakin öldü, 5 mindən çox insan yaralandı. Müxtəlif bəhanələrlə bu müddət uzadıldı. İndi atəşkəs yaranıbdır. Arzu edirik ki, bu atəşkəs qərarlı şəkildə davam etsin və Yaxın Şərqdə sülh bərqərar olsun.

APARICI: Çox sağ olun, hamınıza təşəkkür edirəm.

 

 

AzərTAc

 

Azərbaycan.-2009.-1 fevral.-S.1-2.